Məhkəmə qərarları › İş №e-2-2(113)-3825/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3825/2024

10.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3825/2024 10.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq icarəsi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: torpaq icarəsi müqaviləsi, icarə müddətindən sonra kompensasiya, torpaq vergisi və icarə haqqı) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Cavabdeh qarşı “torpaq icarəsi müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və icraatın gedişində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2021-ci tarixli icarə müqaviləsi üzrə 2283,67 manat icarə haqqının cavabdehdən iddiaçının xeyrinə tutularaq sonuncunun Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. BİK: NABZAZ 2C) köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsinin faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “V” yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında yerləşən 441,9 kv.m torpaq sahəsinin icarəyə verilməsi barədə xx.xx.2021-ci il tarixli 946 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh öz üzərinə icarə haqqının vaxtında və tam həcmdə ödənilməsi vəzifəsini götürsə də, müqavilənin şərtinə əməl olunmamış, cavabdeh tərəfindən ötən müddət ərzində icarə obyektindən istifadə edilməsinə baxmayaraq, icarə haqqı ödənilməmişdir. Müqavilə ləğv edilmədiyindən hal-hazırda qüvvədə olmaqla icarəçinin həmin müqavilə üzrə dövlət büdcəsinə xx.xx.2024-cü il tarixinə ödənilməli olan 2283,67 manat məbləğində icarə haqqı borcu mövcuddur. Bununla əlaqədar olaraq iddiaçı tərəfindən cavabdehə “dövlət büdcəsinə yaranmış icarə haqqı borcunun ödənilməsi tələbi barədə” xx.xx.2024-cü il tarixli 3-21-3/2-879/2024 nömrəli xəbərdarlıq məktubu ilə müraciət edilsə də, cavabdeh məktubu qəbul etməkdən, eyni zamanda icarə haqqı borcunu ödəməkdən imtina etmişdir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsi göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3825/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza aid sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Cavabdeh məhkəməyə iddiaya etiraz təqdim edərək göstərmişdir ki, tərəflər arasında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “V” yaşayış massivi, Samir Cəfərov küçəsi ünvanındakı torpaq sahəsi ilə bağlı 22 oktyabr 2021-cil il tarixdə torpaq icarəsi müqaviləsi imzalanmışdır. Müqavilənin müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Müqavilə bitdiyi tarixdən iddiaçı yeni müqavilə imzalanmasına dair şifahi müraciət etmiş, lakin cavabdeh yazılı surətdə icarə müqaviləsinin bitməsi barədə məkub ünvanlamışdır. Sonradan 22 yanvar 2024-cü il tarixdə heç bir müqavilə olmadığı halda, iddiaçı tərəfindən 3-21-3/2-879/2024 nömrəli məktubla göndərilmiş icarə borcu haqqında bildirişə cavabdeh heç bir borcunun olmadığı barədə qeyd etmişdir. Müqavilənin ləğvinə dair xx.xx.2023-cü ildə poçtla məktub göndərilib və sənədlərlə təsdiq olunub.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X3 iddianın məzmununa uyğun izahatlar verdi və eyni zamanda bildirdi ki, müqavilənin müddəti 22 oktyabr 2023-ci il tarixdə bitsə də, icarə münasibətlərinə xitam verilməmişdir. Cavabdeh hələ də torpaq sahəsindən istifadə edir.

7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi göstərdi ki, cavabdehə icarəyə verilən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “V” yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında yerləşən 441,9 kv.m torpaq sahəsi dövlətin mülkiyyətindədir.

8. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh iddiaya etirazın məzmununa uyğun izahat verdi və eyni zamanda qeyd etdi ki, torpaq sahəsi üzərində klinika tikmişdir. xx.xx.2021-ci il tarixli 946 nömrəli icarə müqaviləsinin müddəti başa çatdıqdan sonra iddiaçı tərəfindən müddətin uzadılması təklif edilsə də, cavabdeh bundan imtina etmiş və bu barədə iddiaçıya məktub göndərmişdir.

9. Məhkəmənin suallarına cavab olaraq cavabdeh göstərdi ki, hazırda torpaq sahəsində tikilmiş əmlakdan (klinikadan) istifadə edir, lakin torpaq sahəsini maddi vəziyyəti ilə bağlı özəlləşdirmə qaydasında əldə edə bilmir. Həmçinin torpaq vergisi ödəyicisidir, bu səbəbdən də icarə haqqı ödəməli deyil.

III. Məhkəmə baxışının hədləri:

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Torpaq icarəsi müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İşin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 22 oktyabr 2021-ci il tarixli 946 nömrəli torpaq icarəsi müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “V” yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında yerləşən 441,9 kv.m torpaq sahəsi cavabdehin istifadəsinə verməyi, cavabdeh isə aylıq 221 manat icarə haqqını ödəməyi öhdəsinə götürmüşdür. İcarənin müddəti xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək şərtləşdirilmişdir.

14. İddiaçı 22 oktyabr 2021-ci il tarixli 946 nömrəli torpaq icarəsi müqaviləsi üzrə xx.xx.2024-cü il tarixədək olan 2283,67 manat icarə haqqının ödənilməsini tələb edir.

15. Cavabdeh iddiya etiraz edərək, icarə müqaviləsinin müddətinin xx.xx.2023-cü il tarixdə bitdiyini, icarə müqaviləsinin müddətinin uzadılmasına razı olmadığını və torpaq vergisi ödəyicisi olduğunu bildirir və iddianın rədd olunmasını xahiş edir.

16. Məhkəmə kommersiya mübahisənin həlli üçün aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

17. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

18. Həmin Məcəllənin 700.2-ci maddəsinə əsasən, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

19. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir.

20. Mülki Məcəllənin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.

21. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin obyektləri dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardır. Azərbaycan Respublikasında bu Qanunla müəyyənləşdirilən icarə münasibətlərinin obyektləri olan dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə, qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir.

22. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaq üzərində icarə münasibətlərinin subyektləri Azərbaycan Respublikası, bələdiyyələr, Azərbaycan Respublikasının hüquqi şəxsləri və vətəndaşları, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, habelə xarici dövlətlərdir. Azərbaycan Respublikası adından icarə münasibətlərində öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları iştirak edirlər.

23. Həmin Qanunun 14-cü maddəsinə dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

24. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2309 nömrəli registrdən çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli, “V” yaşayış sahəsi, Samir Cəfərov küçəsi ünvanında yerləşən 441,9 kv.m torpaq sahəsi Bakı Şəhər İcra Hakimiyyətinin sərəncamında olan daşınmaz dövlət əmlakıdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, müqavilənin ləğv edilməsi xahiş edilmişdir.

25. Məhkəmə qeyd edir ki, cavabdeh müqavilənin müddətinin başa çatdığını və ləğv edildiyini göstərsə də, torpaq sahəsindən istifadə etdiyi və onu təhvil vermədiyi işin mübahisəsiz halıdır.

26. Mülki Məcəllənin 722.4-cü maddəsinə əsasən, əgər müqavilə üzrə hüquq münasibətlərinə xitam verildikdən sonra icarəçi icarəyə götürdüyü torpağı qaytarmırsa, icarəyə verən saxlama müddəti üçün icarə haqqı verilməsini kompensasiya kimi tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsi barədə pretenziyalar verilməsi istisna edilmir.

27. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının Mülki Məcəllənin 722.4-cü maddəsinə əsaslanan tələb hüququ mövcuddur.

28. Cavabdehin torpaq vergisi ödəməsi ilə bağlı etirazına münasibətdə isə göstərilməlidir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 204-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

29. Dövlət mülkiyyətində olan torpaq sahəsini icarə əsasında istifadə edən fiziki şəxsin torpaq vergisi ödəyicisi olması isə mülki qanunvericilikdə onun icarə haqqını ödəmək vəzifəsini istisna edən hal kimi nəzərdə tutulmamışdır.

30. Məhkəməyə təqdim edilən xx.xx.2024-cü il tarixə olan şəxsi hesab vərəqəsindən görünür ki, 22 oktyabr 2021-ci il tarixli 946 nömrəli torpaq icarəsi müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə olan icarə haqqı borcu 2283,67 manat təşkil edir. Həmçinin cavabdeh tərəfindən sonuncu icarə haqqı ödənişi xx.xx.2023-cü il tarixdə edilmişdir.

31. Məhkəmə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

32. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

34. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

35. Beləliklə, məhkəmə hesab edir ki, icarə müqaviləsi üzrə torpaq sahəsini qaytarmaq ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh (icarəçi) müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.

36. Göstərilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin olunmalı, 22 oktyabr 2021-ci il tarixli 946 nömrəli torpaq icarəsi müqaviləsi üzrə 2283,67 manat icarə haqqı Cavabdeh tutularaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod 501004, AZ74NABZ******************** VÖEN **********, S.W.İ.F.T. BİK: NABZAZ 2C) ödənilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

37. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Həmin Məcəllənin 119.2-ci bəndinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

39. Məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci və 9.1.14-cü maddəsinə uyğun olaraq qeyd edir ki, hazırkı iddianın qiymətinə (2283,67 manat) uyğun ödənilməli dövlət rüsumu 42,84 manat təşkil edir və iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır.

40. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq bu qənaətə gəlir ki, dövlət rüsumunun əvəzi olaraq 42,84 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 242-244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh 2283,67 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Azərbaycan Respublikası X2 İdarəsindəki AZ53 NABZ ******************** saylı hesabına (kod: 501004, AZ74NABZ******************** VÖEN: **********, S.W.İ.F.T. bik: NABZAZ 2C) ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 42,84 manat məbləğində pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar