Məhkəmə qərarları › İş №e-2-2(113)-3827/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3827/2021

25.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3827/2021 25.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Turist Bazasının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi üzrə cavabdehin nümayəndəsi tərəfindən verilmiş vəsatətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Turist Bazası (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 66.226 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 24.08.2021-ci il tarixdə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verib cavabdehdən 69726 manat məbləğində pul vəsaitinin və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə yazılı vəsatət verərək hazırkı mübahisənin sahibkarlıq və iqtisadi xarakterli olmadığından, “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18.09.2020-ci il tarixli Qərarının 13, 23 və 25-ci bəndlərinə əsasən hazırkı iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh inzibati orqandır, hazırkı iş üzrə tərəflər arasında hər hansı bir müqavilə yoxdur, bu səbəbdən hazırkı işə inzibati məhkəmədə baxılmalı olduğundan iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil vəsatətə etiraz edərək, daha əvvəl də tərəflər arasında analoji məhkəmə mübahisəsinin olduğunu, həmin işə də mülki mühakimə icraatı qaydasında baxıldığını, əvvəllər cavabdeh tərəfindən iddiaçıya tərəflər arasında hər hansı bir müqavilə olmasa da, müvafiq ödənişlərin edildiyini göstərib vəsatətin təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, vəsatət təmin edilməli, hazırkı iş üzrə icraata məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Həmin Qərarın 15.4-cü bəndinə əsasən ... inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 10 nömrəli Qərarında qeyd edilmişdir ki, mübahisə tərəflərindən birinin dövlət orqanı və bələdiyyə olduğu halla bağlı isə məhkəmələrə izah edilməlidir ki, qanunvericiliyin tələbinə görə dövlət və bələdiyyə orqanları hakimiyyət səlahiyyətlərini icra etməkdən başqa mülki dövriyyənin bərabər hüquqlu subyektləri qismində malların (işlərin və xidmətlərin və s.) dövlət və bələdiyyə vəsaiti hesabına alınmasında, sahibkarlıq subyektləri ilə mülki hüquqi əqdlərin bağlanmasında, həmçinin investisiya fəaliyyətinin həyata keçirilməsində eyni ilə digər hüquqi şəxslər kimi iştirak edə bilərlər. Bu zaman sahibkarlıq subyektləri tərəfindən dövlət orqanlarına və bələdiyyələrə qarşı və ya sonuncuların sahibkarlıq subyektlərinə qarşı tələbləri mahiyyət etibarı ilə iqtisadi məzmunlu olduğundan, habelə bu tələblərdən irəli gələn mübahisələrə tətbiq edilən maddi hüquq normalarının sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan həmin mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli Qərarına əsasən mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Cavabdehin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməsinin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında hər hansı mülki xarakterli müqavilə olmadığından, habelə hazırkı iş üzrə tərəflər xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etmədiklərindən vəsatət təmin edilməli, iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırkı iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəsatət təmin edilsin. İddiaçı Turist Bazasının cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “pul” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçı Turist Bazasına hazırkı iddia tələbi ilə aidiyyatı inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar