Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3943/2024 08.07.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər X5, X6 və X7 qarşı borc tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, borc tələbi, zaminlik, cərimə) Bakı Kommersiya Məhkəməsinin hakimi X8, İddiaçı ASC-nin cavabdehlər X5, X6 və X7 qarşı borc tələbinə dair ərizəsinə kiçik iddialara dair iş üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: İşin halları İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1, X9 və X4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 12 noyabr 2021-cü il tarixli kredit müqaviləsi üzrə 8262.66 manat əsas borc, 718.77 manat faiz borcu və 83.95 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 9065.38 manat borcun və 110.65 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırmışdır ki, X5 12 noyabr 2021-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 21 faizlə 24 ay müddətinə 50000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq X9 və X10 ilə 12 noyabr 2021-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 26 yanvar 2024-dək X2 banka 12 noyabr 2021-cü il tarixli kredit müqaviləsi üzrə 8262.66 manat əsas borc, 718.77 manat faiz borcu və 1109.16 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 10090.59 manat borcu vardır. X5 12 noyabr 2021 il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 1109.16 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 7.57 %-i miqdarında olmaqla, yəni 83.95 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 448.1, 462.1, 465.2, 467, 472.1, 501-ci maddələrinə istinad olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar İş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-MCR-1-1359-21/1 saylı nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən borcalana 100000 manat məbləğində aylıq 2.50 % olmaqla kredit verilməsi və kreditin müddəti 120 ay nəzərdə tutulmuşdur. İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-MCR-1-1359-21/1 saylı nömrəli bank xidmətlərinin göstərilməsi üzrə standart əlavə şərtlərə 5 nömrəli Əlavəyə əsasən X3 50000 manat məbləğində aylıq 1.75 % olmaqla kredit verilmiş və kreditin müddəti 24 ay nəzərdə tutulmuşdur İddiaçı ASC ilə X11 arasında bağlanmış xx.xx.2021-ci il tarixli Z/11689/21 nömrəli və X10 ilə bağlanmış xx.xx.2021-ci il tarixli Z/11687/21 nömrəli zaminlik müqavilələrinə əsasən xx.xx.2021-cu il tarixli, 23-MCR-1-1359-21/1 saylı kredit limitinin ayrılmasına dair müqavilə bankdan kredit götürmüş bocalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminlər öz üzərlərinə götürmüşlər. Müqavilənin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəliklər kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zaminlər və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İddiaçı ASC tərəfindən tərtib edilmiş maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə cavabdeh X2 8262,66 manat məbləğində əsas bоrcu, 718,77 manat məbləğində faiz bоrcu və 1109,16 manat məbləğində cərimə borcu, cəmi 10174,54 manat borcu vardır. 12 noyabr 2021-ci il tarixli məxaric qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən X3 30000 manat kredit məbləği ayrılmışdır. xx.xx.2021-ci il tarixli 23-MCR-1-1359-21/1 saylı kredit müqaviləsi üzrə tərtib edilmiş ödəniş planından görünür ki, ümumi məbləği 50000 manat olan aylıq faiz dərəcəsi 1.75% olmaqla 24 ay müddətinə verilmiş kreditə görə X5 12 dekbar 2021-ci il tarixdən 12 noyabr 2023-cü il tarixinə qədər hər ayın 12-si 2569,28 manat, sonuncu ay 2569,33 manat ödəməlidir xx.xx.2024-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, İddiaçı ASC 113,43 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmənin mövqeyi Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı cavabdehə xx.xx.2021-ci il tarixində 50000 manat məbləğində xx.xx.2023-cü il tarixədək qaytarmaq şərtilə aylıq 1.75 faizlə kredit vermişdir. Daha sonra öhdəliyin icrasının təmin edilməsi üçün iddiaçı ilə E.Şərifzadə və S.Şərifzadə arasında zaminlik müqaviləsi bağlanmışdır. Kreditor, iddiaçı kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirsə də, borcalan və zamin, cavabdehlər kredit zə zaminlik müqavilələri üzrə öhdəlikləri tam icra etməmişlər, bununla da müqavilələrin şərtlərini və mülki qanunvericiliyin normalarını pozmuşlar. Nəticədə iddiaçının cavabdehlərə qarşı kredit və zaminlik müqavilələri əsasında borcu tələb etmək hüququ yaranmışdır. İşin hallarına məcmu şəkildə qiymət verərək hesab edirəm ki, iddiaçının İddiaçı ASC ilə X5 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23-MCR-1-1359-21/1 saylı nömrəli bank xidmətlərinin göstərilməsi üzrə standart əlavə şərtlərə 5 nömrəli Əlavəyə əsasən xx.xx.2024-cü il tarixə 8262,66 manat məbləğində əsas borc, 718,77 manat məbləğində faiz borcu tələbi əsaslı olduğundan təmin edilməlidir. Bununla yanaşı iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında xx.xx.2022-ci il tarixli 340164-CNS-40832 saylı kredit müqaviləsinə əsasən hesablanmış 83,95 manat məbləğində cərimənin cavabdehlərdən tutulması tələbini də irəli sürmüşdür. Hesab edirəm ki, cavabdehlərin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehlərdən 83,95 manat cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Tələb olunan cərimə məbləğinin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edirəm ki, cavabdehlərdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olmadığından cavabdehlərdən 83,95 manat məbləğində cərimə məbləği tutulmalıdır. Bundan başqa hesab edirəm ki, iddia təmin olunduğundan, ödənilmiş 110,65 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Nəticə Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. Cavabdehlər X5, X9 və X4 müştərək qaydada xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən 8262,66 manat məbləğində əsas bоrc, 718,77 manat məbləğində faiz bоrcu, 83,95 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 9065 (doqquz min altmış beş) manat 38 (otuz səkkiz) qəpik məbləğində pul vəsaiti və ödənilmiş 110 (bir yüz on) manat 65 (altmış beş) qəpik dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində (elektron formada) Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi (“elektron kabinet”lərinə yerləşdirildiyi) gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kənan Hüseynov İş N e-2-2(113)-3943/2024 Bakı Kommersiya Məhkəməsi Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə protokol Bakı Kommersiya Məhkəməsinin hakimi X8, İddiaçı ASC-nin cavabdehlər X5, X6 və X7 qarşı borc tələbinə dair ərizəsinə kiçik iddialara dair sadələşdirilmiş qaydada verilmiş iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirib məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət edir. Prosessual hərəkət xx.xx.2024-cü il tarixdə, saat 09:30-da başlayır və 09:40-da qurtarır. Protokol xx.xx.2024-cü il tarixdə tərtib olunmuş və imzalanmışdır. Hakim: Kənan Hüseynov
Məhkəmə qərarları › İş №e-2-2(113)-3943/2024
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3943/2024
08.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver