Məhkəmə qərarları › İş №e-2-2(113)-3846/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3846/2025

18.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3846/2025 18.08.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun tutulmasının qadağan edilməsi və pulun qaytarılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “pulun tutulmasının qadağan edilməsi və pulun qaytarılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh ASC-yə (bundan sonra cavabdeh) qarşı “pulun tutulmasının qadağan edilməsi və pulun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan əmək haqqı və birbank kartlarından, ********** saylı VÖEN hesabından hər hansı məbləğin tutulmasının qadağan edilməsi, tutulma nəticəsində vurulmuş 6574,08 manat zərər və ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun tam olaraq cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan Cavabdeh ASC-nin məhsulu olan BirBank (BirBank Cashback Plus) kartından müxtəlif məbləğlərdə, əməkhaqqı (VSDC Electron Salary) kartından isə tam məbləğdə və ********** saylı VÖEN hesabından da müxtəlif məbləğlərdə olmaqla 2024-cü ilin fevral ayından etibarən İddiaçı razılığı və bu barədə məhkəmənin müəyyən qərarı olmadan pul vəsaitləri tutulur. Cavabdeh ASC tərəfindən İddiaçı təqdim edilən ödəniş kartı üzrə çıxarışdan göründüyü kimi onun əməkhaqqı hesabından qanunsuz olaraq bugünə qədər 4706,08 (dörd min yeddi yüz altı manat səkkiz qəpik) manat, Birbank kartından 848 (səkkiz yüz qırx səkkiz manat) manat və ********** saylı VÖEN hesabından 1020 (min iyirmi manat) manat məbləğdə ümumilikdə 6574,08 (altı min beş yüz yetmiş dörd manat) manat məbləğ tutulmuşdur. Belə ki, Cavabdeh ASC tərəfindən İddiaçı məxsus olan əməkhaqqı, birbank kartlarından və ********** saylı VÖEN hesabından pul vəsaitlərinin tutulması dayandırılmalıdır və tutulma nəticəsində İddiaçı vurulmuş 6574,08 (altı min beş yüz yetmiş dörd manat) manat məbləğdə zərər tam olaraq ödənilməlidir. Odur ki, Cavabdeh ASC tərəfindən iddiaçının bank hesablarının onda olmasından istifadə edərək məhkəmənin müvafiq qərarı olmadan və İddiaçı razılığı olmadan 6574,08 (altı min beş yüz yetmiş dörd manat)manat məbləğin tutulması iddiaçının mülkiyyət hüququnu tam şəkildə pozulması ilə nəticələnmişdir. İlk olaraq Cavabdeh ASC-yə vurulmuş ziyanın geri qaytarılması ilə bağlı pretenziya məktubu verilmişdir, lakin dəymiş ziyan geri ödənilmədiyindən həmin məbləğin məhkəmə qaydasında tutulması zərurəti yaranmışdır.

3. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3846/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə X5 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunmuşdur.

II. Tərəflərin mövqeləri:

4. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib iddianın təmin edilməsini xahiş etdi.

5. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında zaminlik müqaviləsi bağlanmış, iddiaçı kredit almış X2 öhdəliklərinin icrasının təmini qismində zamin dayanmışdır. İddiaçının bank hesablarından tutulmalar akseptsiz qaydada zaminlik müqaviləsinə əsasən aparılır. Bu səbəbdən iddia tələbi əsassızdır.

6. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq tərəflərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə yazılı ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmiş, cavabdehin nümayəndəsi gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.

7. Sonuncu məhkəmə iclasının tərəflərin nümayəndələrinin iştirakları olmadan keçirilməsi mümkün hesab edilmişdir.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. X5 tərəfindən Cavabdeh ASC-yə ünvanlanmış “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyəti ilə məşğul olan fiziki şəxslər üzrə” adlı xx.xx.2023-cü il tarixli müraciət ərizəsindən görünür ki, müraciət edən 36 ay müddətinə illik 22 % ödəmək şərtilə 25.000 manat məbləğində fərdi mikro kreditin ona verilməsini xahiş etmiş, təminat qrafasında İddiaçı və X1 qeyd edilmişdir.

10. xx.xx.2022-ci il tarixli, **********07122022 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair xx.xx.2023-cü il tarixli, KBTK5559553B241 saylı əlavədən görünür ki, verilmiş kreditin məqsədli təyinatı fərdi mikro kredit olmuş, İddiaçı və X1 isə zamin kimi qeydə alınmışdır.

11. xx.xx.2023-cü il tarixli, KBTK559553B241 nömrəli kredit müaviləsinin əlavəsində 36 ay müddətinə illik 22 faizlə 25.000 manat məbləğin ödənilməsi ödəniş qrafikində qeyd edilmişdir.

12. xx.xx.2023-cü il tarixli, ZM-KBTK559553B241 nömrəli zaminlik müqaviləsindən görünür ki, zamin İddiaçı borcalanın (X5) bank qarşısında yaranmış, bu müqavilənin 1.2-ci bəndində göstərilən öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür, bank qarşısında borcalanla birgə qaydada məsuliyyət daşıyır. Zaminliklə təmin edilən öhdəlik xx.xx.2022-ci il tarixli, **********07122022 saylı bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə kreditləşmənin xüsusi şərtlərinə dair KBTK5559553B241 saylı xx.xx.2023-cü il tarixli əlavə üzrə kreditin qaytarılması və digər borcların ödənilməsidir.

13. xx.xx.2023-cü il tarixli, ZM-KBTK559553B241 nömrəli zaminlik müqaviləsinin 3.3cü bəndinə əsasən zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, bank kredit müqaviləsi üzrə əsas, faiz və digər borcların məbləği həddində istənilən məbləğdə pul vəsaitini zaminin əlavə razılığı olmadan, akseptsiz qaydada onun Bankdakı hesab(lar)ından tuta (silə) bilər, zaminin bankdakı hesab(lar)ında borcların məbləği həddində olan pul vəsaitinə dair əməliyyatların həyata keçirilməsini dayandıra bilər, yəni bloklaşdıra bilər.

14. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 Sabunçu Rayon Sukanal İdarəsinin 05 avqust 2025-ci il tarixli, 02 nömrəli arayışından görünür ki, İddiaçı həqiqətən ADSEA Sabunçu rayon Sukanal İdarəsində Su Kəməri təsərrüfatında nəzarətçi peşəsində işləyir, ona 2024-cü ilin yanvar ayında 1213,17 manat, 2024-cü ilin fevral ayında 693,89 manat, 2024-cü ilin mart ayında 572,43 manat, 2024-cü ilin aprel ayında 693,89 manat, 2024-cü ilin may ayında 719,01 manat, 2024-cü ilin iyun ayında 601,75 manat, 2024-cü ilin iyul ayında 786,03 manat, 2024-cü ilin avqust ayında 531,95 manat, 2024-cü ilin sentyabr ayında 687 manat, 2024-cü ilin oktyabr ayında 706 manat, 2024-cü ilin noyabr ayında 706 manat, 2024-cü ilin dekabr ayında 330,36 manat, 2025-ci ilin yanvar ayında 706 manat, 2025-ci ilin fevral ayında 706 manat, 2025-ci ilin mart ayında 706 manat olmaqla, ümumilikdə 10 360,84 manat əmək haqqı ödənilmişdir.

15. İş materiallarında olan İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, sonuncunun ödəniş kartına 05 aprel 2024-cü il tarixində 572,43 AZN nağdsiz mədaxil daxil olmuş, 06 aprel 2024-cü il tarixində 449.00 AZN silinmə aparılmışdır, 07 may 2024-cü il tarixində 0.31 AZN silinmə aparılmışdır, 13 may 2024-cü il tarixində 693,88 AZN nağdsiz mədaxil daxil olmuş, 13 may 2024-cü il tarixində 156,46 AZN silinmə aparılmışdır, 06 iyun 2024-cü il tarixində 719,01 AZN nağdsiz mədaxil daxil olmuş, 08 iyul 2024-cü il tarixində 0.01 AZN silinmə aparılmışdır, 10 iyul 2024-cü il tarixində 601,75 AZN nağdsiz mədaxil daxil olmuş, 10 iyul 2024-cü il tarixində 472,35 AZN, 06 avqust 2024-cü il tarixində 0.40 AZN silinmə aparılmışdır, 09 avqust 2024-cü il tarixində 786,03 AZN nağdsız mədaxil daxil omuş, 09 avqust 2024-cü il tarixində 995,72 AZN silinmə aparılmışdır, 10 sentyabr 2024cü il tarixində 531,95 AZN nağdsız mədaxil daxil olmuş, 10 sentyabr 2024-cü il tarixində 531,95 AZN silinmə aparılmışdır, 09 oktyabr 2024-cü il tarixində 687,40 AZN nağdsız mədaxil daxil olmuş, 09 oktyabr 2024-cü il tarixində 687,40 AZN silinmə aparılmışdır, 14 noyabr 2024-cü il tarixində 706,24 AZN nağdsız mədaxil daxil olmuş, 14 noyabr 2024-cü il tarixində 706,24 AZN silinmə aparılmışdır, 11 dekabr 2024-cü il tarixində 706,24 AZN nağdsız mədaxil daxil olmuş, 11 dekabr 2024-cü il tarixində 706,24 AZN silinmə aparılmışdır, 29 dekabr 2024-cü il tarixində 150 AZN nağdsız mədaxil daxil olmuş, 29 dekabr 2024-cü il tarixində 150 AZN silinmə aparılmışdır, 08 yanvar 2025-ci il tarixində 180,36 AZN nağdsız mədaxil daxil olmuş, 08 yanvar 2024-cü il tarixində 180,36 AZN silinmə aparılmışdır, 06 fevral 2025-ci il tarixində 706,24 AZN nağdsız mədaxil daxil olmuş, 06 fevral 2025-ci il tarixində 706,24 AZN silinmə aparılmışdır.

16. Məhkəmə materialları araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

17. Məhkəmə iddia ərizəsini cavabdeh tərəfindən əsassız olaraq tutulmuş 6574,08 manat pulun geri qaytarılması hissəsində qismən əsaslı hesab edir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı ilə üçüncü şəxs arasında kredit müqaviləsi bağlanmış, iddiaçı həmin müqavilədən irəli gələn öhdəliklərin icrasının təmin edilməsi məqsədilə cavabdehlə zaminlik müqaviləsi bağlamışdır.

19. İddiaçı hazırda onun sahibkarlıq məqsədilə açdığı bank hesabları, habelə əmək haqqı hesablarından tutulmuş ümumilikdə 6574,08 manat pulun geri qaytarılmalı olduğunu bildirsə də, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ZM-KBTK559553B241 nömrəli zaminlik müqaviləsinin 3.3-cü bəndinə əsasən zamin bu müqaviləni imzalamaqla razılığını bildirir ki, bank kredit müqaviləsi üzrə əsas, faiz və digər borcların məbləği həddində istənilən məbləğdə pul vəsaitini zaminin əlavə razılığı olmadan, akseptsiz qaydada onun Bankdakı hesab(lar)ından tuta (silə) bilər.

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

21. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

22. 954.1-ci maddəsinə əsasən bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür.

23. 964.1-ci maddəsinə əsasən hesabdan pul vəsaitinin silinməsini bank müştərinin sərəncamına əsasən həyata keçirir.

24. 964.2-ci maddəsinə əsasən müştərinin sərəncamı olmadan hesabdakı pul vəsaitinin silinməsinə məhkəmənin qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya bankla müştəri arasında müqavilədə nəzərdə tutulmuş hallarda yol verilir.

25. Beləliklə, iddiaçı iddia ərizəsində 6574,08 manat pulun iddiaçının hər hansı razılığı, habelə məhkəmə qərarı olmadan tutulduğunu göstərsə də, məhkəmə araşdırması ilə bankın həmin məbləğləri akseptsiz qaydada zaminlik müqaviləsi ilə iddiaçının ona vermiş olduğu razılıq əsasında sildiyi müəyyən edilmişdir.

26. Bununla yanaşı, silinmələrin aparıldığı bank hesablarından birinin iddiaçının əmək haqqı hesabı olduğu müəyyən edilmişdir.

27. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin altıncı hissəsinə əsasən hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

28. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154.1-ci maddəsinə əsasən əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

29. Həmin Məcəllənin 175.1-ci maddəsinə əsasən əmək haqqından müvafiq məbləğlər bu maddə ilə müəyyən edilən hallar istisna edilməklə yalnız işçinin yazılı razılığı ilə, yaxud qanunvericiliklə nəzərdə tutulmuş icra sənədləri üzrə tutula bilər.

30. Həmin Məcəllənin 176.1-ci maddəsinə əsasən hər dəfə əmək haqqı verilərkən tutulan bütün məbləğlərin ümumi miqdarı işçiyə verilməli olan əmək haqqının iyirmi faizindən və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə əlli faizindən artıq ola bilməz.

31. Göründüyü kimi, iddiaçının əmək haqqı ödənişlərinin 50 faizindən artıq tutulmaların aparılması qanunla qadağan edilməsinə baxmayaraq, cavabdeh tərəfindən iddiaçının əmək haqqı ödənişlərindən göstərilən hissədən artıq tutulmalar aparılmışdır.

32. Belə ki, iddiaçının əmək haqqı hesabı üzrə bank çıxarışından görünür ki, iddiaçıya köçürülmüş əmək haqlarının əlli faizindən artıq olan hissəsi, yəni 2024-cü ilin aprel ayında 163,10 manat, 2024-cü ilin iyul ayında 171,88 manat, 2024-cü ilin avqust ayında 393,01 manat, 2024-cü ilin sentyabr ayında 265,97 manat, 2024-cü ilin oktyabr ayında 343,70 manat, 2024-cü ilin noyabr ayında 353,12 manat, 2024-cü ilin dekabr ayında 353,12 manat və 165,18 manat, 2025-ci ilin yanvar ayında 353,12 manat, ümumilikdə 2562,20 manat vəsait əsassız və qanunsuz olaraq iddiaçıdan tutulmuşdur.

33. Bu səbəbdən göstərilən məbləğlər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.

34. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, “pulun qaytarılması” hissəsində iddia tələbi qismən təmin edilməli, cavabdehdən 2562,20 manat vəsait tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

35. Məhkəmə iddia tələbini ikinci hissədə də qismən əsaslı hesab edir.

36. Belə ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ZM-KBTK559553B241 nömrəli zaminlik müqaviləsinə əsasən zamin olan iddiaçı həmin müqaviləni imzalamaqla bank kredit müqaviləsi üzrə əsas, faiz və digər borcların məbləği həddində istənilən məbləğdə pul vəsaitini onun əlavə razılığı olmadan, akseptsiz qaydada Bankdakı hesab(lar)ından tutulmasına razılığını versə də, məhkəmə hesab edir ki, Əmək Məcəlləsinin yuxarıda sadalanmış tələbləri nəzərə alınmaqla iddiaçının əmək haqqının 50 faizindən artıq hissəsinin tutulması cavabdehə qadağan edilməlidir.

37. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 14 iyul 2015-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müqavilə məzmununun müəyyənləşdirilməsi azadlığı heç də o demək deyildir ki, tərəflər arasında bağlanan müqavilədə əldə olunmuş bütün razılaşmaların etibarlılığı şübhə altına alına bilməz. Burada əqdlərin etibarsızlığına dair Mülki Məcəllənin 339, 340-342, 344-cü maddələrinin, müqavilələrin standart şərtlərinə dair isə 417-420-ci maddələrinin müddəaları nəzərə alınmalıdır. Göstərilən prinsip Mülki Məcəllənin 390.5-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəllənin 390-cı maddəsinin məzmununa əsasən fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki Məcəllənin 390.5-ci maddəsinə görə isə müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. İradə sərbəstliyi və müqavilə azadlığı əsas mülki hüquqlar sırasında olmaqla mülki hüquqların maneəsiz həyata keçirilməsi, pozulmuş hüquqların bərpası və mülki hüquqların məhkəmə müdafiəsi prinsipləri ilə ayrılmaz hüquqi vəhdət təşkil edirlər.”

38. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 2562,20 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi barədə Ümumi Müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli Əlavəsi üzrə iddiaçının əmək haqqı hesabından əmək haqqının 50 (əlli) faizindən artıq hissədə tutulmaların aparılması cavabdehə qadağan edilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Məhkəmə hesab edir ki, iddia qismən edildiyindən iş üzrə ödənilmiş 85 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan ödənilmiş 15 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh ASC-dən 2562,20 manat məbləğində pul, 85 manat dövlət rüsumu, ümumilikdə 2647,20 (iki min altı yüz qırx yeddi manat iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il tarixli Bank Xidmətlərinin göstərilməsi barədə Ümumi Müqavilənin Kreditləşmənin Xüsusi Şərtlərinə dair xx.xx.2023-cü il tarixli Əlavəsi üzrə İddiaçı əmək haqqı hesabından əmək haqqının 50 (əlli) faizindən artıq hissədə tutulmaların aparılması Cavabdeh ASC-yə qadağan edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 15 (on beş) manat dövlət rüsumu İddiaçı özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar