Məhkəmə qərarları › İş №e-2-2(113)-3793/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3793/2025

31.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3793/2025 31.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən İddiaçı ASC-nin xeyrinə 15000 manat əsas borc, 2081,65 manat faiz borcu olmaqla; cəmi 17081,65 manat məbləğində pul vəsaiti və 141,24 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış KBEK0165916C252 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə cavabdehə 24 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə 15000 manat kredit verilmişdir. Kreditin online qaydada rəsmiləşdirilməsinə baxmayaraq, 14554 manat cavabdeh tərəfindən kassadan nağd formada əldə edilmiş, qalan məbləğ isə cavabdehə məxsus hesaba köçürülmüşdür. Kredit müqaviləsinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. İddiaçının tələbini əsaslandırdığı sənədlər tərəflər arasında bağlanmış kredit müqaviləsi, bu müqavilə üzrə əsas və faiz borcunu özündə əks etdirən maliyyə arayışı, vəsaitin cavabdehə verilməsini təsdiq edən kassa məxaric orderi, cavabdehlə mübahisənin məhkəməyə qədər pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair ona ünvanlanan bildiriş məktubu və məktubun göndərilməsini sübut edən poçt reyestridir. Cavabdehin xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə 15000 manat əsas, 2081,65 manat faiz olmaqla, cəmi 17081,65 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma), cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 442, 472.1, 739, 743-cü maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır.

5. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinin tələblərini nəzərə alaraq, məhkəmə iclasının tərəflərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

6. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında KBEK0165916C252 saylı, xx.xx.2024-cü il tarixli kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 15000 manat (on beş min) məbləğində kredit verilməsi barədə razılıq əldə edilmişdir.

7. 13 sentyabr 2024-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair KBEK0165916C252 saylı müqaviləyə əsasən tərtib edilmiş ödəniş qrafikindən müəyyən olunur ki, Cavabdeh tərəfindən İddiaçı ASC-yə xx.xx.2026-cı il tarixinə qədər 15000 manat əsas, 4039,93 manat faiz borcu olmaqla, ümumilikdə 19039,91 manat məbləğində ödəniş olunacaqdır.

8. İddiaçı ASC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, 15/01168 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh 13 sentyabr 2024-cü il tarixli, KBEK0165916C252 saylı əlavəyə əsasən xx.xx.2025-ci il tarixə İddiaçı ASC-yə borcu 15000 manat əsas, 2081,65 manat faiz borcu olmaqla, cəmi 17081,65 manat təşkil edir.

9. xx.xx.2024-cü il tarixli, TT**********29314554 nömrəli kassa məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən Cavabdeh 14554 manat məbləğində mikro kredit verilmişdir. Order tərəflərin imzası ilə təsdiq edilmişdir.

10. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

11. İddiaçı ASC tərəfindən Cavabdeh göndərilmiş xx.xx.2025-ci il tarixli, 14-3- 16/MH74 nömrəli bildiriş (pretenziya) məktubundan görünür ki, borc məbləğinin ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

12. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3358 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2024-cü il tarixli, KBEK0165916C252 saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2025-ci il tarixə (pretenziya məktubunda qeyd edilən tarixə) əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1374,75 manat olmaqla, ümumilikdə 16374,75 manat, xx.xx.2025-ci il tarixə (maliyyə arayışında qeyd edilən tarix) əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1874,75 manat olmaqla, ümumilikdə 16874,75 manat, xx.xx.2025-ci il tarixə (məhkəməyə müraicət olunan tarix) əsas borc üzrə 15000 manat, faiz borcu üzrə 1874,75 manat olmaqla, ümumilikdə 16874,75 manat təşkil edir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarı ilə qərara alınmışdır ki: 1) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır; 2) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinə əsasən, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi halında həmin Məcəllənin 423.2 və 424.3-cü maddələrinə uyğun olaraq tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət edə bilər. Bu müqavilənin ləğvinin xüsusi qaydası olmaqla, məhkəmə qərarının qüvvəyə minməsi ilə əlaqələndirilmişdir; 3) İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Müqavilədən imtina barədə iradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqaviləyə xitam verilmiş sayılır; 4) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin tələbləri baxımından müqavilənin ləğvindən əvvəl gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərə münasibətdə yaranmış tələb müqavilənin ləğvindən sonrada da qüvvədə qalır; 5) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq, kreditor öhdəliyin pozulması halında digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğində vəsaitin ödənilməsini tələb etmək hüququna malikdir. Məhkəmənin mövqeyi

16. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə bağlanmış və həmin müqaviləyə dair 13 sentyabr 2024-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair KBEK0165916C252 saylı müqaviləyə əsasən Cavabdeh illik 24 (iyirmi dörd) faiz hesablanması şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 15000 manat (on beş min) manat məbləğində kredit verilmişdir. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşdur. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

17. İddia tələbini cavabdehdən İddiaçı ASC-nin xeyrinə 15000 manat əsas borc, 2081,65 manat faiz borcunun tutulması təşkil edir.

18. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehin müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehin aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmaq vəzifəsi daşımasını, ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 15000 (on beş min) manat əsas borc, 1374,75 manat (min üç yüz yetmiş dörd manat yetmiş beş qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Məhkəmə iddia tələbinin faiz borcunun tutulması hissəsində qeyd edilən nəticəyə gələrkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarınını əsas götürmüşdür. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh xx.xx.2025-ci il tarixində bildiriş göndərilmiş və borcun ödənilməsi tələb edilmişdir. Bildirişdə qeyd olunur ki, xx.xx.2024-cü il tarixli kredit müqaviləsinə əsasən sizə 24 ay müddətinə, illik 24 faiz hesablanmaqla, 15000 manat məbləğində Mikro krediti verilmiş kredit müqaviləsi üzrə xx.xx.2025-cü il tarixinə əsas borc məbləği 15000 manat, faiz borc məbləği 2081,65 manat olmaqla, 17081,65 manat məbləğində ümumi borcunuz, gecikmə günü 120 gün olmaqla, 3879,86 manat məbləğində gecikmə yaranmışdır. Siz qrafıkə uyğun ödəniş aparmadığınız üçün kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi sizdən tələb olunur. Ona görə də məhkəmənin qənaətinə əsasən həmin tarixdən tərəflər arasında bağlanmış müqavilə ləğv edilmiş hesab edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/3358 saylı ekspert rəyi ilə xx.xx.2025-ci il tarixə Cavabdeh faiz borcunun 1374,75 manat təşkil etdiyi müəyyən edilmişdir.

19. Eləcə də, iddiaçı 141,24 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

20. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 135,4 manat (yüz otuz beş manat qırx qəpik) məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

21. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 95,9 manat (doxsan beş manat doqquz qəpik) hissəsi Cavabdeh, 4,1 manat (dörd manat on qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 15000 (on beş min) manat əsas borc, 1374,75 manat (min üç yüz yetmiş dörd manat yetmiş beş qəpik) faiz borcu və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 135,4 manat (yüz otuz beş manat qırx qəpik) olmaqla, ümumilikdə 16510,15 manat (on altı min beş yüz on manat on beş qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pulun 95,9 manat (doxsan beş manat doqquz qəpik) hissəsi Cavabdeh, 4,1 manat (dörd manat on qəpik) hissəsi İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar