Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3821/2023 29.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə iştirakları ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 1.277 manat məbləğində sığorta ödənişi məbləğində vəsaitin, 40 manat ilkin mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-yə məxsus ** JD *** dövlət qeydiyyat nişanlı İsuzu markalı avtonəqliyyat vasitəsi xx.xx.2020-ci il tarixində "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmışdır. xx.xx.2021-ci il tarixində yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə ** VR *** dövlət qeydiyyat nişanlı BMW 528 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Həmçinin sığortalı nəqliyyat vasitəsi ilə xx.xx.2021-ci il tarixində yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə ** LG *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Tərtib olunmuş TP ******* və İXP3912576 saylı İnzibati tənbeh vermə haqqında Qərarlara əsasən məlum olmuşdur ki, nəqliyyat vasitəsini idarə edən cavabdehin sürücüləri olan İsrafil Əliyev və Tural Məmmədov yol nəqliyyat hadisəsi baş verdikdən sonra hadisə yerindən yayınmışlar. Nəqliyyat vasitələrinə vurulan zərərin əvəzində sığorta ödənişi verilməsi ilə bağlı zərərçəkənlər tərəfindən "xxxx" ASC-yə müraciət edilmişdir. “Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat”a əsasən ** LG *** dövlət qeydiyyat nişanlı Chevrolet Cruze markalı avtonəqliyyat vasitəsinə 318 manat məbləğində, ** VR *** dövlət qeydiyyat nişanlı BMW 528 markalı avtonəqliyyat vasitəsinə isə 959 manat məbləğində müəyyən edilmişdir. "xxxx" ASC-nin “Sığorta akt”larına əsasən ümumilikdə baş vermiş yol nəqliyyat hadisələri üzrə 1.277 manat məbləğində sığorta ödənişi zərərçəkən nəqliyyat vasitələrinin təmiri üçün müvafiq hesablara köçürülmüşdür. Ödənilmiş məbləğin subroqasiya hüququ əsasında geri qaytarılması barədə cavabdehə məktub göndərilmiş, lakin cavabdeh həmin məbləği ödəməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin qanuni təmsilçisi Qanuni nümayəndə izahatında bildirmişdir ki, etirazları onlara vaxtlı-vaxtında məlumat verilməməsi ilə bağlıdır. Belə ki, iddiaçı vaxtında məlumat versə idi, həmin şəxslərdən (sürücülərdən) dəymiş zərəri tələb edə bilərdilər. Lakin həmin şəxslər artıq onlarla çalışmır. Sığorta hadisələrindən məlumatsız olmuşlar. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərə əsasən müəyyən edildi ki: "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli icbari sığorta müqaviləsinə əsasən Cavabdeh MMC-yə məxsus **-JD-*** dövlət qeydiyyat nömrəli, İsuzu markalı yük avtomobili nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmışdır. Həmin müqavilənin qüvvədə olduğu müddət (müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2021-ci ildir) ərzində xx.xx.2021-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə sığorta hadisələri baş vermiş sığortalanmış avtomobili idarə edən şəxslər - müvafiq olaraq X4 və X5 yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydalarını pozaraq yol-nəqliyyat hadisəsini törətmişlər (bax. müvafiq olaraq xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokol, xx.xx.2021-ci il tarixli TP ******* nömrəli qərar və xx.xx.2021-ci il tarixli İXP ******* nömrəli protokol) və hadisə nəticəsində müvafiq olaraq **-VR-*** dövlət qeydiyyat nömrəli, BMW 528 markalı və **-LG-*** dövlət qeydiyyat nömrəli, Chevrolet Cruze markalı avtomobilə maddi ziyan dəymişdir. Yasamal RPİ DYPŞ-nin və Binəqədi DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarı (protokolları) ilə müvafiq olaraq X4 və X1 Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı yol nəqliyyat hadisəsi yerindən yayınma) maddələrində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinmişlər. Müvafiq sığorta hadisələri törədildiyi dövrdə həmin hadisələri törətməkdə təqsirli bilinmiş X4 və X5 əmək müqavilələri əsasında Cavabdeh MMC-də sürücü vəzifəsində işləmişlər. "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatlara əsasən hadisələr nəticəsində BMW 528 markalı **-VR-*** dövlət qeydiyyat markalı avtomobilə dəymiş ziyan 959 manat məbləğində və Chevrolet Cruze markalı **-LG-*** dövlət qeydiyyat markalı avtomobilə dəymiş ziyan 318 manat məbləğində qiymətləndirilmiş və xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli sığorta aktlarına əsasən zərərçəkmiş şəxslərə müvafiq olaraq 959 manat və 318 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxslərə ödənilmiş cəmi 1.277 manat məbləğində sığorta ödənişinin (hər iki sığorta hadisəsinə görə) subroqasiya qaydasında Cavabdeh MMC-dən tutulmasını tələb edir. Əsaslandırıcı hissə: Məhkəmə qeyd edir ki, hazırkı tələbin qanuni əsasını Mülki Məcəllənin 1096, 1108, 936, “İcbari Sığorta” haqqında AR Qanununun 63.1-ci maddəsi təşkil edir. Mülki Məcəllənin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar” haqqında AR qanununun: 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.8. Bu Qanunun 63.1-ci maddəsində nəzərdə tutulmuş halda. 63.1-ci maddəsinə görə bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, işin yuxarıda göstərilən halları və qanunvericilik normalarına əsasən müəyyən edilir ki, "xxxx" ASC-də mülki məsuliyyətinin icbari sığortası növü ilə sığortalanmış, Cavabdeh MMC-yə məxsus **-JD-*** dövlət qeydiyyat nömrəli, İsuzu markalı yük avtomobilinin sürücüləri, hadisələr törədilən zaman Cavabdeh MMC-nin işçiləri olmuş X4 və X5 tərəfindən mülki hüquq pozuntusu - delikt törədilmişdir. Odur ki, Cavabdeh MMC Mülki Məcəllənin 1099-cu maddəsinə əsasən işçiləri X4 və X2 törətdikləri yolnəqliyyat hadisələrinə görə məsuliyyət daşıdığından zərərçəkmiş şəxslərin yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin əvəzini Cavabdeh MMC-dən tələb etmək hüququ yaranmışdır. Delikt törətmiş İ.Əliyevin və T.Məmmədov yol nəqliyyat hadisələrindən yayındıqlarından iddiaçı "xxxx" ASC tərəfindən dəymiş zərər – müvafiq olaraq 959 və 318 manat cəmi 1.277 manat məbləğində sığorta ödənişi zərərçəkmiş şəxsə ödənildikdən sonra həmin tələb hüququ Mülki Məcəllənin 936 və “İcbari Sığortalar haqqında” qanunun 6.3.2-cü maddəsinə əsasən sığorta ödənişi həcmində subroqasiya qaydasında sığortaçı "xxxx" ASC-yə keçmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, "xxxx" ASC-nin ödənilmiş sığota ödənişinin əvəzi olaraq pulun tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməli, Cavabdehndən sığorta ödənişinin əvəzi olaraq 959 manat və 318 manat, cəmi 1.277 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 40 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 32,77 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 40 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən sığorta ödənişinin əvəzi olaraq 959 manat və 318 manat olmaqla, cəmi 1.277 manat pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 40 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3821/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3821/2023
29.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver