Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-388/2024 17.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, təhvil-təslim aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 603,50 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 10,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 614,39 manat; 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 363 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 10,89 manat məbləğində cərimə borcu olmaqla, cəmi 373,89 manat; 01 fevral 2018-ci il tarixli, K2310 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 2.518,34 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 253,68 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2.772,02 manat məbləğində pul tələbinin, ödənilmiş 70 manat məbləğində mediasiya xərcinin əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan 1112 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 241 manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal X1 yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 1116 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 121 (bir yüz iyirmi bir) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Habelə, qeyri-yaşayış sahəsinin icarəyə verilməsi ilə əlaqədar icarəyə verən ilə icarəçi arasında 01 fevral 2018-ci il tarixli, K2310 nömrəli icarə müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən, icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal X1 yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi, habelə bu müqavilə ilə nəzərdə tutulmuş şərtlərə sözsüz əməl etməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilənin 4.1-ci bəndinə uyğun olaraq, icarəyə verilən sahədən istifadəyə görə icarəçi hər ay kommunal və sair xərclər daxil olmamaqla 250 (iki yüz əlli) manat (ƏDV daxil) məbləğində aylıq icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müvafiq müqaviləyə 01 nömrəli Əlavə razılaşmaya əsasən, qeyd edilən qeyri-yaşayış sahəsinə görə 01 yanvar 2022-ci il tarixdən 01 aprel 2022-ci il tarixədək aylıq icarə haqqının 170 manat məbləğində müəyyən olunması razılaşdırılmışdır. İddiaçı 29 aprel 2022-ci il tarixli 483 nömrəli əmri ilə 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsinə borc öhdəlikləri istisna olmaqla xitam verilmişdir. Tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, K2310 nömrəli icarə müqaviləsinə icarəçinin müraciəti əsas götürülərək icarəyə verən tərəfindən 31 may 2023-cü il tarixdə borc öhdəlikləri istisna olmaqla digər öhdəliklərə xitam verilmişdir. Tərəflər arasında imzalanmış 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli icarə müqaviləsinə icarəyə verən tərəfindən 16 iyun 2023-cü il tarixdə borc öhdəlikləri istisna olmaqla birtərəfli qaydada xitam verilmişdir.
3. Cavabdeh iddiaya qarşı yazılı etiraz təqdim edərək, iddia ərizəsinin təmin edilməməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh hər üç müqavilə üzrə üzərinə düşən öhdəlikləri lazımınca icra etmiş, icarə haqlarını vaxtında ödəmişdir. Lakin 2020-ci ilin fevral ayından Covid-19 xəstəliyi ilə bağlı yaranmış pandemiya vaxtı mağazalar fəaliyyət göstərməmiş, lakin o, ödənişləri etməkdə davam etmişdir, iddiaçı bu halı fors major kimi nəzərə almamış, ona hər hansı güzəşt etməmişdir. İddiaçının yeni rəhbəri sahibkarlara hər hansı güzəşt etməmiş, onlara qarşı icarə haqlarının tutulması ilə bağlı iddialar irəli sürmüş, icarəçilərə güzəşt edilməmişdir. O, mağazalar işləmədiyi halda da ödənişlər etmişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbi rədd olunmalıdır.
II. Tərəflərin mövqeləri:
5. Məhkəmə iclasında cavabdeh iddia ərizəsinə etiraz edib etirazın məzmununa uyğun izahat verib iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında bağlanmış K2310 nömrəli icarə müqaviləsi ikitərəfli qaydada ləğv edilsə də, həmin icarə müqaviləsi üzrə yaranmış borcu ödəyəcəyini razılaşmada imzası ilə təsdiq etsə də, həmin razılaşmanı ona iddiaçı imzalatmışdır. İddiaçı tərəfindən ona təhvil verilmiş mağazalar pandemiya vaxtı işlək vəziyyətdə olmamış, habelə iddiaçının özü tərəfindən avtovağzal kompleksində aparılan təmir işləri ilə əlaqədar olaraq bağlı olmuşdur. Pandemiya vaxtı və sonralar ödəniş etsə də, həmin müqavilələr üzrə ondan icarə haqqının tələb edilməsi əsassızdır.
6. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi F.Dadaşov iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, avtovağzal kompleksində aparılan təmir işləri ilə əlaqədar iddiaçıya təhvil verilmiş mağazalar bağlı olmamış, kompleksin digər tərəfi təmirdə olmuşdur. Bundan əlavə, iddiaçı tərəfindən pandemiya dövrü üçün cavabdehdən hər hansı borc tələb edilmir.
7. İddiaçının nümayəndəsi məhkəməyə yazılı ərizə ünvanlayaraq sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, sonuncu məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 01 fevral 2018ci il tarixli, 1112 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 68 kv.metr ölçüsündə olan 1112 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürür.
10. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmaqla 241 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir.
11. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ina hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.
12. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal X1 yerləşən, sahəsi 34 kv.metr ölçüsündə olan 1116 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürür.
13. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmaqla 121 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir.
14. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ina hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.
15. İddiaçı (icarəyə verən) və cavabdeh (icarəçi) arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, K 2310 nömrəli icarə müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və ŞəhərlərarasıAvtovağzal X1 yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə icarə haqqı və icarədən yaranan digər ödənişləri ödəməyi öz öhdəsinə götürür.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə qüvvədə olduğu müddət ərzində icarəçi icarəyə verənə hər ay kommunal və sair xərclər daxil olmaqla 250 manat (ƏDV daxil) həcmində icarə haqqı ödəyir.
17. Müqavilənin 4.3-cü bəndinə əsasən icarəçi icarə haqqını vaxtında ödəməzsə və ya ödənişdən imtina edərsə bu halda icarəyə verənin tələbi ilə ina hər ayın 11-dən etibarən ödənişin gecikdirdiyi məbləğin 1 faizi həcmində cərimə ödəməlidir.
18. 01 fevral 2018-ci il tarixli, K 2310 nömrəli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixli 01 saylı Əlavə razılaşma ilə icarəyə verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 nömrəli qeyri-yaşayış sahəsini (mağaza) icarəyə verməyi, icarəçi isə icarəyə verənə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək icarə haqqının 170 manat məbləğində müəyyən olması barədə razılığa gəldilər.
19. İddiaçının xx.xx.2022-ci il tarixli 483 saylı icarə müqaviləsinə xitam verilməsi haqqında əmrinə və akta əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmış 34 m2 sahənin icarəsi haqqında bağlanmış 1116 nömrəli xx.xx.2018-ci il tarixli icarə müqaviləsinə xx.xx.2022-ci il tarixindən etibarən müqavilənin 9.3-cü bəndinə əsasən xitam verilmişdir.
20. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə sazişə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 saylı icarə müqaviləsinə tərəflərin razılığı ilə xitam verilmişdir.
21. Sazişin 6-cı bəndinə əsasən icarəçi xx.xx.2018-ci il tarixli, K2310 saylı icarə müqaviləsinə əsasən icarəyə verənə 2518,34 manat icarə haqqı borcu olduğunu və borc öhdəliklərinə müqavilədə göstərilmiş icarəyə verənin bank hesabına ödəniş etdikdən sonra xitam verildiyini qəbul edir.
22. İddiaçı ilə cavabdeh arasında imzalanmış xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə icarəçi Bakı şəhəri, Binəqədi rayonu, Sumqayıt şossesi 3 ünvanında, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzal Kompleksinin Ticarət Mərkəzində yerləşən, sahəsi 17 kv.metr ölçüsündə olan K2310 saylı qeyri-yaşayış sahəsini icarəyə vernə geri təhvil vermişdir.
23. İddiaçı xx.xx.2023-cü il tarixli icarə müqaviləsinə xitam verilməsi barədə aktı ilə xx.xx.2018-ci il tarixli, 1112 saylı müqaviləyə birtərəfli qaydada xitam vermişdir.
24. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə icarəçinin icarəyə verənə xx.xx.2018-ci il tarixli, K2310 saylı icarə müqaviləsinə əsasən icarə haqqı borcu 2518,34 manat, cərimə borcu 253,68 manat, cəmi borcu 2772,02 manat təşkil edir.
25. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə icarəçinin icarəyə verənə xx.xx.2018-ci il tarixli, 1116 saylı icarə müqaviləsinə əsasən icarə haqqı borcu 363 manat,cərimə borcu 10,89 manat, cəmi borcu 373,89 manat təşkil edir.
26. İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə icarəçinin icarəyə verənə xx.xx.2018-ci il tarixli, 1112 saylı icarə müqaviləsinə əsasən icarə haqqı borcu 603,50 manat, cərimə borcu 10,89 manat, cəmi borcu 614,39 manat təşkil edir.
27. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli, 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli və 01 fevral 2018-ci il tarixli, K2310 nömrəli icarə müqavilələrindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
29. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
30. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;
31. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
32. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
33. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
34. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
35. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməli, cavabdehdən 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli icarə müqaviləsi üzrə 603,50 manat, 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsi üzrə 363 manat, 01 fevral 2018-ci il tarixli, K2310 nömrəli icarə müqaviləsi üzrə 2518,34 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir.
36. Belə ki, materiallardan görünür ki, cavabdeh yalnız K2310 saylı, xx.xx.2018-ci il tarixli müqavilənin ləğvi ilə bağlı iddiaçıya xx.xx.2023-cü il tarixdə təklif ünvanlamış, daha sonra həmin müqavilə ikitərəfli razılaşma əsasında xx.xx.2023-cü il tarixində ləğv edilmiş, cavabdeh sazişdə yaranmış borcunun 2518,34 manat olduğunu təsdiq etmişdir.
37. Cavabdeh digər iki müqaviləyə xitam verilməsi, 1116 və 1112 saylı qeyri-yaşayış sahələrinin iddiaçıya geri qaytarılması təşəbbüsü irəli sürməmiş, bu barədə iddiaçıya yazılı təklif ünvanlamamış, digər iki müqavilə iddiaçı tərəfindən icarə haqlarının ödənilməməsi səbəbindən müqavilələrin 9.3-cü bəndinə əsasən birtərəfli qaydada ləğv edilmişdir.
38. Bu səbəbdən məhkəmə cavabdehin etirazında göstərdiyi xüsusatları əsassız hesab edir.
39. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış icarə müqavilələrinin 4.3cü bəndinə əsasən hesablanmış dəbbə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
40. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
41. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.
42. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
43. Belə olan halda məhkəmə xx.xx.2018-ci il tarixli, K2310 saylı icarə müqaviləsi üzrə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən həmin müqavilə üzrə tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə həmin müqavilə üzrə 100 manat məbləğində müəyyən edilməlidir.
44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
45. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 70 manat mediasiya xərci cavabdehə aid edilməlidir.
V. Nəticə: Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 01 fevral 2018-ci il tarixli, 1112 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 603,50 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 10,89 manat məbləğində dəbbə pulu, 01 fevral 2018-ci il tarixli, 1116 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 363 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 10,89 manat məbləğində dəbbə pulu, 01 fevral 2018-ci il tarixli, K2310 nömrəli icarə müqaviləsi üzrə ödənilməli olan 2.518,34 manat məbləğində icarə haqqı borcu, ona hesablanmış 100 manat məbləğində dəbbə pulu, ödənilmiş 70 manat məbləğində mediasiya xərci, ümumilikdə 3676,62 (üç min altı yüz yetmiş altı manat altmış iki qəpik) manat məbləğində pul tutularaq İddiaçınə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova