Məhkəmə qərarları › İş №e-2-2(113)-3892/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3892/2021

30.09.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3892/2021 30.09.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və iddianın dəqiqləşdirilməsi ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən 2021-ci ilin aprel ayınadək əsassız hesablanmış 78574,57 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, tərəflərin arasında AMX-3646/20 saylı 24.07.2020-ci il tarixli “Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısına dair” müqavilə imzalanmışdır. Həmin müqavilənin bağlanmasına səbəb kimi isə, təsisçisi olduğu "xxxx" MMC-yə 99 illik icarə hüququ ilə məxsus olan, Abşeron rayonu, X3 Sovxozu ərazisində 3,08 ha torpaq sahəsində yerləşən istixanada yetişdirdiyi tərəvəzlərin qaz təminatının təmin edilməsi məqsədi daşıdığını bildirmişdir. İddiaçı yuxarıda qeyd olunan ünvan üzrə istifadə etdiyim qazın sərfi kimi 2021-ci ilin yanvar ayı üçün 94.664 m olmaqla 18.932,80 manat; fevral ayı üçün 102.265 m olmaqla 20.453 manat, 2021-ci ilin mart ayı üçün 102.269 m olmaqla 20.453,80 manat və 2021-ci ilin aprel ayı üçün 198,80 manat, ümumilikdə isə 60.038,40 manat borc hesablandığını, 2020-ci ilin noyabr ayına cavabdeh tərəfindən mənə 9.703,80 manat, dekabr ayı üçün 18.633,20 manat borc vəsaiti hesablandığını, həmin məbləğ də nəzərə alınmaqla onun cavabdehə 78.574,57 manat məbləğində borcunun olması göstərilmişdir. “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq, sahibkarların fəaliyyətində yaranmış durğunluq, malların xaricə idxalında yaranmış problemlərin iddiaçıya da öz təsirini göstərdiyini və bunun nəticəsində onun istixanada tərəvəzlərin yetişdirilməsini demək olar ki, dayandırdığını bildirmişdir. Qış aylarında onun istehsalı 80 faiz düşmüş, ancaq cavabdeh tərəfindən ona aylar üzrə kifayət qədər böyük məbləğlərdə borc hesablandığını bildirmişdir. O istifadəsində olan yuxarıda adı çəkilən əraziyə verilən qaz xətti ilə nəql edilən qazın hesablanması üçün quraşdırılmış sayğacın cavabdehin tabeçiliyndə olan ərazidə yerləşdiyini, həmin sayğacın göstəricilərinə cavabdehin əməkdaşlarının nəzarət etdiyini bildirmişdir. Cavabdehə 10.07.2021-ci il tarixli pretenziya məktubu ilə müraciət etmiş, əsassız hesablanmış borc məbləğinin silinməsini xahiş etmiş, ancaq buna dair ona rəsmi bir cavab verilməmişdir. İddiaçı sayğacın göstəriciləri səhv olduğunu və qaz xətti ilə nəql edilmiş faktiki olaraq istifadə etdiyi qaz arasında böyük fərq yarandığını, həmin fərqin onun tərəfindən ödənilməsinin mümkünsüz olduğunu bildirmişdir. Bununla bağlı şifahi qaydada cavabdehin əməkdaşlarına müraciət edərək araşdırmanın aparılmasını istədiyini, ancaq ondan hesablanmış borcun ödənilməsini tələb etdiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunanlarla eyni məzmunlu izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh tərəfindən quraşdırılmış sayğacın düzgün işləməməsi səbəbindən artıq borc hesablanmış, həmin borcun silinməsi və nasaz sayğacın yoxlanılması ilə bağlı Cavabdehnə şifahi olaraq müraciət olunsa da, Cavabdeh tərəfindən cavab alınmamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddianı qəbul etməyərək, izahatında bildirmişdir ki, abonentlə 2020-ci ilin iyul ayında müqavilə bağlanmış abonent saldosuna əsasən isə ən azı son üç ildə sayğac qüsursuz işləmişdir. Məhkəmədən sayğacın nasazlığı barədə iddiaçının birliyə nə şifahi, hədə ki yazılı müraciətin olmadığını nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: **********00000 abonet kodu (abonent İddiaçı) olan saldodan görünür ki, 2018-2021ci illərdə Elster G-400 EK-220 tipli sayğacla bağlı hər hansı akt tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, hazırki iddia ərizəsi rədd edilməlidir, belə ki, iddiaçı nasaz sayğacın düzgün işləməməsi və artıq borcun hesablanması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməməklə yanaşı, nasaz işləyən sayğacın yoxlanılması məqsədi ilə Cavabdehnə şifahi, hədə ki yazılı müraciət etməmişdir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh tərəfindən 2021-ci ilin aprel ayınadək əsassız hesablanmış 78574,57 manat məbləğində borcun silinməsi tələbi ilə bağlı iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh tərəfindən 2021-ci ilin aprel ayınadək əsassız hesablanmış 78574,57 manat məbləğində borcun silinməsi tələbi ilə bağlı iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar