Məhkəmə qərarları › İş №e-2-2(113)-3791/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3791/2021

09.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3791/2021 09.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X1 nümayəndəsi X8, Cavabdeh X4 nümayəndəsi və vəkili X5 iştirakı ilə, İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X1 cavabdeh X6 qarşı cavabdehdən “Talıbqışlaq” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 614880 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən “Talıbqışlaq” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 614880 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020-2022-ci illər üçün Tədbirlər planı”na uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X3 tərəfindən su hövzələrində yerləşən yataqlara baxış keçirilən zaman “Talıbqışlaq” yatağında 28 avqust 2018-ci il tarixli 01075 nömrəli “Dağmədən ayırması” aktı (DMAA) ilə X7 tərəfindən ona ayrılmış 2.6 ha yer təki sahəsindən kənarda qum-çınqıl qarışığı hasil edildiyi aşkar edilmişdir. Baxış zamanı xüsusi texnikanın işləməsi və çıxarılmış faydalı qazıntıların ərazidən daşınması müşahidə edilmişdir. Bu barədə qanunvericiliyə uyğun olaraq baxış aktı tərtib edilmişdir, fotoşəkillər çəkilmişdir. Əraziyə keçirilən monitorinq zamanı mərz nişanlarının mövcud olmadığı müəyyən olunmuşdur. İstismar işləri zamanı “Dağ-mədən ayırması” aktı ilə fiziki şəxsə verilmiş sahənin xaricində 1.72 ha sahədə orta istismar dərinliyi 11.3 metr olmaqla 195200 m həcmində hasilat aparılmışdır. Dağ-mədən işlərinin inkişaf planına əsasən 10% itki tətbiq edilərək ümumi kənaraçıxma 175 680 m həcmi müəyyən edilmişdir. 20 oktyabr 2020-ci il tarixdə keçirilmiş monitorinqin nəticələrinə uyğun olaraq X11 23/20 nömrəli 23 dekabr 2020-ci il tarixli Qərarı ilə cavabdehin fəaliyyəti 25.03.2021-ci il tarixədək dayandırılmışdır. Eyni zamanda aparılmış qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın pretenziya qaydasında ödənilməsi tələb edilmiş, lakin bu günə qədər cavabdeh tərəfindən ziyanın ödənilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. Cavabdeh tərəfindən yer təkindən istifadə hüququn dayandırılmasına əsas olan hallar aradan qaldırılmadığından və dövlətə dəymiş maddi ziyan ödənilmədiyindən “Yerin təki haqqında” Qanunun 19-cu maddəsinin 6-cı bəndinə və “Lisenziyalar və icazələr haqqında” Qanunun 26.1.7-ci maddəsinə əsasən yerin təkindən istifadə hüququ (Dağ-mədən ayırması aktı) X11 27 may 2021-ci il tarixli 53 nömrəli qərarı ilə ləğv edilmişdir. Qanunsuz hasilat nəticəsində dövlətə vurulmuş maddi ziyanın məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 29 mart tarixli 119 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yayılmış faydalı qazıntı yataqlarının qanunsuz işlənməsi nəticəsində dəymiş ziyana görə Normativlər”ə uyğun olaraq aşağıdakı qaydada hesablanmışdır: 175 680 m * 5 manat * 0.7 = 614880 manat, ümumilikdə 614880 manat məbləğdə ziyan müəyyən edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X12 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X9 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli fərmanına əsasən sahibkarlıq fəaliyyətində yoxlamaların keçirilməsi 2021-ci ilin yanvar ayına kimi dayandırılmışdır və hazırda 2022-ci ilin yanvar ayına qədər uzadılmışdır. İddiaçının yoxlama keçirilməsi səlahiyyəti olmamış, həmçinin sahibkarlıq fəaliyyəti ilə bağlı yoxlama keçirilən zaman dövlət reyestri xidmətində yoxlama qeydiyyata düşməlidir. Lakin iddiaçının nümayəndəsinin bildirdiyi kimi həmin yoxlama qeydiyyata alınmamış, digər tərəfdən cavabdehə kənara çıxdığını bildirirlər. Orda boş ərazi yoxdur və 10-dan çox sahibkarlıq subyekti fəaliyyət göstərir. Orada başqa birisinin ərazisinə girmək qeyrimümkündür. İddiaçının mövqeyindən belə başa düşülür ki, həmin ərazidə hər həs başqasının ərazisində faəliyyət göstərir. Cavabdeh 13 ilə yaxındır həmin ərazidə fəaliyyət göstərir. Necə olur ki, bu qədər müddət ərzində fəaliyyətində heç bir qanunsuzluq aşkar olunmamış, indi isə iddiaçı bildirir ki, cavabdeh ərazidən kənara çıxmışdır. Həmçinin göstərirlər ki, 1,5 hektar sahədə 11 metr dərinliyində çuxur qazılmışdır. İddiaçı sübut etməlidir ki, iddiaçı ora gəldiyi zaman oranın ərazisi hamar, düz vəziyyətdə olmuş və sübut etməlidir ki, həmin çuxur cavabdehin fəaliyyəti nəticəsində baş vermişdir. Cavabdeh o əraziyə gələn zaman həmin çuxur o ərazidə idi. İddia tələbi ilə bağlı yoxlama Azərbaycan Respublikası Prezidentinin 2015-ci il tarixli fərmanına zidd olaraq aparılmışdır. Həmin yoxlama dövlət reyesterində qeydiyyata alınmamış və həmçinin cavabdehin ərazidən kənara çıxma ehtimalı yoxdur. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: Quba Rayon İcra Hakimiyyəti başçısının 27 aprel 2006-cı il tarixli 119 saylı Sərəncamının surətindən görünür ki, X10 qum-çınqıl karxanası yaradılması məqsədi üçün ayrılmış sahəyə Quba Rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2004-cü il tarixli 307 saylı Sərəncamı ilə rayonun Vəl-vələçay yatağından 2,60 ha sahə icarə qaydasında müvəqqəti istifadə üçün ayrılmışdır. Quba Rayon İcra Hakimiyyəti başçısının 25 dekabr 2004-cü il tarixli 307 saylı Sərəncamına qismən dəyişiklik edilməklə Fərhad Vəliyevin istifadəsinə ayrılmış 2,60 ha karxana sahəsi X4 istifadəsinə icarə qaydasında müvəqqəti istifadə üçün verilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Quba Rayon İcra Hakimiyyəti tərəfindən qum-çınqıl emalı üçün 2,60 ha sahə 50 il müddətinə cavabdehə icarəyə verilmişdir. 20 oktyabr 2020-ci il tarixli 63254 saylı aktdan görünür ki, iddiaçının əməkdaşları tərəfindən Vəlvələ çay yatağında yerləşən cavabdehə məxsus obyektdə yoxlama aparılarkən manşeyder planında ərazidən 500 metr qərb istiqamətində fəaliyyət göstərildiyi, ümumi hüdudların kənarında 2 istismar sahəsinin olması, birinci istismar sahəsinin 0,56 ha, orta istismar dərinliyinin 10 metr olmaqla ümumi hasil olunmuş həcmin 56000 kub.metr təşkil etməsi, 2-ci istismar sahəsinin 1,16 ha, orta istismar dərinliyinin 12 metr olmaqla ümumi hasil olunmuş həcmin 139200 kub.metr təşkil etməsi, ərazidə mərz nişanlarının mövcud olmaması aşkar edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin, cavabdehin nümayəndəsi və vəklilinin izahatlarını dinləyib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbində cavabdeh tərəfindən ona ayrılmış 2.6 ha yer təki sahəsindən kənarda 175680 kub.m qum-çınqıl hasil edildiyini bildirərək 614880 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın ödənilməsini tələb edir. Göründüyü kimi, iddiaçının tələbi cavabdehə ayrılmış torpaq sahəsindən kənarda olan torpaq sahəsində aparılan hasilat işləri ilə bağlıdır. Məhkəmə hazırki işin həlli baxımından ilk növbədə qeyd edir ki, işdə müəyyən edilməli olan əsas məqam cavabdehin təqsirli və hüquqazidd hərəkətinin törətmələri və onun tələb edilən ziyanla səbəbli əlaqəsini müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (21.2-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2-ci maddə). Mülki Məcəllənin 21.2, 1096, 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, vurulmuş zərər iddiaçıya ayrılmış torpaq sahəsindən kənarda 175680 kub.m qum-çınqıl hasil edilməsi ilə bağlıdır. Belə olduğu halda kənarda aparılmış hasilat işlərinin məhz cavabdeh tərəfindən aparılmasını sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, iddia ərizəsində vurulduğu irəli sürülən maddi zərərin cavabdehin hərəkət, yaxud hərəkətsizliyi nəticəsində vurulması, iddiaçının cavabdehin hərəkəti (hərəkətsizliyi) ilə vurulduğu güman edilən zərərin meydana gəlməsi arasında səbəbli əlaqənin mövcud olması da sübut olunmalıdır. Hazırda da, iddiaçı tərəf kənarda aparılmış hasilat işlərinin məhz cavabdeh tərəfindən aparıldığını sübuta yetirə bilmədiyindən, dəymiş ziyanın əvəzinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır. Bundan başqa həmçinin qeyd edilməlidir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 31.2-ci və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reyestrindən verilən kod qeyd edilir. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 1.4-cü bəndinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra – yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. Həmin Əsasnamənin 1.5-ci bəndinə əsasən sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Həmin Əsasnamənin 5.2-ci bəndinə əsasən yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə Reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. İş materiallarında olan aktdan görünür ki, cavabdeh barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin tələblərinə əməl etməmiş, aparılan yoxlama vahid məlumat reyestrində qeydə alınmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia rədd olunmalı, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X1 cavabdeh X6 qarşı cavabdehdən “Talıbqışlaq” yatağından faydalı qazıntıların qanunsuz hasilatı nəticəsində 614880 manat məbləğdə dövlətə vurulmuş maddi ziyanın alınıb, Mineral-xammal Bazasının Bərpası üzrə Dövlət Fondunun hesabına ödənilməsi və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə iddiası rədd edilsin. Ödənilmiş 30 manat dövlət rüsumu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X15 X2 aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar