Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-383/2022 04.03.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi ilə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh X3 qarşı “siyahıya alınmış əmlakın açıq hərracda satılması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi (bundan sonra – iddiaçı) cavabdeh X3 (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 02.07.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 23391.25 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 240500 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, vergi öhdəliyinin yerinə yetirilməsinin təmini məqsədi ilə Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmə üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə 02.07.2021-ci il tarixli **********7 saylı Qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin 240500 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə 13.08.2021-ci il tarixli **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə 16.08.2021-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin 02.07.2021-ci il tarixə qeyd olunan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 23391.25 manat ödənilməmiş borcu qalmışdır. Tərəflərin izahatı: İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Məhkəmə işə tərəflərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, materiallara əlavə olunmuş sənədlərdən görünür ki, əsas fəaliyyət növü ixtisaslaşdırılmış mağazalarda meyvə və tərəvəzlərin pərakəndə satışı olan cavabdeh 13.01.2017-ci il tarixdə vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınmışdır. İddiaçı tərəfindən 11 mart 2021-ci il tarixdə cavabdehə məcburi dövlət sosial sığorta haqqı üzrə borcun ödənilməsinə dair **********8 saylı bildiriş göndərilərək, 11.03.2021-ci il tarixinə ümumilikdə 23391 manat məbləğində borcun 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İddiaçının “Vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında” 02.07.2021-ci il tarixli, **********7 nömrəli qərarı ilə cavabdeh vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. Cavabdehə məxsus əmlak 12.08.2021-ci il tarixdə siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında protokol, həmin protokola 14 saylı əlavə və vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlamaya verilməsi haqqında akt tərtib edilmişdir. Əmlakın siyahıya alınması haqqında protokola edilmiş əlavədə cavabdehə məxsus 240500 manat məbləğində 1-ci mərtəbədə yerləşən ümumi sahəsi 370 kv.metr olan 01 ədəd qeyri-yaşayış sahəsi siyahıya alınmışdır. İddiaçı cavabdehə 19.08.2021-ci il tarixdə xəbərdalıq ünvanlayaraq borcun 30 gün müddətində ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Materiallara əlavə edilmiş cavabdehin şəxsi hesab vərəqəsinə əsasən onun 03.04.2022-ci il tarixə Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 23391.25 manat məbləğində borcu vardır. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, materialları araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 1.4-ci maddəsinə görə həmin Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, vergi ödəyicisi olan cavabdeh vergilərin ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən 12.08.2021-ci il tarixdə cavabdehin dövlət büdcəsinə olan borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə onun əmlakı siyahıya alınmışdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin vergiləri, dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun, eləcə də dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinin tələbinə görə qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə 100 manat dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən və iddia təmin edildiyindən 100 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehin 02.07.2021-ci il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 23391.25 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 240500 manat dəyərində olan əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən həmin borc və 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, satışdan artıq qalan məbləğ cavabdehə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 02.07.2021-ci il tarixə olan borc məbləğindən Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 23391.25 (iyirmi üç min üç yüz doxsan bir manat iyirmi beş qəpik) manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 240500 (iki yüz qırx min beş yüz) manat məbləğində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən borc və 100 (yüz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 tutularaq dövlət büdcəsinə ödənilsin. Satışdan artıq qalan məbləğ cavabdeh X3 qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-383/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-383/2022
04.03.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver