Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3891/2023 30.10.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: borcun ödənilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi üzrə yaranmış 2.648,81 manat icarə haqqı borcu, 1.884 manat kommunal haqqı borcu, 124,50 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 4.657,31 manat pulun, ilkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə 62 manat məbləğində haqqın və 4,57 manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh arasında 28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Tbilisi pr., 35 ünvanında "xxxx" Plaza adlanan inzibati binanın - 1-ci mərtəbəsində 102 nömrəli sahə - 214,8 kv. metrdən ibarət restoran üçün nəzədə tutulmuş sahəni, eləcə də müqavilənin əlavəsində nəzərdə tutulmuş avadanlıq və restoran üçün ləvazimatları 11 ay müddətinə icarəyə götürməyi və aylıq 1.500 manat icarə haqqını iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Müqavilənin 5.1-ci bəndinə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər gecikdirilmiş 1 gün üçün icarəyə verənə icarə haqqının 0,1 %-i məbləğində dəbbə pulu ödəyir. Beləliklə, cavabdeh tərəfindən icarə haqqı ödənilməmiş və nəticədə 2.648,81 icarə haqqı borcu, 1.884,0 manat kommunal haqqı borcu, 124,50 manat icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə olmaqla, ümumilikdə 4.657,31 manat borc yaranmışdır. Tərəflər arasında imzalanmış 1 iyul 2022-ci il tarixli Sazişə əsasən 28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsinə 1 iyul 2022-ci il tarixindən xitam verilmişdir.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə izahat verərək, icarə və kommunal haqqı üzrə 4000 manat borcunun olmuş olduğunu qəbul etmiş ancaq, “biznesi” İbrahimov Ələsə satdığını bildirdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 675-ci maddəsinə əsasən Əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
7. Mediasiya haqqında qanunun 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır.
9. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, "xxxx" ASC (onun adından çıxış edən "xxxx" MMC) ilə Cavabdeh arasında 28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi bağlanmışdır.
10. Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyə verən bu müqavilənin 1.2-ci maddəsində göstərilən icarə obyektini bu müqavilənin şərtləri çərçivəsində icarəçiyə icarəyə verməyi, icarəçi isə icarə obyektini (Bakı ş, Yasamal rayonu, Tbilisi pr.35 ünvanında yerləşən “ASK Plaza” adlanan binada -1-ci mərtəbə, 102 saylı sahə 214.8 kv.m-dən ibarət restoran üçün nəzərdə sahə, eləcə də müqavilənin əlavəsində göstərilən avadanlıq və restoran üçün nəzərdə tutulmuş ləvazimatlar) icarə müddəti ərzində təyinatına uyğun olaraq ofis sahəsinə zərər vurmadan icarəsinə götürməyi və bu müqavilə ilə müəyyən edilmiş icarə haqqını icarəyə verənə bu müqavilədə göstərilən müddət ərzində ödəməyi, habelə bu müqaviləyə xitam verildikdə icarə obyektini icarəyə verənə qaytarmağı öz öhdəsinə götürür.
11. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən xx.xx.2022-ci il tarixindən etibarən aylıq 1500 manat (ƏDV daxil) məbləğində icarə haqqı ödəyir.
12. Müqavilənin 2.2-ci bəndinə əsasən bu müqavilə üzrə icarə haqqı hər ayın 5dən gec olmayaraq icarəyə verənin bank hesabına hesab-fakturaya və elektron qaiməyə əsasən köçürmə yolu ilə ödənilməlidir.
13. Müqavilənin 4.2.4-cü bəndinə əsasən icarə obyektindən istifadəyə görə icarə haqqını, kommunal ödənişləri və digər tədiyyələri vaxtında ödəmək icarəçinin vəzifəsidir.
14. İşin digər mübahisələndirilməyən halı ondan ibarətdir ki, tərəflər arasında icarə hüquq münasibətinə xx.xx.2022-ci il tarixdən xitam verilmiş və bu barədə tərəflər arasında xx.xx.2022-ci il tarixdə saziş bağlanmışdır.
15. Həmin sazişin 2-ci bəndinə əsasən icarəçi (indiki halda Cavabdeh) bəyan edir ki, icarə obyektini 02 iyul 2022-ci il tarixinə qədər təhvil verir və icarə dövrü ərzində 3997,81 manat icarə haqqı, 1885 manat kommunal haqqı olmaqla, cəmi 5882,81 manat yaranmış borc məbləğini xx.xx.2022-ci il tarixinə kimi qaytarmağı öhdəsinə götürür.
16. İddiaçı tərəf iddiada göstərilmiş pul məbləğinin tutulmasını xahiş edir.
17. Məhkəmə iclasında iştirak edən cavabdeh tərəf isə kommunal haqqı və icarə haqqı borcu üzrə təxmini 4000 manat məbləğində borcu olmuş olduğunu qəbul etmiş ancaq, bildirmişdir ki, 2022-ci ilin iyul ayında obyekti təhvil vermiş və “biznesini” X5 adlı şəxsə satmışdır, İbrahimov Ələs də, qeyd edilmiş borcu ödəməyi öz öhdəsinə götürmüş və 2 dəfə 500 manat məbləğində ödəniş etmişdir.
18. Məhkəmə cavabdehin etirazının dəlinini əsassız hesab edir. Belə ki, hazırkı mübahisənin faktiki əsasını təşkil edən icarə müqaviləsi məhz "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmışdır və Cavabdeh ilə X5 arasında olan danışıq və ya razılaşmanın hazırkı mübahisənin həlli baxımından heç bir əhəmiyyəti yoxdur.
19. Yuxarıda qeyd edilmiş xitam sazişindən də, göründüyü kimi, cavabdehin özü icarə obyektini təhvil verərəkən 3.997,81 manat icarə haqqı, 1.885 manat kommunal haqqı borcunun olduğunu qəbul etmişdir.
20. İşə iddiaçı tərəfindən əlavə edilmiş mühasibatlıq sənədi çıxarışından görünür ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi üzrə 04.07.22-ci il tarixində 100 manat, 08.07.22-ci il tarixində 150 manat, xx.xx.2022-ci il tarixində 100 manat, 11.08.22-ci il tarixində 500 manat, 30.09.22-ci il tarixində 500 manat məbləğində ödənişlər edilmiş, həmin ödənişlər cavabdehin həm icarə haqqı, həm də kommunal haqqı borcundan silinmişdir.
21. Qeyd edilmiş məbləğlərin sadə riyazi hesablama ilə cəmi 1.350 manat təşkil edir. İddiaçı tərəf isə qeyd edilmiş məbləğin 1.349 manat hissəsini sazişdə etiraf edilmiş icarə haqqı borcundan çıxaraq 2.648,81 (3997,81-1349) manat icarə haqqı borcunu, 1 manat hissəsini isə sazişdə etiraf edilmiş kommunal haqqı borcundan çıxaraq 1.884 (1885-1) manat pulun tutulmasını xahiş edir.
22. Bundan başqa, işdən görünür ki, EBBV seriyalı, 046516 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 708 manat olan (28 dekabr 2021-ci il tarixli 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi üzrə xx.xx.2022-xx.xx.2022 dövr üzrə kommunal haqqı borcuna görə), EBBW seriyalı, 650504 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 640 manat olan (xx.xx.2022xx.xx.2022 dövrü üzrə kommunal haqqı borcuna görə), EBBY seriyalı, 786915 nömrəli, xx.xx.2022-ci il tarixli, dəyəri 536 manat olan (xx.xx.2022-xx.xx.2022 dövrü üzrə elektrik enerjisinin istifadəsinə və su sərfiyyatına görə) iddiaçı tərəfindən cavabdehə elektron qaimələr göndərilmişdir.
23. Sadə riyazi hesablama ilə görünür ki, göndərilmiş olan elektron qaimələrdəki məbləğlərin cəmi 1884 manat təşkil edir.
24. Belə olan halda, məhkəmə hesab edir ki, icarə haqqı borcu üzrə 2.648,81 manat və kommunal haqqı borcu üzrə 1884 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya ödənməlidir.
25. Məhkəmə icarə haqqının ödənilməmiş günlərinə görə hesablanmış cərimə borcu üzrə 124,50 manat məbləğində pulun tutulması ilə bağlı aşağıdakıları qeyd edir.
26. İlk növbədə qeyd edilməlidir ki, cərimə borcunun tələb edilməsi imkanı tərəflər arasında bağlanmış müqavilənin 5.1-ci bəndindən irəli gəlir. Belə ki, həmin bəndə əsasən icarəçi icarə haqqının ödənilməsini gecikdirdikdə, hər 1 gecikdirilmiş gün üçün icarəyə verənə icarə haqqının 0,1 % məbləğində dəbbə pulu ödəməlidir.
27. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.
28. Hazırki işin hallarından görünür ki, cavabdehin 2648,81 manat əsas (icarə haqqı) borcuna münasibətdə 124,50 manat məbləğində dəbbə pulu ağlabatan və ədalətlidir.
29. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən mediasiya xidmət haqqı olaraq 62 manat məbləğində pul Bakı 12 X3 ödənmişdir.
30. Ona görə də, mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 62 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
31. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən ödənilməli olan rüsum məbləği 66,57 manat təşkil etmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikası qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
32. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli, ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 4,57 manat məbləğində pul ödənmişdir.
33. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq 4,57 manat məbləğində pul vəsaiti də, cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
34. Belə olan halda məhkəmə hesab edir ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
35. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli, 11-İ-2021-0079 nömrəli icarə müqaviləsi üzrə icarə haqqı borcu üzrə 2648 (iki min altı yüz qırx səkkiz) manat, 81 (səksən bir) qəpik, kommunal haqqı borcu üzrə 1884 (bir min səkkiz yüz səksən dörd) manat, cərimə borcu üzrə 124 (bir yüz iyirmi dörd) manat, 50 (əlli) qəpik olmaqla, cəmi 4657 (dörd min altı yüz əlli yeddi) manat, 31 (otuz bir) qəpik məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Mediasiya prosesinə çəkilmiş xərcin əvəzi olaraq 62 (altmış iki) manat məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 4 (dörd) manat, 57 (əlli yeddi) qəpik məbləğində pul Cavabdeh tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov