Məhkəmə qərarları › İş №e-2-2(113)-387/2020

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-387/2020

27.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-387/2020 27.02.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, x4 oğlunun katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi Vəkil iştirakı ilə, Ləğv prosesində olan İddiaçı x2 (ASC) “xxxxxxxx” Mənzil - Tikinti Kooperativinə (MTK) qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı ASC ilə “xxxxxxxx” MTK arasında bağlanmış 29.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, bank sonuncuya 12 ay müddətinə illik 8 faiz ödəmək şərti ilə ******* manat məbləğində kredit vermişdir. Müqavilənin şərtlərinə əsasən, borclu krediti və hesablanmış faizləri müəyyən olunmuş müddət ərzində qaytarmağı öhdəsinə götürsə də, üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və nəticədə bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 12 aprel 2019-cu il tarixə ******* manat məbləğində əsas, 218444,54 manat məbləğində faiz, 126250 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1344694,54 manat məbləğində yaranmışdır. Ləğv prosesində olan İddiaçı ASC “xxxxxxxx” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ******* manat məbləğində əsas, 218444,54 manat məbləğində faiz, 126250 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla, ümumilikdə 1344694,54 manat məbləğində kredit borcunun və 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənləri təsdiq edərək iddianı müdafiə etdiyini bildirib təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi Vəkil iddianı qismən qəbul etdiyini bildirərək izahatında göstərdi ki, hesablanmış faiz borcu ilə razı deyildir və buna görə də iddianın həmin hissədə təmin olunmamasını xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İşin faktiki halları ilə təsdiq olunur ki, “xxxxxxxx” MTK kredit müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərə əməl etməmişdir. Borc məbləğinin dəqiq müəyyən olunması məqsədilə məhkəmənin qərardadına əsasən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Ekspertizanın 10 dekabr 2019-cu il tarixli, 18470 №-li rəyində qeyd olunmuşdur ki, müqavilə müddəti bitdiyi 29 sentyabr 2016-cı il tarixə “xxxxxxxx” MTK-nın banka 993333,33 manat məbləğində əsas borc, 22736,30 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 1016069,63 manat borcunun olması müəyyən olunur. Məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, iddia qismən təmin olunmalı, ekspert rəyinə uyğun olaraq əsas borc 993333,33 manat, faiz borcu 22736,30 manat olmaqla ümumilikdə 1016069,63 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 23 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 151 manat məbləğində hissəsi cavabdehdən, 49 manat məbləğində hissəsi ləğv prosesində olan iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan İddiaçı x2 “xxxxxxxx” Mənzil - Tikinti Kooperativinə qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə iddiası qismən təmin edilsin. 993333,33 manat məbləğində əsas borc, 22736,30 manat məbləğində faiz borcu olmaqla ümumilikdə 1016069,63 manat məbləğində pul vəsaiti “xxxxxxxx” Mənzil - Tikinti Kooperativindən tutularaq ləğv prosesində olan İddiaçı x3 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat məbləğində pul vəsaiti “xxxxxxxx” Mənzil - Tikinti Kooperativindən tutularaq ləğv prosesində olan İddiaçı x3 ödənilsin. Məhkəmə – mühasibatlıq ekspertizasının keçirilməsinə xərclənmiş 200 manat məbləğində pul vəsaitinin 151 manat məbləğində hissəsi “xxxxxxxx” Mənzil - Tikinti Kooperativindən, 49 manat məbləğində hissəsi ləğv prosesində olan İddiaçı x1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar