Məhkəmə qərarları › İş №e-2-2(113)-379/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-379/2025

07.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-379/2025 07.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: icarə müqaviləsi, maddi ziyanın ödənilməsi, özgə işlərinin tapşırıqsız icrası) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi, vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları İddiaçı iddia ərizəsi, sonra isə iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 503 manat maddi ziyan, 100 manat məbləğində vəkilin göstərdiyi hüquqi yardım xərci, etibarnamə alınması üçün 17,25 manat notariat qaydasında çəkilmiş xərclər, ödənilmiş 31,03 manat dövlət rüsumu və əlavə olaraq ödənilmiş 600 manat cərimənin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə xx.xx.2024-cü il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “RAVON NEXİA R3 MİNİK” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomaşını idarə edərkən 26 may 2024-cü il tarixdə saat 13:55 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə olunmasına görə onun barəsində xx.xx.2024-cü il tarixli İXP6284183 №-li inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, avtomaşın təmir olunması üçün avtoservisə aparılmış və servis tərəfindən verilən dəymiş zərərin hesablanmasına dair akta əsasən avtomaşının bərpası üçün 1.103 (bir min yüz üç) manat tələb olunmuşdur. Cavabdehə bu barədə şifahi məlumat verilsə də Cavabdeh qeyd olunan məbləği ödəməkdən imtina etmişdir. Buna görə də iddiaçı həmin vaxt avtomobili avtoservisdə 1.103 (bir min yüz üç) manat ödəyərək öz hesabına təmir etdirmişdir. Dəymiş ziyanın ödənilməsi üçün cavabdehin AR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində yaradılmış elektron kabinetinə pretenziya göndərilmişdir. Lakin cavabdeh yenə də həmin məbləği ödəməmişdir. Cavabdeh maddi ziyanın alınması mümkün olmadığından məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Cavabdehlə iddiaçı arasında bağlanmış 16 fevral 2024-cü il tarixli icarə müqaviləsinin - 2.1.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə; - 2.1.5-ci bədinə əsasən nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə; - 2.1.8-ci bəndinə əsasən nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. İcarə müqaviləsinin 4.12-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən şəxs nəqliyyat vasitəsini, o cümlədən detallarını məhv edərsə və zədələyərsə (sındırarsa, qırarsa, sökərsə, dəyişərsə və s.) Azərbaycan Respublikası Mülki Məcəlləsinə görə öhdəlik daşıyır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 26.2, 60-cı maddələrinə, “İnsan hüquqlarının müdəfiəsi və azadlıqları haqqıında” Avropa Konvensiyasının 6-cı maddəsinin birinci hissəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 442, 443.1, 448.1, 1096.1, 1097.1, 1108.1, 1115-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsində göstərilənləri təsdiq edərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmiş, əlavə olaraq suallara cavabında bildirmişdir ki, 600 manat cərimə məbləği ilə bağlı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində işə baxılması barədə iddiaçının məlumatı olmamışdır. Dəymiş zərər ilə bağlı akt nəqliyyat vasitəsi təhvil alınarkən, xx.xx.2024-cü il tarixdə tərtib edilib, lakin sürücü aktı imzalamaqdan imtina etmişdir. Sonda o, iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, avtomobili götürdüyü vaxtdan cərimə olan günə kimi avtomobildən istifadə etmişdir. O, 600 manat cəriməni ödəmişdir, belə ki, Bəxtiyar adlı icra məmuru ona bildirdi ki, ya barəsində inzibati həbs tədbiri görüləcək, ya da cərimə üzrə ödəniş etməlidir. O, evdəkilərlə danışmış, həmin gün, 23 sentyabr 2024-cü il tarixdə onun kartına ödəniş etmişlər, o, da cəriməni ödədikdən sonra sürücülük vəsiqəsini təhvil almış və cərimə adımdan silinmişdir. 503 manat dəymiş ziyanla da o, razı deyildir. Gündəlik 25 manat verdiyi təqdirdə avtomobillə bağlı olan bütün xərcləri özləri qarşılayacaqdılar, o, yalnız maşının yağını dəyişəcəkdi. O, isə günlük 15 manata razılaşmışdır. Avtomobili təhvil verərkən təhvil-təslim aktı olmamışdır. Hətta onun öz şəxsi əşyaları da avtomobilin üzərində qalmış, götürə bilməmişdir. Avtomobili təhvil verdikdən bir neçə gün sonra oraya gedib şəxsi əşyalarını götürmək istədikdə avtomobilin orada olmadığını ona bildirmişlər. Avtomobilə ümumiyyətlə ziyan dəyməmişdir. Tədqiq olunan sübutlar İş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında imzalanmış 16 fevral 2024-cü il tarixli 30 ST xx.xx.2024/HB291 saylı icarə müqaviləsindən görünür ki, müqavilənin predmeti “Ravon R3” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Müqavilənin 2.1.1, 2.1.5 və 2.1.8-ci-ci bəndlərinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəzliyini təmin etməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış hissələrini (təkər, akkumlyator və s.) rəsmi servisdə öz hesabına yenisi ilə əvəz etməyə nəqliyyat vasitəsini hər hansı bir səbəbdən icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrin dəyərini ödəməyə borcludur. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini İcarəyə götürən şəxs 300 manat depozit məbləği nəqliyyat vasitəsini İcarəyə verən şəxsə ödəməlidir. Müqavilənin 3.2-ci bəndinə əsasən nəqliyyat vasitəsini İcarəyə götürən müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini İcarəyə verən şəxs öhdəliyində olan nəqliyyat vasitəsini həftədə 7 günə görə günlük 15 manat icarə haqqı verir. Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair akta əsasən İddiaçı 16 fevral 2024-cü il tarixli 30 ST xx.xx.2024/HB291 saylı icarə müqaviləsi üzrə “Ravon R3” markalı 77- HB-294 dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh təhvil vermişdir. Seriya nömrəsi BB235060 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ravon Nexia R3” markalı 77- HB-294 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi İddiaçıdır. 03 iyun 2024-cü il tarixli Nəqliyyat vasitəsinin təhvil alınmasında dair aktdan görünür ki, “Ravon Nexia R3” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixində avtoservisə gətirilmiş, avtoservisdə baxış keçirilən zamanda avtomobilin qəzalı olduğu müəyyən olunmuşdur. Sürücü Cavabdeh bu barədə məlumat verilmiş və avtomobilin təmirə ehtiyacı olduğu ona bildirilmişdir. Lakin sürücü aktı imzalamaqdan imtina etmişdir. Fərdi sahibkar X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli dəymiş zərərin hesablanmasına dair akta əsasən buraxılış ili 2019-cu il olan ağ rəngli “Ravon Nexia R3” markalı 77- HB-294 dövlət qeydiyyat nişanlı avtomobilin təmir xərci 1103 manat (ehtiyyat hissələri və işçilik 503 manat, DYP cərimə 600 manat) müəyyən edilmişdir. Fərdi sahibkar X6 tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı tərəfindən “Ravon Nexia R3” markalı **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə ehtiyat hissələrinin qiyməti 383 manat, təmir usta işlərinin qiyməti 120 manat, cəmi 503 manat məbləğ xx.xx.2024-cü il tarixində Avtoservisə ödənilmişdir və 600 manat DYP cəriməsi İddiaçı tərəfindən ödənilmişdir. xx.xx.2024-cü il tarixli 11744 nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən 100 manat vəkil xidmət haqqı Nümayəndə ödəmişdir. xx.xx.2024-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı 31,03 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ödəniş tarixçəsindən görünür ki, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 13:55-də, Nəsimi rayonu, Mirqasımov küçəsində İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmiş, qərarın vurulma tarixi xx.xx.2024-cü il, ödəniş tarixi xx.xx.2024-cü il, cərimə 600 manat, yekun məbləğ 666 manat qeyd edilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 “icraata xitam verilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2594/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu Cavabdeh 600 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənildiyi üçün həmin icra sənədinə xitam verilmişdir. “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2594/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola əsasən İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. 682-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanın müqavilə üzrə istifadəsi nəticəsində dəyişməsi və ya pisləşməsi üçün məsuliyyət daşımır. 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissəhissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. 700.3-cü maddəsinə əsasən əgər həmin Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə həmin Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 779.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. 786.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinin hər bir iştirakçısı istənilən vaxt müqaviləni ləğv edə bilər. Əgər müqavilə əvəzlidirsə, ləğvetməyə dair bildirişi verən tərəf digər tərəfin düşdüyü zərərin əvəzini ona ödəməlidir, bu şərtlə ki, müqavilənin ləğvinə səbəbin bilavasitə digər tərəfin hərəkəti nəticəsində baş verdiyini və ya həmin hərəkətlərlə bağlı olduğunu sübut etməsin. 1087.1-ci maddəsinə əsasən özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. 1090-cı maddəsinə əsasən əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi vicdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur(1090.1). İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər(1090.2). İşlərin tapşırıqsız aparılmasında sahibkarın mənafeyi və ehtimal olunan istəyi o halda nəzərə alınmır ki, belə işlərin aparılması sahibkarın ictimai vəzifələrinin və ya digər tələblərinin yerinə yetirilməsi ilə bağlı olsun(1090.3). 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Tədqiq olunan sübutlar əsasında məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında lizinq müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, icarəyəverən ona məxsus olan “RAVON NEXİA R3 MİNİK” markalı, **-HB-*** dövlət qeydiyyat nişanlı avtomobili icarəçiyə icarəyə verməyi öhdəsinə götürmüş, icarəçi isə öhdəliyində olan nəqliyyat vasitəsinə görə həftədə 7 günə üçün günlük 15 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı qeyd edilən lizinq obyektinin daha sonra istifadəyə yararsız formada ona təhvil verildiyini, bununla bağlı olaraq lizinq obyektinə vurulmuş zərərin, eyni zamanda nəqliyyat vasitəsinin cavabdehin istifadəsində olduğunu iddia etdiyi müddət ərzində hesablanmış və iddiaçı tərəfindən ödənilmiş cərimə məbləğinin geri qaytarılmasını tələb etmişdir. İddia tələbinin birinci hissəsi avtomobilin təmir-bərpa xərclərinə görə 503 manat maddi ziyanla bağlıdır. Məhkəmə qeyd edir ki, iddia tələbi avtomobilə cavabdeh tərəfindən ziyan dəyməsi hissəsində sübuta yetirilmir, buna dair hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, iddiaçı avtomobilə vurulmuş zərərin hazırki iş üzrə cavabdeh tərəfindən törədildiyini və həmin avtomobilin şirkətə təhvil verildiyini qeyd etmişdir. Bununla belə iş materiallarından lizinq obyektinin cavabdehə hansı tarixdə təhvil verildiyi aydın olsa da, onun hansı tarixdə geri qaytarıldığı, eyni zamanda geri qaytarılarkən hansı formada təhvil alındığı öz təsdiqini tapmır. Çünki avtomobilin geri qaytarılması haqqında akt birtərəfli qaydada tərtib edilmiş, cavabdeh tərəfindən imzalanmamışdır. Həmçinin cavabdeh avtomobili təhvil verərkən heç bir akt tərtib olunmadığını, sonradan avtomobildən şəxsi əşyalarını götürmək istədikdə avtomobilin şirkətdə olmadığını bildirmişdir. Mülki-Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, iddiaçı tərəfindən ona məxsus lizinq obyektinə 503 manat maddi ziyan dəyməsi bildirilmiş, lakin həmin ziyanın cavabdehin hərəkətləri nəticəsində olmasına dair hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. İddiaçının iddia tələbinin qeyd edilən hissəsində sübut olaraq istinad etdiyi sənədləri avtomobilin təhvil aktı və qüsur aktı sənədidir ki, həmin hallar da iddiaçının iddia tələbinin əsaslı hesab edilməsi üçün kifayət etmir. Bundan başqa iddiaçı cavabdehin törətdiyi inzibati xətaya görə ödədiyi 600 manat cərimənin cavabdehdən tutulmasını tələb etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 3(006)-2594/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından və Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X2 “icraata xitam verilməsi haqqında” xx.xx.2024cü il tarixli qərarından müəyyən edilir ki, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol üzrə 600 manat inzibati cərimə Cavabdeh özü tərəfindən ödənilmişdir. Buna görə də iddiaçı artıq ödədiyi 600 manat cəriməni cavabdehdən tələb etməkdə haqlı deyildir. İddiaçı artıq ödənilmiş 600 manat cəriməni müvafiq qurumlara müraciət edərək geri ala bilər. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia tələbini əsassız sayır və onun rədd edilməsi qənaətinə gəlir. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar