Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3875/2024 19.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli, 01/12/23 saylı müqaviləyə əsasən pulun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. Cavabdeh (satıcı) ilə İddiaçı MMC (alıcı) arasında xx.xx.2023-cü il tarixli 01/12/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən müqavilənin predmeti müqaviləyə əlavələrdə (qiymətlərin razılaşdırma protokolu, sifarişnamə, təklif, spesifikasiya, purchase order və s.) göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi təşkil edir. 3.1-ci bəndində satıcı malları alıcıya hazırki müqavilənin əlavələrinin şərtlərinə uyğun olaraq, alıcının bildirdiyi əlavə imzalandıqdan sonra, əgər əlavədə digər müddət nəzərdə tutulmayıbsa, 5 təqvim günü ərzində təhvil verir. 4.2.1-ci bəndinə əsasən ödəniş haqqını bu müqavilədə/əlavələrdə müəyyən edilmiş ödəniş qaydasında və vaxtlı-vaxtında həyata keçirilməsini alıcıdan tələb etmək satıcının hüququdur. 4.3.1-ci bəndinə əsasən bu müqaviləyə/əlavələrə uyğun olaraq təhvil verilmiş malı qəbul etmək və ödəniş haqqını ödəmək alıcının vəzifəsidir. 5.1-ci bəndinə əsasən müqavilə xx.xx.2023-ci il tarixindən qüvvəyə minir və xx.xx.2024-cü ilə qədər etibarlıdır. Müqavilə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
2. xx.xx.2023-cü il tarixli xx/xx/2023 saylı qiymətlərin razılaşdırılması protokoluna əsasən sözügedən müqavilədə nəzərdə tutulan malların adı hazır qapılar, sayı (5 ədəd) və qiyməti (ədədin qiyməti 400 manat olmaqla, ümumilikdə 2000 manat+360 manat ƏDV); örtüklər (obşivka) sayı (1 ədəd) və qiyməti (281 manat +50,58 manat ƏDV); seyf qapı sayı (1 ədəd) və qiyməti (900 manat +162 manat ƏDV); yığılma qapı sayı (8 ədəd) və qiyməti (ədədin qiyməti 680 manat olmaqla, ümumilikdə 5440 manat+979,20 manat ƏDV) razılaşdırılmışdır. Həmin əlavəyə əsasən siyahıda sadalanan malların çatdırılma müddəti, müqavilənin şərtərinin yerinə yetirilmə tarixindən etibarən 30 iş gönüdür. Qiymətlərin razılaşdırılması protokolu hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.
3. xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh 8621,08 manat məbləğində ödəniş edilmişdir.
4. İddiaçı MMC tərəfindən Cavabdeh 05 aprel 2024-cü il tarixli pretenziya məktubu ilə müraciət edilərək, alqı-satqı müqaviləsi üzrə yaranmış borc məbləğinin 5 gün ərzində ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir.
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
5. İddiaçı MMC Cavabdeh qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən Cavabdeh 8621 manat əsas və 1551.78 manat məbləğində ƏDV, ödənilmiş 120.52 manat dövlət rüsumunun "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, tərəflər arasında xx.xx.2023-cü il tarixli 01/12/23 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilə əsasında iddiaçı tərəfindən alıcı qismində üzərinə düşən öhdəliklər tam şəkildə icra olunaraq müqavilə üzrə nəzərdə tutulan pul məbləği xx.xx.2023-cü il tarixində köçürmə yolu ilə cavabdehə ödənilmişdir. Lakin cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilməmişdir. Belə ki, xx.xx.2023-cü il tarixli 01/12/23 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti müqaviləyə əlavələrdə göstərilən malların satıcı tərəfindən alıcıya satılması, alıcı tərəfdən isə həmin malların qəbul edilərək, haqqının ödənilməsi ilə bağlı münasibətlərin tənzimlənməsinin təşkili nəzərdə tutulmuşdur. Bundan əlavə həmin müqavilənin 3.1-ci bəndində satıcı malları alıcıya hazırki müqavilənin əlavələrinin şərtlərinə uyğun olaraq, alıcının bildirdiyi əlavə imzalandıqdan sonra, əgər əlavədə digər müddət nəzərdə tutulmayıbsa, 5 təqvim günü ərzində təhvil verməli olduğu qeyd olunmuşdur. Həmçinin həmin müqavilənin əlavəsi olan xx.xx.2023-cü il tarixli xx/xx/2023 saylı “Qiymətlərin razılaşdırılması protokolu”na əsasən 5 ədəd hazır qapıların hər birinə görə 400 manat olmaqla cəmi 2000 manat, ƏDV olaraq 360 manat, 1 ədəd örtükə (obşivka) görə 281 manat, ƏDV olaraq 50.58 manat, 1 ədəd seyf qapıya görə 900 manat, ƏDV olaraq 162 manat və 8 ədəd yığılma qapıların hər birinə görə 680 manat olmaqla cəmi 5440 manat, ƏDV olaraq isə 979.20 manat məbləğində ödəniş olunması öhdəliyi alıcı olaraq iddiaçı tərəfindən 14 dekabr 2023-cü il tarixdə tam şəkildə yerinə yetirilmişdir. Lakin aralarında bağlanmış müqavilə üzrə satıcı olaraq cavabdehin üzərnə düşən öhdəlik hazırki vaxtadək yerinə yetirilməmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsinə dair 05 aprel 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilsə də, heç bir müsbət nəticə əldə olunmadığına görə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
7. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 739.1-cı maddələrinə istinad etmişdir.
b) İddiaya qarşı etirazın dəlilləri
8. İddiaya qarşı yazılı etiraz daxil olmadı.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
9. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə etmiş, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, ƏDV məbləğinin ödənilməsini təsdiq edən sənədi təqdim edilə bilmirlər.
10. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
14. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. -567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 599.3-ci maddəsinə görə qabaqcadan ödəniş məbləğini almış satıcı əşyanı müəyyənləşdirilmiş müddətdə vermək vəzifəsini icra etmirsə, alıcı ödədiyi əşyanın verilməsini və ya əşya üçün qabaqcadan ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
15. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
16. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 01/12/23 saylı alqı-satqı müqaviləsinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. Hazırda İddiaçı MMC müqavilə üzrə təqdim edilməli malların dəyəri olan 8621 manat pul vəsaitini və 1551,78 manat məbləğində ƏDV-ni cavabdehə ödədiyi halda, Cavabdeh müqavilə üzrə təqdim edilməli olan malları hal-hazıradək təqdim etmədiyini əsas göstərərək tərəfindən ödənilmiş pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.
17. Məhkəmə ilk növbədə qeyd edir ki, iş materialları ilə İddiaçı MMC tərəfindən Cavabdeh 8621,08 manat məbləğində ödəniş edilməsi öz təsdiqini tapır.
18. Cavabdeh həmin ödənişin müqabilində müqavilədə nəzərdə tutulmuş malları təqdim etməsi isə iş materiallarına əsasən müəyyən edilmir.
19. Odur ki, Mülki Məcəllənin 599.3-cü maddəsinə əsasən İddiaçı MMC-nin qabaqcadan etdiyi ödənişin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır.
20. Cavabdehdən tutulacaq olan qabaqcadan ödənişin məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı 8621 manat pul vəsaiti ilə yanaşı həmin məbləğin ƏDV-sini (1551,78 manat) cavabdehə ödəməsini iddia etsə də, həmin halı təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə tərəfindən müvafiq sənədin təqdim edilməsi üçün iddiaçıya vaxt verilsə də, sənədin təqdim edilməsi mümkün olmamışdır.
1. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya qaytarılmalı olan məbləğ 8621 manat məbləğində müəyyənləşdirilməlidir.
2. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 120,52 manat məbləğində mediasiya xərcləri iddiaçı tərəfindən ödənilmişdir.
3. Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 120,5 manat təşkil edir.
4. Hazırkı qətnamə ilə iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş mediasiya xərclərinin əvəzi olaraq 100 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
5. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh 8621 manat məbləğində pul vəsaiti, eləcə də 120,52 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC -yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva