Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-388/2022 21.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı iddiaçının Bakı satış mərkəzi ilə cavabdeh arasında bağlanmış 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya olan 31864,27 manat (əsas borc) və 5735,27 manat (ƏDV) olmaqla ümumilikdə cəmi 37599,54 manat borcun, 1879,95 manat faiz borcunun, 10000 manat əldən çıxmış faydanın, ödənilmiş 40 manat dövlət rüsumunun, mediatora ödənilmiş 200 manatın və vəkilə ödənilmiş 220 manatın cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddiaçının Bakı satış mərkəzi ilə cavabdeh arasında bağlanmış 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsinə əsasən cavabdehin iddiaçıya olan 31864,27 manat (əsas borc) və 5735,27 manat (ƏDV) olmaqla ümumilikdə cəmi 37599,54 manat borcun, 1879,95 manat faiz borcunun, 10000 manat əldən çıxmış faydanın, ödənilmiş 40 manat dövlət rüsumunun, mediatora ödənilmiş 200 manatın və vəkilə ödənilmiş 220 manatın cavabdehdən məcburi qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının Bakı satış mərkəzi ilə cavabdeh arasında 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Müqaviləyə əsasən satıcı qismində çıxış edən iddiaçının istehsal etdiyi “Mal”ları (profil, plastik boru, radiator mallarının çeşidləri və aksessuarları, qapı-pəncərə aksessuarları, şüşə çeşidləri və güzgü) alıcı qismində çıxış edən cavabdehə satmağı, cavabdeh isə “Mal”ları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun olaraq “Mal”ların dəyərini iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh əvvələr üzərinə götürdüyü öhdəliyə əməl etsə də, sonradan müqavilə şərtlərini pozmağa başlamış və “Mal”ların dəyərini ödəməyi geçikdirmişdir. Son vaxtlar isə ümumiyyətlə ödəmə etməmişdir. Bununla əlaqədar iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu ilə rəsmi qaydada müraviət olunmuş, onlardan müqavilənin şərtlərinə əməl etmələri və aldıqları “Mal”ların dəyərini ödəmələri tələb olunmuşdur. Müqavilə şərtlərini pozmaqda davam edəcəkləri təqdirdə qanuna uyğun tədbirlər görüləcəyi cavabdehin diqqətinə çatdırılmışdır. Ancaq, prretenziya məktubunun cavabdeh tərəfindən qəbul edilməsinə baxmayaraq tərəf məktuba cavab verməmiş və müqavilə şərtlərini pozmaqda davam etmişdir. 08.02.2021-ci il tarixdə cavabdehin məsul əməkdaşları ilə iddiaçının əməkdaşları birlikdə yoxlama aparmış və tərtib olunmuş üzləşmə aktına əsasən həmin tarixə cavabdehin iddiaçıya 31864,27 manat əsas borc və 5735,27 manat ƏDV borcu olmaqla, ümumilikdə 37599,54 manat borcunun yarandığı məlum olmuşdur. Həmin vaxtdan bu günə kimi qiymət artımı və inflyasiya da nəzərə alınsa cavabdeh iddiaçıya 10000 manat əldən çıxmış fayda olaraq ödəməlidir. Bütün bu halları nəzərə alaraq iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, hazırki müqavilənin mövcud olması barədə onlarda məlumat yoxdur. İddiaçı iddia ərizəsində dəbbə pulu qeyd etmişdir. Lakin dəbbə pulu ilə bağlı heç bir müddəa müqavilədə öz əksini tapmamışdır. Dəbbə pulu razılaşma əsasında olmalı idi, lakin heç bir razılaşma olmamışdır. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı istehsal etdiyi malları (profil, plastik boru, radiator mallarının çeşidləri və aksessuarları, qapı-pəncərə aksessuarları, şüşə çeşidləri və güzgü) cavabdehə satmağı, cavabdeh isə malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun olaraq malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. 08.02.2021-ci il tarixli Üzləşdirmə aktından görünür ki, cavabdehin iddiaçıya olan borcu, əsas borc üzrə 31864,27 manat, ƏDV üzrə 5735,27 manat təşkil edir. 5 ədəd elektron qaimədən görünür ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 101321,45 manat dəyərində mal satılmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin və cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı istehsal etdiyi malları (profil, plastik boru, radiator mallarının çeşidləri və aksessuarları, qapı-pəncərə aksessuarları, şüşə çeşidləri və güzgü) cavabdehə satmağı, cavabdeh isə malları qəbul etməyi və müqavilə ilə razılaşdırılmış şərtlərə uyğun olaraq malların dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə mal satılmış, cavabdeh tərəfindən malların dəyərindən əsas borc üzrə 31864,27 manat, ƏDV üzrə 5735,27 manat iddiaçıya ödənilməmişdir. Məhkəmə qeyd edir ki, alqı-satqı müqaviləsi iki tərəfin alıcının və satıcının bir-biri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən alıcının əşyanı öz mülkiyyətinə qəbul etmək hüququ və onun qiymətini ödəmək öhdəliyi, satıcı üçün əşyanı alıcının mülkiyyətinə vermək öhdəliyi və onun qiymətinin ödənilməsini tələb etmək hüququ yaranır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, alınan malları cavabdehə vermiş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsinə və ikitərəli təsdiq edilməklə tərtib edilmiş 08.02.2021-ci il tarixli Üzləşdirmə aktına əsasən əsas borc üzrə 31864,27 manat, ƏDV üzrə 5735,27 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iddia tələbinin əldən çıxmış fayda hissəsinə münasibətdə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). İddiaçı həmin əsasa görə cavabdehdən 10.000 manat pul tələb etsə də, tələbi əsaslandıran hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. buna görə də məhkəmə hesab edir ki, iddia tələbi əldən çıxmış fayda hissəsində əsaslı olmadığından təmin oluna bilməz. Bundan əlavə, iddiaçı iddia tələbində 1879,95 manat faiz borcu tələb etsə də, bu tələbin nədən yaranmasını, hansı əsasla tələb etməsini əsaslandıra bilməmişdir. Çünki tərəflər arasında bağlanmış 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsində dəbbə pulu tələb edilməsi də nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 463-cü maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi dəbbə pulu haqqında razılaşmanın etibarsızlığına səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 1879,95 manat faiz borcu məhkəmə tədqiqatı zamanı təsdiq olunmadığından iddia həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 01.11.2021-ci il tarixli ********* saylı mədaxil qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri 13 saylı Vəkil Bürosunun hesabına 220 manat ödəniş edilmişdir. Məhkəmə vəkilin göstərdiyi yardıma görə ödənilmiş 220 manat məbləğin cavabdehdən iddiaçının xeyrinə tutulmasını ağılabatan məbləğ hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iş üzrə dövlət rüsumunun məbləği 239,70 manat təşkil edir. İddiaçı tərəfindən mediasiya xərcinə görə 200 manat ödənilməsini nəzərə aldıqda, dövlət rüsumunun ödənilməli hissəsi 39,70 manat təşkil edir, lakin iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən 40 manat, yəni artıq ödənilmişdir ki, artıq ödənilən 0,30 manat məbləği qanunvericilikdə nəzərdə tutulmuş qaydada geri ala bilər. İddiaçı ödənilmiş 200 manat məbləğində mediasiya xərcini cavabdehdən tələb etdiyini, iş üzrə dövlət rüsumu məbləğinin 239,70 manat olmasını və iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 76,09 faizini təşkil etdiyini nəzərə alaraq, məhkəmə hesab edir ki, mediasiya xərcinə görə 182,38 manat (239,70 manat (dövlət rüsumunun məbləği) – 57,32 manat (dövlət rüsumunun iddiaçıya aid edilməli olan hissəsi) = 182,38 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçının Bakı satış mərkəzi ilə cavabdeh arasında bağlanmış 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsinə əsasən 31864,27 manat (əsas borc), 5735,27 manat (ƏDV) borc, vəkilin göstərdiyi yardıma görə 220 manat və mediasiya xərcinə görə 182,38 manat, cəmi 38001,92 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Bakı satış mərkəzi ilə Cavabdeh arasında bağlanmış 01.03.2020-ci il tarixli 01/03 saylı alqı-satqı müqaviləsinə əsasən 31864,27 manat (əsas borc), 5735,27 manat (ƏDV) borc, vəkilin göstərdiyi yardıma görə 220 manat və mediasiya xərcinə görə 182,38 manat, cəmi 38001,92 manat Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-388/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-388/2022
21.02.2022 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver