Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3803/2025 08.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 cəlb edilməklə) pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında qiyabi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("xxxx" ASC) Cavabdeh1nə (Cavabdeh1 MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən 23255 (iyirmi üç min iki yüz əlli beş) manat məbləğində pul vəsaiti və 159,76 manat (yüz əlli doqquz manat yetmiş altı qəpik) məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X3 adına ünvan 2ndə yerləşən qeyri-yaşayış binasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında DƏDRX-in xx.xx.2011-ci il tarixli, ******* saylı hüquqların qeydiyyata alınmasına dair çıxarış verilmişdir. xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə əsasən X1 şəhəri, İ.Səmədzadə küçəsində yerləşən, öz şəxsi mülkiyyətində olan 235,5 kv.metr qeyri-yaşayış sahəsini Cavabdeh1 MMC-yə icarəyə vermişdir. "xxxx" ASC tərəfindən X3 mülkiyyətində olan Lənkəran şəhəri, İ. Səmədzadə küçəsi ünvanında yerləşən daşınmaz əmlak yanğın və digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərlərin əvəzinin ödənilməsi məqsədilə xx.xx.2023-cü il tarixli, RAZ********** nömrəli sığorta müqaviləsi (şəhadətnaməsi) ilə sığortalanmışdır. xx.xx.2024-cü il tarixdə saat 06 radələrində Lənkəran şəhəri, İ. Səmədzadə küçəsində yerləşən, X5 məxsus, Cavabdeh1 MMC-yə icarəyə verilmiş mağazada yanğın hadisəsi baş vermiş, nəticədə qeyri-yaşayış sahəsi içərisində olan əşya və avadanlıqlarla birlikdə yanaraq yararsız vəziyyətə düşmüş və əmlaka maddi ziyan dəymişdir. Cavabdeh1 MMC-nin direktoru X8 imzaladığı xx.xx.2023-cü il tarixli, 1/ƏMTT nömrəli Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası üzrə cavabdeh şəxslərin təyin edilməsi barədə əmrə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin Əməyin Mühafizəsi bölməsinin 215-ci və 216-cı maddələrini əsas tutaraq, Cavabdeh1 MMC-nin müəssisələrində (mağazalar, anbarlar, ofis, un məmulatları departamenti, yeməkxana, nasos stansiyaları, elektrik təsərrüfatı sahələri və sair) əməyin mühafizəsi, yanğın və təhlükəsizlik texnikası üzrə tədbirlərin həyata keçrilməsi üçün mağaza və anbarların müdirləri iş vaxtına görə fərqli növbələrdə çalışan və ya müdirin hər hansı bir səbəbdən iş yerində olmadığı vaxtlarda müavinləri, stansiya və sahələr üzrə isə həmin sahələrdən məsul şəxslər cavabdeh şəxslər təyin edilmişlər. Azərbaycan Respublikası FHN Əməliyyat-İstintaq İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4902 saylı məhkəmə yanğın və texnoloji parlayışların tədqiqi ekspertizasının rəyi ilə müəyyən olunur ki, Lənkəran şəhəri, İ. Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən Cavabdeh1 adlanan mağazada yaranmış yanğının nisbi analizinə görə yanğının mənbəyi mağazaya daxil olduqda bir qədər irəlidə tavan-dam səviyyəsində olmuşdur. Müəyyən edilmiş mənbə zonasında istilik ixrac edə bilən texniki qurğulardan elektrik naqillərinin yerləşdiyini və hadisə ərəfəsində mağazada elektrik qurğularının işlək vəziyyətdə, yəni elektrik şəbəkəsinin gərginlik altında olduğunu nəzərə aldıqda, yanğın mağazanın tavanı ilə çəkilmiş elektrik naqillərində yaranmış hansısa qəza (qısaqapanma, yüksək keçid müqaviməti, artıq yüklənmə və s.) hallarından baş vermişdir. Baş vermiş hadisə ilə əlaqədar “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ N03- 2002) 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6-cı bəndlərinin tələbləri pozulmuşdur. Lənkəran şəhəri, İ. Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən Cavabdeh1 adlanan mağazanın elektrik şəbəkəsinin mövcud qaydalara uyğun quraşdırılması, həmçinin elektrik şəbəkəsinə vaxtında profilaktiki baxışının, planlı-xəbərdaredici təmirinin təşkili, habelə yanğın və alışma törədə bilən halların vaxtında aradan qaldırılmasına dair tədbirlərin görülməsi təmin edilmədiyinə görə “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları’nın (YTQ N03-2002) 3.19.1, 3.19.3.1, 3.19.4, 3.19.6-cı bəndlərinin tələbləri, 1.2ci bəndinə görə Cavabdeh1 adlanan mağazanın yanğın təhlükəsizliyinə və elektrik təsərrüfatının saz vəziyyətdə saxlanılmaqla təhlükəsiz istismar edilməsi qaydaları cavabdeh şəxs(-ləri) tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası FHN Əməliyyat- İstintaq İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/4905 saylı məhkəmə tikinti-texniki ekspertizasının rəyinə əsasən smeta üzrə aparılan hesablamalar nəticəsində Lənkəran şəhəri, İ. Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binasında yanğın nəticəsində tikinti üzrə dəymiş ziyan 23615,00 manat məbləğində müəyyən edilmişdir. Baş vermiş sığorta hadisə ilə bağlı xx.xx.2024-cü il tarixli, CFİ-0101/2024- AKT47/25 nömrəli aktla "xxxx" ASC tərəfindən sığortalı X5 360 (üç yüz altmış) manat azadolma məbləği və s. çıxılmaqla 23255 (iyirmi üç min iki yüz əlli beş) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun formada iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 23255 (iyirmi üç min iki yüz əlli beş) manat məbləğində pul vəsaiti və 159,76 manat (bir yüz əlli doqquz manat yetmiş altı qəpik) məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iddiaçının nümayəndəsinin razılığını nəzərə alaraq işə mahiyyəti üzrə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcarəçi qismində Cavabdeh1 MMC ilə icarəyə verən qismində X7 arasında xx.xx.2018-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən müqaviləyə əsasən icarəyə verən Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsində yerləşən öz şəxsi mülkiyyətində olan 235,5 kv.m qeyri-yaşayış sahəni, (daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış: MA seriyalı, 0238441) müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada icarəyə verməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən icarəçi icarə obyektini istifadəsinə qəbul edib, əvəzində icarəyə verənə müqavilədə nəzərdə tutulan məbləğdə və qaydada icarə haqqı ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və möhürlə təsdiq edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli çıxarışın məzmunundan müəyyən olunur ki, Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ əsasında X5 məxsusdur. Qeydiyyat nömrəsi : **********, qeydiyyat tarixi: xx.xx.2011-ci il. - X7 tərəfindən "xxxx" ASC-yə ünvanlanmış ərizənin məzmunundan müəyyən olunur ki, Lənkəran şəhəri, İ. Səmədzadə küçəsində yerləşən mağaza 21 iyun 2024-cü il tarixində yanğın hadisəsi nəticəsində tamamilə yanaraq sıradan çıxmışdır. - RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığortası haqqında şəhadətnamədən müəyyən olunur ki, sığortalı qismində X7 olmaqla Lənkəran şəhəri, İ. Səmədzadə küçəsində yerləşən əmlak xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 100 manat, sığorta məbləği 36593 manat, azadolma məbləği 360 manat miqdarında müəyyən edilmişdir. - "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025 ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən X3 bank hesabına 23255 manat ödəniş edilmişdir. - Sığortalı qismində X7 ilə sığortaçı qismində "xxxx" ASC arasında xx.xx.2025-ci il tarixli dəymiş zərərin məbləğinin razılaşdırılması barədə saziş imzalanmışdır. Sazişin 1.1ci bəndinə əsasən saziş sığorta növü üzrə tərəflərin qarşılıqlı fəaliyyətinin təşkili, onların hüquq və vəzifələri və tərəflər arasında yaranan münasibətləri tənzimləyir; 1.2-ci bəndinə əsasən sığortalı və sığortaçı xx.xx.2024-cü il tarixdə Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsində yerləşən qeyri-yaşayış obyektində baş vermiş sığorta hadisəsini və daşınmaz əmlaka 23615 manat məbləğində zərərin dəyməsini təsdiqləyirlər; 1.3-cü bəndinə əsasən sığortalı və sığortaçı sığorta olunan 23615 manat məbləğində dəymiş zərərin AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən müəyyən edilmiş həcmi və müqavilədə göstərilən 360 manat azadolma məbləği çıxıldıqdan sonra 23255 manat məbləğində həyata keçiriləcək yekun sığorta ödənişi barədə razılıq əldə edirlər. Müqavilə tərəflərin imzası və "xxxx" ASC-nin möhürü ilə təsdiq edilmişdir. - xx.xx.2025-ci il tarixli, CFİ-0101/2024-AKT47/25 nömrəli sığorta aktının məzmunundan müəyyən olunur ki, "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixli yanğın hadisəsi nəticəsində dəymiş ziyanın əvəzi olaraq 23255 manat ödəniş edilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir. - Cavabdeh1 MMC-nin müdiri Cavabdeh2 tərəfindən "xxxx" ASC-yə verilən izahatda qeyd edilmişdir ki, Cavabdeh2 xx.xx.2024-cü il tarixində mağazanın qapı və pəncərələrini bağlayaraq 22:30 radələrində mağazadan çıxmışdır. Mağazadan çıxan zaman hər hansı nasazlıq olmamışdır. Yay fəsli olduğundan soyuducular elektrik xəttinə qoşulu olurdular. Yanğın təhlükəsizliyinə və elektrik xətlərinə nəzarət edən şəxs əmrlə təyin olunmamışdır. - İş materiallarına "xxxx" ASC tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24/010 nömrəli baxış keçirilməsi haqqında protokol və yanğın hadisəsini təsdiq edən fotoşəkillər əlavə edilmişdir. - Azərbaycan Respublikası Mərkəzi Bankı yanında "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 17 nömrəli mütəxəssis rəyinin məzmunundan müəyyən olunur ki, təqdim edilmiş sığorta materiallarında olan məlumatlara əsasən, yanğının mənbəyi ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mağazasının ticarət zalının uzaq sağ küncündə soyuducuların düzüldüyü sıradakı soldan birinci və ikinci masa tipli soyuducuların quraşdırıldığı sahədə yerləşmişdir. Yanğının baş verməsinə səbəb həmin sahədəki elektrik qurğularında yaranmış elektrik təbiətli qəza halının təsirindən yaxınlıqda yerləşən yanar materialların alışması olmuşdur. Cavabdeh1 mağazasında elektrik qurğularında təhlükəsiz istifafə edilməsinin təmini üçün yanğına qarşı rejim tətbiq etməklə yanğın təhlükəsizliyi tədbirlərinin (təlimatların) işlənib hazırlanması təşkil edilmədiyinə, yanğın təhlükəsizliyi üzrə təlimatlar aparılmadığı, əmrlə yanğın təhlükəsizliyinə və elektrik təsərrüfatına cavabdeh olan şəxslər təyin edilmədiyinə, vaxtaşırı olaraq mağazanın elektrik qurğularında yoxlama və sınaq işləri aparmaqla bu barədə müvafiq formada sənədləşmə aparılmadığına, elektrik şəbəkələrinin (xətlərin, mühafizə aparatlarının və s.) düzgün seçilib qoşulan yüklərə uyğun olmasının yoxlanılması aparılmadığına, mağazanın ticarət zalında müvəqqəti elektrik şəbəkəsi (soyuduculara elektrik enerjisini elektrik uzadıcılar vasitəsilə verildiyinə) quraşdırıldığına görə, “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ 01-2001 nömrəli) 1.3, 1.9.1, 6.1, 6.2 bəndlərinin və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın (YTQ 03-2002) 1.3, 3.5.2, 3.5.7, 3.5.18 bəndlərinin tələbləri Cavabdeh1 MMC-nin rəhbərliyi tərəfindən pozulmuşdur. Qeyd olunan “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın və “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın tələblərinin pozulması ilə baş vermiş yanğın hadisəsi arasında texniki cəhətdən səbəbli əlaqəsi vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçi subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən, başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquqi məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün), zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşin faktiki hallarından göründüyü kimi, Lənkəran şəhəri, İ. Səmədzadə küçəsi ünvanında yerləşən Cavabdeh1 mağazası daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən sığortalı qismində X7 olmaqla, Lənkəran şəhəri, İ. Səmədzadə küçəsində yerləşən əmlak xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək "xxxx" ASC tərəfindən icbari sığorta növü ilə sığortalanmış, sığorta haqqı 100 manat, sığorta məbləği 36593 manat, azadolma məbləği 360 manat miqdarında müəyyən edilmişdir. Sığortalanmış ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mağazası yanğın baş verməsi nəticəsində tam yarasız vəziyyətə düşmüşdür. Həmin əmlaka dəymiş ziyanın məbləği müqavilədə göstərilən 360 manat azadolma məbləği çıxıldıqdan sonra 23255 manat müəyyən edilmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən sığortalanmış mağazanın mülkiyyətçisi olan X3 bank hesabına xx.xx.2025 ödəniş tapşırığı ilə 23255 manat ödəniş edilmişdir. Hadisədən sonra "xxxx" Sığorta Şirkəti ASC-nin əməkdaşları tərəfindən əmlaka dəymiş ziyanın səbəbi araşdırılmış, müəyyən edilmişdir ki, yanğının baş verməsinə səbəb ünvan 2 ünvanında yerləşən Cavabdeh1 mağazasının ticarət zalının uzaq sağ küncündə soyuducuların düzüldüyü sıradakı soldan birinci və ikinci masa tipli soyuducuların quraşdırıldığı sahədəki elektrik qurğularında yaranmış elektrik təbiətli qəza halının təsirindən yaxınlıqda yerləşən yanar materialların alışması olmuş, mağazanın müdiriyyəti tərəfindən “Ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi qaydaları”nın tələbləri pozulmuşdur. Məhkəmə məhkəmə qanunvericilik normalarını, işin faktiki hallarını, sığorta ödənişini vermiş iddiaçının subroqasiya qaydasında həmin məbləğin ödənilməsini dəymiş zərərə görə məsuliyyət daşıyan cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin olunmalı, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23255 (iyirmi üç min iki yüz əlli beş) manat pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Eləcə də, iddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159,76 manatın cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159,76 manat (yüz əlli doqquz manat yetmiş altı qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. NƏTİCƏ HİSSƏSİ: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238, 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 23255 (iyirmi üç min iki yüz əlli beş) manat pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 159,76 manat (yüz əlli doqquz manat yetmiş altı qəpik) olmaqla, cəmi 23414,76 manat (iyirmi üç min dörd yüz on dörd manat yetmiş altı qəpik) məbləğində pul tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-3803/2025
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-3803/2025
08.08.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver