Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-396/2024 10.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Bakı Kommersiya Məhkəməsinin İddiaçı Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC-nin Cavabdeh İB-yə qarşı kommersiya mübahisəsi üzrə QƏTNAMƏSİ Açar sözlər: təbii qaz sərfiyyatına görə artıq hesablanmış borcun silinməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi ilə, iddiaçının nümayəndəsi Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC-nin Cavabdeh İB-yə qarşı təbii qaz sərfiyyatına görə artıq hesablanmış borcun silinməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ
1. İddiaçı Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC ilə Cavabdeh İB arasında təbii qaz alqı-satqısına dair müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh İB Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC –ni təbii qazla təchiz edir.
2. Cavabdeh İB tərəfindən Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC-yə 2022-ci ilin dekabr ayı üçün təbii qazdan istifadəyə görə qaz sayğacının göstəricilərinə əsasən 31.713,09 manat məbləğində borc hesablanmış və bununla bağlı xx.xx.2023-cü il tarixli EBCM seriyalı 806827 nömrəli elektron qaimə tərtib edilərək elektron sistem vasitəsilə Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC-yə göndərilmişdir. 2023-cü ilin yanvarında görə isə Cavabdeh İB tərəfindən Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC-yə qaz sayğacının göstəricilərinə əsasən 17.992,26 manat məbləğində borc hesablanmışdır.
3. Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC tərəfindən Bakı Regional Qazın satışı departamentinə xx.xx.2023-cü il tarixli 39/08 nömrəli məktubla müraciət edilərək bildirilmişdir ki, xx.xx.2023-cü il tarixli 227 saylı hesab-faktura və xx.xx.2023-cü il tarixli 806827 saylı elektron qaimə ilə 4 nömrəli X2 MMC-yə qazdan istifadəyə görə 31.713,09 manat məbləğində borcun yaranması qeyri-mümkündür və araşdırması zəruridir. Belə ki, departament tərəfindən MMC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 175 saylı hesabfakturaya və xx.xx.2022-ci il tarixli 822955 saylı elektron qaiməyə əsasən MMC-nin həmin tarixə cəmi 266,86 manat qalıq borcu olmuş, departament tərəfindən MMC-yə təqdim edilmiş xx.xx.2022-ci il tarixli 189 saylı hesab-fakturaya və xx.xx.2022-ci il tarixli 743912 saylı elektron qaiməyə əsasən MMC-nin xx.xx.2022-ci il tarixinə cəmi 2.703,50 manat borcu olmuş, həmin hesab-fakturaların qarşılıqlı üzləşdirilməsindən aydın olur ki, MMC tərəfindən ancaq dekabr ayı ərzində 26.875,50 manat dəyərində qazdan istifadə edilmiş, bu isə MMC-nin hazırki istehsal gücü ilə tamamilə qeyri-mümkündür. Odur ki, xx.xx.2023cü il tarixli 806827 saylı elektron qaimə ödəniş edilmədən geri qaytarılmışdır. Göstərilənləri nəzərə alınmaqla MMC-yə məxsus qaz sayğacının yararlı olub-olmamasının nümayəndələrinin iştirakı ilə müayinə olunmasına göstəriş verilməsi xahiş edilmişdir.
4. 13.03.2023-cü il tarxli 03696 nömrəli qüsur aktı ilə müəyyən edilmişdir ki, G-1600 markalı, turbin tipli, zavod nömrəsi 10520960 olan sayğacın batareyasının (Corus) müddəti bitdiyindən (1-ci qrup təmir üçün) sayğac yenisi ilə əvəz edilməlidir. Qeyd: X4 sınaq qurğusunun nəticəsindən razı deyil. Qüsur aktını müəssisənin nümayəndəsi İsmayıl Süleymanov da imzalamışdır.
5. Abonent kodu **********00001 olan (4 nömrəli X2 MMC-nin) abonentin saldosu ilə müəyyən edilir ki, 4 nömrəli X2 MMC 2011-cu ilin iyun ayından başlayaraq 2023-cü ilin noyabr ayına kimi qazdan istifadə etmiş, MMC-nin qazdan istifadəyə görə 2021-ci ilin oktyabr ayı üçün 20.228,80 manat, noyabr ayı üçün 22.830,28 manat və dekabr ayı üçün 32.351,44 manat borcu olmuş, 2022-ci ilin dekabr ayı qaz sərfi 31.464,84 manat, 2023-cü ilin yanvar ayı 17.992,26 manat olmuş, növbəti aylar üzrə qazdan istifadəyə görə borcun azalan dinamikası müşahidə edilsə də, 2023-cü ilin iyun ayından başlayaraq həmin ilin noyabr ayına yenidən kəskin artan dinamika müşahidə edilmişdir (belə ki, qaz sərfiyyatı iyunda 2.943,38 manat, iyulda 3.120,48 manat, avqustda 9.925,52 manat, sentyabrda 20,176,86 manat, oktyabrda 10.534,70 manat və noyabrda 7.502,22 manat olmuşdur)
II. MƏHKƏMƏDƏ İCRAAT
a) İddia tələbi və iddia tələbinin dəlilləri
6. Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC Cavabdeh İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh, Azərbaycan Dövlət Neft Şirkətinin "xxxx" İB tərəfindən, Azərbaycan Avtomobil X3 “4 nömrəli X2” Məhdud Məsuliyyətlı Cəmiyyətindən 12 yanvar 2023-cü il tarixli 806827 saylı elektron qaimə və 227 saylı hesab faktura ilə tələb etdiyi 31.703,09 manat və 14 fevral 2023-cü il tarixli 872670 saylı elektron qaimə ilə tələb etdiyi 18.230,51 manat, cəmi 49.993,60 manat məbləğində pulun ödənilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Avtomobil X3 4 №-li X2 Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Azərbaycan Dövlət Neft Şirkətinin "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış, qaz alqı-satqısına dair ASAN4\1\183 saylı müqaviləyə əsasən, **********00101 saylı abunə kodu ilə MMC, ”Azərqaz” ASC-nin Bakı Regional Qazın Satışı Departamentindən qaz qəbul edir. Qaz alqı-satqısına dair "xxxx" ASC tərəfindən MMC yə təqdim edilmiş elektron qaimə və hesab fakturalara görə MMC yə satılmış qazın dəyəri hər ay təxminən 2000-4000 manat məbləğində olmuşdur və qazın dəyəri vaxtında ödənilmişdir. Lakin 2022-ci ilin dekabr ayında sərf edilmiş qaza görə təqdim olunan 12 yanvar 2023-cü il tarixli 806827 saylı elektron qaimədən və 227 saylı hesab fakturadan görünür ki, MMC 31.703,09 manat dəyərində qaz istehlak etmişdir. Bunun MMC nin mövcud istehsal gücü ilə qeyri-mümkün olduğu nəzərə alınaraq 17 yanvar 2023-cü il tarixdə 39\08 saylı məktubla "xxxx" ASC-nin Bakı Regional Qazın Satışı Departamentinə müraciət edilərək faktın araşdırılması, MMC yə qazın buraxılması xəttində olan sayğacın yararlı olub-olmamasının müayinə edilməsi xahiş edilmiş və təqdim olunmuş elektron qaimə və hesab-faktura ödəniş edilmədən qaytarılmışdır. Bundan sonra "xxxx" ASC tərəfindən MMC yə təqdim olunmuş 14 fevral 2023-cü il tarixli 872670 saylı elektron qaimədən müəyyən olur ki, MMC tərəfindən 18.230,51 manat dəyərində qaz istehlak edilmişdir. Qazın sərfiyyatının həddindən artıq hesablanmasını nəzərə alaraq MMC tərəfindən təkrar olaraq "xxxx" ASC-nin rəhbərliyinə qaz sayğacının müayinə edilməsi və ya dəyişdirilməsi üçün 9 fevral 2023-cü ildə 11-1\2-9- 39\2023 saylı məktubla müraciət edilmişdir. Bundan sonra 13 mart 2023-cü il tarixdə, MMC-yə olan qaz xəttində quraşdırılmış qaz sayğacı müayinə edilərək 03696 saylı qüsur aktı tərtib edilmiş, sayğacda qüsurlar aşkar edilmişdir. Tələbləri ilə sayğac dəyişdirilmiş və qazın sərfiyyatı əvvəlki qaydasında olmuşdur. 2023-cü ilin fevral ayı üçün təqdim olunmuş 14 mart 2023-cü il tarixli 690751 saylı elektron qaimədən, 2023-cü ilin mart ayı üçün təqdim olunmuş 14 aprel 2023-cü il tarixli 610619 saylı elektron qaimədən, 2023-cü ilin aprel ayı üçün təqdim olunmuş 15 may 2023 cü il tarixli 620681 saylı elektron qaimədən görünür ki, həmin dövrlər üçün hər ay təxminən 2000-2500 manat dəyərində qaz istehlak edilmişdir. Bu barədə təqdim edilmiş qaimələr üzrə ödənişlər tam həcmdə və vaxtında edilmişdir. Müəyyən olunur ki, məhz qaz sayğacı ilə əlaqədar olan itkilərin hesabına, 2022ci ilin dekabr və 2023-cü ilin yanvar aylarında MMC yə nəql edilmiş qazın miqdarında və dəyərində kəskin artmalar olmuşdur. Göstərilənlərə əsasən MMC-yə verilmiş qaz sərfiyyatının həcminə və tələb olunan məbləğin miqdarına yenidən baxılması üçün 7 aprel 2023-cü ildə pretenziya qaydasında "xxxx" ASC-yə müraciət edilmişdir. Lakin, pretenziya məktubuna cavab verilməmişdir. Bundan sonra mübahisənin mediasiya təşkilatı vasitəsi ilə müzakirə edilməsi üçün 8 may 2023-cü ildə "xxxx" ASC-nin Bakı Regional Qazın Satışı Departamentinə mediasiya prosesinin başladılması üçün təklif və Mediasiya Şurasına ərizə verilmişdir. Buna baxmayaraq "xxxx" ASC heç bir xəbərdarlıq etmədən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.1.4.,3.1.4.,3.1.5-ci bəndlərinin tələblərini kobudcasına pozaraq 12 may 2023-cü ildə tarixdə MMC-yə qazın verilməsini birtərəfli qaydada dayandırmışdır. Bununla da dövlət müəssisəsinin təsərrüfat fəaliyyəti lüzumsuz olaraq məhdudlaşdırılmışdır. Qazın verilməsinin dayandırılması ilə MMC də olan asfalt zavodunun və bir sıra digər istehsalat sahələrinin fəaliyyəti dayanmışdır. Bununla da Bakı şəhərindən Yevlax şəhərindək olan strateji əhəmiyyətli magistral yola gündəlik xidmət göstərmək qeyri-mümkün olmuşdur.
8. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 2022-ci ilin dekabr ayı üçün tələb olunan 31.703,09 manatdan 2.400 manat çıxılmaqla artıq hesablanmış 29.303 manatın və 18.230 manatdan 2.400 manat çıxılmaqla artıq hesablanmış 15.830 manat pulun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 ci il tarixli, 80 saylı Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.4, 3.1.5 və 6.1.4-cü bəndlərinə istinad etmişdir
b) İddiaya qarşı etirazın dəlilləri
10. İddiaya qarşı etiraz təqdim olunmamışdır.
c) İşdə iştirak edən şəxslər və onların izahatları
11. İddiaçının nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında dəqiqləşdirilmiş iddia tələbini müdafiə etmiş, iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
12. Cavabdehin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etməyərək, izahatında bildirmişdir ki, abonent saldosundan da göründüyü kimi mübahisəli dövrdən yəni 2022-ci ilin dekabr ayından başlayaraq, bu günədək sərf olunmuş qazın dəyəri sayğaca əsasən hesablanmış, iddiaçının müraciəti əsasında yoxlamadan keçirilmiş qaz sayğacının qüsur aktında sayğacın batareyasının əvəzlənməli olması müəyyən olunmuş, batareyanın işləməsi korrektor üçün zəruridir. Batareyanın vaxtının bitməsi hesablamaya təsir etmir yəni, sərfiyyatın süni şəkildə azalma və ya artmasına gətirib çıxartmır, hesablama sırf sayğacın göstəricisinə əsasən aparılıb. Nümayəndə2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, batareyanın işləməməsi korrektorun sönməsinə gətirib çıxardır. Korrektor sərfiyyatı müəyyən etmək üçündür. Korrektor sönsə sərfiyyat müəyyən edilmir, bu halda korrektor sönməyib, sadəcə batareyanın istifadə müddətinin bitməsi ilə bağlı qeydlər aparılıb, yəni batareyanın müddəti bitib, amma işlək olub. Qüsur aktı tərtib edildikdən sonra təxminən mart və ya maksimum aprel ayında batareya dəyişdirilib, 11 sentyabr 2023-cü ildə həmin sayğac təkrar olaraq yerinə quraşdırılıbSayğac sərfiyyatının azalması səbəbi barədə suala cavab verə bilmir. Kəskin azalma yanvar və fevral aralığında olub. Belə ki, dekabrda 31000 m3, yanvarda 17992 m3, sonra yuxarı göstərici avqustda 9982 m3 olmuş, sayğacın müayinə rəyindən görünür ki, sayğacın sərfiyyatı qeydə almasında problem olmayıb.
III.MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ
13. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).
14. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi)
IV.TƏTBİQ EDİLƏN HÜQUQ
15. AR Mülki Məcəlləsinin: - 385.1.-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
16. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: - 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. - 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. - 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. - 5.2-ci maddəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir).
17. AR MPM-in: - 4.6-cı maddəsinə görə kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.
V. MƏHKƏMƏNİN MÖVQEYİ
18. Məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
19. Belə ki, iddiaçı Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC 45133 manat (29.303+15.830) məbləğində borcun silinməsi tələbinə dair iddiasını qaz sayğacında yaranmış nasazlıq səbəbindən qaz sayğacının qaz sərfiyyatını düzgün qeydiyyata almaması və nəticədə onlara əsassız borc hesablanması ilə əsaslandırmışdır.
20. Məhkəmə əvvəla qeyd edir ki, iddiaçının silinməsini tələb etdiyi borc məbləği qazdan istifadəyə görə qaz sayğacının göstəricilərinə əsasən hesablanmışdır.
21. Digər tərəfdən qaz sayğacının qaz sərfiyyatını düzgün qeydə almamasını sübuta yetirmək üçün iddiaçının istinad etdiyi - cavabdeh tərəfindən hesablanmış borcun müəssisənin qazdan istifadə göstəricilərinə uyğun olmaması və qazdan istifadəyə görə təqdim edilmiş hesablarda kəskin fərqlərin mövcud olması barədə - dəlillərə münasibətdə məhkəmə qeyd edir ki, abonent saldosunundan göründüyü kimi iddiaçının mübahisələndirdiyi dövrdə - 2022-ci ilin dekabr ayınd qaz sərfi 31.464,84 manat, 2023-cü ilin yanvar ayı 17.992,26 manat olmuşdur. Növbəti aylar üzrə qazdan istifadəyə görə borcun azalan dinamikası müşahidə edilsə də, 2023-cü ilin iyun ayından başlayaraq həmin ilin noyabr ayına yenidən kəskin artan dinamika müşahidə edilmişdir. Belə ki, qaz sərfiyyatı iyunda 2.943,38 manat, iyulda 3.120,48 manat, avqustda 9.925,52 manat, sentyabrda 20,176,86 manat, oktyabrda 10.534,70 manat və noyabrda 7.502,22 manat olmuşdur.
22. Bununla yanaşı abonent saldosundan o da görünür ki, MMC-nin qaz sərfiyyatı 2021-ci ilin oktyabr ayı üçün 20.228,80 manat, noyabr ayı üçün 22.830,28 manat və dekabr ayı üçün 32.351,44 manat məbləğində olmuşdur və həmin borclar mübahisələndirilmədən iddiaçı tərəfindən ödənilmişdir. Göstərilən hal isə 20.000-30.000 manat məbləğində aylıq qaz sərfiyyatının müəssisənin istifadə göstəricilərinə uyğun olmaması barədə iddiaçının dəlillərin əsassızlığına dəlalət edir.
23. Bundan əlavə iddiaçı müəssisənin aylar üzrə qaz sərfiyyatları arasında kəskin fərqlərin mövcud olması məsələsinə münasibətdə qeyd edilməlidir ki, iddiaçının nümayəndəsi məhkəməyə verdiyi izahatında müəssisəsinin qaz sərfiyyatının müvafiq ayda asfalt sifarişlərinin həcmindən asılı olduğunu bildirməklə həmin fərqlərin səbəbini faktiki olaraq izah etmişdir. Abonent saldosunda iddiaçının əvvəlki illər üzrə qaz sərfiyyatında da aylar üzrə kəskin fərqlərin mövcudluğu da həmin fərqlərin qaz sayğacının sərfiyyatı düzgün qeydə almaması ilə bağlı olmamasını göstərir.
24. Qaz sayğacının sərfiyyatı düzgün qeydə almamasını sübuta yetirmək üçün iddiaçının istinad etdiyi qüsur aktına münasibətdə qeyd edilməlidir ki, sözügedən akt yalnız iddiaçıya məxsus sayğacın batareyanın müddətinin bitməsi və dəyişdirilməli olması faktını təsdiq etməklə sayğacın sərfiyyatı düzgün qeydiyyata alınmamasının müəyyən edilməsi üçün yetərli sübut deyil.
25. Beləliklə, məhkəmə mübahisə predmeti olan borcun qaz sayğacının göstəricilərinə əsasən hesablanmış istehlak edilmiş qazın dəyəri olduğunu, eləcə də həmin dövrdə sayğacının qaz sərfiyyatını düzgün qeydiyyata almamasının sübuta yetirilmədiyini nəzərə alaraq hesab edir ki, artıq hesablanmış borcun silinməsi barədə Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC-nin iddiası əsassız olduğundan rədd edilməlidir.
26. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Azərbaycan Avtomobil X3 4 nömrəli X2 MMC-nin Cavabdeh İB-yə qarşı təbii qaz sərfiyyatına görə artıq hesablanmış borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Əliyeva