Məhkəmə qərarları › İş №e-2-2(113)-3858/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3858/2023

11.10.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3858/2023 11.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.989,26 manat və 200 manat mediasiya xərci məbləğinin, ümumilikdə 26.189,26 manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalı "AN Globabal Services and Tranding LTD” MMCnin sahibi X3 razı olması və "xxxx" ASC tərəfindən ona RAZ********** saylı, xx.xx.2020-ci il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə icbari sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31 “E” ünvanında yerləşən X4 məxsus ofis binasının 1-ci mərtəbəsində yerləşən Cavabdeh tərəfindən icarəyə götürülmüş “Orix” mebel salonunda yanğın hadisəsi baş vermişdir. Baş vermiş hadisə nəticəsində sığorta predmetinə (daşınmaz əmlaka) 26.500 manat məbləğində real zərər dəymişdir. AKT3419/21/CFİ-0070/2021 saylı sığorta aktına və RAZ********** saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 500 (beş yüz) manat azadolma məbləği və 10,74 manat sığorta məbləğinin bərpa edilməsi üçün ödənilməli olan əlavə sığorta haqqı çıxıldıqdan sonra 25.989,26 manat məbləğində sığorta ödənişi sığortalı X3 bank hesabına köçürülmüşdür. "xxxx" ASC sığorta ödənişini verdikdən sonra vurulmuş zərərin əvəzinin subroqasiya qaydasında ödənilməsi barədə iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-345/2023 saylı qətnaməsi ilə 49.850 manat məbləğində pul vəsaitinin, 36 manat məbləğində dövlət rüsumunun və 200 manat mediasiya xərcinin cavabdeh "xxxx" ASC-dən tutularaq, iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsinin 14 iyun 2021-ci il tarixli Cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarına əsasən yoxlama zamanı toplanmış materiallarla müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31 “E” ünvanında yerləşən X4 məxsus ofis binasının 1-ci mərtəbəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş “Orix” mebel salonunun daxilində elektrik xəttinə qoşulmuş halda olan LED lampalarının gərginlik azaldıcısında (adaptorunda) yaranmış qəza halından yanğın baş vermişdir. Hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.1, 6.2 və 6.5 bəndlərinin tələbləri mebel salonunun sahibi X6 tərəfindən və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları” nın 6.5 bəndinin tələbi LED lampaları təmin edilmiş dolabı nəzarətsiz şəkildə elektrik xəttinə qoşulu vəziyyətdə saxlamış Cavabdeh tərəfindən pozulmuşdur. İddiaçının nümayəndəsi X5 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* saylı Çıxarışa əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən ümumi sahəsi 1662,8 m2 olan qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ ilə X3 adına xx.xx.2016-cı il tarixdə qeydiyyata alınmışdır. X6 (icarəyə verən) ilə Cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli icarə müqaviləsinə əsasən sahəsi 1662,8 m2 olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən qeyri-yaşayış binasının 1116 m2 hisəssi icarəyəverən tərəfindən icarəçiyə icarəyə verilmişdir. İcarə müddəti xx.xx.2021-ci il tarixədək müəyyən edilir. X6 (icarəyə verən) ilə "AN Global Services and Tranding LTD” MMC (icarəçi) arasında bağlanmış xx.xx.2021-ci il tarixli icarə müqaviləsinə əsasən sahəsi 1662,8 m2 olan Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən qeyri-yaşayış binası icarəyəverən tərəfindən icarəçiyə ofis və anbar üçün icarəyə verilmişdir. Müqavilə 6 ay müddətinə bağlanmışdır. BB seriyalı 504491 nömrəli Daşınmaz Əmlakın icbari sığortası şəhadətnaməsinə əsasən, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən qeyri-yaşayış binası sığortaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci ildən xx.xx.2021-ci il tarixədək sığortalanmışdır. Sığorta məbləği 202.712 manat, sığorta haqqı məbləği 550 manat, azadolma məbləği 500 manat müəyyən edilmişdir. Sığortalı "AN Global Services and Tranding LTD” MMC-dir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası FHN-in Əməliyyat-İstintaq İdarəsində aparılmış araşdırma nəticəsində xx.xx.2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən X4 məxsus ofis binasının 1-ci mərtəbəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş “Orix” mebel salonunda baş vermiş yanğında cinayət tərkibi olmadığı üçün xx.xx.2021-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, beləliklə yoxlama zamanı toplanmış materialla müəyyən edilmişdir ki, 19 aprel 2021-ci il tarixdə, saat 20 radələrində Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31 “E” ünvanda yerləşən X4 məxsus ofis binasının 1-cı mərtəbəsində Cavabdeh tərəfindən icarəyə götürülmüş “Orix” mebel salonunun daxilində elektrik xəttinə qoşulmuş halda olan LED lampalarının gərginlik azaldıcısında (adaptorunda) yaranmış qəza halından yanğın baş vermişdir. Hadisə ilə əlaqədar “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 6.1, 6.2 və 6.5 bəndlərinin tələbləri mebel salonunun sahibi X6 tərəfindən və “Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları”nın 63-cü bəndinin tələbi LED lampaları təmin edilmiş dolabı nəzarətsiz şəkildə elektrik xəttinə qoşulu vəziyyətdə saxlamış Cavabdeh tərəfindən pozulmuşdur. Həmin araşdırma zamanı “Orix” mebel salonunun müdiri Cavabdeh izahatında göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən binanın 1-ci mərtəbəsini boş vəziyyətdə X2 icarəyə götürmüş, salondakı bütün mebellər özünə məxsusdur. xx.xx.2021-ci il tarixdə saat 10:30-da salona işə gəlmiş, saat 20:30-da salonun qapılarını bağlayaraq getmişdir. Yolda olarkən Aydın Nəcəfov mobil telefonuna zəng edərək salonda yanğın baş verməsi barədə ona xəbər vermişdir. Dərhal hadisə yerinə gəlmiş və yanğınsöndürənlər tərəfindən yanğının söndürülərək yayılmasının qarşısının alındığını görmüşdür. Cavabdeh həmçinin izahatında bildirmişdir ki, dolabın LED işığı rozetkaya qoşulu olmuşdur. Bakı Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirilmə aktına (rəyinə) əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən X4 məxsus ofis binasında (“Orix” mebel salonu) baş vermiş yanğın nəticəsində dəymiş zərər 26.530 manat məbləğində müəyyən edilmişdir. Fotoşəkillərdən görünür ki, qeyri-yaşayş sahəsində yanğın hadisəsi baş vermiş və qeyri-yaşayış sahəsinə (mebel salonuna) maddi zərər dəymişdir. xx.xx.2021-ci il tarixli CFİ-0070/2021-AKT3419/21 nömrəli sığorta aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən X4 məxsus qeyri-yaşayış sahəsində xx.xx.2021-ci ildə baş vermiş sığorta hadisəsi (yanğın) nəticəsində daşınmaz əmlakın icbari sığortası üzrə sığorta məbləği 202.712 manat olan daşınmaz əmlaka 26.500 manat dəyərində zərər dəymiş və 500 manat azadolma məbləği çıxılaraq sığortalı "AN Globabal Services and Tranding LTD” MMC-yə 25.989.26 manat sığorta ödənişi verilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, (AKT3419/21-ə əsasən sığorta ödənişi 1-ci hissə üzrə) 13.000 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "AN Globabal Services and Tranding LTD” MMC-nin hesabına ödənilmişdir. xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə müəyyən edilir ki, (AKT3419/21-ə əsasən sığorta ödənişi 2-ci hissə üzrə) 12.989,26 manat məbləğində pul vəsaiti "xxxx" ASC tərəfindən "AN Globabal Services and Tranding LTD” MMC-nin hesabına ödənilmişdir. İddiaçı "xxxx" ASC xəbərdarlıq məktubu ilə cavabdehə müraciət edərək, əmlaka dəymiş zərərə görə 25.989.26 manat məbləğində sığorta ödənişinin ödənilməsi xahiş etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağını bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. 1099.1-ci maddəsinə görə hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “İcbari sığortalar” haqqında AR qanununun: 35.1-ci maddəsinə əsasən daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. 36.1-ci maddəsinə əsasən daşınmaz əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur: 36.1.1. yanğın, ildırım düşməsi 38-ci maddəsinə əsasən sahibi olduğu daşınmaz əmlakın icbari sığortası müqaviləsini bağlayan və müvafiq icbari sığorta şəhadətnaməsinin adına verildiyi şəxs sığortalı hesab edilir. Həmin Qanunun 23.1.6-cı maddəsinə əsasən sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək sığortaçının hüququdur. Mülki Məcəllənin: 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.5-ci maddəsinə görə sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. İşin yuxarıda göstərilən hallarına və göstərilən qanunvericilik normalarına əsasən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən daşınmaz əmlakın icbari sığorta növü üzrə sığortalanmış Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən qeyriyaşayış binasının icarəçisi Cavabdeh və qeyri-yaaşyış sahəsinin mülkiyyətçisi X6 tərəfindən törədilmiş mülki hüquq pozuntusu - delikt nəticəsində sığortalı AN Globabal Services and Tranding LTD” MMC-nin icarəsində olmuş məxsus qeyri-yaşayış sahəsinə maddi zərər dəymişdir. Saşınmaz əmlakın icbari sığorta növü üzrə sığortalanmış həmin qeyri-yaşayış sahəsinə dəymiş sığortalı "AN Globabal Services and Tranding LTD” MMCyə sığortaçı "xxxx" ASC tərəfindən 25.989.26 manat sığorta ödənişi verilmişdir. Odur ki, hazırkı halda sığorta ödənişi almış şəxs "AN Global Services and Tranding LTD” MMC-nin zərərvuran şəxslərə qarşı malik olduğu sığorta hadisəsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ ödənilmiş sığorta ödənişi (25.989.26 manat) həddində subroqasiya qaydasında sığortaçı "xxxx" ASC-yə keçmişdir. Sığorta hadisəsi nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin məbləğinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş Bakı Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirilmə aktına (rəyinə) əsasən Bakı şəhəri, Nizami rayonu, Babək prospekti 31E ünvanında yerləşən X4 məxsus ofis binasında (“Orix” mebel salonu) baş vermiş yanğın nəticəsində sığortalanmış əmlaka dəymiş zərərin 26.530 manat məbləğində olması müəyyən edilir. Bakı Ekspertiza Mərkəzi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qiymətləndirilmə aktına (rəyinə) münasibətdə məhkəmə qeyd edir ki, məhkəmənin Bakı Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli rəyi ilə razılaşmaması üçün heç bir əsas yoxdur, odur ki, həmin rəy iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Digər tərəfdən məhkəmə onu da qeyd edir ki, cinayət işin başlanmasının rədd edilməsi barədə qərara əsasən müki hüquq pozuntusunun iki nəfər – Cavabdeh və X6 tərəfindən törədilməsi müəyyən edildiyi halda hazırkı iddia "xxxx" ASC tərəfindən pozuntunu törətmiş şəxslərdən yalnız birinə qarşı qaldırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 1113.1-ci maddəsinə görə birlikdə mülki hüquq pozuntusu törətmiş şəxslər vurulmuş zərər üçün zərərçəkən qarşısında birgə məsuliyyət daşıyırlar. 500.1-ci maddəsinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. 501-ci maddəsinə görə kreditor öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər. Göründyüü kimi mübahisəli hüquq münasibətində kreditor olan "xxxx" ASC öz mülahizəsinə əsasən birgə borcluların birindən öhdəliyinin tam icrasını tələb etmək hüququna malik olduğunndan ASC 25.989.26 manat məbləğində pulun subroqasiya qaydasında tutulması barədə hazırkı iddianı Cavabdeh qarşı irəli sürməkdə haqlı olmuşdur. Odur ki, iddia təmin edilməli, Cavabdeh 25.989,26 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 200 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 167,97 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə mediasiya xərcləri dövlət rüsumundan artıq olduğundan mediasiya xərclərini ödəmiş iddiaçı dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə iddia təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq tərəflər arasında bölüşdürülməli, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 25.989,26 manat məbləğində pul vəsaiti və mediasiya xərclərinin əvəzi olaraq 200 manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar