Məhkəmə qərarları › İş №e-2-2(113)-3921/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3921/2023

28.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3921/2023 28.11.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 11514,93 manat - bundan 5471,59 manat əsas, 1706,83 manat faiz, 3697,35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 639,16 manat faiz borcunun və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 210 manat məbləğində mediasiyaya dair xərcin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia ərizəsi belə əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nizami filialı ilə Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 532/14-AYİB saylı Kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən, Bank tərəfindən müştəriyə dövriyyə vəsaitinin artırılması məqsədi ilə illik 26 faiz dərəcəsindən çox olmamaq şərti ilə 18 ay müddətinə 20000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM-532/14-AYİB nömrəli, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zamin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. xx.xx.2017-ci il tarixdə “532/14-AYİB saylı, xx.xx.2014-cü il tarixli Kredit müqaviləsi üzrə” 01 saylı Əlavə Saziş bağlanmışdır. Əlavə Sazişə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı 8879,97 manat təşkil edir, kreditin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edilmişdir. “ZM-532/14-AYİB saylı, xx.xx.2014-cü il tarixli Zaminlik müqaviləsi” üzrə xx.xx.2017-ci il tarixdə 01 saylı Əlavə Saziş bağlanmış və Zamin bu Əlavə sazişi imzalamaqla 532/14-AYİB saylı, xx.xx.2014-cü tarixli Kredit müqaviləsi, həmin müqaviləyə edilmiş əlavələri, o cümlədən, xx.xx.2017-ci il tarixli Əlavə Sazişlə tanış olduğunu, şərtləri ilə razılaşdığını və müvafiq öhdəliklərin icra edilməsi üçün məsuliyyəti öz üzərinə götürdüyünü təsdiq etmişdir. Kredit müqaviləsinə əsasən Cavabdeh1 müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o bu öhdəliyi yerinə yetirməmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı pul tələbinə dair kommersiya mübahisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etmədiyi üçün “mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/10-00269 nömrəli arayış tərtib edilmişdir. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə **********231 saylı xx.xx.2023-cü il tarixli bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2023-cü il tarixə Cavabdeh1 kredit üzrə cəmi borcu 11514,93 manat təşkil edir. Bundan 5471,59 manat əsas, 1706,83 manat faiz, 3697,35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 639,16 manat faiz borcu təşkil edir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəmənin elektron sisteminə ərizə yükləyərək onun iştirak olmadan məhkəmə iclasının keçirilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında tələbin əsassız olduğunu bildirərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2014-cü il tarixli 532/14-AYİB nömrəli kredit müqaviləsindən görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcalan Cavabdeh1 18 ay müddətinə illik 26% dərəcəsi ilə 20000 ABŞ manat məbləğində kredit verilməsi barədə aralarında razılığa gəlmişlər. Kredit müqaviləsinin 2.5-ci bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 52% dərəcəsi ilə, aylıq isə 4,33% dərəcəsi ilə faiz hesablanır və borcalan tərəfindən kreditora ödənilir. xx.xx.2014-cü il tarixli 532/14-AYİB nömrəli zaminlik müqaviləsindən görünür ki, kreditor - İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixli 532/14-AYİB nömrəli kredit müqaviləsi bağlanmış və kreditin təminatı kimi zamin – Cavabdeh2 borcalanın müqavilə üzrə öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. xx.xx.2017-ci il tarixli əlavə sazişdən görünür ki, xx.xx.2014-cü il tarixli 532/14-AYİB nömrəli kredit müqaviləsin müddəti xx.xx.2020-ci il tarixədək təyin edilmişdir. Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən təqdim edilmiş xx.xx.2023-cü il tarixli, **********230 nömrəli maliyyə arayışından görünür ki, ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixinə Cavabdeh1 ləğv prosesində olan İddiaçı ASC-yə olan borcu 5471,59 manat əsas, müqavilə müddəti üçün hesablanmış və tələb olunan 1706,83 manat faiz borcu, müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış 3697,35 manat cərimə borcu, AR MM-nin 445.7-ci maddəsinə görə gecikdirilmiş vaxt üçün hesablanan (illik faiz dərəcəsi 5% olmaqla) faiz məbləği 639,16 manat, ümumilikdə isə yaranmış borc məbləği 11514,93 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/6525 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2016-cı il tarixə əsas borc 6109,07 manat, faiz borcu 366,20 manat, xx.xx.2020-ci il tarixə əsas borc 5222,57 manat, faiz borcu 3576 manat, xx.xx.2023-cü il tarixə əsas borc 5222,57 manat, faiz borcu 4177,32 manat, illik 5% hesablanmaqla 601,32 manat təşkil edir. Tədqiqatın dəyəri 100 manatdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1407 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 532/14-AYİB saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdə və ZM-532/14-AYİB saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdə “Borcalan” qrafadakı imzalar – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Tədqiqatın dəyəri 127 manatdır. xx.xx.2023-cü il tarixli 00269 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ləğv prosesində olan İddiaçı ASC Bakı şəhəri 10 saylı mediasiya təşkilatına 210 manat məbləğində mediasiya xərci ödəmişdir. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 445.7, 467, 470.1 və 477.0.4-cü maddələrinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur, Həmçinin borclu öhdəliyin lazımınca müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə (dəbbə pulu, penya) ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminliyə müqavilədə göstərilmiş onun verilmə müddəti qurtardıqda, belə müddət təyin edilmədikdə isə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İV.Məhkəmənin gəldiyi nəticə İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi kreditor və borclular arasında qanunvericiliyə uyğun olaraq kredit və zaminlik müqavilələri bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilsə də, cavabdeh öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı 5471,59 manat əsas borc, 1706,83 manat faiz borcu, 3697,35 manat cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 639,16 manat faiz borcu tələb etsə də, məhkəmə hesab edir ki, faiz borcu tam edilməli, əsas və illik 5%-lə hesablanmış borc isə xx.xx.2023-cü il tarixli 9/6525 nömrəli ekspert rəyində müəyyən edilmiş kimi, müvafiq olaraq 5222,57 manat və 601,32 manat həcmində təmin edilməlidir. Bununla yanaşı məhkəmə iddia tələbinin cərimə hissəsi ilə əlaqədar qeyd edir ki, cərimə pulu tənasübsüz sürətdə yüksək qiymətləndirildiyinə görə həmin məbləğ azaldılaraq 369,28 manat məbləğində müəyyən edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdeh zamin Cavabdeh2 qarşı tələbi rədd edilməlidir, belə ki, kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək müəyyən edildiyindən, iddiaçı isə hazırki tələblə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etməklə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 447.0.4-cü maddəsinə əsasən öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində zaminə qarşı iddianın irəli sürməsi müddətini ötürmüşdür. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 5222,57 manat əsas, 1706,83 manat faiz, 369,28 manat cərimə və illik 5%-lə hesablanmış 601,32 manat faiz borcu, cəmi 7900 manat, həmçinin 210 manat məbləğində mediasiya xərci tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Həmçinin məhkəmə qeyd edir ki, Cavabdeh1 532/14-AYİB saylı, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdə və ZM-532/14- AYİB saylı, xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi üzrə 01 nömrəli xx.xx.2017-ci il tarixli əlavə sazişdə imzaların ona məxsus olmadığını bildirsə də, Məhkəmə Ekspertiz Mərkəzinin xx.xx.2023-cü il tarixli 4/1407 nömrəli ekspert rəyi ilə həmin imzaların Cavabdeh1 tərəfindən icra olunduğu müəyyən edilmişdir. İddia Cavabdeh2 qarşı hissədə isə rədd olunmalıdır. İddia tələbinin 68,60%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, 227 (100+127) manat ekspertiza xərcinin 155,72 manatı Cavabdeh1, 71,28 manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh1 5222,57 manat əsas, 1706,83 manat faiz, 369,28 manat cərimə və illik 5%-lə hesablanmış 601,32 manat faiz borcu, cəmi 7900 manat, həmçinin 210 manat məbləğində mediasiya xərci tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia Cavabdeh2 qarşı hissədə rədd olunsun. Ekspertiza xərcinin 155,72 manatı Cavabdeh1, 71,28 manatı isə ləğv prosesində olan İddiaçı ASC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar