Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3817/2022 14.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Firmasının cavabdeh "xxxx" MMC-yə qarşı “icarə müqaviləsindən yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə kommersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Firması iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMCdən (VÖEN **********) əsas borc məbləği 28.320 (iyirmi səkkiz min üç yüz iyirmi) manat (ƏDV ilə), gecikdirilmiş borc faizi məbləğı 2.832 (iki min səkkiz yüz otuz iki) manat, mediasiya xərci olaraq 200 (iki yüz) manat, dövlət rüsumu olaraq ödənmiş 669.6 (altı yüz altmış doqquz) manat 60 qəpik, hüquqi yardıma görə ödənmiş 850 (səkkiz yüz əlli) manat, cəmi 32.871 (otuz iki min səkkiz yüz yetmiş bir) manat 60 qəpik pulun tutulub İddiaçı Firmasının hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə (VÖEN **********) firmamız arasında bağlanmış xx.xx.2020-il tarixli ENC,SER/05/20 saylı icarə müqaviləsi və həmin müqaviləyə 1 nömrəli əlavə əsasında, aylıq icarə haqqı 8500 manat müəyyən edilməklə, bir ədəd borudüzən “KOMATSU” D55C-3, rəngi sarı, buraxılığ ili-1995 olan texnika cavabdeh tərəfindən icarəyə götürülmüşdür. Müəyyən edilmiş icarə haqqına əsasən 2020-ci ildə təqdim olunmuş elektron qaimələrə əsasən cavabdehin 85.255.00 manat (ƏDV ilə) məbləğində borcu yaranmış və həmin borcdan 2020-ci ildə 42.775.00 manat (ƏDV ilə), 2021-ci ilin dekabr ayında isə 14.160 manat (ƏDV ilə), cəmi 56.935 manat ödənilmişdir. Dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, borcun qalan 28.320 manat (ƏDV ilə) manat hissəsi, ödəmə öhdəliyi bitdiyi vaxtdan 1 il 6 ay keçməsinə baxmayaraq ödənilməmişdir. Yuxarıda təsvir olunan mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi və mediasiyaya dair xərclərin tərəflər arasında bərabər şəkildə bölünməsi məqsədilə, xx.xx.2022-ci il tarixdə 3 saylı Mediasiya Təşkilatına müraciət edilmişdir. Mediasiya işi ilə bağlı xx.xx.2022-ci il tarixə, saat 11.00-12.00 intervalında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. İlkin mediasiya sessiyayasının keçirilməsi ilə bağlı İddiaçı firması tərəfindən 200 (iki yüz) manat pul ödənilmiş, firmanın nümayəndəsi Vəkil1 mediasiya sessiyasında iştirak etmiş, lakin, Cavabdeh MMC-nin nümayəndəsi mediasiya sessiyasında iştirak etməmişdir. Bu barədə 3 saylı Mediasiya Təşkilatından AR “Mediasiya haqqında” Qanununun 29.2-ci maddəsinə uyğun olaraq verilmiş arayış iddia ərizəsinə əlavə olunmuşdur. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında qeyd etmişdir ki, istinad olunan müqavilə münasibətləri tək icarə münasibətləri olmayıb, həmçinin, müəyyən xidmətlərin göstərilməsi İddiaçı Firmasının üzərinə müəyyən öhdəliklərin qoyulması da nəzərdə tutulub. Çox təəssüf ki, müqavilə tərəflər arasındakı münasibətləri tam tənzimləmir. Tərəflər arasında faktiki olaraq elektron qaimələrin olması borcun tam qəbul edilməsini təsdiqləmir. Çünki elektron qaimələr cavabdeh tərəfindən 5 gün ərzində təsdiqlənməzsə avtomatik sistem tərəfindən təsdiqlənir. Müqavilədə ziddiyyətli müddəalar var. Belə ki, müqavilə məbləğinin özü 8500 manatlıq məbləğ nəzərdə tutulub və əlavə birə istinad olunub.Əlavə 1-də ödənişlərə ƏDV daxil olmamaqla qeyd edilsə də lakin müqavilənin mətni boyu ödəmə hissəsi şərtində bütün vergilərin və məcburi ödənişlərin sırf İddiaçı Firması tərəfindən ödənilməsi nəzərdə tutulmuşdur. Müqavilə 3 aylıq müddətə rəsmiləşdirilmişdir. Borc məbləği 6 aylıq müddəti əhatə etməlidir. Bununla bağlı qarşı tərəflə danışıqlar olub, lakin yenə də iddiaçı tərəflə razılıq əldə olunmamışdır. Müqavilənin müddəti 3 aylıq müddətə qədər uzanibsa belə olan halda iddiaçı elekton qaimələri hansı müqavilə üzrə vurmuşdur. Elektron qaimələrin yüklənmə tarixinə nəzər yetirdikdə görünür ki, fevral və mart ayından sonra 7-ci aya qədər boşluq yaranıb. Müqavilə tərəflər arasında münasibətləri tam tənzimləmədiyinə görə sırf iddiani bu müqavilə üzrə verilməsi və iddia tələbinin təmin edilməsi düzgün deyil. Cavabdehin nümayəndəsi verilmiş iddia üzrə qeyd olunan 8260 manat məbləğ ilə bağlı iddia tələbini qəbul etdiklərini və həmin vəsaitin ödənilməsinə etiraz etmədiyini bildirərək iddianın qismən təmin edilməsini xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC “icarəçi”, İddiaçı Firması “icarəyə verən” olmaqla imzalanmış 27 yanvar 2020-ci il tarixli müqaviləyə əsasən icarəyə verən müqavilənin ayrılmaz tərkib hissəsini təşkil edən əlavələrdə qeyd edilmiş texnika və avadanlıqları icarəçiyə verməyi öz öhdəsinə götürür və icarəçi öz növbəsində həmin əmlakın icarəsinə görə ödəniş həyata keçirməyi öz öhdəsinə götürür. Müqavilənin 2.3-cü maddəsinə əsasən müqavilənin müddəti tərəflərin qarşılıqlı razılığı ilə imzalanmış əlavə razılaşma əsasında uzadıla bilər. İddiaçı Firması tərəfindən Cavabdeh MMC - yə EBAG seriyalı, 506518 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat, EBAT seriyalı, 782105 nömrəli, xx.xx.2020-ci il tarixli, elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat, EBAL seriyalı, 933231 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat, EBAN seriyalı, 367935 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat, EBAK seriyalı, 926750 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat, EBAP seriyalı, 557993 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat , EBAQ seriyalı, 931569 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat, EBAS seriyalı, 420739 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 10030 (ƏDV daxil) manat , EBAH seriyalı, 898731 nömrəli, xx.xx.2020-ci il tarixli elektron qaimə üzrə 5015 (ƏDV daxil) manat ödənilməsi üçün təqdim edilmiş, e-qaimələrin təsdiqindən imtina olunmamışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya icarə haqqının dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış müqavilədən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya müqavilədən və Mülki Məcəllənin normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərini pozmuşdur. Nəticədə cavabdehin iddiaçıya müqavilə üzrə borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Məhkəmə qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 28.320 manat ( ƏDV daxil) tutularaq iddiaçıya ödənilməlidir. Əlavə olaraq iddiaçı iddia tələbində gecikdirilmiş borc faizi məbləğı 2.832 manat vəsaitin cavabdehdən tutulmasını tələb etmişdir. AR MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Məhkəmə qeyd edilən tələbə münasibətdə hesab edir ki, iddiaçı tələbinin hüquqi əsası kimi həm AR MM-nin 445.1 və həm də 449.1-ci maddələrini göstərərək, tələbini əsaslandırmadığından iddia həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən, ilkin mediasiya prosesi ilə bağlı ödənilmiş 200 manat, vəkil xidmətləri üçün ödənilmiş 850 manat, iddia ərizəsi üçün dövlət büdcəsinə köçürülmüş 60 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh MMC-dən 28.320 manat (ƏDV daxil) manat , mediasiya xərci 200,00 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat, hüquqi yardıma görə ödənmiş 850 manat tutularaq İddiaçı Firmasına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC -dən 28.320 manat (ƏDV daxil) manat , mediasiya xərci 200 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 60 manat, hüquqi yardıma görə ödənmiş 850 manat tutularaq İddiaçı Firmasına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3817/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3817/2022
14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver