Məhkəmə qərarları › İş №e-2-2(113)-3922/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3922/2024

19.09.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3922/2024 19.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, sübutetmə vəzifəsi, elektron qaimə malların təhvil verilməsinin sübutu kimi, məhkəmə xərclərinin işin nəticəsindən asılı olmayaraq bölüşdürülməsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 17 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 4301 manat əsas borc və ödənilmiş 63,01 dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında 17 iyul 2023-cü il tarixli AG/A-002 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə cavabdeh tərəfindən edilmiş sifarişlər üzrə müvafiq məhsullar iddiaçı tərəfindən cavabdehə müqavilə şərtlərinə uyğun surətdə təhvil verilmişdir. Mallar təhvil veriləndən sonra iddiaçı tərəfindən cavabdehə elektron qaimə göndərilmişdir. Alınmış mallara görə cavabdehin idiaçıya ümumilikdə 6661,33 manat borcu formalaşmışdır. Yaranmış borcun 3 gün müddətində ödənilməsi üçün cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya göndərilmişdir. Həmin pretenziya məktubundan sonra cavabdeh tərəfindən 2360,33 manat məbləğində vəsait iddiaçıya ödənilmişdir. Hal-hazırda cavabdehin iddiaçıya ƏDV ilə birlikdə 4301 manat borcu vardır. Şifahi xəbərdarlıqlar edilməsinə baxmayaraq, borc məbləği cavabdeh tərəfindən ödənilmir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 425.1, 442-ci və s. maddələr göstərilmişdir.

4. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-3922/2024 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmış, cavabdehə iddia ərizəsinə dair yazılı etirazın və etiraza dair sübutların 20 gün ərzində məhkəməyə təqdim edilməsi təklif olunmuşdur.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

6. Daha sonra iddiaçı “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə xx.xx.2024cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, 17 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1433,79 manat əsas borc və ödənilmiş 63,01 dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə qeyd edilən mallar təqdim edilmişdir. Cavabdeh hazırlıq iclasında bildirmişdir ki xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrdə Cavabdeh MMC-nin adı qeyd edilməmişdir. İddaçı tərəfindən boya məhsulları "xxxx" MMC tərəfindən alınaraq satılır. İki dəfə Cavabdeh MMC tərəfindən boya məhsulu alınması üçün iddiaçıya müraciət edilmişdir. İddiaçı cavabdehə boya məhsulu olmadığını bildirmişdir. Cavabdeh xahiş etmişdir ki, həmin məhsulları birbaşa gedib topdan satıcıdan, yəni "xxxx" MMC-dən alsın. Bundan sonra cavabdeh boya məhsullarını "xxxx" MMC-dən almışdır. Cavabdehlə "xxxx" MMC-nin alqısatqı müqaviləsi olmadığı üçün "xxxx" MMC tərəfindən qaimələr iddiaçının adına yazılmışdır. İddiaçı tərəfindən cavabdehə yenidən qaimə tərtib edilməmişdir. Əlavə olaraq, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrdə göstərilən malların cavabdehə təqdim edilməsi ilə bağlı mübahisə mövcud deyil. Yəni xx.xx.2023, xx.xx.2023-cü il, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü il tarixli qaimələrə əsasən cavabdehə 797 kq “7039 mat” markalı boya təqdim edilmişdir. 797 kq “7039 mat” markalı boyanın cavabdehə təqdim edilməsi barədə elektron qaimələr göndərilmiş və həmin qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Bununla da cavabdehə xx.xx.2023 və xx.xx.2023cü il tarixli qaimələrdə göstərilən malların təqdim edildiyi sübut olunur.

II. Tərəflərin mövqeləri:

8. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianın məzmununa uyğun izahat verdi və eyni zamanda bildirdi ki, mallar cavabdehə elektron qaimələr əsasında verilib. Hazırda dəyəri ödənilməyən mallar 2 qaimə-faktura əsasında verilən mallardır.

9. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, tərəflər arasında 17 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə 6 saylı əlavə bağlanmamışdır.

10. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak edən cavabdehin nümayəndəsi – qanuni təmsilçisi Qanuni nümayəndə1 iddiaya etiraz edərək qeyd etdi ki, iddia ərizəsində tələb edilən 4301 manat məbləğində borcun bir hissəsi (2400 manat əsas, 432 manat ƏDV) ödənilib. Qalan məbləğ ona görə ödənilməyib ki, xx.xx.2023-cü il tarixli EBDM 541686 saylı və nömrəli elektron qaiməyə istinad olunaraq tələb olunan mal cavabdeh tərəfindən təhvil alınmamışdır. 18 iyul və 19 iyul tarixli qaimə-fakturalarada da Cavabdeh MMC-nin deyil, İddiaçı MMC-nin adı yazılmışdır. Ona görə də həmin elektron qaimənin dəyəri (1469,34 manat) cavabdeh tərəfindən ödənilməmişdir.

11. Cavabdeh məhkəmənin sonuncu iclasında iştirak etməmiş, iştirak edilməməsinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

a) Alqı-satqı müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı

13. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

14. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

15. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 17 iyul 2023-cü il tarixli AG/A-002 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə sonuncunun verdiyi sifariş əsasında təsdiqlənmiş miqdarlar və parametrlər üzrə sifariş həcminə uyğun, miqdarı və məbləği müqaviləyə əlavələrdə qeyd olmaqla “elektrostatik boya” satmağı, cavabdeh isə həmin malı qəbul edib müqavilə ilə razılaşdırılmış qaydada dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə xx.xx.2023-cü il tarixli 01 nömrəli, xx.xx.2023-cü il tarixli 02 nömrəli, xx.xx.2023-cü il tarixli 03 nömrəli, xx.xx.2023-cü il tarixli 04 nömrəli və xx.xx.2023-cü il tarixli 05 nömrəli əlavələr imzalanmış, xx.xx.2023-cü il tarixli EBDK 269768 seriya və nömrəli elektron qaimə 01 nömrəli əlavəyə əsaslanmaqla ƏDV daxil olmaqla 3259,75 manat, xx.xx.2023-cü il tarixli EBDK 739303 seriya və nömrəli elektron qaimə 02 nömrəli əlavəyə əsaslanmaqla ƏDV daxil olmaqla 5192 manat, xx.xx.2023-cü il tarixli EBDK 738136 seriya və nömrəli elektron qaimə 03 və 04 nömrəli əlavələrə əsaslanmaqla ƏDV daxil olmaqla 3229,66 manat, xx.xx.2023-cü il tarixli EBDL 893440 seriya və nömrəli elektron qaimə 05 nömrəli əlavəyə əsaslanmaqla ƏDV daxil olmaqla 1504,5 manat dəyərində malın təhvil verilməsi üçün tərtib edilərək cavabdehə göndərilmiş, adıçəkilən elektron qaimələrin dəyəri ödənilmişdir.

16. Hazırda mübahisələndirilən xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə isə 06 nömrəli əlavəyə istinad edilməklə ƏDV daxil olmaqla 1469,34 manat dəyərində malın təqdim edilməsi üçün tərtib edilmişdir.

17. İddiaçı boya məhsullarını topdan satışı həyata keçirən "xxxx" MMC-dən alaraq satdığını, iddiaçıda boya məhsulları qalmadığından cavabdehin xahişi ilə sonuncunun boyanı birbaşa "xxxx" MMC-dən aldığını, "xxxx" MMC ilə cavabdeh arasında müqavilə olmadığından isə qaimələrin "xxxx" MMC tərəfindən iddiaçının adına tərtib edildiyini bildirir və mübahisələndirilən elektron qaimə üzrə 1433,79 manat məbləğində pulun tutulmasını tələb edir.

18. Cavabdeh xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə üzrə hər hansı mal qəbul etmədiyini bildirir və iddianın rədd edilməsini xahiş edir.

19. Məhkəmə kommersiya mübahisəsinin həlli ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

20. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

21. Həmin Məcəllənin 597.1-ci maddəsində göstərilmişdir ki, alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə …. ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur.

22. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə…. həyata keçirməlidir.

23. Mülki Məcəllənin alqı-satqı haqqında ümumi müddəalarının tələblərinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Alıcı isə əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.

24. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

25. Mülki prosessual qanunvericiliyin sübutetmə vəzifəsindən və mülki qanunvericilik normalarına əsasən, kreditor tərəfindən borcluya qarşı müqavilənin dəyərinin ödənilməsi tələblərində: (a) tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğu, (b) həmin müqavilə üzrə kreditorun öz vəzifələrini lazımınca icra etdiyi, (c) lakin borclunun müqavilə öhdəliklərini – müqavilənin dəyərini ödəmək vəzifəsini pozduğunu sübutetmə vəzifəsini, bir qayda olaraq, kreditor daşıyır. Borclu isə, bir qayda olaraq, kreditorun adıçəkilən tələbinə qarşı etirazının məzmunundan irəli gələrək (a) müqavilə münasibətlərinin mövcud olmadığını və ya (b) kreditorun öz vəzifələrini vaxtında və lazımınca icra etmədiyini və ya (c) müqavilənin dəyərini ödədiyini sübut etməlidir.

26. Digər tərəfdən, nəzərə alınmaldır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 aprel 2022-ci il tarixli Qərarında sərgilənən hüquqi mövqeyə görə, lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.

27. Məhkəmə qeyd edir ki, iddiaçının 1433,79 manat məbləğində pulun tutulması hissəsində tələbinin əsasını xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə təşkil edir.

28. Əvvəla, həmin elektron qaimə hər iki tərəfin məhkəmə iclasında mövcud olmadığını təsdiq etdiyi 06 nömrəli əlavəyə əsaslanır. Lakin tərəflər arasında yaranmış işgüzar praktika bu formada olmuşdur ki, əvvəlcə müqaviləyə əlavələr razılaşdırılmış, həmin əlavələrin 2-ci bəndi həm də malların təhvil-qəbul qaydasını müəyyən edilmiş, sonra həmin əlavələr üzrə mallar təhvil verilmiş və daha sonra isə malların təqdim edilməsini təsdiq etmək üçün müqaviləyə əlavəyə və ya əlavələrə istinad edilməklə elektron qaimələr tərtib edilərək göndərilmişdir. Lakin hazırkı halda 06 nömrəli əlavə bağlanmamışdır, elektron qaimədə isə həmin əlavəyə istinad edilmişdir.

29. İkincisi, xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə cavabdeh tərəfindən yalnız məhkəmə iclasında deyil, əzəldən mübahisələndirilmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Elektron qaimə” altsistemindən çıxarışdan görünür ki, EBDM 541686 seriya və nömrəli elektron qaimə xx.xx.2023-cü il tarixdə cavabdehə göndərilmiş, cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə “??” işarəsi qoyularaq düzəliş üçün iddiaçıya qaytarılmış, xx.xx.2023-cü il tarixdə yenidən göndərilmiş, xx.xx.2024-cü il tarixdə “500 kq + 228 kq vurulub RAL 1011, mənə verilən əl qaiməsi 441,5 kq-dir” qeydi ilə düzəlişə qaytarılmış, xx.xx.2024-cü il tarixdə yenidən göndərilmiş, xx.xx.2023-cü il tarixdə düzəlişə qaytarılmış, xx.xx.2023-cü il tarixdə yenidən göndərilmiş, həmin tarixdə düzəlişə qaytarılmışdır. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya məxsus bank hesabına edilən ödənişlər elektron qaimələrə istinad edilməklə edilmiş və həmin elektron qaimələr üzrə ƏDV məbləğləri ƏDV subhesabına köçürülmüşdür. Lakin mübahisəli elektron qaimə üzrə cavabdeh tərəfindən hər hansı vəsait ödənilməmişdir.

30. Üçüncüsü, məhkəməyə təqdim edilən xx.xx.2023-cü il tarixli ******* və xx.xx.2023-cü il tarixli ******* nömrəli qaimə-fakturalar "xxxx" şirkəti tərəfindən müvafiq olaraq cavabdeh və iddiaçıya təqdim edilmişdir. Bu isə həmin qaimələrin cavabdeh tərəfindən 17 iyul 2023-cü il tarixli AG/A-002 nömrəli alqı-satqı müqaviləsi üzrə malların iddiaçıya təqdim edilməsinin sübutu kimi çıxış etməsini istisna edir.

31. Beləliklə, məhkəmə qeyd edir ki, müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla xx.xx.2023-cü il tarixli EBDM 541686 seriya və nömrəli elektron qaimə üzrə malların cavabdehə təqdim edildiyi öz təsdiqini tapmır. Başqa sözlə, iddiaçı 1433,79 manat məbləğində pulun tutulması hisssində öz sübutetmə vəzifəsini yerinə yetirə bilməmişdir.

32. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alqı-satqı müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası rədd edilməlidir.

b) Məhkəmə xərcləri ilə bağlı

33. İddiaçı həmçinin ödənilmiş 63,01 dövlət rüsumunun, 500 manat hüquqi yardım xərcinin cavabdehdən tutulmasını xahiş edir.

34. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 63,01 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir.

35. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 276 nömrəli müqavilə üzrə (xx.xx.2024-cü il tarixli ******* nömrəli orderdə qeyd edilən müqavilə) 500 manat məbləğində pul iddiaçı tərəfindən köçürülmüşdür.

36. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

37. Həmin Məcəllənin 115.0 və 115.0.6-cı maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə, o cümlədən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər daxildir.

38. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

39. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

40. Həmin Məcəllənin 119.3-cü maddəsinə əsasən, iş, işdə iştirak edən şəxslər tərəfindən həmin kateqoriyadan olan mübahisələrin qanunla nəzərdə tutulmuş məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəlmişdirsə, məhkəmə həmin xərcləri işin nəticəsindən asılı olmayaraq müəyyən edə bilər.

41. İş materaillarında olan hesabdan çıxarışdan görünür ki, iddia tələbinin azaldılmasına səbəb olan 2400 manat (+432 manat ƏDV) məbləğində ödəniş cavabdeh tərəfindən məhkəmə icraatının gedişində xx.xx.2024-cü tarixdə həyata keçirilmişdir.

42. Belə olan halda, məhkəmə həmin hissədə iddianın müdafiə edilməməsinin səbəbinin tələbin könüllü icrası olduğunu və iddiaçının məhkəmə xərclərinin tam olaraq tutulması tələbini nəzərə alaraq hesab edir ki, könüllü icra edilən hissəyə müvafiq olaraq dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

43. Məhkəmə kommersiya mübahisəsinin xarakterinin mürəkkəbliyini və sübutların dairəsini, iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələbinə əsasən icra edilməli olan hərəkətlərin dairəsini (pretenziya tələbinə əməl olunması, iddia ərizəsi və əlavə olunan sənədlərin xüsusi qaydada çatdırılması və s.), məhkəmə iclaslarının sayını və müddətini, tələbin könüllü icra olunan hissəsinə dair mübahisənin məhkəməyə qədər həlli qaydalarının və müqavilə qaydalarının (tələbi cavabsız qoymaq, tələb olunan sənədləri göndərməmək) pozulması nəticəsində meydana gəldiyini və yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, vəkilin göstərdiyi yardıma görə xərcin əvəzi olaraq 350 manat məbləğində pul ağlabatandır və cavabdehdən tutulmalıdır.

44. Beləliklə, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 350 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

V. Nəticə:

45. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 49 manat, hüquqi yardım xərcinin əvəzi olaraq 350 manat məbləğində pul cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar