Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-395/2020 03.06.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, İddiaçının qanuni təmsilçisi X1, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs olmaqla, dövlət əmlakının qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs olmaqla məhkəmədə iddia qaldıraraq, Cavabdeh MMC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, ƏEM/N 97-1349/17 saylı dövlət əmlakının qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Səbail Rayon Mənzil Kommunal Təsərrufat Birliyi ilə "İddiaçı" X3 Müəssisəsi (hazırkı "İddiaçı" MMC) arasında xx.xx.1996-cı il tarixdə 43 saylı qeyri-yaşayış sahəsinin icarəsi üçün bir tipli müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən ünvan 1 ünvanında zirzəmidə yerləşən sahəsi 121,6 kv. metr olan qeyri-yaşayış sahəsi "İddiaçı" X3 Müəssisəsinə icarəyə verilmişdir. Bundan sonra müxtəlif vaxtlarda, yəni xx.xx.1997-ci il, xx.xx.1998-ci il, xx.xx.1998-ci il, xx.xx.1999-cu il, xx.xx.2005-ci il və xx.xx.2006-cı il tarixlərdə icarə müqavilələri bağlanmış və vaxtı-vaxtında icarə haqları ödənilmişdir. 1996-cı ildən indiki vaxta qədər ünvan 3 ünvanındakı zirzəmidə yerləşən sahəsi 153,4 kv. metr olan qeyri-yaşayış sahəsi "İddiaçı" MMC-nin icarəsindədir. xx.xx.2009-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsinin 1 saylı Ərazi Şöbəsi 143-A nömrəli məktubla "İddiaçı" MMC-yə bildiriş göndərmişdir. Həmin bildirişdə qeyd olunan qeyri-yaşayış sahəsinin Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsi haqqında Dövlət Proqramlarına uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş obyektlərin siyahısına daxil edilməsi qeyd olunmuşdur. Həmin bildirişə cavab olaraq xx.xx.2009-cu il tarixdə 04/09 nömrəli məktubla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinə və qeyd olunan dövlət orqanının Bakı şəhəri üzrə 1 saylı ərazi şöbəsinə bildirilmişdir ki, icarədə olan qeyri-yaşayış sahəsini özəlləşdirmək istəyir və buna görə də qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi barədə müvafiq göstəriş verilməsi Dövlət Komitəsindən xahiş olunmuşdur. Bundan sonra ƏMDK-dan "İddiaçı" MMC-nin ünvanına xx.xx.2016-cı il tarixdə **********52 nömrəli bildiriş daxil olmuşdur. Həmin bildirişdə qeyd olunan qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi təklif olunmuşdur. "İddiaçı" MMC-nin xx.xx.2016-ci il tarixli, 07/16 saylı cavab məktubu ilə bildirilmişdir ki, həmin qeyri-yaşayış sahəsini almaqdan imtina etmirlər və özəlləşdirilməsində maraqları vardır. Həmçinin icarədə olan qeyri-yaşayış sahəsini özəlləşdirmək üçün MMC-yə təklif etmələri xahiş edilmişdir. Bundan sonra 2018-ci ilin yanvar ayında ƏMDK-nın nümayəndəsi tərəfindən qeyri-yaşayış sahəsinin yeni texniki pasportunun hazırlandığı və yaxın vaxtlarda müqavilənin MMC-yə göndəriləcəyi haqda məlumat verilmişdir. Sonradan məlum olmuşdur ki, təklif olunmadan ƏMDK qeyri-yaşayış sahəsinin hərraca çıxarılması barədə qərar qəbul etmişdir. Bununla bağlı ƏMDK-ya müraciət edərək, "Mülkiyyət" qazetinin xx.xx.2018-ci il tarixli 16 saylı nömrəsindən "xx.xx.2018-ci il tarixdə saat 10:00-da keçiriləcək hərracın sıyahısından mübahisə predmeti olan qeyri-yaşayış obyektinin adının çıxarılması xahiş edilmişdir. Hal-hazırda "İddiaçı" MMC "inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair" iddia ərizəsi ilə 1 saylı İnzibati-İqtisad Məhkəməsinə müraciət etmişdir. İşin məhkəmə baxışında məhkəmənin sorğusuna əsasən təqdim olunmuş "Cavabdeh" MMC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli ƏEM/N 97- 1349/17 saylı dövlət əmlakının qiymətləndirilməsi barədə rəydən görünür ki, qeyd olunan qeyri-yaşayış obyektinə 230.000 manat məbləğində qiymət qoyulmuşdur. Qeyd olunan məbləğ hansı meyarlara əsasən qoyulması hələ də aydın deyil. Ekspert qiymət müəyyən edərkən, həmin qeyri-yaşayış sahəsinə daxil olmamış və qiymətləndirmə prosesində MMC-nin əməkdaşlarının iştirakı təmin edilməmişdir. Bundan əlavə rəydə fotoşəkili çəkilmiş qeyri-yaşayış sahəsinin "İddiaçı" MMC-nin icarəsində olan obyektə heç bir aidiyyəti yoxdur. Şəkildə göstərilən obyekt MMC-yə məxsus qeyri-yaşayış sahəsinin yaxınlığında və 1-ci mərtəbədə yerləşən obyektdir. Belə olan halda ekspertin hansı obyekt üçün, hansı qaydada və hansı meyarlara əsasən qiymət müəyyən etdiyi məlum deyil. Qeyd edilənlərə əsaslanaraq hesab edir ki, həmin rəy qanunsuz və əsassızdır. Bununla bağlı cavabdeh "Cavabdeh" MMC-yə xx.xx.2019-cu il tarixdə pretenziya məktubu təqdim edilmişdir. Lakin cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı bir cavab verilməmişdir. İddiaçının qanuni təmsilçisi X2 məhkəmə iclasında iddia iddia tələbini müdafiə etdi, rəy tərtib olunarkən cavabdeh tərəfindən səhvə yol verildiyini bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi, rəyin ümumiyyətlə etibarsız olduğunu, əmlak özəlləşdirilərkən qiymətin bazar dəyəri ilə deyil, Nazirlər Kabinetinin qərarında göstərilmiş əmsallara əsasən hesablanmalı olduğunu bildirdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən üçüncü şəxsin nümayəndəsi A.O.Husiyev məhkəmə verdiyi izahatında iddia tələbini qəbul etməyini bildirmiş, həmçinin Cavabdeh MMC tərəfindən verilmiş xx xxxxxx 2017-ci il tarixli, ƏEM/N 97-1349/17 saylı dövlət əmlakının qiymətləndirilməsi barədə rəyin qanuni və əsaslı olduğunu, qiymətləndirilən obyektin İddiaçı MMC-nin icarəsində olan ünvan 3 ünvanındakı zirzəmidə yerləşən 153,4 kv.m olan qeyri-yaşayış sahəsi olduğunu bildirmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onların nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs olmaqla, dövlət əmlakının qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddianı qaldırmaqla məhkəmədə müdafiə hüququndan istifadə etmək yalnız o halda yolveriləndir ki, şəxsin həmin iddiaya hüquqi marağı müəyyən olunsun. Başqa sözlə, hüquqi müdafiəyə olan ehtiyacdan o zaman söhbət gedə bilər ki, şəxsə münasibətdə onun hüquqi vəziyyətində dəyişikliklər yaradacaq hər hansı müdaxiləyə yol verilmiş olsun. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun.Bu mənada. İddiaçının hazırkı iddiaya hüquqi marağının mövcudluğunu müəyyən etmək üçün mübahisələndirilən qiymətləndirmə rəyinin onun hüquqi vəziyyətinə təsir edib-etməmədiyi halı, eləcə də qaldırılmış iddianın onun nail olmaq istədiyi yekun məıqsədinə çatmasına nə dərəcədə xidmət edib-etmədiyi aydınlaşdırılmalıdır. Hazırkı işdə İddiaçı MMC-nin həyata keçirmək istədiyi başlıca məqsəd MMC-nin icarəsində olmuş və dövlət mülkiyyətində olan qeyri-yaşayış sahəsinin “Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə” xx xxxxxx 2001-ci il tarixli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarında müəyyən edilmiş özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsallara əsasən müəyyən edilmiş qiymətlə MMC-yə təklif edilməsinə və Dövlət Əmlak Komitəsi ilə həmin qeyri-yaşayış obyektinə dair alqı-satqı müqaviləsinin bağlanmasına nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları”nın 4.2.1-ci maddəsinə əsasən icarəçi tərəfindən icarəyə götürülmüş qeyri-yaşayış sahələri ilk növbədə 100 faiz dəyəri ilə icarəçiyə təklif olunur. İcarəçi həmin sahəni almağa razılıq verdikdə onunla Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında alqı-satqı müqaviləsi bağlanılır. Dövlət əmlakının özəlləşdirilməsi haqqında xx xxx 2000-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə dövlət əmlakının özəlləşdirilməsi Qanun 8.1. Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsi prosesində dövlət əmlakının satıcısı kimi müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi) çıxış edir. Göründüyü kimi qanunvericilik aktlarında özəlləşdirilən qeyri-yaşayış sahəsi icarəçiyə təklif edilərkən sahənin qiymətinin məhz Əmlak Məsələləri Dövlət Komitəsinin sifarişi ilə keçirilmiş ilkin qiymətləndirmənin nəticələrinə əsasən müəyyən edilməli olması ilə bağlı hər hansı imperativ norma nəzərdə tutulmamışdır. Qanunvericilik normaları icarəçi narazı olduğu halda Əmlak Məsələləri Dövlət Komitəsinin sifarişi ilə yenidən özəlləşdirilən dövlət əmlakının qiymətləndirməsi ilə bağlı yenidən rəy alınmasını istisna etmir. Belə olan halda isə məhkəmə hesab edir ki, Cavabdeh MMC tərəfindən tərtib edilmiş xx.xx.2017-ci il tarixli, ƏEM/N97-1349/17 nömrəli rəy özü-özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni status yaratmağına, dəyişdirmədiyinə və xitam vermədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququna müdaxilənin baş verdiyi nəticəsinə də gəlmək mümkün deyil. Digər tərəfdən “Qiymətləndirmə fəaliyyəti haqqında” xx xxxx 1998-ci il tarixli Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə görə dövlət əmlakının dəyəri özəlləşdirilmə və ya etimadlı idarəetməyə verilmə məqsədilə müəyyən edildikdə əmlakın məcburi qaydada qiymətləndirilməsi aparılır. Həmin Qanunun 24-cü maddəsinə görə özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsimüvafiq normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. Özəlləşdirmə prosesində qiymətləndirmənin beynəlxalq praktikada qəbul olunmuş üsullarından da istifadə edilə bilər. Göstərilən normaların məzmunundan göründüyü kimi dövlət əmlakının dəyəri özəlləşdirmə məqsədilə müəyyən edildikdə əmlakın Dövlət Əmlak Komitəsinin sifarişi əsasında məcburi qaydada qiymətləndirilməsi həyata keçirilir. Belə olan halda isə dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələrinin icarəçisinin ona həmin sahənin özəlləşdirilməsi barədə edilmiş təklifdə nəzərdə tutulmuş qiymətlə razılaşmamasından irəli gələn münasibətlər icarəçi ilə qiymətləndirməni aparan şirkət arasında deyil, icarəçi ilə dövlət əmlakının satıcısı qismində çıxış edən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında yaranmış inzibati xarakterli münasibətlərdir. Bu baxımdan qiymətlə bağlı icarəçi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi arasında belə mübahisə yarandığı təqdirdə icarəçi “İnzibati icraat” haqqında Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun şəkildə inzibati qaydada şikayət vermək və ya inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 261.0.1-ci maddəsinin tələbinə görə iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. 262.4-cü maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. 114.1.4-cü maddəsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı Əmlak Məsələləri Dövlət Komitəsi üçüncü şəxs olmaqla, dövlət əmlakının qiymətləndirilməsi barədə rəyin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilsin. **********69 saylı qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-395/2020
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-395/2020
03.06.2020 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver