Məhkəmə qərarları › İş №e-2-2(113)-3847/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3847/2024

11.07.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3847/2024 11.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: əsassız hesablanmış borcun silinməsi) X4 Zakir oğlunun sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Rüsfət oğlunun cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İşin halları: İddiaçı Rüsfət oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında (abonent kodu 06/40-448) naməlum 560 manat borcun silinməsini, eyni zamanda mediasiya xərcini "xxxx" ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü ildə, ünvan 1-də tikinti və abadlıq işləri ilə əlaqədar, ona məxsus olan qeyri-yaşayış sahəsinin sökülməsi zərurəti yaransa da nəticədə sökülmədi. Nərimanov RETS (Rayon Enerji Təchizatı İdarəsi) əməkdaşları ona məlumat vermədən, heç bir akt tərtib etmədən obyektə məxsus sayğacı aparmışdılar. Bununla yanaşı, Nərimanov RETS idarəsi həmin dövrdə obyektə naməlum 560 azn borc yazıb. xx.xx.2023-cü ildə borcun silinməsi barəsində Enerji idarəsinə müraciət etsə də, həmin idarə müraciətə cavabında, 16 may tarixində Ağa Nemətulla küçəsi 27 ünvanda yaranmış borcun silinməsinin mümkün olmaması və ehtiyac olduqda məhkəməyə müraciət etmək hüququmun olması barəsində məktub göndərmişlər. Nərimanov RETS idarəsi tərəfindən təqdim olunan abonent kartından görünür ki, 06/40-448 saylı Abonent kodunda yaranmış borc 2013-cü ilədək olan borcdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.3 maddəsinin tələbinə görə vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə istinad olunmuşdur. İddiaçı iddia tələbində qeyd olunanları müdafiə edib əlavə olaraq bildirmişdir ki, o, yeni sayğacın quraşdırılması üçün pul ödənilməsinə etiraz etmir. Sonda o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Abunə haqqında məlumat vərəqindən göründüyü kimi iddia tələbində qeyd edilən məbləğin 140 manatı sayğacın alıması və quraşdırılmasına görə hesablanmış məbləğdir. Qalan məbləğ isə abonentin sərf edib ödəmədiyi enerji dəyəridir. Bunu 2012-2013-cü ilin sərfiyyatına və ödənişlərə baxdıqda müəyyən etmək olur. “Elektrik enerjisindən istifadə qaydaları”nın 8.16-cı maddəsinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Sayğac 2013-cü ildə çıxarılarkən həmin dövrdə aktlaşdırılsa belə, hazırda həmin aktı məhkəməyə təqdim edə bilmir. Abunə haqqında məlumatda bağlanan aktlar cədvəlində qeyd edilmiş 2006-cı il tarixinə hesablanmış metodik hesablamaya dair aktları məhkəməyə təqdim edə bilmir. Tədqiq olunan sübutlar İş materiallarında olan: “Enerjitəchizatı müəssisəsi ilə qeyri-istehsal müəssisəsi, ticarət, ictimai iaşə və digər növ xidmət müəssisəsi (bundan sonra - abonent) arasında elektrik enerjisinin alqısatqısının birtipli 029652 saylı müqaviləsinə əsasən "xxxx" MMC ilə İddiaçı (abonent kodu 06/40-448) arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmışdır. "xxxx" ASC tərəfindən tərtib olunmuş abunə haqqında məlumatdan görünür ki, fiziki şəxs X2 məxsus sayğacın göstəricilərinə əsasən sərfiyyat 3.005,00 manat hesablanmış, aktlar üzrə 245,91 manat, ödəmələr üzrə 2684,98 manat, qalıq məbləğ 565,93 manat qeyd olunmuşdur. "xxxx" ASC-nin X1 müraciətinə əsasən 16 may 2023-cü il tarixli cavab məktubundan görünür ki, ünvan 2 ünvanında yerləşən X2 məxsus qeyri-yaşayış sahəsinin (abunə kodu 06/40-448) mövcud elektrik sayğacı "xxxx" ASC-yə təhvil verilmədiyi üçün quraşdırılmış sayğacın dəyəri (140.86 manat) abonentin məlumat bazasına daxil edilmişdir. “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.6-ci bəndinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Başqa bir abonent səhvən 444,96 manat vəsaiti X1 abunə koduna ödəmişdir. Abonentin müraciəti əsasında araşdırma aparılmış və səhvən X1 abunə koduna ödənilmiş 444.96 manat vəsait xx.xx.2018-ci il tarixində X1 hesabından çıxarılmışdır. Hal-hazırda X1 566,93 manat borcu vardır. Bu borc realdır və X3 tərəfindən ödənilməlidir. 21 noyabr 2023-cü il tarixli MŞB/6-0707 nömrəli mediasiya arayışı və ********** saylı qəbzdən görünür ki,iddiaçı tərəfindən ilkin mediasiya xərci olaraq 31 manat ödəniş həyata keçirilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə Qaydaları"nın: 1.1-ci bəndinə əsasən elektrik enerjisi istehlakçısı - müqavilə əsasında elektrik enerjisini satın alan və ondan elektrikqəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs; 1.3-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi elektrik enerjisinin alqı-satqı müqaviləsi əsasında dövlət elektroenergetika müəssisəsindən, yaxud müstəqil enerji istehsalçısından elektrik enerjisini satın alır və onu istehlakçılara satır. Enerjitəchizatı müəssisəsi ilə abonent arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmalıdır. 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. 8.4-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. 8.5-ci bəndinə əsasən abonent elektrik enerjisi sərfinə görə subabonentdən aldığı ödənişi elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən olunmuş müddətdə enerjitəchizatı müəssisəsinin hesabına köçürməlidir və abonent tərəfindən bu ödənişin başqa məqsədlər üçün istifadə edilməsinə icazə verilmir. 8.14-ci bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 106.2-ci maddəsinə əsasən digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin bildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması zamanı abunə haqqında məlumata əsasən müəyyən olundu ki, cavabdeh "xxxx" ASC tərəfindən X2 məxsus olan Bakı şəhəri, Ağa Neymətulla küçəsi 27/58 küçəsində yerləşən obyektin sayğac göstəricilərinə əsasən sərfiyyata görə 3005 manat, aktlara görə 245,91 manat məbləğ hesablanmışdır. Həmin məbləğlərdən iddiaçı tərəfindən aparılmış 2684,98 manat məbləğ çıxıldıqdan sonra qalıq məbləğ kimi 565,93 manat məbləğ qeyd olunmuşdur. Göründüyü kimi sərfiyyat üzrə 3005 manat məbləğ hesablanmış, iddiaçı tərəfindən 2684,98 manat ödəniş edilmişdir. Ümumi sərfiyyat məbləği üzrə 320,02 manat qalıq borc, həmçinin sayğacın alınması və quradırılması üçün hesablanmış 140,86 manat məbləğ iddiaçı tərəfindən ödənilməmiş, cəmi 460,88 manat borcun ödənilməsi barədə iddiaçı tərəfindən sübut təqdim edilməmişdir. 140,86 manat sayğaca görə ödənişə iddiaçı özü də etiraz etməmişdir. Nəticədə hesablanmış 565,93 manat qalıq borc məbləğindən 460,88 manat mübahisəli borc hesab edilməməlidir. Digər tərəfdən abunə haqqında məlumat vərəqəsinin bağlanan aktlar hissəsindən göründüyü kimi, metodik hesablama aktlarına əsasən xx.xx.2006-cı il tarixində 280,36 manat, xx.xx.2006-cı il tarixində 93,45 manat, xx.xx.2006-cı il tarixində 23,06 manat məbləğ hesablanmışdır, lakin cavabdeh tərəfindən həmin aktlar və aktlar üzrə məbləğin nəyə əsasən hesablanmasına dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Mülki–Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyrimüəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh tərəfindən 105,05 manat borcun akt əsasında hesablandığı bildirilmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Beləliklə, məhkəmə mülki və mülki prosessual qanunvericiliyin tələblərini rəhbər tutmaqla, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçının tələbi qismən, yəni 105,05 manat hissəsində əsaslı olduğundan təmin edilməlidir. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 357, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı məxsus ünvan 3 ünvanında olan 06/40-448 saylı abonent koduna hesablanmış 105 (yüz beş) manat 05 (beş) qəpik borc silinsin İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (“elektron formada”) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar