Məhkəmə qərarları › İş №e-2-2(113)-3816/2023

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3816/2023

22.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3816/2023 22.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, iddiaçı "xxxx" MTK-nın Cavabdeh ASC-yə qarşı borcun silinməsi və s. tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" MTK Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən hesablanmış 108.547,97 manat məbləğində su borcunun silinməsi, 2011-2022-ci illər ərzində adambaşı 5 m3 hesablamaqla "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasına su borcunun yenidən hesablanması, hesablanmış su borcunun 2011-2022-ci illər ərzində "xxxx" MTK-nın ödədiyi məbləğlə əvəzləşməsi barədə, "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi və 400 manat məbləğində mediasiya xərcinin, habelə 52 manat MTT ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh ASC-dən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsində iddiaçı "xxxx" MTK tərəfindən sakinlərin vəsaiti hesabına inşa edilmiş 69 nömrəli 2 bloklu 40 mənzilli yaşayış binası 2002-ci ildən məskunlaşmış, texniki şərt və müqavilələr əsasında bütün kommunal xidmətlərlə, o cümlədən su təchizatı və kanalizasiya xidməti ilə təmin edilmişdir. 2002–ci ildən 2011-ci ilədək binada su sayğacı olmamış, Cavabdeh ASC tərəfindən yaşayış binasına verilən suyun haqqı adambaşına hesablanmışdır. Həmin dövrdə su borcu Cavabdeh ASC-yə vaxtı-vaxtında ödənilmiş və binanın su borcu olmamışdır. xx.xx.2011-ci il tarixində Cavabdeh ASC-nin əməkdaşları binanın sakinlərinin etirazlarına baxmayaraq binanın girişində yox, SSRİ dövründə tikilmiş, uzun müddət istifadə və təmir olunmayan nəhəng su hovuzunun girişinə “STB-50” markalı mexaniki tipli su sayğacı quraşdırmışlar. Həmin tarixdən başlayaraq Cavabdeh ASC Bakı şəhəri, Yasamal rayonu, Zahid Xəlilov küçəsindəki 69 nömrəli binanın su sərfiyyatını həmin binanın sakinlərinin sərf etdiyi real suyun həcmi ilə deyil, su hovuzuna daxil olan suyun həcmi ilə hesablamağa başlamışlar. Qeyd etmək istəyirlər ki, həmin su hovuzundan Zahid Xəlilov 69 nömrəli yaşayış binası ilə yanaşı, Zahid Xəlilov 67 nömrəli yaşayış binası, bir qeyri-yaşayış obyekti də su ilə təchiz olunur. Bundan başqa, qədim dövrdən həmin su hovuzunun altında qeydə alınmayan bir neçə “gizli” su xətləri mövcuddur ki, həmin xətlərlə su başqa istiqamətlərə axır. Qeyd olunan su hovuzu Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Cavabdeh ASC-nin balansındadır. Lakin bütün bunları nəzərə almayan Cavabdeh ASC xx.xx.2011-ci il tarixindən başlayaraq həmin su hovuzuna daxil olan su sərfiyyatını tək iddiaçı "xxxx" MTKnın 69 nömrəli yaşayış binasına hesablamışdır. Nəticədə, 2011-ci ilin iyun ayınadək su borcu olmayan 33 mənzildə yaşayan 74 nəfər sakinli yaşayış binasının böyük məbləğlərdə su borcları yaranmağa başlamışdır. Binanın sakinləri müntəzəm olaraq su ödənişlərini etmələrinə baxmayaraq su borcu həndəsi silsilə ilə artmağa başlamışdır. Nəticədə 2017-ci ilin aprelində su sərfiyyatına görə verilən hesab-fakturada borc artıq 3745 manat, 2018-ci ilin martında – 9829 manat, 2021-ci ilin sentyabr ayında – 71.105,97 manat, 2022-ci ilin dekabr ayında – 105000 manat, 2023-cü ilin aprel ayında isə - 106.179,97 manat məbləğində süni şişirdirilmişdir. Hazırda iddiaçı "xxxx" MTK-nın 69 nömrəli yaşayış binasının su borcunun məbləği 108.547,97 manatdır. Cavabdeh tətəfindən 2022-2023-cü illərdə təqdim olunmuş hesab-fakturalarla müəyyən olunur ki, Z.Xəlilov küçəsi 69 saylı binada bir mənzilə düşən orta aylıq su sərfiyyatı Z.Xəlilov küçəsi 67 saylı binanın bir mənzilinə düşən orta su sərfiyyatından dəfələrlə çoxdur. Belə ki, 2022-ci ildə Z.Xəlilov küçəsi 67 saylı binanın bir sakininə aylıq orta su sərfiyyatı 3,25 m3 olduğu halda, Z.Xəlilov küçəsi 69 saylı binaın bir sakininə aylıq orta su sərfiyyatı 15 m3 təşkil edir. Cavabdeh ASCnin göndərdiyi hesab-fakturalarda 072645$37634, 073696$07/266 və 077162$07/396 kodlu 3 abonentlərin su borcları iddiaçı "xxxx" MTK-nın 69 nömrəli binasına hesablanmışdır. Abonent kodlarından yalnız 072645$37634 abonent kodu iddiaçı "xxxx" MTK-nın Zahid Xəlilov küçəsindəki 69 nömrəli binaya aiddir, digər abonent kodları başqa binaya və qeyr-yaşayış obyektinə aiddir. Beləliklə, Cavabdeh ASC artıq neçə ildir ki, digər abonentlərin su borclarını, o cümlədən su hovuzunda olan su itkisini iddiaçı "xxxx" MTKnın Zahid Xəlilov küçəsindəki 69 nömrəli binasına hesablamışdır. Bu səbəbdən də, iddiaçı "xxxx" MTK-nın Zahid Xəlilov küçəsində 69 nömrəli binanın su borcu astronomik rəqəmlərə çevrilmişdir. Əlavə olaraq onu qeyd etmək istəyirlər ki, Cavabdeh ASC-nin iddiaçı "xxxx" MTK ilə hər hansı müqaviləsi yoxdur. Müqavilənin surətini əldə edilməsi üçün cavabdehə göndərilmiş S-095/64RH23 saylı xx.xx.2023-cü il tarixli vəkil sorğusuna cavab olaraq Cavabdeh ASC-nin xx.xx.2023-cü il tarixli məktubu ilə bildirilmişdir ki, "xxxx" MTK ilə bağlı hər hansı sənəd aşkar edilməmişdir. Beləliklə, müəyyən olunur ki, Cavabdeh ASC hər hansı müqavilə olmadan "xxxx" MTK-ya əsassız borclar hesablamışdır. İddiaçı "xxxx" MTK və 69 nömrəli binanın sakinləri dəfələrlə Cavabdeh ASC-yə, onun Yasamal rayon Sukanal İdarəsinə yazılı və şifahi müraciətlər etmiş, rəhbərlərinin qəbulunda olmuş, sakinlərin hesabına da olsa, mənzillərin sayğaclaşdırılmasını xahiş etmişdir. Cavabdehin rəhbərliyində mütəmadi dəyişikliklər olsa da, mənzillərə su sayğaclarının quraşdırılması daim şişən borcun ödənilməməsi ilə əlaqələndirilir və illərdir ki, həll olunmur. Bu isə ötən hər il problemin daha da dərinləşməsinə, binanın sakinlərinin uzun müddət susuz qalmasına, dövlət qurumu olan ASC-nin zərərinin artmasına səbəb olur. Dəfələrlə bu haqsızlıq barədə, habelə su hovuzuna quraşdırılmış “STB-50” markalı su sayğacının sökülməsi və binanın fərdi qaydada sayğaclaşdırılması barədə edilmiş müraciətlərin də heç bir nəticəsi olmamışdır. Əlavə olaraq məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, cavabdeh tərəfindən su hovuzunun girişinə quraşdırılmış “STB-50” markalı su sayğacının istehsalçı tərəfindən müəyyən edilmiş işləmə temperatur dərəcələri mövcud istismar şəraitinə uyğun gəlmir və həmin markalı su sayğacı “Azərbaycan Standartlaşma İnstitutu”nda qeydiyyatdan keçməmişdir. Bu isə o deməkdir ki, həmin markalı sayğac dövlət standartlarına cavab vermir, onun hesablamaları etibarsızdır. İstehsalçının texniki şərtlərində sayğacın işləmə temperatur diapazonu +5 dərəcədən +50 dərəcəyə qədər nəzərdə tutulmuşdur. X6 Komitəsinin saytında “Bakı şəhəri üzrə orta çoxillik temperatur” adlı 15 saylı Cədvəli ilə müəyyən olunur ki, 2011-2022-ci ilərdə Bakı şəhərində orta qış temperaturu 8 il ərzində +5 dərəcədən aşağı olmuşdur. Bu isə o deməkdir ki, həmin illərdə sayğacın göstəriciləri etibarlı sayıla bilməz. Bundan başqa, istefsalçı tərəfindən sayğacın hər 6 ildən bir müvafiq laboratoriyada yoxlanışdan keçməsi müəyyən edilsə də, sayğacın üzərində olan müvafiq plombların olmamaması ilə təsdiq olunur ki, quraşdırılmış sayğac ötən 12 il ərzində bir dəfə də yoxlamadan keçməmişdir. Bu isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 2.1-ci və Azərbaycan Respublikası Nazirler Kabinetinin xx.xx.2014cü il tarixli 394 nömrəli qərarı ilə təsdiq edilmiş “Ölçmə vasitələrinin yoxlanılması Qaydası və yoxlama nişanına dair Tələbləri”in 2.7-ci bəndlərinin pozulması deməkdir. xx.xx.2022-ci il tarixində su hovuzunun girişində olan su sayğacı naməlum səbəbdən xarab olmuşdur. Halbuki, su sayğacın üzərindəki plomb zədələnməmiş, sayğacın pəncərəsi sınmamış, sayğacın korpusunda hər hansı mexaniki təsir olmamışdır. Bununla bağlı cavabdeh dərhal Cavabdeh ASC-yə məlumat verilmiş, cavabdehin nümayəndəsi sayğaca baxış keçirmiş, özündə müəyyən qeydlər aparmış, sayğacı yenisi ilə əvəz edəcəklərini bildirmiş, lakin binanın sakinlərinin bununla bağlı tərtib etdikləri xx.xx.2022-ci il tarixli aktı imzalamaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixində iddiaçı "xxxx" MTK su sayğacın dəyişdirilməsi ilə bağlı Yasamal Sukanal İdarəsinə ərizə ilə müraciət etmiş, Yasamal Sukanal İdarəsi isə öz növbəsində xx.xx.2023-cü il tarixində iddiaçı "xxxx" MTK-nın 69 nömrəli yaşayış binasının su sayğacının dəyişdirilməsinə göstəriş verilməsi üçün Cavabdeh ASC-yə müraciət etmişdir. Lakin bu günə kimi işləməyən su sayğacı dəyişdirilməmişdir. xx.xx.2022-ci il tarixindən iddiaçı "xxxx" MTK-nın 69 nömrəli yaşayış binasına su təchizatı Cavabdeh ASC tərəfindən xəbərdarlıq edilmədən, əsassız olaraq dayandırılmışdır. Qış aylarında su xəttinin cavabdeh tərəfindən kəsilməsi böyük sanitar-gigiyenik problemlər yaratmış, qış fəslində mənzillərdəki istilik sistemlərinin qeyri-işlək hala düşməsinə, məişətdə çoxsaylı problemlərin meydana çıxmasına səbəb olmuş, sakinlərin mənzildən istifadə hüquqlarını məhdudlaşdırmışdır. Susuz və soyuq mənzillərin tərk edən əksər sakinlər müvəqqəti yaşamaq üçün başqa yerdə kirayə mənzil tutmağa məcbur qalmışlar. Məhkəmənin diqqətinə çatdırmaq istəyirlər ki, iddiaçı "xxxx" MTK-nın Z.Xəlilov küçəsindəki 69 nömrəli yaşayış binasının sakinləri digər kommunal xidmətlərlə fərdi müqavilələr əsasında, onlar tərəfindən mənzillərdə 2001-2002-ci illərdə quraşdırılmış və ötən illər ərzində iki dəfə dəyişdirilmiş fərdi sayğacların göstəriciləri əsasında hesablaşırlar. Məhz bu səbəbdən də, binanın "xxxx" ASC, “Azəriqaz” İB, “Bakı-Telefon Rabitə” İB-yə, eləcə də digər qurumlara heç zaman borcu olmamış və hazırda da yoxdur. Məlum olduğu kimi, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin tarifləri 2011-2016-cı illərdə 0,36 manat olmuş, Tarif (qiymət) Şurasının xx.xx.2016-cı il tarixli 6 nömrəli Qərarı ilə 0,50 manat, Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli 5 nömrəli Qərarı ilə 1 manat həcmində müəyyən edilmişdir. Yəni xx.xx.2011-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək suyun 1 m3 dövlət tərəfindən müəyyənləşdirilmiş qiyməti ilk 58,5 ay ərzində 0,36 manat, sonrakı 56,5 ay ərzində 0,50 manat, son 23 ay ərzində isə 1 manat olmuşdur. Göstərilən dövrdə binada yaşayan sakinlərin sayını rahat hesablama üçün 100 nəfər götürsələr belə aylıq su sərfiyyatını adambaşına dövlət tərəfindən müəyyən edilmiş qaydada 5 m3-dən hesablasalar, bina sakinlərinin Cavabdehya borcu 36155 manat edər. Halbuki xx.xx.2011– xx.xx.2022-ci il tarixlərində binalarının sakinləri tərəfindən Cavabdehya 56263 manat, yəni 20108 manat artıq pul ödənilib. Cavabdeh ASC xx.xx.2022-ci il tarixində su hovuzuna daxil olan magistral su borusunu kəsmiş, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 67 nömrəli yaşayış binasının və digər abonentlərin su təchizatını ayrıca olaraq magistral su kəmərindən çəkərək onları fərdi qaydada sayğaclaşdırmışdır. Məhkəmələr tərəfindən “Müvəqqəti təminat tədbirinin seçilməsi barədə” ərizələrin təmin edilməsi səbəbindən iddiaçı "xxxx" MTK-nın inşa etdiyi Bakı şəhəri Yasamal rayonu Z.Xəlilov küçəsindəki 69 nömrəli yaşayış binasının sakinləri su ilə təmin olunmuşlar. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 16(004)-45/2023 saylı xx.xx.2023-cü il tarixli, 16(004)-92/2023 saylı xx.xx.2023-cü il tarixli, 16(004)-124/2023 saylı xx.xx.2023-cü il tarixli (sədrlik edən hakim G.Babazadə), habelə Bakı Kommersiya Məhkəməsinin e- 16(113)-169/2023 saylı xx.xx.2023-cü il tarixli və e-2-2(113)-3562/2023 saylı xx.xx.2023-cü il tarixli (sədrlik edən hakim G.Namazova) qərardadları ilə ərizələr təmin edilərək ünvan 1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yaşayış binasında sudan istifadəyə məhdudiyyətlərin qoyulması Cavabdeh ASC-yə qadağan edilmiş və sudan istifadə bərpa edilmişdir. Mübahisənin məhkəməyədək həll olunması üçün Cavabdeh ASC-yə xx.xx.2023-cü il tarixli “Pretenziya” göndərilsə də, bunların heç bir nəticəsi olmamışdır. Bundan başqa, Cavabdeh ASC mübahisənin həlli üçün keçirilən mediasiya sessiyalarına gəlməmişdir. Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatının xx.xx.2023-cü il tarixli Arayışına əsasən, Cavabdeh ASC mediasiya sessiyasında iştirak etməmişdir. Beləliklə, mübahisənin məhkəməyədək həll olunması üçün tərəflərindən bütün mövcud qanuni addımlar atılsa da, bunun heç bir nəticəsi olmamışdır. Ədalətin bərqərar olunması, habelə Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki iddiaçı "xxxx" MTK tərəfindən inşa edilmiş 69 nömrəli binanın körpə, azyaşlı, ahıl və xəstə sakinlərinin su tələbatlarının təmin edilməsi və onların hüquqlarının müdafiəsi məqsədilə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. xx.xx.2023-cü il tarixdə iddiaçı iddianın həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Azərsu” ASC tərəfindən hesablanmış 111.359,97 manat məbləğində su borcunun silinməsi barədə, 2011-2022-ci illər ərzində adambaşı 5 m3 hesablamaqla "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasına su borcunun yenidən hesablanması barədə, hesablanmış su borcunun 2011-2022-ci illər ərzində "xxxx" MTK-nın ödədiyi məbləğlə əvəzləşməsi barədə, "xxxx" MTK-nın Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi barədə və 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin, habelə 62 (altmış iki) manat MTT ərizələrinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin Cavabdeh ASC-dən tutularaq "xxxx" MTK-ya ödənilməsi barədə” qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Nümayəndə məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 2022-ci ilin dekabr ayından hovuz sayğaca qoşulu deyil. Yəni hazırda bununla bağlı mübahisələri yoxdur. Sayğacın dəyişdirilməsini və 2011-2022-ci illər ərzində artıq hesablanmış borcun silinməsini xahiş edirlər. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş iddiaçının icraçı direktoru X2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Sadəcə onların 2011-ci ildən 2017-ci ilədək borcları olmayıb. 2011-ci ildə sayğac binanın girişində idi 2017-ci ildə sayğacın yeri dəyişdirilib və anbarın girişinə quraşdırılıb. Sayğacın yeri 2017-ci ildə dəyişdirilib. 2002-ci ildə bina sakinlərə təhvil verilib və 2003-cü ildə bina artıq dolu idi. Cavabdeh tərəfindən abonent sladosunda göstərilməyən ödənişləri ilə bağlı qəbzlər yoxdur. Bu ödənişlər çox illər əvvəl edilib. Onlar ümummiyyətlə hesab edirlər ki, abonent saldosundakı hesablama səhvdir. Onlar da hesabladılar, lakin eyni məbləğ alınmır. Anbarın girişində 2011-ci ildən quraşdırılan sayğac var. 2017-ci ilədək binanın girişində olan sayğaca əsasən hesablama aparılırdı. 2017-ci ildən ütün hesablamalar anbarın girişində olan sayğac əsasında aparılıb. Bu səbəblə onların borcları yox idi. Hazırda hovuzda su yoxdur. 2022-ci ilin noyabr ayında cavabdeh ilə suyun birbaşa binaya verilməsi ilə bağlı razılığa gəldilər. Cavabdeh sonradan ona bu formada binanın su ilə təchiz edilməsini sərf etmədiyini bildirdi. Binanın sakinlərinin heç birinin abonent kodu yoxdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, iddiaçı ilə bağlı başqa hər hansı sənədləri yoxdur. Mübahisəli hovuz onların balansında olsa belə, iddiaçının istifadəsindədir. Hovuzun hansı tarixdə tikildiyini bilmir. Abonent saldosundaki məbləğlər sistem tərəfindən hesablanır. Həmin hesablamaların səhv olması qeyrimümkündür. Eyni zamanda ona idarədən məlumat verildi ki, sayğac dəyişdirilməyib sadəcə sayğacın yeri dəyişib. Sayğacın yerin dəyişdirilən vaxt akt tərtib edilmir. Sayğacın anbarın girişinə quraşdırılması tamamilə ədalətlidir. Anbar MTK-nin istifadəsinə verilib, borc məbləği tamamilə əsaslı olaraq hesablanıb. Borcu sayğac göstəriciləri əsasında hesablamışlar. Anbarda çatlar olubolmaması barədə məlumatsızdır. Anbar hazırda işlək vəziyyətdə deyil. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi hissəsində iş üzrə icraata mülkiməhkəmə icraatı qaydasında baxılmalı olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair” 6 oktyabr 2012-ci il tarixli qərarına əsasən təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1ci maddəsi baxımından təbii inhisar subyekti inzibati orqan, onun mülki münasibətlər dövriyyəsində istehlakçılarla bağladığı fərdi müqavilələrdən yaranan öhdəliklərin pozulmasına dair qəbul etdiyi akt isə həmin Qanunun 2.0.2-ci maddəsi baxımından inzibati akt hesab oluna bilməz. Bu aktlardan irəli gələn mübahisələrə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi əsasında ümumi yurisdiksiyalı rayon (şəhər) məhkəmələri tərəfindən baxılmalıdır. “İnzibati və mülki mübahisələrdən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının 14-cü bəndinə əsasən tərəflərin mülki (öhdəlik) hüquq münasibətlərində olduqları hallardan başqa, təbii inhisar subyektlərinin ümumi (publik) hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə İPM-in 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə uyğun olaraq eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi və ya kommersiya məhkəməsininicraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İşin yuxarıda göstərilən hallarından isə görünür ki, hazırkı iş üzrə iddia tələblərində biri Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsindən ibarətdir, iş üzrə Cavabdeh ASC təbii inhisar subyektdir və hazırkı tələb tərəflər arasında mövcud müqavilə münasibətlərindən irəli gələn mülki xarakterli tələb deyildir. Odur ki, qeyd edilən mübahisə Cavabdeh ASC-nin dövlət tərəfindən ona verilmiş səlahiyyətlər daxilində həyata keçirdiyi publik hüquq sahəsinə aid fəaliyyətindən irəli gəldiyindən bu tələbə kommersiya mübahisəsi kimi baxıla bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi hissəsində hazırkı mübahisə təbii inhisar subyektinin ümumi (publik) hüquq sahəsindəki hərəkətsizliyindən irəli gəldiyindən həmin mübahisəyə mülki məhkəmə icraatı qaydasında deyil, inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 261-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" MTK-nın Cavabdeh ASC-yə qarşı Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov küçəsindəki 69 nömrəli binasının mənzillərinin fərdi qaydada sayğaclaşdırılması öhdəliyinin Cavabdeh ASC-yə həvalə edilməsi tələbinə dair hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar