Məhkəmə qərarları › İş №e-2-2(113)-3865/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3865/2025

23.06.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3865/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi və dövlət rüsumu ) Hakimi Namazova Günay Rüstəm qızının sədrliyi ilə, X1 katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, Cavabdehin nümayəndəsinin iştirakı olmadan İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 31593,32 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 3026,14 manat məbləğində dəbbə pulunun və 194,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra-İddiaçı) ilə cavabdeh "xxxx" MMC (bundan sonra-Cavabdeh) arasında 05 noyabr 2024-cü il tarixli 0511-1 nömrəli alqı satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə ƏDV ilə birlikdə ümumilikdə 43393,32 manat dəyərində müxtəlif mallar təqdim edilmişdir. Malların təqdim edilməsi ilə bağlı iddiaçı tərəfindən elektron qaimə fakturalar göndərilmiş və həmin fakturalar təsdiq edilmişdir. Bundan başqa malların təhvil verilməsi ilə bağlı tərəfələr arasında təhvil təslim aktları imzalanmışdır. Hazırda iddiaçı tərəfindən satılmış mallara görə cavabdehin ümumilikdə ƏDV ilə birlikdə 31593,32 manat borcu yaranmışdır. Borcun ödənilməsi üçün iddiaçı tərəfindən cavabdehə şifahi xəbərdarlıqlar edilməsinə və pretenziya məktubu göndərilməsinə baxmayaraq borc hələ də ödənilmir. Buna görə də borcun ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq. Əlavə olaraq qeyd etmək istəyirik ki, müqavilənin 3.4-cü bəndinə qeyd edilmişdir ki, məhsulların ödəniş şərti 45 gün mal təslimindən sonra ödəniləcəkdir. Həmin müqavilənin 4.3-cü bəndinin qeyd edilmişdir ki, bü müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə alıcı gecikdirilən hər hün üçün ödəniləcək məblğin 0,1% həcmində satıcıya dəbbə pulu ödəyir. Müqavilənin 3.4 və 4.3-cü bəndlərinə əsasən cavabdeh tərəfindən iddiaçıya 3026,14 manat dəbbə puluda ödənilməlidir.

3. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşməsi ərizəsi ilə məhkəməyə müraciət edərək, 28374,28 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 3728,93 manat məbləğində dəbbə pulunun və 194,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Ərizə onunla əsaslandırılmışdır ki, 31593,32 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 3026,14 manat məbləğində dəbbə pulunun və 194,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya borc məbləği üzrə ödənişlər olduğu üçün iddia ərizsəinə dəqiqləşmə verilməlidir. Beləki, 28374,28 manat pul məbləğinin, pul məbləğinin gecikdirilməsinə görə 3728,93 manat məbləğində dəbbə pulunun və 194,0 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməlidir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq naməlum səbəbdən məhkəmə iclasına gəlməmişdir.

7. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı MMC ilə cavabdeh "xxxx" MMC arasında bağlanmış 05 noyabr 2024-cü il tarixli 0511-1 nömrəli alqı-satqı müqaviləsinə əsasən:

10. Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcı müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları (bundan sonra - “Mal” adlandırılacaq) Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği Satıcıya ödəməyi öhdəsinə götürür.

11. Müqavilənin 1.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə hər bir sifariş Müqaviləyə əlavə şəklində hər iki Tərəfdən imza və möhürlə rəsmiləşdirilən Alış sifarişi ilə edilir və hər bir sifariş üzrə Malın adı, miqdarı, çeşidi, qiyməti və çatdırılma şərtləri müqaviləyə əlavə şəklində müvafiq X3 (bundan sonra Protokol) müəyyənləşdirilir.

12. Müqavilənin 2.1-ci bəndinə əsasən satıcının hüquqları:

13. Müqavilənin 2.1.1-ci bəndinə əsasən u Müqavilənin 2.4-cü bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini Alıcıdan tələb edir.

14. Müqavilənin 2.2-ci bəndinə əsasən satıcının vəzifələri:

15. Müqavilənin 2.2.1-ci bəndinə əsasən malı Alıcıya üçüncü şəxslərin hüquqlarından azad, qüvvədə olan standartlarla müəyyən edilmiş keyfiyyət tələblərinə cavab verən şəkildə və Protokola uyğun miqdarda, çeşiddə və müddətdə təhvil verir.

16. Müqavilənin 2.2.2-ci bəndinə əsasən bu Müqavilə üzrə Mala aid olan sənədləri, Malın təhvil verilməsi ilə eyni vaxtda Alıcıya təhvil verir.

17. Müqavilənin 2.2.3-cü bəndinə əsasən lıcıya Malı Tərəflərin imza və möhürü ilə təsdiq olunan elektron qaimə və təhvil təslim aktı əsasında təhvil verir.

18. Müqavilənin 2.3-cü bəndinə əsasən alıcının hüquqları:

19. Müqavilənin 2.3.1-ci bəndinə əsasən Bu Müqavilənin 2.2-ci bəndi ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra olunmasını və onların pozulmasına yol verilməməsini Satıcıdan tələb edir.

20. Müqavilənin 2.4-cü bəndinə əsasən alıcının vəzifələri:

21. Müqavilənin 2.4.1-ci bəndinə əsasən Malın bu Müqavilə ilə müəyyənləşdirilmiş qiymətini bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcıya tam və vaxtında ödəyir.

22. Müqavilənin 3.1-ci bəndinə əsasən malın qiyməti Protokol əsasında müəyyən edilir, ödəniş Alıcı tərəfindən Satıcının bank hesabına köçürülmə yolu ilə nağdsız şəkildə Azərbaycan Manatı ilə həyata keçirilir.

23. Müqavilənin 3.2-ci bəndinə əsasən mala görə ödəniş Alıcı tərəfindən elektron qaimə və ya hesab fakturaya əsasən X3 qeyd olunan müddətdə həyata keçirilir.

24. Müqavilənin 3.3-cü bəndinə əsasən hazırkı Müqaviləyə əsasən Mala görə ödəniş tarix, ödəniş məbləği Satıcının hesablaşma hesabına köçürüldüyü (və ya nağd şəkildə ödənildiyi) tarix hesab olunur.

25. Müqavilənin 3.4-cü bəndinə əsasən məhsulların ödənişi şərti 45 gün mal təslimindən sonra ödəniləcəkdir.

26. Müqavilənin 4.1-ci bəndinə əsasən bu Müqavilə üzrə öz vəzifəsini icra etməyən və ya lazımınca icra etməyən Tərəf digər Tərəfə vurduğu zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır və qarşı Tərəfə vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir.

27. Müqavilənin 4.2-ci bəndinə əsasən bu Müqavilə üzrə tədarük edilən Malın gecikdirilməsinə görə Satıcı gecikdirilən hər gün üçün müqavilə məbləğinin 0,1% həcmində Alıcıya dəbbə pulu ödəyir.

28. Müqavilənin 4.3-cü bəndinə əsasən u Müqavilə üzrə ödənişlərin gecikdirilməsinə görə Alıcı gecikdirilən hər gün üçün ödəniləcək məbləğin 0,1% həcmində Satıcıya dəbbə pulu ödəyir.

29. Müqavilənin 4.4-cü bəndinə əsasən dəbbə pulunun ödənilməsi Tərəfləri Müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsindən azad etmir.

30. Müqavilənin 5.1-ci bəndinə əsasən mal keyfiyyətinə görə tələb olunan standartlara cavab verməlidir. Mal göstərilən tələblərə və Tərəflər arasında razılaşdırılmış şərtlərə əsasən Alıcının sifarişinə uyğun olmadığı halda Alıcı həmin Malın uyğun olmayan hissəsini qəbul etməkdən imtina edə və ya onun dəyişdirilməsini tələb edə bilər. Satıcı Malın müvafiq keyfiyyət göstəricilərini əks etdirən sənədləri əlavə edərək Alıcıya göndərir.

31. Müqavilənin 5.2-ci bəndinə əsasən Malın qablaşdırması Malın həmin növünün qablaşdırması üçün müəyyən olunmuş standartlara və tələblərə uyğun olmalıdır. Qablaşdırma Malın, onunla lazımi davranma qaydasının gözlənilməsi şərtilə, nəqli və bir yerdən başqa yerə yüklənməsi zamanı bütövlüyünü təmin etməlidir. Malın boşaldılması, nəqli və işlədilməsi zamanı itkilərin və zədələnmənin qarşısının alınması məqsədi ilə müvafiq normativ sənədlərlə müəyyən edilmiş tələblərə uyğun qablaşdlrma olmalıdır.

32. Müqavilənin 5.3-cü bəndinə əsasən qüsurlu və zədələnmiş Mal Alıcı tərəfindən qəbul edilmir.

33. Müqavilənin 5.4-cü bəndinə əsasən əqdim olunmuş Mallar ilə bağlı müvafiq Əlavələrdə başqa müddət göstərilməzsə, malların zəmanət müddəti, standartlara uyğun istifadə olunduğu təqdirdə 6 (altı) ay müəyyən olunur.

34. Tərəflər xx.xx.2024-cü il tarixli 01 № X2 əsasən təklükəsizlik ayaqqabısı qısaboğaz model poliuretan BFU 6020-160, S2 (ölçü vahidi: cüt) qiyməti ƏDV daxil 25,96 manat məbləğində, təklükəsizlik ayaqqabısı qısaboğaz model poliuretan BFA 1020(23A)-160, S3 (ölçü vahidi: cüt) qiyməti ƏDV daxil 33,04 manat məbləğində razılaşdırıblar.

35. İddiaçı tərəfindən malların satışına dair cavabdehə xx.xx.2024-cü il tarixli MT2412 10353265 saylı 3219,04 manat məbləğində, xx.xx.2024-cü il tarixli MT2412 10352577 saylı 25896,28 manat məbləğində, xx.xx.2025-ci il tarixli MT2501 11041242 saylı 14278 manat məbləğində e-qaimələr göndərilmişdir.

36. İddiaçı MMC tərəfindən "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli AF-0000168 saylı təhvil-təslim aktına əsasən cəmi 124 ədəd, xx.xx.2024-cü il tarixli AF-0000163 saylı təhvil-təslim aktına əsasən cəmi 985 ədəd, xx.xx.2025-ci il tarixli AF-1000216 saylı təhvil-təslim aktına əsasən cəmi 550 ədəd ayaqqabı təhvil verilmişdir.

37. 14.05.2025-ci il tarixli **********833749 saylı Köçürmələrin aparılması haqqında bildirişə əsasən İddiaçı MMC-nin ƏDV sub-uçot hesabına MT2412 10353265 ƏDV köçürməsi üzrə "xxxx" MMC tərəfindən 491,04 manat məbləğində ödəniş edilmişdir.

38. 20.05.2025-ci il tarixli hesabdan çıxarışa əsasən "xxxx" MMC tərəfindən MT2412 10353265 saylı e-qaimə üzrə 2728 manat məbləğində ödəniş edilmişdir.

39. 20.05.2025-ci il tarixli hesabdan çıxarışa əsasən "xxxx" MMC tərəfindən MT2501 11041242 saylı e-qaimə üzrə 10.000 manat məbləğində ödəniş edilmişdir.

40. 19.03.2025-ci il tarixli ödəniş tapşırığına əsasən "xxxx" MMC tərəfindən MT2501 11041242 ƏDV köçürməsi üzrə 1800 manat vəsait İddiaçı MMC-nin hesabına köçürülmüşdür.

41. Məhkəmə iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

42. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

43. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

44. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

45. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir.

46. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

47. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

48. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər

49. Göründüyü kimi tərəflər arasında 05 noyabr 2024-cü il tarixli 0511-1 nömrəli bağlanmış müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və qaydada Satıcı müvafiq Əlavələrdə göstərilmiş və müəyyənləşdirilmiş malları Alıcının mülkiyyətinə verməyi, Alıcı isə Malı qəbul edib əvəzində bu Müqavilənin 3.1-ci bəndi ilə müəyyənləşdirilmiş məbləği Satıcıya ödəməyi öhdəsinə götürür. İddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəlikləri icra etsə də, cavabdehin iddiaçıya müqavilə üzrə 28374,28 manat ödənilməmiş borcu qalmışdır.

50. Buna görə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, e-qaimə, təhvil-təslim aktları, təyinatı bilavasitə e-qaimələr göstərilməklə qismi ödənişlər ilə təsdiqini tapdığı üçün, iddia tələbinin 28374,28 manat borca dair hissədə təmin olunması üçün əsaslar mövcuddur.

51. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya 28374,28 manat əsas bоrcu yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 28374,28 manat məbləğində əsas borc tutularaq iddiaçıya ödənilməlidir.

52. Bundan əlavə iddiaçı 3728,93 manat həcmində dəbbə pulunun cavabdehdən tutulmasını xahiş etmişdir.

53. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

54. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

55. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

56. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə (28374,28 manat) nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı, tutulacaq dəbbə pulu 1419 manat məbləğində müəyyən edilməlidir.

57. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 194 manat dövlət rüsumu ödənilmişdir.

58. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

59. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyi üçün, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq, dövlət rüsumunun əvəzi qismində 180 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

60. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 28374,28 manat borc məbləği, 1419 manat dəbbə pulu və dövlət rüsumunun əvəz olaraq 180 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar