Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3863/2025 01.10.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə kommersiya işi üzrə Açar sözlər: alqı-satqı müqaviləsi, maddi zərər Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Kərimova Benəzir Tofiq qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pul tələbi” barədə iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə görə cavabdeh (satıcı) müvafiq Əlavədə göstərilmiş və müəyyənləşdirilmiş malları 2 ədəd 4x4 İsizu şassi üzərində 14 metrlik avtoplatformanı iddiaçının (alıcının) mülkiyətinə verməyi, iddiaçı isə malı qəbul edib əvəzində müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği cavabdehə ödəməyi öhdəsinə götürmüşdür.
2. Müqavilənin: 2.1. 3.1-ci bəndinə görə malın qiyməti Protokol əsasında müəyyən edilir. Ödəniş alıcı tərəfindən satıcının bank hesabına köçürmə yolu ilə və ya qanunverciliyin tələbləri nəzərə alınmaqla, nağd şəkildə Azərbaycan manatı ilə keçirilir; 2.2. 5.1-ci bəndinə görə, mal keyfiyyətinə görə tələb olunan standartlara və normativ texniki sənədlərin tələblərinə cavab verməlidir; 2.3. 6.1-ci bəndinə görə, mal aşağıdakılar üzrə Satıcı tərəfindən təhvil verilmiş və Alıcı tərəfindən qəbul olunmuş hesab edilir: - 6.1.1. keyfiyyətinə görə - zahiri yoxlama əsasında; - 6.1.2. miqdarına görə - təhvil əsasında, təhvil-təslim zamanı. 2.4. 6.2-ci bəndinə görə, zahiri yoxlama əsasında bilinməyən malın qüsuru və nasazlığı alıcıya təhvil verildiyi tarixdən 15 gün müddətində satıcıya bildirilməlidir və bu qüsur və nasazlar satıcı tərəfindən dərhal aradan qaldırılmalıdır. Qüsursuz malın dəyişdirilməsinə və qaytarılmasına yol verilmir; 2.5. 6.3-cü bəndinə görə, əksik təchiz olunduğu və keyfiyyətsiz olduğu halda, alıcı tərəfindən satıcıya irəli sürülən bütün tələblərin əks olunduğu Akt tərtib olunur; 2.6. 6.3-cü bəndinə görə, satıcı həmin Aktla 24 saat ərzində tanış olmalı və onunla razılaşdığı halda 10 gün ərzində öz vəsaiti hesabına keyfiyyətsiz və qüsurlu malı dəyişdirməlidir.
3. Müqavilənin 1 nömrəli əlavəsi olan Spesifikasiyaya əsasən müqavilə üzrə satılan mal 2022-ci il buraxılışlı, “İSUZU” yük markalı (Model: CLW5070JGKQ6) ağ rəngli avtotexnikadır. Həmçinin, müqavilənin 2 saylı əlavəsi olan Qiymətlərin razılaşdırılma protokoluna əsasən hər birinin qiyməti 115700 manat olmaqla, 2 ədəd avtomobilin (İSUZU) qiyməti 273052 manata (ƏDV daxil) razılaşdırılmış, qeyd edilən hər iki sənəd tərəflərin nümayəndələrinin imzaları və hüquqi şəxslərin möhürləri ilə təsdiq edilmişdir.
4. mart 2024-cü il tarixli Təhvil-təslim aktına əsasən “X1” markalı, şassi üzərində avtosəbət, xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən İsizu şassi üzərində “GL5062JGKD6KS” markalı ekskvator yükləyici iddiaçıya təhvil verilmişdir. Təhvil-təslim aktlarında avtotexnikaların saz vəziyyətdə verilməsinə dair qeyd əks olunmuş, hər iki akt nümayəndələr tərəfindən imzalanmış və Cəmiyyətlərin möhürləri ilə təsdiq edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı “İsuzu” markalı - 77JM310 dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş 1516,30 manat (231,30 manat ƏDV daxil olmaqla), 77JM917 dövlət nömrə nişanlı avtomobilin təmirinə çəkilmiş 2675,06 manat (408,06 manat ƏDV daxil olmaqla) olmaqla, cəmi 4191,36 manat məbləğində xərcin cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində göstərmişdir ki, tərəflər arasında 25.11.202-ci il tarixdə “Alqısatqı müqaviləsi” bağlanmışdır. Müqaviləyə edilmiş 2 nömrəli Əlavəyə əsasən 2023-cü il istehsal olan İSUZU markalı, ümumi dəyəri 273 052 manat məbləğində 2 ədəd yük avtomobili (model: CL5062JGK6DS) alınmışdır. Cəmiyyətin təqsiri olmadan 77JM917 qeydiyyat nişanlı yük avtomobilindən birinin zavod qüsuru nəticəsində sürətlər qutusu sıradan çıxmış və hazırda avtomobil istifadəyə yararsız vəziyyətdədir. Cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilmişdir. Əvvəlcə texniki cəhətdən qüsurlu avtomobilin saz vəziyyətdə olan avtomobil ilə əvəz edilməsi barədə tələb irəli sürülsə də, sonradan vəziyyət dəyişmiş, “İsuzu” markalı - 77JM310 və 77JM917 dövlət nömrə nişanlı avtomobilləri təmir etdirmişlər. xx.xx.2025-ci il tarixli 02 nömrəli Arayışa əsasən müəyyən edilmişdir ki, 77JM310 dövlət nömrə nişanlı avtomobilə ƏDV (231,30 manat) daxil olmaqla cəmi 1516,30 manat , 77JM917 dövlət nömrə nişanlı avtomobilə ƏDV (408,06 manat) daxil olmaqla cəmi 2675,06 manat məbləğində təmir xərci çəkilmişdir. b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
7. Cavabdeh yazılı etirazında qeyd etmişdir ki, iddia tələbi ümumiyyətlə əsaslandırılmamışdır, yəni ərizə ilə tanış olduqda “İSUZU” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürətlər qutusunda qüsurun yaranıb-yaranmaması, nə zaman yaranması, qüsur varsa bunun istehsalçının təqsirinə görə olması, niyə görə yeni avtomobillə əvəz olunması və s. aydın deyildir, hər hansı sübut əlavə olunmamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh MMC iki ədəd 4*4 İSUZU şassi üzərində 14 metrəlik avtoplatformanı İddiaçı ASC-yə satmağı öhədəsinə götürmüş, ümumilikdə 273.052 manat ödəndikdən sonra sözügedən yük avtomobili alıcıya təhvil verilmişdir. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6-cı maddəsi malın qəbulu şərtlərini özündə ehtiva edir. Lakin iddiaçı hazırki müqavilə şərtlərinə deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581-ci maddəsinə istinad etsə də, həmin maddədə qeyd edilmiş şərtlər onlar tərəfindən gözlənilmiş və həyata keçirilmişdir. Müqavilədə nəzərdə tutulmuş əşyalar Alıcıya təhvil verilmiş, əşyaların keyfiyyəti ilə bağlı müqavilədə şərtlər nəzərdə tutulmuşdur. Müqavilə ilə nəzərdə tutulmuş əşyaların verilməsi öhədliyi də tam icra edilmiş, xx.xx.2024-cü il tarixli təhvil-təslim aktına əsasən yuxarıda qeyd olunan avtomobilin saz vəziyyətdə olması təsdiq edilmiş və məhsul Satıcıya təhvil verilmişdir. Üzərindən 01 il 03 aydan çox müddət keçdikdən sonra iddiaçının onun istifadəsində olan yük avtomobilin sürətlər qutusunda zavod qüsurunun olması tələbini irəli sürməsi absurddur və xx.xx.2022-ci il tarixli alqı- satqı müqaviləsinin 6.2-ci bəndinin şərtlərinə ziddir. Satılmış yük avtomobilinə dair bütün şərtlər alqı-satqı müqaviləsi ilə tənzimlənir, bu müqavilədən kənar əşyada yarana biləcək qüsurların aradan qaldırılması və ya yenisi ilə əvəz olunmasına dair hər hansı sənəd mövcud deyildir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
9. İddiaçı qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmiş, cavabdehin nümayəndəsi isə işə mahiyyəti üzrə baxılmasını tələb etdiyindən məhkəmə iddiaçı tərəfin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ:
Azərbaycan Respublikası Mülki Məcəllə:
10. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Maddə 576. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
13. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.
14. 581.2. Alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.
15. 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
16. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
17. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
18. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iddia ərizənin dəlillərini, ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, iddia ərizəsi rədd edilməlidir.
20. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
21. Tərəflər arasında xx.xx.2022-ci il tarixdə alqı-satqı müqaviləsinin bağlanması, həmin müqavilə əsasında cavabdeh tərəfindən müqavilə ilə satılması nəzərdə tutulmuş 2 ədəd avtotexnikanın iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən isə avtomobillərin qiymətinin ödənilməsi ilə bağlı tərəflərin öz öhdəliklərini yerinə yetirməsi, habelə avtomobillər təhvil verildikdən sonra iddiaçının mülkiyyətində olduğu müddətdə onlarda nasazlığın yaranması işin mübahisəsiz hallarıdır. Məhkəmə hesab edir ki, mübahisə avtomobillərin təhvil verilməsindən sonra onlarda yaranan nasazlıqla bağlı olduğundan, başqa sözlə, mübahisə əşyanın keyfiyyəti ilə bağlı yarandığından, yaranmış qüsurlara görə kimin cavabdehlik daşıması müəyyən edilmədir.
22. İddiaçı iddia edir ki, satılmış avtomobillərdə zavod qüsuru nəticəsində sürətlər qutusunda nasazlıq yaranmış və həmin nasazlığın aradan qaldırılması üçün çəkdiyi xərci cavabdeh ona ödəməlidir.
23. Qanunda alqı-satqı müqaviləsi ilə satılan əşyanın keyfiyyəti onun qüsursuz olması ilə şərtləndirilmişdir. Mülki Məcəllənin 581-ci maddəsində əşyanın keyfiyyətinə dair 2 meyar nəzərdə tutulmuşdur. Birinci meyara görə satıcı alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verirsə, ikinci meyara görə isə alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti barədə şərtlər olmadığı halda, verilən əşya adətən istifadə edildiyi məqsədlərə uyğun gəlirsə (yarayırsa), satılan əşya keyfiyyətli hesab edilir.
24. Tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə görə cavabdeh iddiaçıya 4x4 İsuzu şassi üzərində 14 metrlik avtoplatforma verməyi öhdəsinə götürmüş, həmin öhdəliyini də yerinə yetirərək, müqavilənin 1 və 2 nömrəli əlavələrində göstərilən spesifikasiyaya uyğun avtomobilləri iddiaçıya təhvil vermişdir. Belə ki, tərəflər arasında imzalanmaqla təsdiq edilmiş mart 2024-cü il tarixli Təhvil-təslim aktına əsasən “X1” markalı, şassi üzərində avtosəbət və xx.xx.2024-cü il tarixli Təhvil-təslim aktına əsasən İsizu şassi üzərində “GL5062JGKD6KS” markalı ekskvator yükləyici texniki cəhətdən saz vəziyyətdə iddiaçıya təhvil verilmiş, iddiaçı isə həmin avtotexnikaları təhvil almışdır.
25. Satılan avtotexnikaların kefiyyətinə görə yoxlanılması qaydası isə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.1.1-cı bəndlərində nəzərdə tutulmuşdur. Müqavilənin 6.1.1-ci bəndində malın keyfiyyətinin zahiri yoxlama əsasında müəyyən edilməsi qaydası nəzərdə tutulmuşdur. Həmçinin, müqavilənin 6.2-ci bəndindən də görünür ki, zahiri yoxlama əsasında bilinməyən qüsur və nasazlığa görə alıcı tərəfindən etirazın 15 gün müddətində bildirilməsi müəyyən edilmişdir.
26. Mülki Məcəllənin 586-cı maddəsində də əşyanın keyfiyyətinin yoxlanılmasının üç qaydası müəyyən edilmişdir: birincisi, keyfiyyətin qanunvercilikdə dövlət standartlarının məcburi tələblərində nəzərdə tutulması; ikincisi, yoxlamanın alqı-satqı müqaviləsində nəzərdə tutulması (586.1-ci maddə) və üçüncüsü, əvvəlki qaydalar müəyyənləşdirilmədikdə keyfiyyətin işgüzar dövriyyə adətlərinə və ya əşyanın yoxlanılmasına dair adətən tətbiq edilən digər şərtlər əsasında həyata keçirilməsi.
27. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə ikinci qaydada tətbiq ediləcəkdir, çünki keyfiyyətin yoxlanılması qaydası tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 6.1.1-ci bəndində nəzərdə tutulmuşdur ki, bu da keyfiyyətin zahiri yoxlama əsasında aparılmasını nəzərdə tutmuşdur (yuxarıda ətraflı qeyd edilmişdir). Beləliklə, şərh edilənlərə əsasən məhkəmə bu qənətə gəlir ki, cavabdeh iddiaçıya onlar arasında bağlanılmış xx.xx.2022-ci il tarixli alqısatqı müqaviləsinə uyğun gələn kefiyyətdə 2 ədəd avtotexnika verməklə öhdəliyini yerinə yetirmişdir.
28. Avtotexnikalarda yaranmış nasazlığın sonradan üzə çıxması (yaranması) ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi o halda əsaslı olardı ki, iddiaçı həmin qüsurların satıcının (cavabdehin) cavabdehlik daşıdığı hallardan irəli gəldiyini sübuta yetirmiş olsun. Mülki Məcəllənin 588.1-ci maddəsindən də görünür ki, satıcı əşyanın qüsurlarına görə o halda məsuliyyət daşıyır ki, həmin qüsurlar əşya alıcıya təhvil verilməzdən əvvəl yaranmış olsun. Lakin işin mübahisəsiz halıdır ki, avtotexnikalar 2024-cü ilin mart və may aylarında iddiaçıya təhvil verilsə də, iddiaçı nasazlıqla bağlı ilk etirazını pretenziya qaydasında xx.xx.2025-ci il tarixdə cavabdehə göndərmişdir. Həmin qüsurların avtotexnikaların təhvil verilməsindən əvvəl yaranmasını təsdiq edən sübutlarını isə iddiaçı məhkəməyə təqdim edə bilməmişdir.
29. Beləliklə, məhkəmə şərh edilənlərə əsasən hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir.
30. Məhkəmə hesab edir ki, iddia təmin edilməyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 284-5 və 284-6cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı