Məhkəmə qərarları › İş №e-2-2(113)-3804/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3804/2023

31.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3804/2023 31.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Binyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi, vəkil Nümayəndə və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı xeyrinə 35802 manat məbləğlərində borcun və 200 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqqın tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı (bundan sonra “İddiaçı”) Azərbaycan Respublikasının qanunvericiliyi əsasında ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi ilə qeydiyyatdan keçəərək fərdi sahibkar kimi mebellərin topdan satışı ilə məşquldur. Fəaliyyətinə uyğun olaraq müxtəlif vaxtlarda mebellərin pərakəndə satışı ilə məşğul olan sahibkarlara mebel satmışdır. İddiaçı ilə Cavabdeh (bundan sonra “Cavabdeh”) arasında xx.xx.2020-ci il tarixində Alqı-Satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı (“Satıcı”) cavabdehə (“Alıcı”ya) məhsulları (bundan sonra “Mal”) satır, cavabdeh isə həmin malı qəbul edir və razılaşdırılmış qaydadada Malın dəyərini ödəyir. Müqavilənin 2-ci maddəsinə əsasən müqavilə üzrə malların ümumi dəyəri hesab faktura və ya e-qaimə ilə müəyyən edilir. Müəyyən edilmiş malların dəyəri elektron qaimə və elektron faktura imzalandıqdan və mallar alıcıya təhvil verildikdən və satıldıqdan sonra bank köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3-cü maddəsinə əsasən mallar müvafiq elektron qaimə ilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra satıcı tərəfindən alıcıya təhvil verilmiş hesab olunur. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, seriya EBAS № 950901 elektron qaiməyə əsasən iddiaçı tərəfindən cavabdehə ümumi dəyəri 126220 manat təşkil edən mal təhvil verilmişdir. xx.xx.2020-ci il tarixli müqavilənin 1.1.1-ci maddəsinə əsasən iddiaçının hüququ var ki, malların qiymətini müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etsin. 1.1.4.-cü maddəyə əsasən iddiaçının hüququ var ki, alınmış malların dəyərinin (razılaşdırılmış malların ödənilməyən hissəsini) cavabdehə müəyyən edilmiş müddətdə ödəmədikdə gecikdirilən hər günə malın dəyərinin ödənilməyən hissəsindən 2 faizi məbləğində cərimə pulu tələb etsin. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli seria EBCM № 238486 elektron qaiməyə əsasən cavabdeh tərəfindən ümumi dəyəri 90420 AZN olan mal geri qaytarılmışdır, qalan mal isə geri qaytarılmamış, dəyəri isə ödənilməmişdir. Elektron qaimələrdən də göründüyü kimi cavabdehin iddiaçıya 35802 manat əsas borcu qalmışdır. Qeyd olunan borc bu günə qədər ödənilməmiş, Mal isə geri qaytarılmamışdır. Qeyd edək ki, tərəflər arasında yaranan münasibətlər biznes əlaqələri çərçivəsində olduğundan yaranmış vəziyyətlə bağlı ilk öncə Cavabdehə şifahi formada müraciətlər edilmişdir. Cavabdeh öz üzərinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırmış, borcunu ödəməmişdir. Bundan əlavə tərəfimizdən Mediasiya qaydasında mübahisənin həll edilməsinə cəhd göstərilmiş, lakin həmin cəhdimiz də bir nəticə verməmişdir. Göründüyü kimi İddiaçı Cavabdehlə yaranmış bu mübahisənin məhkəmədənkənar həll edilməsinə çalışsa da, onun Cavabdehə müraciətləri nəticəsiz qalmışdır. Cavabdeh öz öhdəliklərini könüllü şəkildə icra etmədiyi üçün İddiaçı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı hesab edir ki, Cavabdehin Alqı-Satqı müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi nəticəsində İddiaçıya dəyən zərərin ödənilməsi məhkəmə qaydasında mövcud qanunvericiliyin tələblərinə əməl edilməklə təmin edilməlidir. Cavabdeh məhkəməyə ünvaladığı izahatında 126220 manat məbləğində malın satıldığını, 100360 manat dəyərində malın geri qaytarıldığını 25860 manat məbləğində borcunun qaldığını, həmin borcun əvəzində 58000 manat məbləğində mənzilin Zahidə verildiyini, bu səbəbdən ona 32140 manat məbləğində borcunun qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, vəkil Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək yazılı izahatında qeyd olunanları təsdiq etmiş və borcun olmadığına istinad edərək tələbin rədd olunmasını xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2020-ci il tarixli İddiaçı ilə Cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı (“Satıcı”) cavabdehə (“Alıcı”ya) məhsulları (bundan sonra “Mal”) satır, cavabdeh isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydadada Malın dəyərini iddiaçıya ödəyir. Müqavilənin 1.1.1-ci maddəsinə əsasən satıcının alıcıdan malların qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb etmək hüququ var. Müqavilənin 1.1.4.-cü maddəsinə əsasən alıcı müqavilə ilə müəyyən edilmiş öhdəlikləri icra etmədikdə və ya lazımınca icra etmədikdə satıcının (alınmış malların dəyərini (razılaşdırılmış malların ödənilməyən hissəsini) satıcıya müəyyən edilmiş müddətdə ödəmədikdə) gecikdirilən hər günə malın dəyərinin ödənilməyən hissəsindən 2 faizi məbləğində cərimə pulu tələb etmək hüququ var. Müqavilənin 2-ci maddəsinə əsasən müqavilə üzrə malların ümumi dəyəri hesab faktura və ya e-qaimə ilə müəyyən edilir. Müəyyən edilmiş malların dəyəri elektron qaimə və elektron faktura imzalandıqdan və mallar alıcıya təhvil verildikdən və satıldıqdan sonra bank köçürmə yolu ilə ödənilməlidir. Müqavilənin 3-cü maddəsinə əsasən mallar müvafiq elektron qaimə ilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra satıcı tərəfindən alıcıya təhvil verilmiş hesab olunur. xx.xx.2020-ci il tarixli EBAS seriyalı 950901 nömrəli elektron qaimədən görünür ki, İddiaçı Cavabdeh cəmi 126220 manat məbləğində mal təhvil vermişdir. xx.xx.2022-ci il tarixli EBCM seriyalı 283486 nömrəli elektron qaimədən görünür ki, Cavabdeh İddiaçı cəmi 90420 manat məbləğində malı geri qaytarmışdır. xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, Bakı 13 saylı Mediasiya Təşkilatının hesabına 200 manat məbləğində mediasiya xərci ödənilmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsi bağlanmış, sözügedən müqavilənin 3-cü bəndinə əsasən mallar müvafiq elektron qaimə ilə tərəflərin səlahiyyətli nümayəndələri tərəfindən imzalandıqdan sonra satıcı tərəfindən alıcıya təhvil verilmiş hesab olunmuş və xx.xx.2020-ci il tarixli EBAS seriyalı 950901 nömrəli elektron qaiməyə əsasən Cavabdeh cəmi 126220 manat məbləğində mal təhvil verilmişdir. Lakin sonradan təhvil verilmiş mallardan xx.xx.2022-ci il tarixli EBCM seriyalı 283486 nömrəli elektron qaiməyə əsasən 90420 manat dəyərində mallar geri qaytarılmış, 35800 manat məbləğində mallar geri qaytarılmamış və onların dəyəri ödənilməmişdir. Cavabdeh izahatında 100360 manat dəyərində malın geri qaytarıldığını, 25860 manat məbləğində borcun qaldığını, həmin borcun əvəzində 58000 manat məbləğində mənzilin Zahidə verildiyini və əksinə ona 32140 manat məbləğində borcun qalması ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh məhz 25860 manat məbləğində borcun olması, həmçinin borcun əvəzində mənzil verilməsi ilə bağlı sübut təqdim etməməklə yanaşı, izahatında həmin mənzilin İddiaçı deyil, Zahid adlı şəxsə verildiyini qeyd etmişdir. Göründüyü kimi Cavabdeh 126220 manat məbləğində mal təhvil verilmiş, lakin sonradan 90420 manat dəyərində mallar geri qaytarılmış, 35800 manat məbləğində mallar isə geri qaytarılmamış və onların dəyəri ödənilməmişdir. İddiaçı tələbində 35802 manat məbləğində borcun olduğunu qeyd etsə də, məhkəmə baxışında borcun 35800 manat məbləğində olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia əsas borc tələbi hissəsində qismən 35800 manat məbləğində, həmçinin 200 manat mediasiya xərcinin hissəsində tam təmin edilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh 35800 manat məbləğində borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 35800 manat məbləğində borc və 200 manat məbləğində mediasiya xərci tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar