Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3907/2025 12.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ağayeva Hicran İsa qızına qarşı “bocun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, Cavabdeh Ağayeva Hicran İsa qızının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh Ağayeva Hicran İsa qızına qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı cavabdeh Ağayeva Hicran İsa qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2024-ci ilin may ayından 2025-ci ilin fevral ayına qədər olan 9000 manat icarə haqqı və dövlət rüsumunun Ağayeva Hicran İsa qızından tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, 2021-ci ildə lazer aparatını almış, həmin aparatı Ağayeva Hicran İsa qızına icarəyə vermiş, icarə müqaviləsinə əsasən Ağayeva ayda 1000 manat ödəməli idi, Ağayeva Hicran icarə haqqını ödəməkdən imtina etdiyi üçün 2022-ci ildə məhkəməyə müraciət etmiş, Ali məhkəmə iddianı təmin edərək, Ağayeva Hicrandan onun xeyrinə 21000 manatın tutulması barədə qərar çıxartmışdır, qərarda 2024-cü ilin may ayına qədər icarə haqqı tutulmuşdur.
II. Tərəflərin mövqeləri:
3. İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir.
4. Məhkəmə iclasında iştirak edən Ağayeva Hicran İsa qızının nümayəndəsi Nümayəndə1 iddiaya etiraz edərək, rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: -14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi:
- 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 697.2-ci maddəsinə əsasən Əgər kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra kirayəçi kirayəyə götürdüyü əşyanı qaytarmırsa, kirayəyə verən kompensasiya olaraq əşyanın saxlandığı müddət üçün müəyyənləşdirilmiş kirayə haqqının verilməsini tələb edə bilər; otaqların kirayəsi üzrə hüquq münasibətlərində bunun əvəzinə kompensasiya kimi o, həmin ərazidə bu cür otaqların kirayəsi üçün adətən tutulan məbləğdə kirayə haqqı verilməsini tələb edə bilər. Digər zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ da istisna edilmir. Lakin yaşayış otaqlarını kirayəyə verən digər zərərin əvəzinin ödənilməsini yalnız o halda tələb edə bilər ki, əşya kirayəçinin cavabdeh olduğu halların nəticəsində qaytarılmasın; zərərin əvəzi yalnız həmin şəraitdə haqq-ədalətin tələb etdiyi dərəcədə ödənilir. Əgər kirayəçi ləğvetməyə dair bildiriş verərsə, bu müddəa tətbiq edilmir. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. - 700.3-cü maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
7. Məhkəmə iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı ilə Ağayeva Hicra İsa qızı arasında 01 may 2022-ci il tarixli “Candela Gentlelase” lazer aparatının icarəsinə dair müqavilə bağlanmışdır.
9. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 aprel tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, “SY17/Ultrasun İ8 Solary” aparatı (aromasız) üzərində iddiaçının 1⁄2, cavabdehin 1⁄2 hissədə payı müəyyən olunmuş, “SY17/Ultrasun İ8 Solary” aparatının (aromasız) açıq hərracdan satılması və əmlakın satışından əldə olunan pul vəsaitinin tərəflər arasında bərabər surətdə bölüşdürülməsi, tərəflər arasında bağlanmış 2022-ci il 1 may tarixli icarə müqaviləsinin ləğv olunmuş hesab olunması, cavabdeh Ağayeva Hicran İsa qızından “Candela Gentlelase” epilyasiya avadanlığına görə 21.000 manat icarə haqqının tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 26 iyul tarixli 2024cü il 2-2(103)-720/2024 nömrəli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən ləğv edilmiş, iddia bu hissədə təmin edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdehdən alınaraq iddiaçıya qaytarılması, həmin avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri olaraq 65.000 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2-2(102)- 4/2025 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2024cü il 26 iyul tarixli 2-2(103)-720/2024 saylı qətnaməsi qismən- “iddia bu hissədə təmin edilərək “Candela Gentlelase” lazer epilyasiya avadanlığı (3460 (№ 0369/370) ləvazimatı ilə birgə cavabdeh Ağayeva Hicran İsa qızından alınaraq İddiaçı qaytarılsın, həmin avadanlıq qaytarılmadıqda avadanlığın bazar dəyəri olaraq 65.000 manat pul cavabdeh Ağayeva Hicran İsa qızından İddiaçı xeyrinə tutulsun” hissəsində ləğv edilsin. İş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
12. Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2025-ci il 07 mart tarixli 2-2(103)-271/2025 nömrəli qətnaməsi ilə Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-78/2024 saylı saylı qətnaməsi “Candela Gentlelase” lazer aparatının qaytarılmasına dair iddianın rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.
13. Qeyd edilmiş qərarlardan göründüyü kimi, yekunda Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 aprel tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 aprel tarixli e-2-2(113)-78/2024 nömrəli qətnaməsindən görünür ki, “Candela Gentlelase” markalı lazer aparatının tərəflərin birgə aldığı və birgə mülkiyyətində olduğu müəyyən olunmuşdur.
15. 01 may 2022-ci il tarixli icarə müqaviləsindən də, göründüyü kimi, İddiaçı qeyd edilmiş lazer aparatının özünə məxsus olan hissəsini aylıq icarə haqqı 1000 manat olmaqla Ağayeva Hicra İsa qızına icarəyə vermişdir.
16. Bundan başqa Bakı Kommersiya Məhkəməsinin 2024-cü il 25 aprel tarixli e-2- 2(113)-78/2024 nömrəli qətnaməsindən görünür ki, icarə haqqı olaraq 21.000 manat məbləğ pul xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək hesablanmaqla tutulmuşdur.
17. Hazırda isə iddiaçı 2024-ci ilin may ayından 2025-ci ilin fevral ayına qədər (9 aylıq) hesablanmış 9000 manat icarə haqqını tələb edir.
18. İşin digər mübahisəsiz halı ondan ibarətdir ki, qeyd edilmiş lazer aparatı hələ də, cavabdehin istifadəsində olan qeyri-yaşayış sahəsindədir.
19. Cavabdeh iddiaya etirazında 2024-cü ilin aprel ayından sonra aparatın işlək vəziyyətdə olmadığını, dəfələrlə İddiaçı müraciət edildiyini, müqavilə şərtlərinə uyğun olaraq aparatın birgə şəkildə təmir olunması, yaxud da ya gəlib aparatı götürməsi, aparatın dəyərinin yarı məbləğinin Ağayeva Hicran İsa qızına ödənilməsi, ya da aparatın salonda qalması, aparatın dəyərinin yarı məbləğinin gəlib götürməsi barədə pretenziyalar göndərildiyini, iddiaçının bununla razılaşmaşdığını, danışıqlara gəlmədiyini və qərəzli hərəkətləri davam etdirdiyini bildirərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
20. Cavabdeh etirazını tərəflər arasında bağlanmış müqavilənin 4 və 5-ci bəndinə istinad etməklə əsaslandırır.
21. Qeyd edilmiş bəndlərdən görünür ki, tərəflər icarə predmeti olan lazer aparatının təmirini hər iki tərəfin öhdələrinə götürdüklərini və təmirdə olan dövrdə icarə haqqından çıxılması barədə razılığa gəlmişlər.
22. Məhkəmə qeyd edir ki, cavabdeh tərəf avadanlığın işlək olmaması barədə iddiaçıya ünvanladığı məktubları işə əlavə etmişdir.
23. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş lazer aparatının işlək vəziyyətdə olmaması və təmiri üçün pulun tələb edilməsi ilə bağlı ilk məktub xx.xx.2025-ci il tarixinə aiddir.
24. Məhkəmə cavabdehin bu dəlilini əsassız hesab edir.
25. Belə ki, qeyd edilən lazer aparatı hazırda da, cavabdehin istifadəsindədir və onun hazırda icarə haqqı tələb edilən dövlər üçün (2024-ci ilin may ayından 2025-ci ilin fevral ayına dək) işlək vəziyyətdə olmamasına dair hər hansı bir mötəbər sübut təqdim edilməmişdir. Həmçinin də, cavabdeh tərəfindən iddiaçıya göndərilən ilk məktub belə, xx.xx.2025-ci il tarixinə yəni, iddiaçının icarə haqqını tələb etdiyi son tarixə aiddir.
26. Bundan başqa da, nəzərə alınmalıdır ki, əgər həqiqətən də, avadanlıq işlək vəziyyətdə deyildirsə, cavabdeh tərəf onu təmir etdirə və sonradan təmirə xərclənmiş olan vəsaitin yarısını qarşı tərəfdən tələb etmək imkanı da, mövcud olmasına baxmayaraq bunu etməmişdir.
27. Həmçinin də, cavabdeh tərəf uzun müddətdir ki, tərəflər arasında olan bu mübahisələrə yekun vurmaq üçün Mülki Məcəllənin 220-ci maddəsinə (paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması) istinad edərək də, Məhkəmədə də, iddia qaldırmamışdır.
28. Ona görə də, Məhkəmə hesab edir ki, hazırda iddiaçının tələbinin hüquqi əsası Mülki Məcəllənin 697.2-ci maddəsi təşkil etməklə əsaslıdır və istifadəsində olan avadanlığa görə icarə haqqını ödəmək öhdəliyi daşıyır.
29. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və cavabdeh Ağayeva Hicran İsa qızından “Candela Gentlelase” lazer epilyasiya avadanlığına görə 9.000 manat icarə haqqı tutularaq İddiaçı ödənilməlidir.
30. Bundan başqa məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30,60 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
31. Belə ki, iddia ərizəsindən görünür ki, xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzə əsasən iddiaçı tərəfindən dövlət rüsumunun əvəzi olaraq 30,60 manat məbləğində pul dövlət büdcəsinə ödənmişdir.
32. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməlidir.
VI. Nəticə:
33. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. 9.000 (doqquz min) manat məbləğində pul Ağayeva Hicran İsa qızından tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat, 60 (altmış) qəpik məbləğində pul Ağayeva Hicran İsa qızından tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov