Məhkəmə qərarları › İş №e-2-2(113)-390/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-390/2025

01.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-390/2025 01.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Qanuni nümayəndə1 və Cavabdeh3 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kredit müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə1 qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) cavabdehlər Cavabdeh2 (Cavabdeh2 MMC), Cavabdeh3 və Qanuni nümayəndə1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən birgə qaydada DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizəyə 40282,74 manat (qırx min iki yüz səksən iki manat yetmiş dörd qəpik) əsas borc, 188,67 manat (bir yüz səksən səkkiz manat altmış yeddi qəpik) faiz borcu, 8419,75 manat (səkkiz min dörd yüz on doqquz manat yetmiş beş qəpik) cərimə borcu olmaqla, cəmi 48891,16 manat (qırx səkkiz min səkkiz yüz doxsan bir manat on altı qəpik) məbləğində borcun, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 236,68 manat (iki yüz otuz altı manat altmış səkkiz qəpik) məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC (bundan sonra “Bank”) ilə "xxxx" MMC (bundan sonra “Borcalan”) arasında xx.xx.2021-ci il tarixdə bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə OnGTC-03969LE\2019 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X5 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Sonradan tərəflər arasında ümumi şərtlər toplusu çərçivəsində xx.xx.2021-ci il tarixli, DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. Bundan başqa, borcalan "xxxx" MMC-nin bank qarşısında öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə: bank ilə X1 arasında DC00315709-02 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********715 saylı zaminlik müqaviləsi, Cavabdeh3 arasında DC00315709-02 saylı maliyyələşdirmə üzrə ərizənin təminatı olaraq xx.xx.2021-ci il tarixli, DG**********715 saylı zaminlik müqavilələləri bağlanmışdır. Hazırda borcalanın xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən DC00315709-02 saylı kredit müqaviləsinə əsasən 40282,74 (qırx min iki yüz səksən iki manat yetmiş dörd qəpik) manat əsas borc, 188,67 (bir yüz səksən səkkiz manat altmış yeddi qəpik) manat faiz borcu, 8419,75 (səkkiz min dörd yüz on doqquz manat yetmiş beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 48891,16 (qırx səkkiz min səkkiz yüz doxsan bir manat on altı qəpik) manat təşkil edir. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini 332 gün icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də bank tərəfindən məhkəməyəqədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Bildirilmişdir ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün bank tərəfindən 236,68 (iki yüz otuz altı manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. X6 4-cü bölümünün 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair X6 4cü bölümünün 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda X7 əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 385.1, 421.2, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 465.2, 470, 472-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Qanuni nümayəndə1 birgə qaydada DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40282,74 manat əsas borc, 220,65 manat faiz borcu, 13687,18 manat cərimə borcu, müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2657,54 manat olmaqla, cəmi 56848,11 manat məbləğində borcun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

6. Cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

7. İddiaçının nümayəndəsi X4 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianı müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, müqavilə müddəti bitdikdən sonra ödəniş edilməmiş, sonradan edilmiş ödənişlər faiz məbləğindən çıxılıbdır.

8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında xx.xx.2021-ci il tarixli, OnGTC- 03969LE/2021 saylı Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır.

9. X6 “Müqavilənin predmeti” adlı hissəsində qeyd olunur ki, bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, inkassasiya xidməti, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər öz əksini tapmışdır. Müqavilədə qeyd olunan xidmətlərdən hər hansı birinin bank tərəfindən bu müqavilənin şərtlərini qəbul etmiş müştəriyə təqdim olunması üçün müvafiq xidmətin təqdim olunmasını nəzərdə tutan ərizə formalarının banka təqdim olunması və ya bu müqavilə ilə müvafiq xidmətin göstərilməsi üçün ərizə formalarında qeyd edilməsi nəzərdə tutulan məlumatların https://Pashabank.digital və ya https://ib.pashabank.az internet səhifəsi üzrə müştəri üçün fərdi qaydada yaradılmış modullar vasitəsilə müştərinin özü və ya səlahiyyətli nümayəndəsi tərəfindən doldurularaq təqdim edilməsi tələb olunur. Müştərinin təklifinin (sifarişi) qəbul edilməsi bankın yazılı məlumatı və ya xidməti təqdim etmək hərəkəti əsasında iradəsinin bəyanı ilə təsdiq olunur. Müştəriyə yalnız sifariş edilən və ərizədə qeyd edilən xidmət təqdim olunacaq. Ərizə bankın və müştərinin imza və möhürü ilə, yaxud gücləndirilmiş elektron imzası ilə təsdiqləndiyi halda bank tərəfindən icraya qəbul ediləcək. Hər bir bank xidməti üzrə həmin xidmətin başlama və bitmə tarixləri, faiz, xidmət haqqı, xidmətin göstərilmə yeri və sair şərtlər xidmətin sorğu edildiyi ərizədə öz əksini tapacaq. Bu müqavilə çərçivəsində təqdim olunan ərizə bu müqavilənin ayrılmaz hissəsini təşkil edir. Müvafiq ərizə ilə və müqavilə şərtləri arasında uyğunsuzluq olarsa, ərizə şərtləri üstünlük təşkil edəcək. Tərəflər arasında bu müqavilədə qeyd olunmuş xidmətlər üzrə daha əvvəl imzalanmış və xitam verilməmiş digər müqavilələr mövcud olduğu halda, bu müqavilənin şərtlərinin müştəri tərəfindən qəbul edilməsi əvvəlki müqavilə şərtlərini qüvvədən salır və hal-hazırda göstərilməkdə olan xidmətlərə də bu müqavilə şərtləri tətbiq olunur. X6 “Bank hesabı” adlı hissəsinin 1.1-ci bəndində əsasən bank, müştərinin müraciəti əsasında ona “Bank hesabının açılması üçün ərizə” formasında göstərilən valyuta(lar)da cari hesab açmağı, onun tapşırığı ilə Azərbaycan Respublikası qanunvericiliyi, Mərkəzi Bankın normativ sənədləri ilə nəzərdə tutulmuş bütün hesablaşma və kassa əməliyyatlarını həyata keçirməyi, yəni açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsi və verilməsi, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. Müştəri isə bunun müqabilində Bankın qüvvədə olan tariflərinə uyğun olaraq müvafiq xidmət haqqını ona ödəməyi öhdəsinə götürür. Həmin hissənin 5.1-ci bəndinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir. Həmin hissənin 5.2-ci bəndinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir. X6 4-cü hissəsinin 3.1-ci bəndinə əsasən kredit, bank tərəfindən kredit məbləğinin müştəriyə bankda onun üçün açılan kredit hesabından cari hesabına köçürülməsi yolu ilə verilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.2-ci bəndinə əsasən müştəri kreditdən istifadəyə görə banka “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada faizləri ödəyir. Həmin hissənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verildiyi günün ertəsi günündən kredit qaytarılan günədək hesablanır. Həmin hissənin 3.5-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər müştəri tərəfindən banka nağd və ya köçürmə yolu ilə ödənilir. Faizlərin son ödənişi kreditin son ödənişi ilə birlikdə həyata keçirilir (Overdraftlara şamil olunmur). Həmin hissənin 3.6-cı bəndinə əsasən kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin ödəmə qrafiki müvafiq kredit müqaviləsinin ayrılmaz hissəsi olan qoşmada göstərilir və əgər belə qoşma mövcud deyilsə, bu məbləğlər “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan tarixdə ödənilir. Həmin hissənin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və “Maliyyələşdirmə üçün ərizə” formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Həmin hissənin 3.12-ci bəndinə əsasən müştəri tərəfindən banka ediləcək bütün ödənişlər heç bir qarşılıqlı hesablama aparılmadan, qarşılıqlı tələb təqdim edilmədən, mənbədə tutma tətbiq edilmədən həyata keçiriləcək, bu bir şərtlə ki, müştəri qanun ilə belə bir mənbədən tutmanı aparmağa dair öhdəlik daşımasın. Belə olan təqdirdə isə müştəri tərəfindən ödənilən məbləğ elə bir şəkildə aparılmalıdır ki, ona görə bankın faktiki alacağı məbləğ hər hansı mənbədə tutmanın mövcud olmadığı halda alacağı məbləğə bərabər olsun. Hər hansı bir anlaşılmazlığın aradan qaldırılması üçün kredit müqaviləsində göstərilmiş bütün faiz, komissiya haqları, yaxud digər ödəniş məbləğlərinə heç bir mənbədə tutulan vergi, rüsum və yaxud haqq daxil deyildir. Həmin hissənin 5.2-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə, kreditdən “Maliyyələşdirmə üçün ərizə” forması ilə müəyyən olunan məqsədlər üçün istifadə edilmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı bankın əsaslı ehtimalları yarandıqda, müqavilənin İV.2.4. yarımbəndində göstərilən şərtlər, habelə Maliyyələşdirmə üçün Ərizə əsasında müştəri üçün müəyyən olunan öhdəliklər müştəri tərəfindən pozulduqda, qanunvericiliklə və bu müqavilə ilə nəzərdə tutulan digər hallarda bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və/və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər.

10. Bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul edilməsi barədə xx.xx.2021-ci il tarixli razılaşmanın məzmunundan görünür ki, Cavabdeh2 MMC bu razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X6 bankın rəsmi internet səhifəsində https:/www.pashabank.az/gsa_addendum/lang.az/ link üzrə yerləşdirilən xx.xx.2021-ci il tarixli 1.0.3 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər və ya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. Müştəri özü/hüquqi şəxs olduqda onun adından imzalayan şəxs “ASAN Finans” sistemi vasitəsilə şəxsiyyət vəsiqəsi və iş yeri üzrə müəyyən olunan məlumatların banka təqdim olunmasına özü tərəfindən razılıq geri götürülmədiyi təqdirdə, bank ilə müqavilə münasibətlərinə xitam verilənə və/və ya onun qarşısındakı öhdəlikəri tam icra olunan müddətədək təqdim olunmasına razılıq verir. Bank müqaviləyə edilən hər bir əlavə və dəyişiklik haqqında müştəriyə yazılı xəbərdarlıq göndərməklə, müqavilənin yenilənmiş versiyasını link üzrə yerləşdirir. Müştəri isə, əlavə və dəyişikliklərlə tanış olur və onlarla razı olmadığı təqdirdə, bu haqda xəbərdarlığın ona göndərildiyi tarixdən etibarən 3 (üç) gün ərzində banka yazılı məlumat verir. Bu halda müştəri göstərilən xidmətlərdən istifadəni dayandıra və ya bank ilə müqavilə münasibətlərinə müqaviləyə uyğun olaraq xitam verə bilər. Müştəri təsdiq edir ki, onun banka təqdim etdiyi yeganə əlaqə vasitəsi mobil telefon nömrəsidirsə və SMS məlumatlandırma xidməti üçün müvafiq mobil nömrədə kütləvi xarakterli mesajların alınmasına məhdudiyyət qoyulmuşdursa, habelə banka təqdim etdiyi əlaqə vasitələrində dəyişiklik olmuş, lakin bu barədə banka yazılı məlumat verməmişdirsə, bank əlavə və dəyişikliklər barədə məlumatın müştəriyə çatımlı olması üçün heç bir məsuliyyət daşımır. Bu halda, müştəri daim bankın rəsmi internet səhifəsindən müqavilə üzrə yenilikləri özü izləməlidir. Razılaşmada izahı verilməyən anlayışlar müqavilədə ifadə olunduğu mənanı daşıyır. Razılaşma ilə müqavilə arasında hər hansı ziddiyyət və ya uyğunsuzluq aşkar olunduğu təqdirdə isə razılaşmanın müddəalarına üstünlük verilir. Razılaşma imzalandığı gündən qüvvəyə minir və müddətsiz olaraq bağlanır. Razılaşma əsasında qəbul edilən müqaviləyə xitam verilməsi şərtləri ilə tənzimlənir.

11. xx.xx.2021-ci il tarixli, DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir.

12. xx.xx.2024-cü il tarixli, PB/PBL-OUT-00394-2024/4 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2024-cü il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri - DC00315709-02 saylı kredit müqaviləsi üzrə 40282,74 manat əsas borc, 188,67 manat faiz borcu, 8419,75 manat cərimə borcu olmaqla, cəmi 48891,16 manat (gecikmə günü: 332 gün) təşkil edir.

13. xx.xx.2025-ci il tarixli, PB/PBL-OUT-00202-2025 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 MMC-nin xx.xx.2025-ci il tarixə İddiaçı ASC qarşısında öhdəlikləri - DC00315709-02 saylı kredit müqaviləsi üzrə 40282,74 manat əsas borc, 220,65 manat faiz borcu, 13687,18 manat cərimə borcu, müqavilə müddəti bitdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 2657,54 manat olmaqla, cəmi 56848,11 manat (gecikmə günü: 571 gün) təşkil edir.

14. İddiaçı ASC ilə Qanuni nümayəndə1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********715 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə1 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

15. İddiaçı ASC ilə Cavabdeh3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********715 nömrəli zaminlik müqaviləsinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür.

16. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 MMC-yə pretenziya qaydasında xx.xx.2024-cü il tarixli, PB-OUT-04032-2024/2 nömrəli xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

17. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3 və Qanuni nümayəndə1 pretenziya qaydasında xx.xx.2024-cü il tarixli, PB-OUT-04032-2024/3 nömrəli xəbərdarlıq məktubu göndərilərək, yaranmış borcun 7 (yeddi) iş günü müddətində ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir.

18. İddiaçı tərəfindən iş materiallarına hesabdan çıxarış əlavə edilmişdir.

19. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/8708 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, hesabdan çıxarış məlumatları və İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli maliyyələşdirmə üçün ərizə müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla, xx.xx.2023-cü il tarixə (müqavilə müddətinin sonuna) Cavabdeh2 MMC banka olan borcu əsas borc üzrə 44282,13 manat, faiz borcu üzrə 120,13 manat, xx.xx.2024-cü il tarixə (maliyyə arayışında qeyd olunan tarix) əsas borc üzrə 44282,13 manat, faiz borcu üzrə 4821,09 manat təşkil edir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə əsasən iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.7-ci maddəsinə əsasən Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə,əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla,zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2021ci il tarixli, OnGTC-03969LE/2021 saylı bank xidmətlərinin göstərilməsinə dair X6 xx.xx.2021-ci il tarixli, 1.0.3 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə razılaşma imzalanmışdır. Eyni zamanda tərəflər arasında xx.xx.2021-ci il tarixli, DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və həmin ərizəyə əsasən bank tərəfindən müştəriyə xx.xx.2023-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 250000 (iki yüz əlli min) manat məbləğində mal alışı məqsədi ilə birdəfəlik kredit verilmişdir. İddiaçı ASC ilə Qanuni nümayəndə1 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********715 nömrəli və Cavabdeh3 arasında imzalanmış xx.xx.2021-ci il tarixli, DG**********715 nömrəli zaminlik müqavilələrinin məzmunundan görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 MMC arasında razılaşdırılmış xx.xx.2021-ci il tarixli, DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə Cəmiyyətin öhdəliklərinin icrasını təmin etmək məqsədilə Qanuni nümayəndə1 və Cavabdeh3 bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. İddiaçı həmin müqavilə üzrə öhdəliklərini yerinə yetirsə də, cavabdehlər (borc alan və zaminlər) müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, bununla da müqavilənin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının həmin öhdəliklərin yerinə yetirilməsini tələb etmək hüququ yaranmışdır.

23. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Qanuni nümayəndə1 birgə qaydada DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 40282,74 manat əsas borc, 220,65 manat faiz borcunun tutulması təşkil edir.

24. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zaminlər) müqavilə öhdəliklərini lazımınca icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zaminlər) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025ci il tarixli, 9/8708 saylı ekspert rəyini nəzərə alaraq hesab edir ki, iddia tələbi DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə əsas kredit borcunun tutulması hissəsində tam və faiz borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Qanuni nümayəndə1 birgə qaydada DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 40282,74 manat (qırx min iki yüz səksən iki manat yetmiş dörd qəpik) əsas borc, 120,13 manat (yüz iyirmi manat on üç qəpik) faiz borcu İddiaçı ASC-nin xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, ekspert rəyindən müəyyən olunur ki, müqavilə müddətinin sonuna olan faiz borcunun məbləği 120,13 manat təşkil edir.

25. İddia tələbinin digər hissəsini cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh3 və Qanuni nümayəndə1 birgə qaydada - DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 13687,18 manat cərimə borcunun tutulması təşkil edir.

26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır. X6 İİ hissəsinin 5.1-ci bəndinə əsasən müştərinin hesabından vəsait bankın təqsirindən gec, yaxud düzgün silinməməsi, eləcə də hesabın sahibinə veriləcək məbləğin gec ya da düzgün göstərilməməsi hallarında bank müştəriyə hər ötən gün üçün cərimə ödəyir. Həmin hissənin 5.2-ci bəndinə əsasən bankın xidmətlərinin ödənilməsindən imtina etdikdə, yaxud bankın xidmətlərini vaxtında ödəmədikdə müştəri banka hər ötən gün üçün cərimə ödəyir.

27. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehlərdən tutulacaq cərimə məbləği azaldılaraq DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 2200 (iki min iki yüz) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

28. Bundan əlavə, iddiaçı gecikdirilmiş vaxt üçün, müqavilə müddətinin bitdiyi xx.xx.2023-cü il tarixdən xx.xx.2025-ci il tarixədək illik 5% dərəcəsi ilə hesablanan 2657,54 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

29. İddia tələbinin göstərilən hissəsinə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər pul məbləğinin ödənilməsini gecikdirdiyindən iddiaçı gecikdirilməyə görə illik beş faizlə hesablanmış məbləğin ödənilməsini cavabdehlərdən tələb etməkdə haqlıdır, ona görə həmin hissədə iddia təmin olunmalı və cavabdehlərdən gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2657,54 manat (iki min altı yüz əlli yeddi manat əlli dörd qəpik) məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

30. İddiaçı həmçinin iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 260.54 (iki yüz altmış manat əlli dörd qəpik) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmasını xahiş etmişdir.

31. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 207,43 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalıdır.

32. Həmçinin, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pulun 95,50 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə1 birgə qaydada, 24,50 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə1 birgə qaydada DC00315709-02 saylı maliyyələşdirmə üçün ərizə üzrə 40282,74 manat (qırx min iki yüz səksən iki manat yetmiş dörd qəpik) əsas borc, 120,13 manat (yüz iyirmi manat on üç qəpik) faiz borcu, 2200 (iki min iki yüz) manat cərimə borcu, gecikdirilmiş vaxt üçün illik 5%-lə hesablanmış 2657,54 manat (iki min altı yüz əlli yeddi manat əlli dörd qəpik) olmaqla, cəmi 45260,41 (qırx beş min iki yüz altmış manat qırx bir qəpik) manat; ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 207,43 manat (iki yüz yeddi manat qırx üç qəpik) olmaqla, ümumilikdə 45467,84 manat (qırx beş min dörd yüz altmış yeddi manat səksən dörd qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat pulun 95,50 manat hissəsi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Qanuni nümayəndə1 birgə qaydada, 24,50 manat hissəsi isə İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar