Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-392/2024 25.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: tapşırıq müqaviləsi, sübutetmə vəzifəsi, subyektiv hüquq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi (qanuni təmsilçi) X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" Qapalı Səhmdar Cəmiyyəti) qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 45000 manat məbləğində pulun, 200 manat mediasiya xərcinin və ödənilmiş 25 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, Cavabdeh iddiaçıdan 45000 manat pulu çek vasitəsi ilə hesabdan almışdır. Həmin pulu hansı məqsədlə alması barədə iddiaçıya hər hansı yazılı məlumatlar təqdim etməmişdir. Qeyd edilən məbləğin təyinatı və xərclənməsi barədə sənədlər təqdim edilməmiş və 45000 manat pul geri qaytarılmamışdır. İddiaçı mübahisənin həlli məqsədilə Mediasiya Şurasına müraciət etmiş və mediator X4 tərəfindən mediasiya sessiyasında iştirak edilməməsi barədə 12 oktyabr 2023-cü tarixli MŞB/16-02005 nömrəli arayış təqdim edilmişdir.
3. İddianın faktiki əsasının dəqiqləşdirilməsi ilə bağlı məhkəmənin təklifinə əsasən iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə təqdim edərək qeyd etmişdir ki, cavabdeh iddiaçını aldadaraq 45000 manat pul vəsaitini nağdlaşdırıb əldə etmişdir. Həmin məbləğin 15000 və 20000 manatının əldə edilməsinə dair rəsmi sənəd təqdim edilmiş, qalan 10000 manat pul vəsaiti Oğuz rayonu, Sincan kəndində cavabdehə şəxsən verilmişdir. Bu vəsaitlərin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə aidiyyəti yoxdur. Cavabdeh həmin vaxtlarda aldığı vəsaitlərə uyğun preslənmə avadanlığı, anbar stelajları, sortlama masaları, skada, CCTV və s. alınmasına və təmin edilməsinə söz vermişdir. Lakin həmin vaxtdan İddiaçı MMC-dən X2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini kənarlaşdırıb Yapon vətəndaşı Tanio Munechikanı aldadaraq özünə yeni bir "xxxx" MMC yaratmışdır. Daha sonra saxta müqavilə tərtib edərək Tanio Munechikanın etibarından sui-istifadə edərək yuxarıda qeyd olunanların alınmasına dair aldığı vəsaitləri təkrar saxta aktlara əsasən yenidən iddiaçıdan almışdır.
4. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 2.2 və 21-ci maddələri göstərilmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
6. Bakı Kommersiya Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli iclasında "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (əvvəlki "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti; bundan sonra "xxxx" QSC) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi qərara alınmışdır.
II. İşdə iştirak edən şəxslərin mövqeləri:
7. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi – qanuni təmsilçi X3 iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, İddiaçı MMC-ni özü təsis etmişdir. Yapon iş adamları Azərbaycanda investisiya fəaliyyəti həyata keçirib tütün əkilməsinin yeni modelini tətbiq etdikləri zaman iddiaçının payları da onlara satılmışdır. Lakin bir müddət sonra cavabdeh yaponların Azərbaycandakı nümayəndəsi ilə birgə X2 iddiaçının fəaliyyətindən uzaqlaşdırmış, sonuncu öz vəzifəsinə qayıtdıqdan sonra cavabdehə ödənilən 45000 manatın aqibəti ilə bağlı araşdırma aparmışdır. Belə ki, iddiaçı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında əməkdaşlıq mövcud olmuş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı "xxxx" QSC) işçisi olmuşdur. Sonuncu yalnız tikinti işlərini həyata keçirmiş, lakin cavabdehə pul vəsaiti həmin şirkətin işçi kimi deyil, sahibkar kimi “skada”ların qurulması, nasosların alınması, xüsusi qurğuların gətirilməsi üçün verilmişdir. 35000 manat qəbz əsasında, 10000 manat isə əlbəəl olmaqla cəmi 45000 manat avans kimi verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə isə bütün ödənişlər nağdsız qaydada, elektron qaimə təqdim edilməklə edilmişdir.
8. Məhkəmənin sonuncu iclasında məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə (hazırkı "xxxx" QSC) qarşı hazırda tələbi yoxdur. "xxxx" QSC təqdim etdiyi sənədlərlə bağlı izahlar verməlidir.
9. Cavabdeh məhkəmənin xx.xx.2023 və xx.xx.2024-cü il tarixli iclaslarında iştirak edərək iddiaya etiraz etdi və bildirdi ki, 2019-2022-ci il tarixlərində iddiaçı ilə əməkdaşlıq edən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühəndis işləmiş, daha sonra isə həmin hüquqi şəxsdən çıxaraq yeni şirkət təsis etmişdir. İddiaçının verdiyi pullar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə mədaxil olunub və sonuncunun gördüyü işlərə xərclənib.
10. Məhkəmənin 29 fevral 2024-cü il tarixli iclasında vəkil kimi iştirak edən "xxxx" QSC-nin (əvvəlki "xxxx" MMC) vəkili Vəkil2 göstərdi ki, cavabdeh üçüncü şəxsin işçisi – layihə rəhbəri olmuşdur. Həmin şəxsə iddiaçından pul alınması səlahiyyəti verilməmişdir. İddiaçının üçüncü şəxsə bütün ödənişləri köçürmə yolu ilə edilmişdir. Cavabdehin üçüncü şəxs üçün hansı işləri görməsi, özünün şəxsən iş görüb-görməməsi isə üçüncü şəxsin rəhbərliyi ilə dəqiqləşdirilməlidir.
11. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 məhkəmənin 07 mart 2024-cü il tarixli iclasında iştirak edərək qeyd etdi ki, cavabdeh, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmaqdan əlavə iddiaçıya müstəqil xidmətlər də göstərirdi, 35000 manat da həmin xidmətlərin göstərilməsi üçün cavabdeh tərəfindən qəbul edilmişdir və razılaşdırılan işlər cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Lakin həmin hadisədən beş il keçmişdir, məlumatlar, sənədlər cavabdehdə dəqiq deyil. İddiaçı müqavilə tələbləri üçün üç illik iddia müddətini ötürmüşdür.
12. Məhkəmənin 29 mart 2024-cü il tarixli iclasında cavabdehin nümayəndəsi və vəkili bildirdi ki, "xxxx" QSC-nin vəkili iddia edilən pul məbləğinin üçüncü şəxsə verilmək üçün iddiaçıdan alındığını inkar etdiyindən o, iddia müddətinin ötdüyünü nəzərə alıb hüquqi müdafiəsini qurmaq məqsədilə pulları cavabdehin özü tərəfindən xidmətlərin göstərilməsi üçün qəbul edildiyini qeyd etmişdir. Halbuki cavabdeh ilk məhkəmə iclaslarında iştirak edərək pul məbləğinin üçüncü şəxs üçün qəbul etdiyini göstərmişdir.
13. Üçüncü şəxs növbəti məhkəmə iclaslarında iştirak etməmiş, nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə məlumat ünvanlayaraq göstərmişdir ki, əlavə edilmiş müqaviləyə uyğun olaraq iddiaçı tərəfindən üçüncü şəxsə çatası ödənişin bir qismi obyektiv səbəblər üzündən, mədaxil qəbzindən də göründüyü kimi, həmin vaxt üçüncü şəxsdə layihə rəhbəri işləyən cavabdeh tərəfindən mədaxil edilmişdir. Nümayəndə və vəkil üçüncü şəxsin mövqeyinin bildirildiyini nəzərə alaraq məhkəmə iclaslarının onun iştirak olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
14. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
15. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
16. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
17. İş materialları əsasında müəyyən olunur ki, iddiaçı ilə üçüncü şəxs "xxxx" QSC (əvvəlki "xxxx" MMC) arasında 25 iyul 2019-cu il tarixli AH/X/19/135 nömrəli xidmət müqaviləsi bağlanmış, üçüncü şəxs müqavilə müddəti ərzində təmir-tikinti işlərini görməyi, iddiaçı xidmət haqqını ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan başqa, iddiaçı ilə üçüncü şəxs arasında 01 avqust 2019-cu il tarixli AH/AS/20/01 nömrəli podrat müqaviləsi bağlanmış, üçüncü şəxs müqavilənin 1 saylı əlavəsindəki işləri görməyi, iddiaçı isə işin dəyərini qüsursuz icra edilməsi müqabilində ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2024-cü il tarixli PB/VB-OUT-01457/2024 nömrəli məktubuna əsasən, iddiaçı tərəfindən üçüncü şəxsin hesabına xx.xx.2019-cü il tarixdə 30000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat, xx.xx.2019-cu il tarixdə 9000 manat, xx.xx.2019-cu il tarixdə 60000 manat, xx.xx.2019-cu il tarixdə 10800 manat, xx.xx.2019cu il tarixdə 70000 manat və 12600 manat, xx.xx.2020-ci il tarixdə 118 000 manat, xx.xx.2020-ci il tarixdə 3901,31 manat və xx.xx.2020-ci il tarixdə 21673,96 manat olmaqla ümumilikdə 355 975,27 manat pul köçürülmüş, xx.xx.2020-ci il tarixli ödəniş tapşırığı ilə 18000 manat geri qaytarılmışdır.
18. Bundan başqa müəyyən olunur ki, çekin tərtib edilmə yeri "xxxx" ASC olmaqla xx.xx.2019-cu il tarixdə 15000 manat, xx.xx.2019-cu il tarixdə 20000 manat pul iddiaçı tərəfindən möhürlə təsdiq edilməklə və cavabdeh tərəfindən çekə imza edilməklə sonuncuya təqdim edilmişdir. 20 sentyabr 2019-cu il tarixli FBQ 021386 seriya və nömrəli kassa mədaxil orderi ilə 15000 manat, 15 oktyabr 2019-cu il tarixli FBQ 021387 seriya və nömrəli kassa mədaxil orderi ilə 20000 manat və 21 noyabr 2019-cu il tarixli FBQ 021388 seriya və nömrəli kassa mədaxil orderi ilə 10000 manat Cavabdeh tərəfindən üçüncü şəxsin hesabına mədaxil edilmişdir.
19. İddiaçı cavabdehə 45000 manat məbləğində avans ödənildiyini, lakin cavabdeh tərəfindən hər hansı iş görülmədiyini bildirir və pulun tutulmasını tələb edir. Həmçinin iddiaçı üçüncü şəxsin əlavə cavabdeh kimi cəlb edilməsi barədə vəsatət vermiş, lakin ona qarşı tələbinin olmadığını bildirmiş, vəsatəti bu hissədə müdafiə etmədiyini qeyd etmişdir.
20. Cavabdeh özü müstəqil surətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu bildirsə də, həmin məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı "xxxx" QSC) işçisi kimi qəbul etdiyini və kassaya mədaxil etdiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.
21. Üçüncü şəxs mübahisəli 45000 manat məbləğində pul vəsaitinin cavabdeh tərəfindən üçüncü şəxs üçün qəbul edildiyini və üçüncü şəxsə mədaxil edildiyini bildirir.
22. Məhkəmə mübahisənin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
23. Məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
24. İddiaçının subyektiv hüququnun pozulub-pozulmaması, cavabdehlərin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılarkən mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı, sübut etmə yükü düzgün müəyyən edilməlidir.
25. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.
27. Hazırkı iş üzrə iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu əsasən işdə iştirak edən şəxslərin izahatlarından ibarətdir. Məhkəmə nəzərə alır ki, işdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).
28. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 45000 manat məbləğində pul vəsaitinin verildiyi vaxt cavabdehin üçüncü şəxsin işçisi olduğu işin mübahisəsiz halıdır. Cavabdeh ilk məhkəmə iclasında həmin məbləği üçüncü şəxsin işçisi kimi əldə etdiyini və sonuncuya mədaxil etdiyini göstərmiş, yalnız üçüncü şəxsin vəkili cavabdehin buna səlahiyyətli olmadığını, lakin işlərin görülməsi ilə bağlı müəyyən məsələləri dəqiqləşdirməli olduğunu bildirdikdən sonra cavabdehin nümayəndəsi və vəkili pul vəsaitinin cavabdehin özü tərəfindən işlərin görülməsi üçün qəbul edildiyini, işlərin görüldüyünü və iddia müddətinin ötdüyünü qeyd etmişdir. Üçüncü şəxs kassa mədaxil orderlərini təqdim etdikdən sonra isə cavabdehin nümayəndəsi və vəkili ilkin mövqelərinə qayıtmış və sonrakı mövqelərinin hüquqi müdafiə üçün formalaşdırıldığını bildirmişdir.
29. Vurğulanmalıdır ki, mülki prosesdə hər bir tərəf qanunvericiliklə qadağan edilməyən istənilən üsulla öz hüquqi müdafiələrini qurmaqda sərbəstdir. Bu mənada cavabdeh özünə qarşı irəli sürülən iddianın rəddi üçün prosessual müdafiə vasitəsi olan iddia müddətinin tətbiqini xahiş edə bilər, iddiaya etiraz edə bilər, faktı etiraf və ya rədd edə bilər.
30. Belə olan halda, üçüncü şəxsin ilkin mövqeyi fonunda cavabdehin nümayəndəsi və vəkilinin iddia müddətinə istinad etməklə iddianın rəddinə nail olmağa çalışması ağlabatandır.
31. İşdə olan sübutlarla (üçüncü şəxsin vəkili hazırlıq iclasında dəqiqləşmələr aparıb sübutlar təqdim edəcəyini bildirdiyindən, məhkəmə hansı sübutların təqdim olunmasının mümkünlüyünü hazırlıq iclasında müzakirə etdiyindən və işə baxılmasının prosessual müddətinin başa çatmasını nəzərə alaraq baxış iclasını təyin etdiyindən üçüncü şəxsin sübutlarını qəbuledilən hesab etmişdir) isə 20 sentyabr 2019-cu il tarixli FBQ 021386 seriya və nömrəli kassa mədaxil orderi ilə 15000 manat, 15 oktyabr 2019-cu il tarixli FBQ 021387 seriya və nömrəli kassa mədaxil orderi ilə 20000 və 21 noyabr 2019-cu il tarixli FBQ 021388 seriya və nömrəli kassa mədaxil orderi ilə 10000 manat məbləğində pulun Cavabdeh tərəfindən üçüncü şəxsin hesabına mədaxil edildiyi təsdiq olunur.
32. İddiaçı həmin sübutların qeyri-mötəbər olduğunu bildirsə də, həmin halı təsdiq edəcək, yəni kassa mədaxil orderlərinin mötəbərliliyini inkar edən heç bir sübut təqdim etməmişdir. Həmçinin cavabdehlə müqavilə münasibətlərində olduğunu təsdiq edən sübut da təqdim edə bilməmişdir
33. Əksinə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.4-1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməlidir.
34. Başqa sözlə, üçüncü şəxsin hazırkı adının "xxxx" QSC olduğu və əvvəlki adını göstərən möhürün müvafiq icra hakimiyyətinə təhvil verilməsi nəzərə alındığında, FBQ 021386, FBQ 021387 və FBQ 021388 kassa mədaxil orderlərinin məhkəmə icraatının gedişində düzəldildiyi istisna edilir. Eyni zamanda üçüncü şəxsin nümayəndəsi və vəkilinin iştirak etdiyi ilk məhkəmə iclasında müvafiq məsələlərin dəqiqləşdirilməli olduğunu bildirdiyi də diqqətə alındığında üstündən uzun müddət keçmiş sənədlərin tapılması və məhkəməyə gec təqdimi də ağlabatan hesab olunmalıdır.
35. İddiaçının tələbinin faktiki əsasına uyğun olaraq Mülki Məcəllənin tapşırıq müqaviləsi ilə bağlı normaları nəzərdən keçirilməlidir.
36. Mülki Məcəllənin 777-ci maddəsində göstərilmişdir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.
37. Göründüyü kimi, tapşırıq müqaviləsi mülki qanunvericiliyin xidmətlərin göstərilməsi kateqoriyasına aid müqavilələrdən biri olmaqla, şifahi və ya yazılı formada bağlana bilər.
38. Qeyd edilməlidir ki, iddiaçının tapşırıq müqaviləsindən irəli gələn hər hansı subyektiv hüquqa malik olub-olmaması tapşırıq müqaviləsindən irəli gələn öhdəlik münasibətlərinin məzmununu təşkil edən subyektiv hüquqlar və vəzifələrin təqdim olunan sübutlar əsasında müəyyənləşdirilməsi yolu ilə aydınlaşdırıla bilərdi ki, hazırda iddiaçı belə bir müqavilənin olduğunu yalnız izahatı ilə təsdiq edir.
39. Digər tərəfdən, iddiaçı “skada”ların qurulması, nasosların alınması, xüsusi qurğuların gətirilməsi üçün müvafiq məbləğin cavabdehə avans formasına verildiyini bildirsə də, diqqətə çatdırılmalıdır ki, kommersiya hüquqi şəxsləri təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan, mülki dövriyyədə təşkilatlanmış formada iştirak edən sahibkarlıq fəaliyyəti subyektləridir və kifayət qədər böyük vəsaitin hər hansı yazılı müqavilə bağlamadan avans qaydasında ödənişi də ağlabatan görünmür.
40. Göstərilənlərə əsasən, iddiaçı cavabdehlə hər hansı öhdəlik münasibətində olduğu, məhz həmin öhdəlik münasibəti ilə əlaqədar pul məbləğinin verildiyi ilə bağlı sübutetmə vəzifəsini yerinə yetirə bilmədiyindən, əksində üçüncü şəxs cavabdehə təqdim olunan pul vəsaitlərini iddiaçı ilə üçüncü şəxs arasında olan müqavilədən irəli gələn öhdəliklərə görə təqdim olunaraq cavabdeh tərəfindən onun kassasına mədaxil edildiyini təsdiq edən sübutlar təqdim etdiyindən, beləliklə də, iddiaçı subyektiv hüquqa malik olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
41. Bundan başqa, Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırkı iş üzrə iddia təmin edilmədiyindən məhkəmə xərcləri də iddiaçıya aid edilməlidir.
V. Nəticə:
42. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Cavabdeh qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova