Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3912/2025 10.07.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Hüseynzadə Nisə Ələkbər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “icarə müqaviləsinin ləğvi, pulun tutulması və icarə sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, 3M-30 reyestr nömrəli icarə müqaviləsinin və bu müqaviləyə edilmiş 26 fevral 2020-ci il tarixli, 3M-123 nömrəli əlavənin ləğv olunması, ödənilməmiş qalmış 13 000 (on üç min) manat vəsaitin cavabdehdən tutularaq ona ödənilməsi, cavabdehin Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 189Q ünvanında yerləşən ümumi sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin ona təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh direktoru X1 arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, 3M-30 reyestr nömrəli icarə müqaviləsinə əsasən mən mülkiyyətimdə olan Bakışəhəri, Nəsimi rayonu,Azadlıq prospekti, 189Q ünvanında yerləşən ümumi sahəsi 60,8 kv/m olan qeyri yaşayış sahəsini Cavabdeh MMCyə aylıq icarə haqqı 3500 (üç min beş yüz) manat olmaqla 10 (on) il müddətinə icarəyə vermişəm. Sonradan aramızda əldə olunmuş razılıq əsasında yuxarıda qeyd olunan müqavilənin 4-cü bəndinə dəyişiklik edilmiş, aylıq icarə haqqı 3 489 (üç min dörd yüzsəksən doqquz) manat məbləğində müəyyən edilmişdir. Məhkəmənin nəzərinə çatdırım ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri əvvəllər icra etsə də sonradan bu öhdəlikləri icra etməmişdir. Belə ki, COVİD 19 infeksiyası ilə bağlı Ölkə üzrə elan edilmiş xüsüsi karantin rejiminin tətbiq olunduğu dövrdə icarə haqqını müqavilədə göstərildiyi kimi 3 589 manat deyil 3 000 manat ödəmişdir. Həmin dövrdən qalan borcları ödəsə də 4 aya yaxındır ki, aylıq icarə haqqını ödəmir. Ona görə də hazırda cavabdehin mənə 13 000 (on üç min) manat borcu yaranmışdır. Mən cavabdehə aramızda bağlanmış müqavilənin ləğv edilməsi, müqavilə predmeti olan mənim mülkiyyətimdə olan yuxarıda qeyd olunan ünvanda yerləşən daşınmaz əmlakın mənə təhvil verilməsini və müqavilə üzrə ödənilməmiş qalmış borcun mənə ödənilməsi ilə bağlı müraciət etsəm də cavabdeh müxtəlif bəhanələrlə mənim tələblərimi icra etməkdən boyun qaçırtmışdır. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurəti yaranmışdır.
3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, tərəflər arasında bağlanmış 11 yanvar 2020-ci il tarixli, 3M-30 reyestr nömrəli icarə müqaviləsinin və bu müqaviləyə edilmiş 26 fevral 2021-ci il tarixli, 3M-123 nömrəli əlavənin ləğv olunması, müqaviləyə əsasən xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş qalmış 23467 manat icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi; cavabdehin icarə predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 189Q ünvanında yerləşən ümumi sahəsi 60,8 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə iclasının cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi 10, yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 189Q ünvanında yerləşən ümumi sahəsi 60.8 kv.m olan qeyri-yaşayış sahəsini icarəyə verir.
9. Müqavilənin 3-cü bəndinə əsasən icarə müddəti 10 (on) il, yəni xx.xx.2030-cu il tarixədək müəyyən edilir və onun bitməsinə 1 (bir) ay qalmış tərəflər həmin müqavilənin pozulmasına dair heç bir təklif irəli sürməzlərsə icarə müddəti daha 1 (bir) il müddətinə uzadılmış hesab edilir.
10. Müqavilənin 4-cü bəndinə əsasən icarəyə verilən sahənin istifadəsinə görə icarəyə götürən Cavabdeh MMC adından X1 icarəyə verən İddiaçı aylıq 3500 manat 00 qəpik (üç min beş yüz manat sıfır qəpik) icarə haqqı ödəyir.
11. Müqavilənin 7-ci bəndinə əsasən müqavilənin ləğv edilməsi tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçirilir.
12. İddiaçı (icarəyə verən) ilə cavabdeh (icarəçi) arasında bağlanmış xx.xx.2020-ci il tarixli 3M/30 reyestr nömrəli icarə müqaviləsinə xx.xx.2021-ci il tarixli Əlavənin 1-ci bəndinə görə icarə müqaviləsinə əsasən ödəniləcək aylıq icarə haqqı 3489 (üç min dörd yüz səksən doqquz) manat olaraq dəyişdirilmişdir.
13. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş Hüquqların və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 187, 189, 189A, Yeni qaydalarla: AZ1007, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, giriş 187F ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir.
14. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri tərəfindən verilmiş Hüquqların və dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Ak.Mirqasımov küçəsi, 10 Yeni qaydalarla: Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 189Q ünvanında yerləşən daşınmaz əmlak iddiaçının xüsusi mülkiyyətindədir.
15. İddiaçı tərəfindən cavabdehə göndərilmiş xx.xx.2025-ci il tarixli bildirişlə müqavilənin ləğv edilməsi, müqavilə predmeti olan daşınmaz əmlakın iddiaçıya təhvil verilməsi və müqavilə üzrə ödənilməmiş qalıq borcun ödənilməsi tələb edilmişdir.
16. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.
17. Belə ki, hazırkı iddia ərizəsi 3 hissədən ibarətdir: 1. icarə haqqının tutulması; 2. müqavilənin və müqavilənin əlavəsinin ləğv edilməsi; 3. cavabdehin icarə sahəsindən çıxarılması.
18. Məhkəmə iddia tələbini birinci hissədə əsaslı hesab edir.
19. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2022-ci il tarixdə icarə müqaviləsi və xx.xx.2021-ci il tarixli Əlavə bağlanmış, iddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsini cavabdehə icarəyə vermiş, iddiaçı həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etsə də, cavabdeh tərəfindən öhdəliklər lazımınca icra edilməmiş, 7 aylıq icarə haqqı iddiaçıya ödənilməmiş qalmışdır.
20. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
22. 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.
23. İddiaçı hazırda icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə kimi ödənilməmiş qalmış 23467 manat icarə haqqının cavabdehdən tutulmasını tələb edir.
24. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğu üçün təmin edilməlidir.
25. Məhkəmə iddia tələbini ikinci hissədə də əsaslı hesab edir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
27. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
28. Həmin Məcəllənin 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
29. İddiaçı xx.xx.2025-ci il tarixdə cavabdehə ünvanladığı bildirişdə müqavilənin ləğvi ilə bağlı iradə ifadəsini bəyan etmişdir.
30. İşin məhkəmə tərəfindən araşdırılan hallarından cavabdehin icarə haqqının ödənilməsi ilə bağlı öhdəliklərini icra etmədiyi, müqavilə şərtlərini əhəmiyyətli dərəcədə pozması müəyyən edildiyi üçün məhkəmə hesab edir ki, iddiaçı müqavilənin və müqaviləyə edilmiş əlavənin ləğvini tələb etməkdə haqlıdır.
31. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi, bu müqaviləyə edilmiş 26 fevral 2021-ci il tarixli, 3M-123 nömrəli əlavə ləğv edilməlidir.
32. Məhkəmə iddia tələbini üçüncü hissədə isə əsaslı hesab edir.
33. Belə ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli icarə müqaviləsi bağlanmış, həmin müqavilə üzrə icarə sahəsi iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir. İcarə sahəsi hazırda da cavabdehin sahiblik və istifadəsindədir. Hazırda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli icarə müqaviləsi, bu müqaviləyə edilmiş 26 fevral 2021-ci il tarixli, 3M-123 nömrəli əlavə ləğv edildiyi üçün iddiaçı cavabdehin icarə sahəsindən çıxarılmasını tələb etməkdə haqlıdır.
34. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 697.1-ci maddəsinə əsasən kirayəçi kirayəyə götürdüyü əşyanı kirayə hüquq münasibətlərinə xitam verildikdən sonra qaytarmağa borcludur.
35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, cavabdeh icarə sahəsindən çıxarılmalı və əmlak boşaldılmalıdır.
36. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, tərəflər arasında bağlanmış 11 yanvar 2020-ci il tarixli, 3M-30 reyestr nömrəli icarə müqaviləsi və bu müqaviləyə edilmiş 26 fevral 2021-ci il tarixli, 3M-123 nömrəli əlavə ləğv edilməli, cavabdehdən 23467 manat icarə haqqı tutularaq iddiaçıya ödənilməli, cavabdeh icarə sahəsindən çıxarılmalıdır.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən 160,40 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
V. Nəticə:
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 11 yanvar 2020-ci il tarixli, 3M-30 reyestr nömrəli icarə müqaviləsi və həmin müqavilənin 26 fevral 2021-ci il tarixli, 3M-123 nömrəli Əlavəsi ləğv edilmiş hesab edilsin. Cavabddeh Cavabdeh MMC-dən 23467 manat məbləğində pul, 160,40 manat dövlət rüsumu, ümumilikdə 23627,40 (iyirmi üç min altı yüz iyirmi yeddi manat qırx qəpik) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh MMC Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, 189Q ünvanında yerləşən ümumi sahəsi 60.8 kv.m olan qeyri-yaşayış sahəsindən çıxarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova