Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3934/2025 11.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair sadələşdirilmiş icraat qaydasında baxılan kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, icarə haqqının tutulması, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızı İddiaçı Cavabdehnə qarşı “icarə müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiasına kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixindən müqaviləyə xitam verildiyi xx.xx.2025-ci il tarixinədək olan dövrü əhatə edən müddət üçün ödənilməli olan 1170 manat icarə haqqının və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinin 4.1-ci bəndinə əsasən, aylıq icarə haqqı 3139,53 manat müəyyən edilmişdir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, müqaviləyə qüvvədə olma müddətində tərəflərdən birinin istəyi ilə və bu barədə digər tərəfi 30 gün əvvəl yazılı xəbərdarlıq etmək şərti ilə xitam verilə bilər (əks halda növbəti ayın tam icarə haqqı ödəniləcək). Cavabdeh tərəfindən xx.xx.2025-ci il tarixli məktubla müraciət edilərək, müqaviləyə xx.xx.2025-ci il tarixindən xitam verilməsi xahiş olunmuşdur. İddiaçı xx.xx.2025-ci il tarixli cavab məktubu ilə müqavilənin xx.xx.2025-ci il tarixindən qüvvədən düşmüş hesab olunacağını bildirmişdir. Tərəflər arasında bağlanmış müqaviləyə 1 saylı əlavəyə əsasən, icarə haqqı 15 fevral 2025-ci il tarixindən hesablanmışdır. Cavabdeh tərəfindən 15 mart tarixində 1 aylıq icarə haqqı ödənişi edilmiş, lakin 15 aprel tarixindən müqavilənin xitam tarixi olan 28 aprel tarixinə qədər olan dövr üçün ödəniş edilməmişdir. İddiaçı göndərdiyi xx.xx.2025-ci il tarixli bildirişdə də qeyd etmişdir ki, “Nəzərinizə çatdırırıq ki, icarə müqaviləsinə xitam verilən tarixə qədər həmin sahə sizin istifadəniz üçün açıq olacaqdır. Həmin sahənin boşaldılması tərəfləri müqavilə öhdəliklərinin yerinə yetirilməsindən azad etmir. Yalnız müqaviləyə xitam tarixi olan 28 aprel 2025-ci il tarixindən sonra həmin sahə başqa şəxslərə icarəyə verilməsi üçün təklif olunacaq”. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən öhdəliklərinə tam riayət olunmamış, müvafiq dövr – 13 gün üzrə ümumilikdə 1170 manat (vergilər çıxıldıqdan sonra qalan icarə haqqı 2700/30x13) borc ödənilməmişdir.
3. İddia ərizəsində iddianın maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 152, 425.1 və 442-ci maddələri göstərilmişdir.
II. Mümkünlük və cavabdehin etirazı
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır;
5. Məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də iddiaçının təqdim etdiyi sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir.
6. Mülki Prosessual Məcəllənin 284-5.1-ci maddəsinə uyğun olaraq məhkəmə bildirişi cavabdehin hüquqi ünvanına rəsmi qaydada göndərilmiş, qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmiş, iddiaya qarşı etiraz daxil olmamışdır.
III. Məhkəmə baxışının hədləri
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi
a) İcarəsi müqaviləsi üzrə borcun tutulması tələbi ilə bağlı
8. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
9. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.
10. Məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında 05 sentyabr 2024-cü il tarixli icarə müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, iddiaçı ona məxsus və ünvan 1 ünvanında yerləşən Biznes Mərkəzinin 1-ci mərtəbəsində ümumi sahəsi 124 kv.m olan ərazini ofis kimi istifadə üçün cavabdehə icarəyə verməyi, cavabdeh isə həmin ərazini icarəyə qəbul etməyi və şərtləşdirilmiş icarə haqqının (3139,53 manat) 14%-ni (439,53 manat) dövlət büdcəsinə, 86%-ni (2700) icarəçiyə ödəməyi öhdəsinə götürmüş, icarə müddəti xx.xx.2024 – xx.xx.2025-ci il tarixlər üçün razılaşdırılmışdır. Daha sonra xx.xx.2025-ci il tarixdə müqaviləyə 1 nömrəli əlavə bağlanaraq müqavilənin müddəti xx.xx.2026-ci il tarixədək artırılmışdır. Cavabdeh tərəfindən sonuncu ödəniş 2700 manat 15 mart – 15 aprel 2025-ci il dövrü üçün 25 mart 2025-ci il tarixdə həyata keçirilmişdir. Cavabdeh 28 mart 2025-ci il tarixdə iddiaçıya müraciət edərək icarə müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş etmişdir.
11. İddiaçı 05 sentyabr 2024-cü il tarixli icarə müqaviləsi üzrə xx.xx.2025-ci il tarixindən müqaviləyə xitam verildiyi xx.xx.2025-ci il tarixinədək olan dövrü əhatə edən müddət üçün 1170 manat icarə haqqının ödənilməsini tələb edir.
12. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir və sadələşdirilmiş icraat üzrə ərizəyə baxılma qaydası və iddiaya etiraz etmə hüququ rəsmi qaydada – məhkəmə bildirişi göndərilməklə izah edilsə də, heç bir etiraz təqdim etmir.
13. Məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslıdır və cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
14. Mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir.
15. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Eləcə də kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
16. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
17. Məhkəmə əvvəla icarə müqaviləsinin hüquqi məzmununun şərh edilməsini zəruri sayır.
18. Mülki Məcəllənin 700.1-ci maddəsinə əsasən, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
19. Həmin müqavilənin 700.3-cü maddəsinə əsasən, əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.
20. Göründüyü kimi, icarə müqaviləsi icarəçi ilə icarəyəverən arasında əmlak kirayəsi müqaviləsi olub, icarəyəverənin icarəçiyə icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququnu verməyi, icarəçinin isə müəyyənləşdirilmiş icarə haqqını ödəməyi öhdəsinə götürdüyü icrası davamlı olan öhdəlik münasibətini ifadə edir. Bu zaman icarəçi tərəfindən icarə haqqının ödənilməsinin hüquqi əsası qismində Mülki Məcəllənin 700.1-ci maddəsi çıxış edir.
21. Məhkəmə hazırkı mübahisənin həllinin bilavasitə 05 sentyabr 2024-cü il tarixli icarə hüquqi qüvvəsinin, xitam anının müəyyənləşdirilməsindən asılı olduğunu nəzərə alaraq aşağıdakıları qeyd edir.
22. İcarə müqaviləsi vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, icarə müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki icarə müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır, həmin ana qədər yaranmış öhdəliklər isə icra edilməlidir.
23. Bu mənada Konstitusiya Məhkəməsi göstərmişdir ki, qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərar).
24. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
25. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər.
26. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
27. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 5-ci bəndinə əsasən, müqavilənin qüvvədə olma müddətinə tərəflərdən birinin istəyi ilə və bu barədə digər tərəfi 30 gün əvvəl yazılı xəbərdar etmək şərti ilə xitam verilə bilər.
28. Göründüyü kimi qanunvericilikdə müqavilənin xitamının 3 əsasından biri kimi müqavilədə nəzərdə tutulan digər hallarda xitam verilməsi nəzərdə tutulmuş, tərəflər müqavilədə biri digərini 30 gün əvvəl yazılı xəbərdar etmək şərti ilə xitam verilməsi imkanını razılaşdırmışdır. Bu mənada cavabdehin 28 mart 2025-ci il tarixdə iddiaçıya müraciət edərək icarə müqaviləsinə xx.xx.2025-ci il tarixdən xitam verilməsini xahiş etməsi də, qeyd olunan razılaşmanın tələbinə uyğun olmuşdur. Cavabdeh qeyd olunan tarixdən müqavilənin xitamını xahiş etmiş, iddiaçı isə bunu mübahisələndirməmiş, müqavilə xx.xx.2025-ci il tarixdən xitam olunmuşdur. Belə olan halda, cavabdehin müqavilənin xitam verildiyi tarixədək hesablanmış icarə haqqını ödəməməsi əsassız olmuşdur.
29. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya ünvanladığı məktubda xx.xx.2025-ci il tarixdə ofisi boşaldacaqlarını qeyd etmişdir. Lakin nəzərə alınmalıdır ki, müqavilədən imtina edən tərəfin digər tərəfi 30 gün əvvəl yazılı xəbərdar etmək şərti tərəflərin iqtisadi mənafeyinin müdafiəsinə yönəlmiş şərtdir və icarəçinin müqavilənin xitamı tarixinədək icarə sahəsini boşaltması iradəli seçimi olmaqla qüvvədə olan icarə müqaviləsi üzrə icarə haqqının ödənilməmə əsası kimi çıxış edə bilməz.
30. Mülki Məcəllənin 700.1-ci maddəsinin dispozisiya şərtlərini hazırkı işin hallarına tətbiq etdikdə görünür ki, cavabdeh icarə müqaviləsi üzrə öz öhdəliklərini icra etməmiş, icarə haqqını ödəməmişdir. Belə olan halda iddiaçının icarəçidən – cavabdehdən icarə haqqını təşkil edən müvafiq pul məbləğini tələb etmək hüququ yaranmışdır.
31. Lakin məhkəmə qeyd edir ki, xx.xx.2025-ci il tarixindən müqaviləyə xitam verildiyi xx.xx.2025-ci il tarixinədək olan dövrü əhatə edən müddət üçün icarə haqqı hesablanarkən nəzərə alınmalıdır ki, 25 mart 2025-ci il tarixdə xx.xx.2025-ci il daxil olmaqla ödəniş edilmiş, xx.xx.2025-ci il tarixində isə müqaviləyə xitam verilmişdir. Ona görə də icarə haqqı 12 gün üçün hesablanmalıdır. Belə olan halda, ödənilməli icarə haqqının məbləğinin 1080 (2700 manat/30 gün*12 gün) manat olduğu müəyyən olunur.
32. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, 1080 manat icarə haqqı cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
33. İddiaçı ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 32 manat pulun cavabdehdən tutulmasını xahiş etmişdir.
34. Məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən 32 manat dövlət rüsumu ödənilmişdir.
35. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir
36. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
37. Məhkəmə iddia tələbinin qismən təmin olunduğunu nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul cavabdehdən tutularaq İddiaçı ödənilməlidir.
V. Nəticə
38. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 05 sentyabr 2024-cü il tarixli icarə müqaviləsi üzrə 1080 manat Cavabdehndən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova