Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3873/2023 01.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Ələkbərova Gülcan Maşallah qızının katibliyi, ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 işltirakı ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı xx.xx.2019-ci il tarixli 02/12/19 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair ilkin, Cavabdeh ASC-nin İddiaçı MMC-yə qarşı pul tələbinə dair qarşılıqlı iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli 02-12/19 saylı “Sosial Marketing xidmətlərinin satınalınması” müqaviləsinə əsasən verilməli olan 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV üzrə borcun, ümumilikdə 37.932,16 manat cavabdehin əvəzindən mediasiya xərclərinə görə ödənilmiş 200 manat məbləğində pulun və 4 manat dövlət rüsumunun cavabdehdən tulularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixli 02-12/19 saylı “Sosial Marketing xidmətlərinin satınalınması” müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında İddiaçı MMC tərəfindən cavabdeh ASC-yə xidmətlər göstərilmişdir. İddiaçı tərəfindən göstərilmiş xidmətlər qəbul aktlarına əsasında ASC tərəfindən qəbul edilmişdir. Buna baxmayaraq cavabdeh ASC tərəfindən müqavilə əsasında göstərmiş xidmətlərə əsasən 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV üzrə ödənilməli olan borc yaranmışdır. Lakin bu günə qədər cavabdeh şirkət onlara olan borcunu ödəməmiş, borc tələb olunan zaman isə borcu ödəməkdən yayınmış, etinasızlıq göstərmişdir. Dəfələrə cavabdeh şirkətlə borcun qaytarılması ilə əlaqədar olaraq əlaqə saxlanılsa da, hər dəfə bir bəhanə gətirilmiş, danışıqların heç bir nəticəsi olmamış, cavabdeh şirkət onlara olan 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV üzrə borcunu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən də pozulmuş hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. xx.xx.2023-cü il tarixdə Cavabdeh ASC “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətindən Cavabdeh ASC-nin xeyrinə 9508,51 manat borcun və 115,09 manat dövlət rüsumunun ödənilməsi və ilkin iddia üzrə İddiaçı MMC tərəfindən məhkəməyə təqdim edilmiş Cavabdeh ASC-yə qarşı pul tələbinə dair iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Açıq Səhmdar Cəmiyyəti malların (işlərin və xidmətlərin) satın alınmasım “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirir. Bu səbəbdən, “Aqrar tədarük və tərəfindən ‘Sosial Media Marketinqi xidətlərinin satınalınması məqsədilə açıq tender keçirilmişdir Tender komissiyasının qərarı ilə İddiaçı MMC qalib elan edilmiş və Cavabdeh ASC ilə İddiaçı MMC arasında Sosial Media Marketinq xidmətlərinin satın alınması barədə 2019-cu il 02 dekabr tarixli 02-12/19 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 2.1 -ci bəndinə əsasən sifarişçi (Cavabdeh ASC) Sosial Media Marketinq xidmətlərinin satın alınması üçün icraçının (İddiaçı MMC) 180.000 manat təklifini qəbul etmişdir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən İcraçı müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan Sosial Media Marketinqi xidmətlərinin bu müqavilənin ayrılmaz hissəsi olan əlavələrdə qeyd olunmuş qiymətlərə uyğun olaraq sifarişçi tərəfindən verilmiş sifariş aktı əsasında tələb olunan sayda, müddətdə və tələb olunan qaydada təhvil verilməsini öhdəsinə götürmüşdür. Həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan 2019-cu il 2 dekabr tarixli əlavə № 1-in 6-cı bəndinə əsasən sifarişçi əlavə № 2-də qeyd edilmiş xidmətlərə görə müqavilənin məbləğinin 30 faizini təşkil edən 54.000 manat avans məbləğini 2019-cu il 6 dekabr tarixində İddiaçı MMC-nin hesabına ödəmişdir. Satınalma müqaviləsi imzalanarkən İddiaçı MMC ƏDV ödəyicisi olmamışdır. Buna baxmayaraq, 2020-ci ilin yanvar ayından İddiaçı MMC ƏDV ödəyicisi olmuşdur. İddiaçı MMC tərəfindən 2019-cu ilin dekabr ayından 2020-ci ilin iyun ayınadək 105.000 manat məbləğində xidmət göstərilmişdir (təhvil-təslim aktları əlavə olunur). Qeyd edilən dövr ərzində ödənilmiş 30 faiz avans daxil olmaqla, əsas məbləğ 98.491,53 manat və ƏDV 4.576,28 manat olmaqla, cəmi 103.067,81 manat vəsait İddiaçı MMCnin hesabına köçürülmüşdür. Nəticədə 2020-ci il 1 iyul tarixinə “Aqrar tədarük və təchizat “ASC tərəfindən İddiaçı MMC-yə əsas məbləğ üzrə 9.508,51 manat vəsait artıq ödənilmişdir. Buna baxmayaraq, İddiaçı MMC qeyd edilən vəsaitin geri ödənilməsindən yayınmışdır. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-3873/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə qarşılıqlı iddiaçı Cavabdeh ASC-nin qarşılıqlı cavabdeh İddiaçı MMC-yə qarşı borcun ödənilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmiş və ilk iddia ilə birlikdə baxılması qərara alınmışdır. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1 ilkin iddia tələbini müdafiə edib, ilkin iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 162.972 manat məbləğdən 141.972 manat ödənilib, yəni 20.997 manat onlara ödənilməyib. 6 elektron qaimə üzrə ƏDV-ni ödəməyiblər. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin qanuni təmsilçisi X1 izahatında bildirmişdir ki, 2020 və 2022-ci illərdə ilkin iddia üzrə cavabdehə ünvanlanan məktubları o imzalamış, lakin həmin məktubları o tərtib etməmişdir. Həmin dövr üçün məktubda qeyd edilən məbləğlərin müəyyən edilməsinə imkan verən alt sənədlər yox idi. Məktubları mühasibi tərtib edib. Qarşı tərəf ilə aralarında formalşmış işgezar adətə əsasən əvvəl işlərin bir hissəsini görürdülər, daha sonra ödəniş edilirdi və onlar işi tamamlayırdılar. Məhkəmə iclasında ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi Nümayəndə3 qarşılqılı iddia tələbini müdafiə edib, qarşılıqlı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Nümayəndə3 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, may və iyun aylarında xidmətlərin göstərilməsini qəbul edirlər, iyul ayını isə qəbul etmirlər. Qeyd edilən qaimə yanlışlıqla tərtib olunduğuna görə ilkin iddia üzrə iddiaçı tərəfindən ləğv edilib. Onlar həmin qaiməni geri qaytarmışlar. Onlar DVX-yə müraciət etmişlər və bu səbəblə hazırda onlara cərimə tətbiq edilmir. 103.067,81 manat ödəmişlər. ƏDV ilə birlikdə 105.000 manat ödəməli idilər. 4.576,28 manat məbləğində ƏDV ödəmişlər. Bununla bağlı sənədlər təqdim edilib. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin digər nümayəndəsi Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, 105.000 manat məbləğində xidmət göstərilmişdir. 3 ayın elektron qaiməsi birlikdə təqdim edilib. Avans ödənişini ƏDV-siz etmişlər, lakin digər məbləğlər ƏDV ilə ödənilib. ƏDV üzrə cavabdehə 7.000 manata yaxın borcları var. Onlar əsas borc üzrə artıq vəsait ödəmişlər. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: İddiaçı MMC (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında 02 dekabr 2019-cu il tarixli, 02-12/19 nömrəli Cavabdeh ASC tərəfindən sosial media marketinqi xidmətlərinin satınalınması (müqavilənin bağlanmasının əsası: 22 noyabr 2019-cu il tarixində keçirilmiş açıq tender) müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 2.1-ci bəndinə əsasən tərəflər təsdiq edirlər ki, sifarişçi Cavabdeh ASC tərəfindən sosial media marketinqi xidmətlərinin satınalınması üçün icraçının 180.000 manat təklifini qəbul etmişdir. 2.2-ci bəndinə əsasən icraçı, müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında sifarişçiyə satın alınan sosial media marketinqi xidmətlərinin bu müqavilənin ayrılmaz hissəsi olan Əlavələrdə qeyd olunmuş qiymətlər uyğun olaraq sifarişçi tərəfindən verilmiş “Sifariş Aktı” əsasında tələb olunan sayda, müddətdə və tələb olunan qaydada təhvil verilməsini öhdəsinə götürür. Yerinə yetirilmiş işlər İcraçının təklifinə və bu müqavilədə göstərilmiş şərtlərə uyğun olmadıqda, icraçı aşkar olunan qüsurların müqavilənin xüsusi şərtlərində (bu müqaviləyə Əlavə 1) göstərilmiş qaydada aradan qaldırılmasına təminat verir. 2.3-cü bəndinə əsasən sifarişçi müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) icraçıdan qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürür. 5.1-ci bəndinə əsasən icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir. 5.4-cü bəndinə əssən sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür. 13.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən avans ödənişi) sifarişçi tərəfindən tenderin əsas şərtlər toplusunda və müqavilənin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank gününüdən gec olmamaq şərti ilə aparılır. 13.2-ci bəndinə əsasən sifarişçi satınalma müqaviləsinin yerinə yetirilməsi üçün icraçıya tender sənədlərində göstərilən həcmdə, lakin satınalma müqaviləsinin ümumi dəyərinin 30 faizindən çox olmayaraq avans ödəyə bilər. Avansın alınması üçün icraçı tərəfindən sifarişçiyə avans ödənişinin ümumi həcmindən az olmayan məbləğdə bank zəmanəti təqdim olunmalıdır. İcraçı avans ödənişindən yalnız satınalma müqaviləsi ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə etməlidir. İcraçı avansın müqavilə ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasını müvafiq sənədlərlə əsaslandırmalı və müvafiq sənədlərin surətlərini sifarişçiyə təqdim etməlidir. İcraçı avans təminatının qarantı və ya təsdiqləyici tərəfin münasibliyini təsdiq etmək barədə sorğu göndərir. Sifarişçi bu cür sorğuya 1 bank günü müddətində cavab verməlidir. 13.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr (avans ödənişi istisna olmaqla) sifarişçi tərəfindən həmin müqavilədə nəzərdə tutulmuş işlərin görülməsinə mütənasib olaraq müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş qaydada və müddətdə icraçıya ödənilir. Satınalma müqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddəti də daxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonra (qüsurların aradan qaldırılması nəzərə alınmaqla) 15 bank günü müddətində sifarişçi ilə icraçı arasında son haqq-hesab aparılır və həmin müddət ərzində yekun məbləğ icraçıya ödənilir. 13.4-cü bəndinə əsasən müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir. 13.5-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr (o cümlədən, avans ödənişi) müqavilənin xüsusi şərtlərində nəzərdə tutulmuş müddətdə ödənilmədikdə, gecikdirilmiş hər gün üçün satınalma müqaviləsinin xüsusi şərtləri ilə müəyyən olunmuş məbləğdə faiz hesablanır. 14.1-ci bəndinə əsasən icraçı tenderin əsas şərtlər toplusunda göstərilmiş müddət ərzində satınalma müqaviləsini imzalayır və müqavilənin yerinə yetirilməsi təminatını təqdim edir. İcraçının tələb olunan müddət ərzində satınalma müqaviləsini imzalanması və ya müqavilənin yerinə yetirilməsi təminatını təqdim etməməsi onun öz öhdəliklərini icra edə bilməməsi kimi qiymətləndirilir. İcraçı müqavilə üzrə öhdəlikləri yerinə yetirə bilmədiyi halda Sifarişçiyə dəyən ziyanı müqavilənin yerinə yetirilməsi təminatından ödəməlidir. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında imzalanmış sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsinə 1 nömrəli əlavə olan müqavilənin xüsusi şərtləri barədə tərəflər razılaşmışlar. Həmin xüsusi şərtlərə görə; - icraçı malların göndərilməsi, işlərin yerinə yetirilməsi və xidmətlərin göstərilməsi üzrə müqavilədə nəzərdə tutulan öhdəlikləri yerinə yetirib malları (işləri və xidmətləri) Sifarişçiyə müəyyənləşdirilmiş qaydada təhvil verməlidir (müqavilənin 5.1-ci bəndi üzrə). - sifarişçi müqavilə üzrə göndərilmiş malların, yerinə yetirilmiş işlərin və göstərilmiş xidmətlərin təxirəsalınmadan (aşkar olunan qüsurların icraçı tərəfindən aradan qaldırılmasını nəzərə almaqla) qəbul edilməsini və ödəmələrin vaxtında aparılmasını öhdəsinə götürür (müqavilənin 5.4-cü bəndi üzrə). - müqavilə üzrə ödəmələr icraçının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılacaqdır. Müqavilə üzrə ödəmələrin valyutası: Azərbaycan manatı, Müqavilənin məbləği: 180.000 manat. Ödənişlər bank köçürməsi yolu ilə həyata keçiriləcək, o cümlədən, hissə-hissə ödənişə yol verilir. Sifarişçinin bankının və müxbir bankların, habelə digər bankların bu Müqavilənin icrası ilə bağlı bütün xərcləri və komissiya haqqları Sifarişçi tərəfindən ödənilir. İcraçının bankının bütün xərcləri və komissiya haqqlarını İcraçı ödəyir (müqavilənin 13.1-ci bəndi üzrə). - 30 % Avans ödənişi tətbiq edilir (müqavilənin 13.2-ci bəndi üzrə). - Müqavilə icraçı və ya sifarişçi tərəfindən ləğv olunursa, tərəflər müqavilənin xüsusi şərtlərində göstərildiyi qaydada ödənişlərin (o cümlədən avans və digər ödənişlərin) məbləğini müəyyənləşdirən və müqavilənin icrasını təsdiq edən sənədlər tərtib edirlər. Tərtib olunmuş sənədlər əsasında müəyyən edilmiş fərq 15 bank günü müddətində ödənilir (müqavilənin 13.4-cü bəndi üzrə). 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsinə 2 nömrəli əlavə olan qiymət razılaşma protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların növü, ölçüsü, miqdarı və qiyməti (ümumilikdə 180.000 manat olaraq) razılaşdırılmışdır. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC tərəfindən 02-12/19 nömrəli müqaviləyə əsasən ümumilikdə 120.000 manat (101.694,89 + 18.305,11 ƏDV) dəyərində sosial media marketinqi xidmətlərinin göstərilməsinə dair o cümlədən dekabr ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 637848 nömrəli; yanvar ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 638032 nömrəli; fevral ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAG seriyalı, 870916 nömrəli; mart ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAİ seriyalı, 146918 nömrəli; aprel ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAJ seriyalı, 692972 nömrəli və may, iyun və iyul ayları üçün isə 45.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAP seriyalı, 651710 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh ASC-yə göndərilmişdir. İddiaçı MMC (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında imzalanmış sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsinə dair 15.000 manat dəyərində dekabr 2019-cu il tarixli 01 nömrəli, 15.000 manat dəyərində yanvar 2020-ci il tarixli 02 nömrəli, 15.000 manat dəyərində 28 fevral 2020-ci il tarixli 03 nömrəli, 15.000 manat dəyərində 31 mart 2020-ci il tarixli 04 nömrəli, 15.000 manat dəyərində 30 aprel 2020-ci il tarixli 05 nömrəli, 15.000 manat dəyərində may 2020-ci il tarixli 06 nömrəli və 15.000 manat dəyərində iyun 2020-ci il tarixli 07 nömrəli təhvil-təslim aktlarına əsasən ümumilikdə 105.000 manat dəyərində göstərilmiş sosial media marketinqi xidmətləri icraçı - İddiaçı MMC tərəfindən sifarişçi - Cavabdeh ASC-yə təhvil verilmişdir. Təhvil-təslim aktı hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. İddiaçı MMC (icraçı) ilə Cavabdeh ASC (sifarişçi) arasında imzalanmış sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsi üzrə görülən işlərlə bağlı dekabr 2019-cu il tarixli 01 nömrəli, yanvar 2020-ci il tarixli 02 nömrəli, 28 fevral 2020-ci il tarixli 03 nömrəli, 31 mart 2020-ci il tarixli 04 nömrəli, 30 aprel 2020-ci il tarixli 05 nömrəli hesabat tərtib edilmişdir. Görülən işlərlə bağlı dekabr 2019-cu il tarixli 01 nömrəli, yanvar 2020-ci il tarixli 02 nömrəli hesabatlar hər iki tərəfin imzası və möhürü ilə, 28 fevral 2020-ci il tarixli 03 nömrəli, 31 mart 2020-ci il tarixli 04 nömrəli, 30 aprel 2020-ci il tarixli 05 nömrəli hesabatlar isə yalnız İddiaçı MMC-nin imzası və möhürü ilə təsdiq edilmişdir. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 111OPXO193400095 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (08/2019 saylı HF üzrə) İddiaçı MMC-nin hesabına 34.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli 111İNTL193400145 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (09/2019 saylı HF üzrə) İddiaçı MMC-nin hesabına 20.000 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı MMC tərəfindən 02-12/19 nömrəli müqaviləyə əsasən dekabr və yanvar ayları üçün hər bir ayın 70% ödənişi olan 21.000 (17.796,61+3.203,39 ƏDV) manat dəyərində sosial media marketinqi xidmətlərinin göstərilməsinə dair EBAG seriyalı 574325 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh ASC-yə göndərilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 111OPXO200500232 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (01/2020 saylı HF üzrə) İddiaçı MMC-nin hesabına 17.796,61 manat məbləğində pul vəsaiti köçürülmüşdür. qaime.e-taxes.gov.az portalından çıxarışdan görünür ki, Cavabdeh ASC (Tural Əsədov) tərəfindən EBAG seriyalı 574325 nömrəli elektron qaimə fakturanın (səhv olduğuna görə) ləğv edilməsi üçün xx.xx.2020-ci il tarixdə İddiaçı MMC-yə göndərilsə də, xx.xx.2020-ci il tarixdə e-qaimənin ləğvindən imtina edilərək təsdiqlənmişdir. Köçürmənin aparılması haqqında (Vergilər Nazirliyinin) çıxarışla təsdiq edilir ki, Cavabdeh ASC-nin sub-uçot hesabından digər sub-uçot hesaba (İddiaçı MMC) xx.xx.2020-ci il tarixdə 3.203,39 manat və xx.xx.2020-ci il tarixdə isə 1.372,89 manat ƏDV vəsaiti köçürülmüşdür. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli 111İNTL201350614 nömrəli ödəniş tapşırığı ilə təsdiq edilir ki, Cavabdeh ASC tərəfindən (07 saylı HF üzrə) İddiaçı MMC-nin hesabına 26.694,92 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İddiaçı (direktor Tural Əsədov) Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək bildirmişdir ki, Cavabdeh ASC ilə aralarında bağlanmış sosial media marketinqi xidmətlərinin satınalınması barədə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli müqavilə əsasında dekabr ayında əsas məbləğdən 54.000 manat avans ödənilmiş, ƏDV-si isə ödənilməmiş, 2020-ci ilin fevral ayında 17.796,61 manat, may ayında isə 26.694,92 manat köçürmə olmuş, bu köçürmənin ƏDV-si ödənilməyib, ümumi ödənilməyən məbləğ 11.440,70 manatdır. Həmçinin məktubda qeyd edilmişdir ki, tenderdən sonra köçürülən 54.000 manat 2019-cu ilin 6 ayı üçün nəzərdə tutulmuş ödənişdir, yəni məntiqə görə Cavabdeh ASC-nin şirkətlərinə hələ 41.000 (ƏDV daxil) ödənişi qalıb. Cavabdeh ASC (idarə heyətinin üzvü Rəşad Babayev) İddiaçınə (direktor Tural Əsədova) xx.xx.2020-ci il tarixli məktubla müraciət edərək bildirmişdir ki, İddiaçı MMC ilə ASC arasında bağlanmış sosial media marketinqi xidmətlərinin satınalınması barədə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli müqavilənin şərtlərinə uyğun olaraq təhvil alınmış və dəyəri tərəflərindən İddiaçı MMC-yə ödənilmişdir. Əsas məbləğ üzrə İddiaçı MMC-yə artıq ödənilmiş 9.508,51 manat vəsait tərəflərindən ASC-nin bank hesabına geri qaytarıldıqdan sonra 11.440,70 manat həcmində əlavə dəyər vergisi (ƏDV) İddiaçı MMC-nin ƏDV depozit hesabına köçürüləcək. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2019-xx.xx.2020ci il olan (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixdə müvafiq olaraq (EAAY seriyalı 023917 nömrəliyə əsasən) 4.950 manat və (EAAY seriyalı 024228 nömrəliyə əsasən) 4.968,51 manat, xx.xx.2019-cu il tarixdə (EAAY seriyalı 028047 nömrəliyə əsasən) 4.850 manat, xx.xx.2019-cu il tarixdə (09/2019 nömrəliyə əsasən) 4.980,89 manat və sentyabr 2019-cu il tarixdə (e-qaiməyə əsasən) 18.100 manat olmaqla ümumilikdə 37.849,40 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2019-xx.xx.2022-ci il olan (İddiaçı MMCyə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixdə (EAAZ seriyalı 827449 nömrəliyə əsasən) 11.400 manat, xx.xx.2019-cu il tarixdə (08/2019 saylı HF-yə əsasən) 34.000 manat və xx.xx.2020-ci il tarixdə (01/2020 saylı hesab fakturaya əsasən avans olaraq) 17.796,61 manat olmaqla ümumilikdə 63.196,61 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2019-xx.xx.2019-cu il olan (İddiaçı MMCyə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2019-cu il tarixdə (09/2019 saylı HF-yə əsasən) 20.000 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2020-xx.xx.2020-ci il olan (İddiaçı MMCyə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, Cavabdeh ASC tərəfindən xx.xx.2020-ci il tarixdə (07 saylı HF-yə əsasən) 26.694,92 manat pul vəsaiti İddiaçı MMC-nin hesabına ödənilmişdir. "xxxx" ASC tərəfindən verilmiş tarix aralığı xx.xx.2022-xx.xx.2022-ci il olan (İddiaçı MMCyə aid) hesabdan çıxarışdan müəyyən edilir ki, İddiaçı MMC-nin hesabına 0 manat ödənilmişdir. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə xx.xx.2022-ci il tarixli pretenziya məktubu ünvanlayaraq 7 iş günü müddətində borcun ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. Əsaslandırıcı hissə: Məhkəmə hesab edir ki, ilkin iddia qismən, qarşılıqlı iddia tələbi isə tam təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh ASC arasında sosial media marketinqi xidmətlərinin satınalınması üzrə 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsi (o cümlədən müqaviləyə 1 nömrəli əlavə olan müqavilənin xüsusi şərtləri barədə razılaşma – bundan sonra müqavilə) bağlanmışdır. 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli satınalma müqaviləsinə əsasən Cavabdeh ASC tərəfindən sosial media marketinqi xidmətlərinin satınalınması üçün İddiaçı MMC-nin 180.000 manat təklifini qəbul etmişdir. Cavabdeh ASC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların (işlərin və ya xidmətlərin) İddiaçı MMC-dən qəbul edilməsini və dəyərinin ödənilməsini öhdəsinə götürmüşdür. Hal-hazırda ilkin İddiaçı MMC qeyd edilən müqavilə üzrə ilkin Cavabdeh ASC-nin borcunun 20.999,97 manat əsas, 16.932,19 manat ƏDV olmaqla, ümumilikdə 37.932,16 manat təşkil etdiyini iddia edir və həmin pulun cavabdehdən tutulmasını tələb edir. İlkin cavabdeh, qarşılıqlı iddiaçı Cavabdeh ASC tərəfindən isə mübahisəli müqavilə üzrə 2020-ci ilin iyun ayınadək 105.000 manat məbləğində xidmətlərin göstərildiyini, İddiaçı MMC tərəfindən qeyd edilən dövr ərzində ödənilmiş 30 faiz avans daxil olmaqla, əsas məbləğdən 98.491,53 manat və ƏDV məbləğindən 4.576,28 manat olmaqla, cəmi 103.067,81 manat vəsaitin İddiaçı MMC-nin hesabına köçürüldüyünü, nəticədə 2020-ci il 01 iyul tarixinə “Aqrar tədarük və təchizat “ASC tərəfindən İddiaçı MMC-yə əsas məbləğ üzrə 9.508,51 manat artıq vəsait ödənildiyini iddia edir və həmin pulun qarşılıqlı iddia üzrə cavabdehdən tutulmasını tələb edir. Göründüyü kimi məhkəmə tərəfindən müəyyən edilməli olan ilk mübahisəli hal İddiaçı MMC tərəfindən 02 dekabr 2019-cu il tarixli 02-12/19 nömrəli müqavilə üzrə Cavabdeh ASC-yə göstərilmiş xidmətlərin ümumi dəyəridir. Həmin halla bağlı məhkəmə qeyd edir ki, İddiaçı MMC tərəfindən 02-12/19 nömrəli müqavilə üzrə ümumilikdə 120.000 manat (101.694,89 + 18.305,11 ƏDV) dəyərində sosial media marketinqi xidmətlərinin göstərilməsinə dair elektron qaimələr göndərilmişdir. Cavabdeh ASC tərəfindən ləğvə göndərilmiş, lakin İddiaçı MMC tərəfindən ləğv edilməsindən imtina edilmiş 21.000 (17.796,61+3.203,39 ƏDV) manat dəyərində EBAG seriyalı 574325 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməni (təyinatı 2020-ci ilin dekabr və yanvar ayları üzrə avans) də nəzərə alsaq, mübahisəli müqavilə üzrə ilkin iddiaçı tərəfindən ilkin cavabdehə göndərilmiş elektron qaimələrin ümumi məbləği 141.000 manat (ƏDV daxil) təşkil edir. Digər tərəfdən iş materiallarında olan hər iki tərəfin təsdiq etdikləri təhvil-təslim aktları və hesabatlarla İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 02 dekabr 2019-cu il tarixli 02- 12/19 nömrəli satınalma müqaviləsi üzrə ümumilikdə ƏDV daxil 105.000 manat dəyərində xidmətlərin təqdim edilməsi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları” na əsasən 1.2-ci bəndinə görə elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilməklə elektron formada hazırlanan və vergi orqanında uçotda olan şəxslərə göndərilən ilkin uçot sənədidir. Həmin qaydaların: 1.3-cü bəndinə görə bu Qaydalara uyğun tərtib edilməyən elektron qaimə-faktura mal (iş, xidmət) təqdim edilməsinin rəsmiləşdirilməsinə əsas vermir. 2.5.3-ci bəndinə görə elektron qaimə-faktura mallar (işlər, xidmətlər) barədə məlumatları özündə əks etdirən sənədlər (qəbzlər, çeklər və digər ödəniş sənədləri, müqavilələr (əqdlər), təhvil-təslim aktları, əvvəlcədən sifariş edilmədən təqdim edilən mallar üzrə malların təhvil-qəbul aktı, komissiyaya, emala və saxlamaya (məsuliyyətli mühafizəyə) götürülmüş mallara görə təhvil-qəbul aktı, malların alınması üçün vəkalətnamə və s.) əsasında doldurulur və bu barədə məlumat elektron qaimə-fakturanın “Əsas” sətrində qeyd olunur; 3.1-ci bəndinə görə vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir. 3.2-ci bəndinə görə elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir. 3.3-cü bəndinə görə cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər. 3.4-cü bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir. 3.5-ci bəndinə görə bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı və 2.2.9-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir. 3.6-cı bəndinə görə vergi ödəyicisi tərəfindən göndərilmiş elektron qaimə-fakturada göstərilən məlumatlar ilkin uçot sənədləri üzrə məlumatlarla uyğun olmadıqda (təhvil-qəbul aktına, üzləşmə aktına və s.), həmin elektron qaimə-fakturada təqdim edildiyi hesabat ayı başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq düzəliş edilə bilər. Düzəliş edilmiş elektron qaimə-fakturaya proqram təminatı tərəfindən yeni seriya və nömrə verilmir. Düzəliş edilmiş elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildikdən sonra qəbuledən tərəfindən təsdiq edilməlidir. Qəbuledən tərəfindən düzəliş edilmiş elektron qaimə-faktura göndərildiyi ayın sonuncu gününədək təsdiq edilmədiyi halda, düzəliş edilmiş elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir və düzəliş edilməmiş sayılır. Yuxarıda göstərilən müddəaların məzmunundan da göründüyü kimi elektron qaiməfakturalar malların (işlərin, xidmətlərin) təqdim edilməsini təsdiq edən ilkin sənədlər (müqavilələr (əqdlər), təhvil-təslim aktları, hesabatlar, malların alınması üçün vəkalətnamə və s.) əsasında tərtib edilməlidir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında əks edilmiş hüquqi mövqeyə görə lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir. İşin yuxarıda göstərilən hallarından da göründüyü kimi hazırkı halda İddiaçı MMC tərəfindən elektron qaimələrlə yanaşı dekabr 2019-cu ildən iyun 2020-ci il tarixədək (iyun ayı da daxil olmaqla) olan dövrdə ümumilikdə ƏDV daxil 105.000 manat məbləğində xidmətlərin göstərilməsi faktını təsdiq edən əlavə sübutlar (təhvil-təslim aktları, hesabatlar) məhkəməyə təqdim edilmiş, eləcə də göstərilmiş xidmətlərin ƏDV daxil 105.000 manat olması Cavabdeh ASC tərəfindən də məhkəmə araşdırması gedişində mübahisələndirilməmişdir. 2020-ci ilin iyul ayında göstərilmiş xidmətlərə görə tələb edilən 15.000 (12.711,86+2.288,14 ƏDV) manat məbləğinə gəldikdə məhkəmə qeyd edir ki, elektron qaimədən əlavə həmin xidmətin göstərilməsini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. ƏDV daxil 21.000 (17.796,61+3.203,39 ƏDV) manat məbləğinə dair EBAG seriyalı 574325 nömrəli xx.xx.2020-ci il tarixli elektron qaiməyə münasibətdə isə qeyd edilməlidir ki, həmin qaimədə göstərilmiş məbləğdə xidmətlərin təqdim edilməsi faktı iş materiallarında olan digər sübutlarla öz təsdiqini tapmır. Belə ki, birincisi, həmin məbləğdə xidmətlərin göstərilməsini təsdiq edən əlavə sübutlar məhkəməyə təqdim edilməmişdir. İkincisi, iş materiallarından göründüyü kimi Cavabdeh ASC həmin qaiməni ləğvə göndərməklə qaimə ilə razılaşmamasına dair iradəsini ifadə etmişdir. Bununla yanaşı sözügedən qaimənin yanlış olaraq göndərilməsi həmçinin onunla da təsdiq edilir ki, qaimənin təyinatı 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar ayı üçün avans ödənişi olaraq göstərilmişdir. Halbuki həmin qaimədən öncə İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə 2019-cu ilin dekabr və 2020-ci ilin yanvar aylarında göstərilmiş xidmətlərlə bağlı elektron qaimələr artıq göndərilmişdir (dekabr ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 637848 nömrəli və yanvar ayı üçün 15.000 manat dəyərində xx.xx.2020-ci il tarixli, EBAF seriyalı, 638032 nömrəli elektron qaimələr). Müvafiq aylar üzrə xidmətlər göstərildikdən və göstərilmiş xidmətlərə görə elektron qaimələr göndərildikdən sonra yenidən eyni aylar üzrə avans təyinatlı qaimənin göndərilməsi isə həmin qaimənin səhv göndərilməsinə dair əsaslı şübhələr doğurur. Beləliklə, işin yuxarıda göstərilən halları ilə mübahisəli müqavilə üzrə İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə ümumilikdə ƏDV daxil 105.000 manat (88.983,03 + 16.016,97 ƏDV) dəyərində xidmətlər göstərilməsi öz təsdiqini tapır. Xidmətlərin aylıq qiymətinə - 15.000 manat məbləğinə ƏDV-in daxil olmaması, yəni təhvil-təslim aktları ilə təsdiq edilmiş 105.000 manat məbləğində ümumi xidmət haqqı məbləğindən əlavə həmin məbləğin ƏDV-sinin də Cavabdeh ASC tərəfindən ödənilməli olması barədə "xxxx" MMC-nin dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin “Qiymət razılaşma protokolu”ndan müəyyən edilmiş xidmət haqqına ƏDV-nin daxil edilib-edilməməsi görünməsə də, həm tərəflərin təsdiq etdikləri təhvil-təslim aktlarında, həm də "xxxx" MMC tərəfindən göndərilmiş elektron qaimələrdə xidmətlərə görə ödənilməli olan 15.000 manat aylıq xidmət haqqı məbləğinə ƏDV-nin də daxil edildiyi aydın olaraq göstərilmişdir. Odur ki, "xxxx" MMC-nin yuxarıda göstərilən dəlilləri də əsassızdır. Məhkəmə tərəfindən müəyyənləşdirilməli olan ikinci hal isə Cavabdeh ASC-nin mübahisəli müqavilə üzrə "xxxx" MMC-yə borcunun olub-olmaması ilə bağlıdır. Həmin halla bağlı məhkəmə qeyd edir ki, Cavabdeh ASC tərəfindən mübahisəli müqavilə üzrə göstərilmiş xidmətlərə görə İddiaçı MMC-yə 98.491,53 manat (ƏDV xaric) və 4.576,28 manat ƏDV ödənilməsi işin mübahisəsiz halıdır. Belə olan halda İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə dekabr 2019-cu ildən iyun 2020-ci il tarixədək (iyun ayı da daxil olmaqla) ümumilikdə ƏDV daxil 105.000 manat (88.983,03 manat əsas məbləğ və 16.016,97 manat ƏDV) dəyərində xidmətlər göstərildiyi halda həmin dövr üzrə Cavabdeh ASC tərəfindən 98.491,53 manat pul vəsaiti və 4.576,28 manat ƏDV-nin İddiaçı MMC-yə ödənildiyini nəzərə alsaq Cavabdeh ASC-nin göstərilmiş xidmətlər üzrə əsas məbləğdən 9.508,51 manat məbləğində (98.491,53 – 88.983,03 = 9.508,51 manat) artıq ödəniş etməsi, ƏDV məbləğindən isə 11.440,7 manat məbləğində borcunun olması (16.016.97 manat -4.576.28 manat) öz təsdiqini tapır. Yuxarıda göstərilən halları nəzərə alaraq məhkəmə ilkin iddiaya münasibətdə qeyd edir ki, ilkin iddia qismən təmin edilməli, ilkin Cavabdeh ASC-dən 11.440,7 manat məbləğində ƏDV borcu tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Mülki Məcəllənin 385.1, 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Qarşılıqlı iddia tələbinə gəldikdə məhkəmə qeyd edir ki, iş materialları ilə qarşılıqlı iddiaçı Cavabdeh ASC tərəfindən qarşılıqlı cavabdeh İddiaçı MMC-yə 9.508,51 manat məbləğində artıq ödəniş etməsi öz təsdiqini tapdığından qarşılıqlı iddiaçı artıq ödənilmiş həmin pul vəsaitini geri tələb etməkdə haqlıdır. Belə ki, Mülki Məcəllənin: 439.4-cü maddəsinə görə öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə görə əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, ilkin iddia üzrə 200 manat məbləğində mediasiya xərcləri ilə yanaşı 4 manat məbləğində dövlət rüsumu da ilkin iddiaçı tərəfindən ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, ilkin iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 203,80 manat təşkil edir. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Göründüyü kimi hazırkı iş üzrə dövlət rüsumu mediasiya xərclərindən artıq olduğundan iddiaçı ödədiyi mediasiya xərcləri həddində dövlət rüsumunu ödəməkdən azad edilmişdir. Digər tərəfdən MPM-in: 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. Məhkəmə kommersiya mübahisələri üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq belə qənaətə gəlir ki, mediasiya xərcləri məhkəmə xərcləri kimi tərəflər arasında bölüşdürülməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, hazırkı qətnamə ilə ilkin iddia qismən təmin edildiyindən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ilkin iddia üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinə görə 140 manat məbləğində pul vəsaiti ilkin iddia üzrə cavabdehdən tutularaq ilkin iddia üzrə iddiaçıya ödənilməlidir. Bununla yanaşı iş materiallarından görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən qarşılıqlı iddia verilərkən 115,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı qarşılıqlı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 115,09 manat təşkil edir. Hazırkı halda qətnamə ilə qarşılıqlı iddia təmin edildiyindən qarşılıqlı iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,09 manat məbləğində pul vəsaiti qarşılıqlı iddia üzrə cavabdehdən tutularaq qarşılıqlı iddia üzrə iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İlkin Cavabdeh ASC-dən 11.440,7 manat məbləğində ƏDV borcu və 140 manat ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı cavabdeh İddiaçı MMC-dən 9.508,51 manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 115,09 manat məbləğində pul vəsaiti tutularaq qarşılıqlı iddiaçı Cavabdeh ASC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-3873/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3873/2023
01.11.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver