Məhkəmə qərarları › İş №e-2-2(113)-3916/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3916/2023

05.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3916/2023 05.09.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ iddiaçı X2 İddiaçı ASC-nin cavabdehlər Sadıxov Vaqif Əli oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi”” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi, maliyyə arayışı) Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, Cavabdeh Sadıxov Vaqif Əli oğlunun iştirakı ilə İddiaçı X2 İddiaçı ASC-nin cavabdehlər Sadıxov Vaqif Əli oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı X2 İddiaçı ASC cavabdehlər Sadıxov Vaqif Əli oğlu, Cavabdeh1 və Cavabdeh2 qarşı cəmi borcu 1662.46 ABŞ dolları - bundan 276.09 ABŞ dolları əsas, 107.47 ABŞ dolları faiz, 1237.34 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41.56 ABŞ dolları faiz borcunun və iş üzrə mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 66 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Sadıxov Vaqif Əli oğlu, X1 və Cavabdeh1 müştərək qaydada tutularaq iddiaçı X2 "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Binəqədi filialı ilə Sadıxov Vaqif Əli oğlu arasında bağlanmış ********* nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Əsas vəsaitin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 5000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh Sadıxov Vaqif Əli oğluna kredit verilərkən X1 və Cavabdeh1 ilə Bank arasında 100011594/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit") 3956.37 USD təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. LPO "xxxx" ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlərə qarşı “kredit borcu" tələbi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə mediasiya sessiyası keçirilmiş, “İlkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi” barədə MŞB/12/2023- 00442 nömrəli xx.xx.2023-cü il tarixli Arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2019-cu il tarixdə 122 AZN məbləğində ödəniş etmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.xx.xx.2023-cü il tarixə Sadıxov Vaqif Əli oğlunun kredit üzrə cəmi borcu 1662.46 ABŞ dolları təşkil edir. Bundan 276.09 ABŞ dolları əsas, 107.47 ABŞ dolları faiz, 1237.34 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 41.56 ABŞ dolları faiz borcu təşkil edir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini tələb etmişdir.

4. Məhkəmə iclasında iştirak edən cavabdeh Sadıxov Vaqif Əli oğlu verdiyi izahatda bildirdi ki, dəfələrlə banka gedib borcunu dəqiqləşdirmək istəmişdir. Sonuncu dəfə deyildi ki, 700-750 manat ödəyərsiz. O günəmuzd işləyir. Bacardığı qədər aylıq ödəniş edə bilər. Məhkəmədən borcun məbləğinin azaldılmasına köməklik göstərilməsini xahiş etdi.

5. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən digər cavabdehlərin və iddiaçının iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7.Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Bir tərəfdən bundan sonra “kreditor” adlandırılacaq İddiaçı ASC, digər tərəfdən bundan sonra” borcalan” adlandırılacaq Sadıxov Vaqif Əli oğlu arasında bağlanmış 24 iyul 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında kredit verməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti, kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditor borcalana 5000 USD məbləğində kredit verir. 2.2. Müqaviləyə əsasən kredit borcalana əsas vəsaitin məqsədilə verilir. 2.3. Kredit 24 ay müddətinə verilir. 2.4.Kreditin istifadəsinə görə borcalan kreditora illik 25 faiz ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 27.181 faiz təşkil edir. 2.5. Gecikdirilən borc məbləğinə cərimə kimi illik 50 faiz dərəcəsi ilə, aylıq isə 4.17 faiz dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. 9.xx.xx.2015-ci il tarixli, 100011594/ZM nömrəli kredit müqaviləsinə Əlavə № 1 əsasən kredit üzrə faizlər kreditin borcalana verildiyi gündən həmin kreditin qalıq məbləğinin kreditora tam ödənildiyi günə qədər hesablanır və tutulur. Xarici valyuta ilə verilən kredit ödənişi həmin günə olan Kreditorun (Bankın) nağd valyutanın alıq-satqısı üzrə mövcud olan müvafiq valyutanın satış kursu ilə hesablanır.

10. xx.xx.2015-ci il tarixli, 100011594/ZM nömrəli kredit müqaviləsi üzrə ödəniş cədvəlinə əsasən xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövr üçün ödəniş qrafiki müəyyən olunmuşdur. Faktiki faiz dərəcəsi 27.181 ABŞ dolları müəyyən edilmişdir.

11. xx.xx.2015-ci il tarixli kassa məxaric orderinə əsasən İddiaçı ASC tərəfindən Sadıxov Vaqif Əli oğluna 5000 ABŞ dolları məbləğində pul ödənilmişdir.

12. Bir tərəfdən bundan sonra kreditor adlanacaq İddiaçı ASC, digər tərəfdən bundan sonra zamin adlanacaq Cavabdeh2, Cavabdeh1 və borcalan adlanacaq Sadıxov Vaqif Əli oğlu arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 100011594/ZM nömrəli zaminlik müqaviləsinin predmeti 24 iyul 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsinə əsasən bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. 1.2. Zaminliklə təmin edilmiş kreditləşmənin mənbəyi İddiaçı ASC tərəfindən ayrılan məbləğdir. 2.1. Zaminliklə təmin edilmiş öhdəliklər: 2.2. 24 ay təşkil edən kreditin qaytarılma müddəti. 2.3. 25% təşkil edən kredit üzrə ödəniləcək illik faiz dərəcəsi 2.4 50 % təşkil edən kreditin qaytarılması gecikdirildiyi halda cərimə kimi ödəniləcək illik, 4.17% isə aylıq faiz dərəcəsi.

13. xx.xx.2015-ci il tarixli, 100011594/ZM nömrəli zaminlik müqaviləsinə Əlavə № 1 əsasən ödəniş günü qeyri iş günü olduqda növbəti iş günü ödənilə bilər. Zamin Borcalanla birgə məsuliyyət daşıyır. Kredit ödənişi gecikməsinin 10-cu günündə gecikdirilmiş ödənişin aparılması ilə bağlı xəbərdarlıq məktubu Borcalana, surəti isə kredit və təminat müqavilələri üzrə digər şəxslərə göndərilir. Kredit ödənişinin gecikdirildiyi gündən etibarən hər gün gecikdirilmiş ödənişin aparılması ilə bağlı Borcalanla,kredit və təminat müqavilələri üzrə digər şəxslərlə telefon, sms və elektron poçt vasitəsilə əlaqə saxlanılır. Borcalan tərəfindən Kredit müqaviləsi üzrə öhdəliklər vaxtında icra olunmadıqda onun barəsində Kreditor (Bank) tərəfindən borcun məcburi ödənilməsi üçün qanunvericiliyə uyğun tədbirlər həyata keçirilir.

14. 24 iyul 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 100011594/ZM nömrəli zaminlik müqaviləsinə edilmiş xx.xx.2017-ci il tarixli 01 nömrəli Əlavə Sazişə əsasən borcalanın kreditor qarşısındakı 3956.37 ABŞ dolları təşkil edən kredit öhdəliyinin qalığı təşkil edir. Borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığının tərkibini 2771.86 ABŞ dolları əsas borc, 933.27 ABŞ dolları ayrıca hesabda dondurulmuş faiz borcu və 251.24 ABŞ dolları cərimə borcu təşkil edir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədəkdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8% ödənilir. Restrukturizasiya edilmiş kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 8 faiz təşkil edir.

15. X2 İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, **********625 nömrəli maliyyə arayışına əsasən 31 mart 2023-cü il tarixinə 24 iyul 2015-ci il tarixli kredit müqaviləsinə əsasən əsas borc üzrə qalıq məbləğ 276.09 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləğ 107.47 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 1237.34 Abş dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 41.56 Abş dolları, müqavilənin tələbləri əsasında yaranmış ümumi borc 1662 Abş dolları təşkil edir.

16. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya pulun ödənilməsi ilə bağlı öhdəliyi 24 iyul 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi və xx.xx.2015-ci il tarixli, 100011594/ZM nömrəli zaminlik müqavilələrindən irəli gəlir. Cavabdehlərin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya kredit, zaminlik müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

18. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

19. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir;

20. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.

21. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

23. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 24.Azərbaycan Respublikası Mülki Məcələsiinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

25. Həmin Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 26.Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

27. İşin hallarından məlum olur ki, İddiaçı ASC ilə Sadıxov Vaqif Əli oğlu arasında 24 iyul 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanılaraq ona 24 ay müddətinə 25 faizlə 5000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda həmin tarixdə iddiaçı ilə digər cavabdehlər Cavabdeh2, Cavabdeh1 arasında zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi icra edərək kredit məbləğini verməsinə baxmayaraq, cavabdeh öhdəliklərini lazımı qaydada icra etməmiş, banka ödənilməmiş borcu qalmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş maliyyə arayışına əsasən məlum olur ki, kredit müqaviləsinə əsasən əsas borc üzrə qalıq məbləği 276.09 ABŞ dolları, faiz borcu üzrə qalıq məbləğ 107.47 ABŞ dolları, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış və tələb olunan cərimə 1237.34 Abş dolları, gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği 41.56 Abş dolları olmaqla ümumi borc məbləği 1662 ABŞ dolları təşkil edir. Məhkəmə iclasında iştirak edən Sadıxov Vaqif Əli oğlu da borcunun olması faktını təsdiqləyərək, tələb olunan məbləği mübahisələndirməmişdir.

28. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit və zaminlik müqaviləsi üzrə üzərlərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onların iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehlərdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, əsas borc, faiz borcu hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

29. Məhkəmə iddia tələbini AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenumunun qərarına əsasən hesablanmış 41.56 ABŞ dolları faiz borcunun tələb edilməsi hissəsində də əsaslı sayır.

30. Belə ki, AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Kreditor (borc verən) və borclu arasında bağlanmış kredit müqaviləsində öhdəliklərin xitamı ilə bağlı digər şərt nəzərdə tutulmadığı halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3-cü maddəsinin ikinci cümləsinə əsasən öhdəliyin icrasının qurtarmasının müqavilədə müəyyənləşdirilmiş anına qədər müqavilə qüvvədə sayılır. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.

31. Lakin məhkəmə iddiaçı tərəfindən hesablanmış 1237.34 ABŞ dolları məbləğində cərimə borcu ilə razılaşmır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

32. Məlum olduğu kimi, MM dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır.

33. Məhkəmə hazırkı iş üzrə borclunun öhdəliyini pozmasındakı təqsirinin dərəcəsini, İddiaçının mənafeyini nəzərə alaraq, habelə dəbbə pulunun öhdəliyin icrasının təmini üsulu olmasını və bu mənada yüksək məbləğdə dəbbə pulunun kreditorun əsassız varlanmasına səbəb olmasının yolverilməzliyini vurğulayaraq bu nəticəyə gəlir ki, iddia tələbi bu hissədə qismən təmin olunaraq Cavabdehdən İddiaçının xeyrinə 14 (on dörd) manat məbləğində dəbbə pulu tutulmalıdır.

34. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlərdən 276.09 ABŞ dolları əsas borc, 107.47 ABŞ dolları faiz borcu, 14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plennum Qərarına əsasən hesablanmış 41.56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 439.12 ABŞ dolları müştərək qaydada tutularaq iddiaçı X2 İddiaçı ASC-yə ödənilməlidir.

35. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

36. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür.

37. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 66 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada tutulmalıdır.

V Nəticə: 38 . Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Sadıxov Vaqif Əli oğlu, Cavabdeh1 və Cavabdeh2 276.09 ABŞ dolları əsas borc, 107.47 ABŞ dolları faiz borcu, 14 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il Plennum Qərarına əsasən hesablanmış 41.56 ABŞ dolları faiz borcu olmaqla, cəmi 439.12 (dörd yüz otuz doqquz ABŞ dolları on iki sent) ABŞ dolları və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 66 (altmış altı) manat müştərək qaydada tutularaq iddiaçı X2 İddiaçı ASC-yə ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar