Məhkəmə qərarları › İş №e-2-2(113)-3791/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3791/2025

24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3791/2025 24.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Süleymanova Ləman Çingiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2024-cü il tarixli 452482-CNS-54496 saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 11814,49 manat əsas borc, 1239,86 manat faiz borcu, ümumilikdə isə 13054,35 manat pulun və 129,16 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh (bundan sonra mətndə Cavabdeh) xx.xx.2023-cü il tarixli 001 saylı “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olub (https://vtb.az/about-bank/documents/ saytı) həmin şərtləri qəbul edərək, 16 aprel 2024-cü il tarixli 452482-CNS-54496 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsi ilə İddiaçı ASC-yə (bundan sonra mətndə Bank) müraciət etmiş və ona dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 (iyirmi bir) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilməsini xahiş etmiş, yəni təklif (oferta) vermiş, Bank isə aksept etmiş, yəni təklifi qəbul etmişdir. Cavabdeh ofertası və Bankın aksepti Sima İmza ilə təsdiq edilmişdir. Bununla da, tərəflər arasında bağlanmış müqaviləyə əsasən Cavabdeh ərizəsində qeyd edilən şərtlərlə və qeyd olunan məbləğdə kredit verilmiş və kredit vəsaiti “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən cavabdehin kart hesabına köçürülmüşdür. “Bank xidmətlərinin göstərilməsi haqqında X1”nin 7.3 və 7.26.3-cü bəndlərinə əsasən Bank krediti ümumi şərtlər rəsmiləşdirildikdən və komisyon haqqı ödənildikdən sonra müştərinin müvafiq ərizədə göstərdiyi cari hesabına köçürür. Bank kredit vəsaitini əldə etmək üçün müştəriyə ödəniş kartı təqdim edir və müştəri onun “cari hesabın”dan “kart hesabı”na akseptsiz qaydada köçürülməsinə razılıq verir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin öz üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2024cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin xx.xx.2025-ci il tarixə Banka 11814,49 manat əsas borc, 1239,86 manat faiz borcu, ümumilikdə isə 13054,35 manat borcu qalmışdır. Cavabdeh tərəfindən imzalanmış 16 aprel 2024-cü il tarixli 452482-CNS-54496 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizəsindən müəyyən edilir ki, Cavabdeh “Bank xidmətlərinin göstərilməsi haqqında X1” ilə tanış olmuş və həmin şərtləri qəbul etmişdir. Göründüyü kimi, tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin tələblərinə əsasən 16 aprel 2024-cü il tarixli 452482- CNS-54496 saylı kredit müqaviləsi üzrə Cavabdeh Bank qarşısında məsuliyyət daşıyır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə iddiaçı tərəfindən Cavabdeh dəfələrlə xəbərdarlıq edilmiş, lakin bundan sonra da, qeyd olunan kredit müqaviləsinin şərtləri onun tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir. Həmçinin hesab edirlər ki, Bank tərəfindən məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 129,16 manat dövlət rüsumu da Cavabdeh tutulmalıdır. Belə ki, cavabdeh kredit müqaviləsi üzrə borcu qaytarmalı olduğuna dair vəzifələrini icra etməməsi nəticəsində Bank məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumu ödəməklə əlavə zərər çəkmişdir. Buna görə də, dövlət rüsumu da, Cavabdeh tutulmalıdır. Hesab edirlər ki, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olduğundan (VÖEN **********), həmçinin kredit dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə verildiyindən (kreditin təyinatı: mal-materialın alınması) hazırki kommersiya mübahisəsinə mülki məhkəmə icraatı qaydasında Bakı Kommersiya Məhkəməsində baxılmalıdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və təqdim olunmuş sübutlar əsasında iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh bildirmişdir ki, əri ilə onun adına bankdan 15000 manat kredit götürmüşlər. İlk aylar hər ay 800 manatı vaxtında ödəmiş, lakin əri tutulduqdan sonra ödənişləri keçikmiş və sonrakı aylar ümumiyyətlə ödəyə bilməmişlər. 3 yaşlı uşağı xəstədir, onun da müalicəsini dayandırmışdır. Hal-hazırda birdəfəlik ödəniş üçün imkanı yoxdur, hissə-hissə imkanı olduqca ödəniş edə bilər. Sonda iddianın aylıq hissə-hissə ödənilməsi barədə təmin olunmasını xahiş etmişdir. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: xx.xx.2024-cü il tarixli, 452482-CNS-54496 saylı kredit müqaviləsinə saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair Müştəri ərizə-Razılaşmasından görünür ki, İddiaçı ASC Cavabdeh illik 21 faizlə 24 ay müddətinə 15000 manat məbləğində dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) üçün kredit verməyi öhəsinə götürmüşdür. Cavabdeh təsdiq edir ki, Bankın rəsmi İnternet Səhifəsində (www.vtb.az) yerləşdirilmiş “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1”, Tariflər, Valyuta Məzənnəsi və aparılan bütün Bank əməliyyatları üzrə məhdudiyyətlər (limitlər) ilə tanış oldu və onları qəbul edir. Bütün əməliyyatları həyata keçirmədən öncə Bankın rəsmi internet səhifəsində yeniliklər ilə ətraflı tanış olacağını bildirir. Bu Ərizədə istifadə edilmiş anlayışlar “Bank Xidmətlərinin Göstərilməsi haqqında X1” ilə eyni məna daşıyır. Müqavilənin imzalanması ilə DBX Sistemində xidmətlərin göstərilməsi məqsədilə elektron üsullarla identinkasiya/autentifikasiya olunmasına, həmçinin, DBX Sistemində istifadə edilən Təsdiqləmə vasitələrinin (Şifrə/Biristifadəlik şifrə/OTP(X2/təsdiq kodlarının) onun şəxsi yazılı/elektron imzası ilə bərabər tutulmasına razılıq verir. Müştəri tərəfindən Elektron- Bankçılıq xidmətindən istifadəsi zamanı Banka, özünə və 3-cü şəxslərə dəyə biləcək zərərə görə məsuliyyəti Müştəri daşıyır. Cavabdeh İddiaçı ASC-də olan hesabından çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixində bank onun hesabına xx.xx.2024-cü il tarixli, 452482-CNS-54496 saylı kredit müqaviləsi üzrə 15000 manat köçürmüşdür. xx.xx.2024-cü il tarixli ********* nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC Cavabdeh hesabına 15000 manat kredit ödənişi köçürmüşdür. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2025-ci il tarixə Cavabdeh banka 11814,49 manat əsas, 1239,86 manat faiz olmaqla, cəmi 13054,35 manat borcu vardır. xx.xx.2025-ci il tarixində İddiaçı ASC tərəfindən Cavabdeh pretenziya məktubu ünvanlayaraq, tərəflər arasında olan münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə 13054,35 manat məbləğində borcun 3 (üç) iş günü ərzində ödənilməsi tələb edilmişdir. xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 129,16 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir. 740.2-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcun verilməsinə görə faizin və (və ya) digər haqqın məbləği və ya hesablanma qaydası tərəflərin razılaşması ilə müəyyən edilir. 740.8-ci maddəsinə əsasən kredit müqaviləsi üzrə faizlər və (və ya) digər haqlar kredit müqaviləsi ilə müəyyən edilən müddətlərdə ödənilir. 740.9-cu maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının faiz və (və ya) haqların ödənilməsinə dair müddəaları qanunda və ya borc müqaviləsində faiz və (və ya) haqların ödənilməsi nəzərdə tutulduqda tətbiq edilir. 742.1-ci maddəsinə əsasən borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır. Borc predmeti borcverənə və ya borcverənin göstərdiyi üçüncü şəxsə verildiyi gün, müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, qaytarılmış hesab olunur. Borc müqaviləsinin predmeti pul vəsaiti olduqda və nağdsız qaydada qaytarıldıqda, borcun qaytarıldığı gün borc məbləğinin borcverənin, yaxud onun göstərdiyi üçüncü şəxsin hesabına xidmət göstərən kredit təşkilatının və ya digər şəxsin hesabına mədaxil edildiyi gün hesab olunur. Borcverənin və borcalanın və ya onun göstərdiyi üçüncü şəxsin hesabları eyni təşkilatda olduqda borc vəsaitinin borcverənin və ya onun göstərdiyi şəxsin hesabına mədaxil olduğu gün borcun qaytarıldığı gün hesab edilir. 742.5-ci maddəsinə əsasən qanunda və ya borc müqaviləsi ilə borcalanın xeyrinə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən aşağıdakı hallarda müəyyən müddətə verilmiş borcun (o cümlədən borcun vaxtından əvvəl tələb edildiyi günədək borcla bağlı borcverənə ödənilməli olan faiz və (və ya) digər ödənişlərin) vaxtından əvvəl qaytarılmasını tələb edə bilər: 742.5.2. borcun hissə-hissə qaytarılmasını və (və ya) faizlərin və (və ya) haqların hissə-hissə ödənilməsini nəzərdə tutan borc müqaviləsi üzrə vaxtı çatmış borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) 90 (doxsan) gün və ya daha çox müddətə gecikdirilməsi, yaxud borcun (faizlər və (və ya) haqlar daxil olmaqla) ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması (90 (doxsan) gündən az olmamaqla). 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 743.2-ci maddəsinə əsasən bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. 744.1-ci maddəsinə əsasən kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2024-cü il tarixli, 452482-CNS-54496 saylı kredit müqaviləsinə əsasən 15000 manat məbləğində illik 21 faizlə kredit vermişdir. İddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək 15000 manat kredit versə də, cavabdeh öhdəliyini tam icra etməmiş, aylıq ödənişləri ödəməyərək krediti tam qaytarmamış, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Cavabdeh iddiaya qarşı heç bir etiraz etməmiş, borc məbləğini mübahisələndirməmişdir. Nəticədə, tərəflərin razılaşmasına və mülki qanunvericiliyə əsasən iddiaçının cavabdehə qarşı borcun qaytarılmasını tələb etmək hüququ yaranmışdır və onun tələbi haqlıdır. Məhkəmə cavabdehi dinləyib, işin hallarına məcmu şəkildə qiymət verərək, mülki qanunvericiliyin və tərəflər arasında imzalanmış müqavilənin şərtlərini, cavabdehin borcu mübahisələndirməməsini nəzərə alaraq hesab edir ki, iddiaçının xx.xx.2024-cü il tarixli, 452482-CNS-54496 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 11814,49 manat məbləğində əsas bоrc, 1239,86 manat məbləğində faiz bоrcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia təmin olunduğundan, ödənilmiş 129,16 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 16 aprel 2024-cü il tarixli 452482- CNS-54496 saylı kredit müqaviləsi üzrə 11814,49 əsas borc, 1239,86 faiz borcu, ümumilikdə isə 13054 (on üç min əlli dörd) manat 35 (otuz beş) qəpik borc və 129 (yüz iyirmi doqquz) manat 16 (on altı) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh İddiaçı ASCnin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar