Məhkəmə qərarları › İş №e-2-2(113)-3823/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3823/2022

18.10.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3823/2022 18.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı ASC-nin cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən (VÖEN № **********) 2200 ABŞ dolları və 208 manat məbləğində vəsaitin, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 manat xidmət haqqı və mediyasiya xidmətinin göstərilməsinə görə 70 manat rüsumun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X5 İddiaçı ASC-nin Ağcabədi filialında baş mühasib vəzifəsində işlədiyi vaxt xx.xx.2018-ci il tarixdə hesab nömrəsi İddiaçı ASC-nin baş ofisində olan "xxxx" MMC-yə 2200 ABŞ dolları və 208 manat məbləğində pul vəsaitini ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi İddiaçı ASC-nin baş ofisində olan Cavabdeh MMC-yə ödəmişdir. X5 qeyd olunan yanlışlığı öz vəsaiti ilə "xxxx" MMC-nin hesabına ödəmiş və həmin pul məbləğini geri qaytarılması üçün “səhvən köçürülmüş pul vəsaitinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfindən iddia ərizəsinin təmin edilməsi barədə qəbul edilmiş və qanuni qüvvəyə minmiş 2(005)-1617/2021-ci il tarixli qətnaməyə əsasən İddiaçı ASC-dən 2200 ABŞ dolları və 208 manat məbləğində pul vəsaiti tutulub X3 ödənilmişdir. Qeyd etmək istəyirik ki, səhvən köçürülmüş pul vəsaitinin Cavabdeh MMC (VÖEN № **********) tərəfindən bugünədək geri qaytarılmamışdır. xx.xx.2022-ci il tarixli arayışa əsasən tərəflər arasında ilkin mediyasiya sessiyası təşkil edilmişdir. Lakin tərəflər arasında ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul edilmədi. İddia qiyməti 1001 manatdan 5000 manatadək olduğundan ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 70 manat haqq iddiaçı tərəfindən ödənilmişdir. Qeyd etmək istəyirik ki, cavabdehin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemində elektron hesabı olmadığından iddiaçı tərəfindən ondan asılı olmayan səbəblərə görə Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 150.2 maddəsinin tələbini yerinə yetirmək, yəni iddia ərizəsi və ona əlavə edilmiş sənədlər elektron qaydada cavabdehə göndərmək mümkün olmamışdır. Lakin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər tərəfimizdən poçt xidməti vasitəsilə cavabdehə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi, Vəkil iddia ərizəsinə uyğun izahat verərək tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)-1617/2021 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X2 İddiaçı ASC-yə qarşı İddiaçı ASC-nin Ağcabədi filialında işlədiyi zaman bank əməliyyatı aparılması üçün bankın əvəzində öz vəsaiti hesabına ödədiyi 2200 ABŞ dolları və 208 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən tutularaq iddiaçıya ödənilməsi barədə iddiası təmin edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6232/2021 nömrəli xx.xx.2021-ci il tarixli qərarından görünür ki, iddiaçı X2 İddiaçı ASC-yə qarşı pul tələbinə dair iş üzrə İddiaçı ASC-nin kassasiya şikayəti təmin edilməyərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5683/2021 nömrəli iş üzrə 16 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 22 fevral 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC qətnamənin icrası məqsədilə X4 2200 ABŞ dolları və 208 manatın ödənilməsi üçün Bakı şəhəri Nərimanov rayon icra şöbəsinin hesabına 3948 manat pul köçürmüşdür. 06 may 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC “Femida” Vəkil Bürosuna hüquqi yardım üçün 150 manat məbləğində pul ödəmişdir. 10 may 2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı ASC ilkin mediasiya sessiyasının keçirilməsi üçün Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına 70 manat məbləğində pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2 və 21.3-cü maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarından və iddia ərizəsindən göründüyü kimi, İddiaçı ASC-də baş mühasib vəzifəsində işləyən zaman X5 xx.xx.2018-ci il tarixdə hesab nömrəsi İddiaçı ASC-nin baş ofisində olan "xxxx" MMC-yə 2200 ABŞ dolları və 208 manat məbləğində pul vəsaitini ödəmək əvəzinə yanlışlıqla həmin pulu hesab nömrəsi İddiaçı ASC-nin baş ofisində olan Cavabdeh MMC-yə ödəmiş, daha sonra X5 qeyd olunan yanlışlığı öz vəsaiti ilə "xxxx" MMC-nin hesabına yönəltmiş, daha sonra Cavabdeh MMC-yə yanlış ödənilmiş həmin vəsaitin tələbi ilə bağlı İddiaçı ASC-yə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş və həmin məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(005)- 1617/2021 nömrəli qətnaməsi ilə iddiaçı X2 iddiası təmin edilərək 2200 ABŞ dolları və 208 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-dən tutularaq iddiaçıya ödənilməsi qət edilmiş, sözügedən qətnamə Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmış və 22 fevral 2022-ci il tarixli ödəniş tapşırığına əsasən birinci instansiya məhkəməsinin qətnaməsi icra edilərək icra edilərək İddiaçı ASC-dən alınan 3948 manat məbləğində vəsait alınaraq X4 ödənilmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı 2200 ABŞ dolları və 208 manat məbləğində vəsait, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 manat xidmət haqqı və mediyasiya xidmətinin göstərilməsinə görə 70 manat tələbi əsaslı olduğundan təmin olunmalıdır. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 2200 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, 208 manat məbləğində vəsait, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 manat xidmət haqqı və mediasiya xidmətinin göstərilməsinə görə 70 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2200 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının məzənnəsi ilə manatla, 208 manat məbləğində vəsait, vəkilin göstərdiyi hüquqi yardıma görə 150 manat xidmət haqqı və mediasiya xidmətinin göstərilməsinə görə 70 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar