Məhkəmə qərarları › İş №e-2-2(113)-3895/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3895/2021

08.10.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3895/2021 08.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə Şıxsafa oğlunun iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə əsasında təhvil verilmiş malın və göstərilmiş xidmətin ödənilməmiş olan 874372 manat dəyərinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında bağlanmış 07.01.2020-ci il tarixli 02/01 saylı müqaviləyə əsasən iddiaçı cavabdehi müxtəlif markalı beton məhsulu ilə təchiz etməyi, cavabdeh isə həmin məhsulu qəbul edib müqavilədə göstrəilmiş şərtlərlə dəyərini ödəməyi öhdəsinə götürmüşdür. 15.01.2020-ci il tarixli 03\01 saylı müqavilə ilə isə iddiaçı cavabdehi 1 tonunun dəyəri ƏDV-siz 800 manat olan “KMİ S56A”markalı; 1 tonunun dəyəri ƏDV-siz 1000 manat olan “KMİ S250” markalı və 1 tonunun dəyəri 1500 manat olan “KMİ BLAİNE D80” markalı beton qatqıları ilə təchiz etməyi, cavabdeh isə həmin qatqıları qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin cavabdehlə aralarında bağlanmış 04.03.2020-ci il tarixli 10\03 saylı xidmət müqaviləsinə əsasən iddiaçı özünə məxsus avtopompa (beton vuran nasos) vasitəsi ilə cavabdehin tikinti obyektinə beton məhlulunu vurmağı, cavabdeh isə göstərilən xidmətin dəyərini müqavilədə razılaşdırılmış qiymətlərlə və şərtlərlə iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Yuxarıda göstərilən məhlullar cavabdehə müqavilə şərtlərinə uyğun qaydada təhvil verilmiş və xidmət göstərilmişdir. Lakin cavabdeh tərəfindən təhvil verilən məhlulun və göstərilmiş xidmətin dəyəri tam şəkildə ödənilməmişdir. Belə ki, təhvil verilmiş beton məhluluna görə 284 193 manat; kimyəvi beton qatqısına görə 561 717 manat və avtopompa ilə göstərilən xidmətə görə 28 462 manat cavabdeh tərəfindən hazırkı vaxta kimi ödənilməmişdir. Cavabdehlə aralarında imzalanmış üzləşmə aktları ilə yaranmış borc məbləğləri tam şəkildə təsdiqini tapmış və cavabdeh tərəfindən həmin aktlar imzalanmışdır. Yaramış borcun ödənilməsi məqsədi ilə cavabdehə 01 saylı 26.01.2021-ci il tarixli pretenziya məktubu ilə müraciət edilmişdir. Lakin hazırkı vaxta kimi həmin məktuba cavabdeh tərəfindən heç bir cavab verilməmiş və borc ödənilməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli 02/01 saylı alqısatqı müqaviləsinə əsasən satıcı (iddiaçı) müqavilədə nəzərdə tutulmuş şəxslər əsasında alıcını (cavabdehi) müxtəlif markalı beton məhsulu ilə təmin etməyi öhdəsinə götürür. Məhsulların miqdarı və qiyməti razılaşma protokolunda qeyd edilmişdir. Müqavilənin 9-cu bəndinə əsasən müqavilənin ümumi məbləği qaimə fakturaların ümumi məbləğinin cəmini təşkil edir. Müqavilə üzrə ödəmələr alıcı tərəfindən müəyyənləşdirilmiş qaydada və məbləğdə satıcının təqdim etdiyi sənədlər (qaimələr, aktlar, vergi hesab fakturalar, hesab fakturalar və digər sənədlər) əsasında aparılır. 07 yanvar 2020-ci il tarixli 02/01 saylı müqavilə üzrə qiymət razılaşma protokolunda iddiaçı tərəfindən satılacaq beton məhsullarının qiyməti öz əksini tapmışdır. İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 yanvar 2020-ci il tarixli 03/01 saylı alqısatqı müqaviləsinə əsasən müqavilə ilə satıcı alıcının hər dəfə təqdim edəcəyi sifarişə əsasən uğunluq sertifikatında nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə tam cavab verən qatqını istismara tam yararlı vəziyyətdə alıcıya təhvil-təslim verməyi, alıcı isə həmin malı qəbul edərək onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdələrinə götürürlər. Müqavilənin 2.1-ci bəndinə əsasən KMİ S56A markalı malın hər bir tonunun qiyməti 800 manat, KMİ S250 markalı malın hər bir tonunun qiyməti 1000 manat, KMİ BLAİNE D80 markalı malın hər bir tonunun qiyməti 1500 manatdır (qiymətlərə ƏDV daxil deyil). Bu qiymətə malın sifarişçinin təyin etdiyi ünvana qədər (şəhərdaxili) daşınma xərcləri də daxildir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 yanvar 2019-cu il tarixli 25/01-19 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı (iddiaçı) alıcının (cavabdeh) hər dəfə təqdim edəcəyi sifarişə əsasən uyğunluq sertifikatında nəzərdə tutulmuş keyfiyyət göstəricilərinə tam cavab verən qatqını istismara tam yararlı vəziyyətdə alıcıya təhvil-təslim verməyi, alıcı isə həmin malı qəbul edərək onun məbləğini tam miqdarda satıcıya ödəməyi öhdələrinə götürürlər. Müqavilənin 2-ci bəndinə əsasən KMİ S56A, KMİ S56 markalı malın hər bir tonunun qiyməti 860 manatdır (qiymətlərə ƏDV daxil deyil). Bu qiymətə malın sifarişçinin təyin etdiyi ünvana qədər (şəhərdaxili) daşıma xərcləri də daxildir. Malın hər bir sifarişçinin dəyəri satıcı tərəfindən təqdim olunacaq hesab fakturalara əsasən mal tədarük edildikdən sonra ödəniləcəkdir. Bu Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan məbləğ satıcıya alıcı tərəfindən yalnız mal sonuncunun təyin etdiyi ünvanda ona təhvil verildikdən sonra 15 gün ərzində ödəniləcəkdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 04 mart 2020-ci il tarixli 10/03 saylı xidmət müqaviləsinə əsasən icraçı sifarişçinin sifarişi əsasında özünə məxsus texnikalarla sifarişçiyə aid ərazilərdə (Bakı şəhəri üzrə) öz xidmətini həyata keçirir (avtopompa (betonasos) xidməti – 1 kubmetr üçün qiyməti 3,50 manat). Müqavilənin 1-ci bəndinə əsasən sifarişçi maşın və mexanizmləri obbyektlər üzrə rahat hərəkət etməsini təmin edir. İcraçı özünə məxsus texnikaların təcili təmirini, işçilərin iş vaxtı normalarına uyğun işləməsinə, sifarişçinin sifarişlərini yerinə yetirməyə təminat verir. Müqavilənin 2-ci bəndinə əsasən göstərilən xidmətlərin miqdarı icraçı tərəfindən təqdim olunmuş elektron qaimə fakturaya əsasən 5 iş günü ərzində sifarişçi tərəfindən ödəniş həyata keçirilir. EBAX 083399 nömrəli 05.02.2021-ci il tarixli, EAAP 789092 nömrəli 31.01.2019-cu il tarixli, EAAQ 825199 nömrəli 25.02.2019-cu il tarixli, EAAV 046151 n ömrəli 29.05.2019cu il tarixli, EAAW 064874 nömrəli 20.06.2019-cu il tarixli, EAAX 817361 nömrəli 30.07.2019-cu il tarixli, EAAY 592722 nömrəli 16.08.2019-cu il tarixli, EBAD 021168 nömrəli 26.11.2019-cu il tarixli, EBAX 083399 nömrəli 05.02.2021-ci il tarixli, EBAF 491933 nömrəli 27.01.2020-ci il tarixli, EBAF 599407 nömrəli 29.01.2020-ci il tarixli, EBAG 826757 nömrəli 26.02.2020-ci il tarixli, EBAH 356453 nömrəli 06.03.2020-ci il tarixli, EBAH 458317 nömrəli 10.03.2020-ci il tarixli, EBAH 640704 nömrəli 13.03.2020-ci il tarixli, EBAH 860046 nömrəli 18.03.2020-ci il tarixli, EBAJ 082126 nömrəli 23.04.2020-ci il tarixli, EBAJ 351358 nömrəli 30.04.2020-ci il tarixli, EBAL 274655 nömrəli 23.06.2020-ci il tarixli, EBAL 780445 nömrəli 30.06.2020-ci il tarixli, EBAN 326503 nömrəli 06.08.2020-ci il tarixli, EBAN 326818 nömrəli 11.08.2020-ci il tarixli, EBAR 270841 nömrəli 14.10.2020-ci il tarixli, EBAR 975976 nömrəli 30.10.2020-ci il tarixli, EBAS 213780 nömrəli 05.11.2020-ci il tarixli, EBAS 533736 nömrəli 13.11.2020-ci il tarixli, EBAW 074842 nömrəli 18.12.2020-ci il tarixli, EBAW 390139 nömrəli 25.12.2020-ci il tarixli, EBAV 617339 nömrəli 30.12.2020-ci il tarixli elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə göndərilmiş elektron qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə müxtəlif miqdarda, çeşiddə mallar təhvil verilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli aktdan görünür ki, 02.01.2020-ci il tarixə cavabdehin betona olan borcunun 299193 manat olduğu tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli aktdan görünür ki, 05.01.2021-ci il tarixə cavabdehin beton qatqısına olan borcunun 561717 manat olduğu tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 05 yanvar 2021-ci il tarixli aktdan görünür ki, 05.01.2021-ci il tarixə cavabdehin pompa xidmətlərinə olan borcunun 28462 manat olduğu tərəflərin möhürləri və səlahiyyətli nümayəndələrinin imzaları ilə təsdiq edilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış 26 yanvar 2021-ci il tarixli 01 nömrəli məktubdan görünür ki, iddiaçı aralarında bağlanmış müqavilə üzrə cavabdehin 29.01.2021-ci il tarixə olan borcunu 1 ay ərzində ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 16.04.2021-ci il tarixli məktuba əsasən betona görə - 284193 manat, kimyəvi əlavəyə görə - 566884 manat, beton nasosla xidmətə görə 28462 manat olan borcun tərəflərindən gecikdirilməsi təsdiq edilmiş, həmin borcların 31.05.2021-ci il tarixə qədər ödəniləcəyi göstərilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 04 mart 2020-ci il tarixli 10/03 saylı, 15 yanvar 2019-cu il tarixli 25/01-19 saylı, 15 yanvar 2020-ci il tarixli 03/01 və 07 yanvar 2020-ci il tarixli 02/01 saylı müqavilələrdən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı və xidmət müqavilələri və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Nəticə: Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin 04 mart 2020-ci il tarixli 10/03 saylı, 15 yanvar 2019-cu il tarixli 25/01-19 saylı, 15 yanvar 2020-ci il tarixli 03/01 və 07 yanvar 2020-ci il tarixli 02/01 saylı müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə 874372 manat borcunun yarandığını, həmin borcun cavabdeh tərəfindən etiraf edildiyini, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən ümumilikdə 874372 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 874372 (səkkiz yüz yetmiş dörd min üç yüz yetmiş iki) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar