Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3826/2024 22.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi üzrə borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:
1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış 26 yanvar 2023-cü il tarixli, 23/037 №-li müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə yığılmış əsas borc üzrə 5.964,19 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş 79,65 manat məbləğində dövlət rüsumunun, cəmi ƏDV daxil 6.043,84 manat məbləğinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin 13-cü mərtəbəsində (blok “A”), sahəsi 40 kv.m. təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 26 yanvar 2023-cü il tarixli, 23/037 №-li müqavilə bağlanmışdır. İcarə Müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq başlama tarixi kimi adlandırılmış 01 fevral 2023-cü il tarixindən etibarən icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəyə verilən əmlak(lar) qismində çıxış edən ofis sahəsi üçün ƏDV xaric 956 manat aylıq icarə haqqı (İcarə Müqaviləsinə dəyişikliklərin edilməsinə dair 07 fevral 2023-cü il tarixli Əlavə Razılaşma nəzərə alınmaqla), ƏDV xaric 240manat aylıq təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric 80 manat aylıq mühafizə xidmətlərinə görə haqq və icarəyə verilən əmlakda istifadə edilən elektrik enerjisinə görə ƏDV xaric 20 manat aylıq elektrik enerjisinə görə haqq olmaqla, ümumilikdə ƏDV xaric 1.296 manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. Cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmiş və iddiaçının etibarından, yaxşı niyyətindən sui-istifadə edilərək ona xeyli miqdarda ziyan vurulmuşdur. Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin davamlı şəkildə icra edilməməsi ilə bağlı gələcəkdə daha böyük həcmdə borc məbləğinin toplanmasının qarşısını almaq niyyəti ilə icarə Müqaviləsinə 31 iyul 2023-cü il tarixində xitam verilməsi qərarına gəlinmiş, müqavilənin ləğvinin rəsmiləşdirilməsi məqsədilə daha əvvəl əməkdaşlıq münasibətlərindən irəli gələrək iddiaçı tərəfindən ikitərəfli xitam razılaşmasının layihəsi cavabdehə göndərilmiş, lakin dəfələrlə xatırlatmaların verilməsinə baxmayaraq hər dəfə ikitərəfli xitam razılaşmasının imzalanması müxtəlif bəhanələrlə gecikdirilmiş, xitam tarixindən kifayət qədər müddət keçsə də, ikitərəfli xitam razılaşmasının cavabdeh tərəfindən imzalanması təmin edilməmiş və faktiki olaraq razılaşmanın imzalanmasından imtina edilmişdir. Yuxarıda göstərilən səbəbdən dolayı İcarə Müqaviləsinin ləğvinin rəsmiləşdirilməsi məqsədilə Cavabdehə 30 noyabr 2023-cü il tarixli, FMG-xx/xx/1260 №-li Xitam və Pretenziya bildirişi ilə müraciət edilmiş və İcarə Müqaviləsinə həmin müqavilənin 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 31 iyul 2023-cü il tarixində iddiaçının tələbi ilə birtərəfli qaydada xitam verilmiş olması bəyan edilmişdir. İcarə Müqaviləsinin müvafiq olaraq 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinə əsasən iki ardıcıl müddət üçün Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin və ya onların xeyli hissəsinin ödənilməsinin gecikdirilməsi və ikidən çox müddət üçün Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş ödənişlərin 2 (iki) mislinə çatan məbləğin ödənilməsinin gecikdirilməsi İddiaçıya xəbərdarlıq müddətini gözləmədən İcarə Müqaviləsini birtərəfli qaydada ləğv etmək səlahiyyəti verir. Beləliklə, əmlakın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində xitam tarixinə ümumilikdə ƏDV daxil 5.964,19 manat əsas borc məbləği yığılmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi.
4. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
6. Məhkəmə belə qənaətə gəlir ki, cavabdeh lazımi qaydada məlumatlandırılmış, buna rəğmən məhkəmə iclaslarında iştirak etməmişdir və belə olan halda, cavabdeh məhkəmə icraatında iştirak hüququndan imtina etmiş hesab edilməli, qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilməlidir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
8. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin 13-cü mərtəbəsində (blok “A”) sahəsi 40 kv.m təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında xx.xx.2023-cü il tarixli, 23/037 nömrəli icarə müqaviləsi imzalanmışdır.
10. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən başlama tarixi kimi adlandırılmış 01 fevral 2023-cü il tarixindən etibarən icarə müqaviləsinin qüvvədə olduğu müddət ərzində icarəyə verilən əmlak qismində çıxış edən ofis sahəsi üçün ƏDV xaric 956 manat aylıq icarə haqqı, (icarə müqaviləsinə dəyişikliklərin edilməsinə dair 07 fevral 2023-cü il tarixli Əlavə Razılaşma nəzərə alınmaqla), ƏDV xaric 240 manat aylıq təmizlik və texniki xidmətlərə görə haqq, ƏDV xaric 80 manat aylıq mühafizə xidmətlərinə görə haqq və icarəyə verilən əmlakda istifadə edilən elektrik enerjisinə görə ƏDV xaric 20 manat aylıq haqq olmaqla, ümumilikdə ƏDV xaric 1.296 manat aylıq haqqın ödənilməsi razılaşdırılmışdır.
11. Müqavilənin 3.9-cu bəndinə əsasən həmin müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qiamə-faktura təqdim edildikdən sonra 5 iş günü ərzində həyata keçirilərək icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilməlidir.
12. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq olunmuşdur.
13. Məhkəmə qeyd edir ki, qanunvericiliyin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də, məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış icarə müqaviləsindən irəli gəlir.
14. Məhkəmə həmçinin qeyd edir ki, sadalanmış normaların tələbləri və tərəflər arasında bağlanılmış müqavilə şərtləri nəzərə alındığında müəyyən olunur ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etmədiyindən onun sahədən istifadəyə görə icarə haqqı ödəmək vəzifəsi və iddiaçının da, müqavilə üzrə öhdəliyin icrasını tələb etmək hüququ yaranmışdır.
15. İşdən görünür ki, iddiaçı tərəfindən cavabdehə EBDB seriyalı, 247632 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 3.058,56 manat, EBDC seriyalı, 766990 nömrəli, xx.xx.2023cü il tarixli, dəyəri 1.529,28 manat, EBDE seriyalı, 680795 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.529,28 manat, EBDG seriyalı, 997459 nömrəli, xx.xx.2023-cü il tarixli, dəyəri 1.529,28 manat, EBDJ seriyalı, 372935 nömrəli, xx.xx.2023-cü il tarixli (xx.xx.2023xx.xx.2023-dək dövrü əhatə edən) dəyəri 1.376,35 manat olan elektron qaimələr göndərilmişdir.
16. Sadə riyazi hesablama ilə elektron qaimələrdəki məbləğlərin cəmi 9.022,75 manat təşkil edir.
17. İşə əlavə olunmuş xx.xx.2023-xx.xx.2023-cü il tarixli hesab-fakturalardan da görünür ki, iddiaçı tərəfindən cavabdehə 9.022,75 manat dəyərində müqavilə üzrə razılaşdırılmış xidmətlər göstərilmiş, cavabdehin (icarə haqqı, elektrik xərcləri, baxım xidməti, mühafizə xidməti) həmin xidmətlərə görə borcu yaranmışdır.
18. İş materiallarına əlavə olunmuş, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 23/037 nömrəli müqavilə üzrə qalıq borc haqqında xx.xx.2024-cü il tarixli cədvəldən görünür ki, cavabdeh tərəfindən 2023-cü ilin fevral ayında 1.529,28 manat və mart ayında 1.529,28 manat olmaqla, cəmi 3.058,56 manat ödəniş etmiş, onun icarə haqqı borcu üzrə 5.964,19 manat borcu qalmışdır.
19. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqaviləyə 31 iyul 2023-cü il tarixində xitam verildiyindən həmin tarixədək icarə haqqı tutulmalıdır.
20. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da, iddiaya münasibət (etiraz) bildirməmiş, müqavilə üzrə icarə haqqı borcunun ödənilməsini təsdiq edən hər hansı sənədi məhkəməyə təqdim etməmişdir.
21. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, iddia əsas borcun tələb edilməsi hissəsində əsaslıdır və 5.964,19 manat məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilməlidir.
22. Məhkəmə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 79,65 manat məbləğində pulun tələb olunması ilə bağlı aşağıdakıları qeyd edir.
23. İş materiallarına əlavə olunmuş iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi barədə məlumat” qrafikindən görünür ki, xx.xx.2024-cü il tarixli, **********16 nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 79,65 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
24. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq ödənilmiş 79,65 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
25. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli, 23/037 nömrəli müqaviləyə əsasən əsas borc üzrə 5.964 (beş min doqquz yüz altmış dörd) manat, 19 (on doqquz) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumunun əvəzi olaraq 79 (yetmiş doqquz) manat, 65 (altmış beş) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov