Məhkəmə qərarları › İş №e-2-2(113)-397/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-397/2025

14.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-397/2025 14.01.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik müqaviləsi) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, Cavabdeh3 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı LPO İddiaçı ASC (bundan sonra-iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 2558,83 (iki min beş yüz əlli səkkiz manat səksən üç qəpik) manat bundan 669,15 (altı yüz altmış doqquz manat on beş qəpik) manat əsas, 954,67 (doqquz yüz əlli dörd manat altmış yeddi qəpik) manat faiz, 812,79 (səkkiz yüz on iki manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 122,22 (bir yüz iyirmi iki manat iyirmi qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 45,59 (qırx beş manat əlli doqquz qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bakıxanov filialı ilə Cavabdeh3 arasında bağlanmış 80007897 nömrəli xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə cavabdehə “Dövriyyə vəsaiti” məqsədi ilə 18 ay müddətinə illik 20,5 faiz dərəcəsi ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Cavabdeh3 kredit verilərkən Cavabdeh1 ilə bank arasında 80007897/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin və ya zaminlər kreditor qarşısında borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və zaminlik müqavilələri üzrə bağlanmış 01 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 2156,09 manat təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 18 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh sonuncu dəfə xx.xx.2024-cü il tarixdə 100 (bir yüz) manat məbləğində ödəniş etmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2024-cü il tarixə Cavabdeh3 kredit üzrə cəmi borcu 2558,83 (iki min beş yüz əlli səkkiz manat səksən üç qəpik) manat - bundan 669,15 (altı yüz altmış doqquz manat on beş qəpik) manat əsas, 954,67 (doqquz yüz əlli dörd manat altmış yeddi qəpik) manat faiz, 812,79 (səkkiz yüz on iki manat yetmiş doqquz qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 122,22 (bir yüz iyirmi iki manat iyirmi qəpik) manat faiz borcu təşkil edir.

İİ.Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh3 ekspert rəyi nəzərə alınmaqla iddianın təmin edilməsini və ədalətli qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, kredit müqaviləsi üzrə borcu hissə-hissə olmaqla ödəyəyə biləcəkdir, borcu o götürdüyü üçün hazırkı borcun zaminə aidiyyəti yoxdur.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə də məhkəməyə məlumat verməmişdir.

6. Məhkəmə iclasının iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.

İİİ. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin:

8. 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

9. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

10. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

11. 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

12. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

İV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

13. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 80007897 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə illik 20,5 % olmaqla 2000 manat məbləğində kredit 18 ay müddətinə verilmişdir.

14. Müqavilənin 3.1-ci bəndinə görə bu müqavilədə göstərilən qaydada borcalan kredit üzrə əsas borcun və ona hesablanmış faizlərin ödənilməsini tərəflər arasında yazılı şəkildə tərtib edilmiş və müqavilənin ayrılmaz tərkib hissəsi olan annuitet ödəniş qrafiki əsasında nağd və ya köçürmə yolu ilə həyata keçirir.

15. Müqavilənin 3.2-ci bəndinə görə kredit üzrə faizlərin hesablanması ildə 360 (üç yüz) altmış təqvim günü, ayda isə 30 (otuz) təqvim günü götürülməklə hesablanır.

16. Müqavilənin 3.4-cü bəndinə görə borcalan bu müqavilənin 3.1-ci maddəsinə uyğun olaraq tərəflər arasında yazılı tərtib olunmuş ödəniş qrafikləri üzrə vaxtında qaytarmadıqda, gecikdirilən gündən gecikdirilən məbləğə görə artırılmış faizlər ödəyir.

17. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 80007897 nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavadə kreditin verilmə müddəti, məbləği, faiz məbləği və ümumi məbləğ göstərilmişdir.

18. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 80007897 nömrəli kredit müqaviləsi üzrə edilməli olan ödənişlər və tarixləri müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlində öz əksini tapmışdır.

19. İddiaçı ASC ilə Cavabdeh1 arasında 80007897/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.

20. Müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır.

21. İddiaçı ASC ilə Cavabdeh1 arasında 80007897/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə 1 nömrəli əlavədə zaminin borcalanla birgə məsuliyyət daşıdığı kredit müqaviləsi üzrə kreditin verilmə müddəti, məbləği, faiz məbləği və ümumi məbləğ öz əksini tapmışdır.

22. İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 80007897 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə ilə borcalanın krediti restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 2.156,09 manat (1538,78 manat əsas borc, 380,5 manat faiz borcu və 236,81 manat cərimə borcu), restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir.

23. İddiaçı ASC ilə Cavabdeh1 arasında 80007897/ZM nömrəli xx.xx.2015-ci il tarixli Zaminlik müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə ilə zaminin borcalan ilə birlikdə məsuliyyə daşıdığı restrukturizasiya edilmiş öhdəliyin həcminin qalığı 2.156,09 manat (1538,78 manat əsas borc, 380,5 manat faiz borcu və 236,81 manat cərimə borcu), restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək təşkil etmişdir.

24. İddiaçı tərəfindən təqdim olunmuş xx.xx.2024-cü il tarixli maliyyə arayışına görə İddiaçı ASC ilə Cavabdeh3 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 80007897 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə əsas borc 669,15 manat, faiz borcu 954,67 manat, cərimə borcu 812,79 manat, ödənişin gecikdirilməsinə görə (illik 5%) faiz borcu 122,22 manat təşkil edir.

25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/8445 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, Cavabdeh3 ilə ”Dəmirbank” ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli 80007897 saylı kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə banka ödənilməli olan əsas borc 763,81 manat, faiz borcu 0 manat, illik 5% dərəcəsi ilə faiz borcu isə 260,40 manat təşkil edir.

26. Məhkəmə Cavabdeh3 izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

27. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-cu maddəsinə əsasən (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

29. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müdəaları gözləməlidirlər.

30. Həmin Məcəllənin 741-ci maddəsinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

31. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

32. 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

33. 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

34. Beləliklə, işin hallarından məlum olur ki, Cavabdeh3 xx.xx.2015-ci il tarixli, 80007897 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 20,5 faizlə 18 ay müddətinə 2000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq iddiaçı ilə Cavabdeh1 arasında 80007897/ZM nömrəli xx.xx.2015-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra tərəflər arasında imzalanmış xx.xx.2015-ci il tarixli, 80007897 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə ilə borcalanın krediti restrukturizasiya edilmiş və borcalanın kreditor qarşısındakı öhdəliyinin qalığı 2.156,09 manat (1538,78 manat əsas borc, 380,5 manat faiz borcu və 236,81 manat cərimə borcu), restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2020-ci il tarixədək razılaşdırılmışdır.

35. Cavabdeh3 krеdit razılaşmasının tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit müqaviləsi ödəməli оlduğu vəsaitləri banka vaxtında tam şəkildə qaytarmamışdır.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı hazırda kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun ödənilməsini əsas borcludan tələb etməkdə haqlıdır.

37. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə cavabdehdən tutulmalı olan faiz borcu müəyyən edilərkən ekspert rəyi nəzərə alınmalı, məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün cavabdehdən tutulacaq əsas borc isə iddia tələbi həcmində müəyyən edilməlidir.

38. Belə ki, ekspert rəyində əsas borc 763,81 manat, faiz borcu 0 manat müəyyən edilmişdir.

39. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hesablanmış cərimə pulunun tutulması tələbini də irəli sürmüşdür.

40. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

41. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən, cavabdeh tərəfindən də təkzib edilmədiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır.

42. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

43. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, Cavabdeh3 tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 30 manat məbləğində müəyyən edilməlidir.

44. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 122,22 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

45. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

46. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

47. 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır:

48. 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi;

49. 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. ...

50. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. ...”

51. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

52. 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

53. İş üzrə təyin edilmiş ekspertiza nəticəsində cavabdehdən tutulmalı olan illik 5% dərəcəsi ilə faiz borcunun məbləği 260,40 manat müəyyən edilmişdir.

54. Məhkəmə hesab edir ki, işin araşdırılan hallarından cavabdehin öz öhdəliklərini vaxtında icra etmədiyi müəyyən edildiyindən iddiaçının tələbi həmin hissədə də əsaslıdır və məhkəmə iddia tələbindən kənara çıxmağa haqlı olmadığı üçün həmin hissədə tələb iddia ərizəsində göstərilən həcmdə (122,22 manat) təmin edilməlidir. Belə ki, ekspert rəyi ilə həmin hissədə faiz borcunun məbləği 260,40 manat müəyyən edilmişdir.

55. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də Cavabdeh3 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə kredit müqaviləsi üzrə iddiaçıya borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini Cavabdeh3 tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh3 xx.xx.2015-ci il tarixli 80007897 saylı kredit müqaviləsi üzrə 669,15 manat əsas borc, 30 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 122,22 manat faiz borcu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

56. Məhkəmə iddianı Cavabdeh1 aid hissədə əsassız hesab edir.

57. Belə ki, materiallardan görünür ki, xx.xx.2015-ci il tarixli, 80007897 nömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli əlavə ilə kredit müqaviləsinin müddəti xx.xx.2020-ci il tarixədək uzadılmış, borcun ödənilməsi ilə bağlı zaminə iddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə tələb irəli sürülmüşdür.

58. Məhkəmə qeyd edir ki, zaminliyə xitam verildiyindən iddia tələbi zaminə (Cavabdeh1) aid olan hissədə təmin edilə bilməz.

59. Belə ki, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.

60. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia Cavabdeh1 aid hissədə təmin edilməməlidir.

61. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

62. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 40 manat dövlət rüsumu Cavabdeh3 tutularaq iddiaçıya ödənilməli, qalan 5,59 manat dövlət rüsumu isə iddiaçının özünə aid edilməlidir.

63. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

64. Məhkəmə qeyd edir ki, iddia qismən təmin edildiyindən ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

65. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh3 669,15 manat əsas borc, 30 manat dəbbə pulu, illik 5 faizlə hesablanmış 122,22 manat faiz borcu, 40 manat dövlət rüsumu, ümumilikdə 861,37 (səkkiz yüz altmış bir manat otuz yeddi qəpik) manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia ərizəsi verilərkən ödənilmiş 5,59 (beş manat əlli doqquz qəpik) manat dövlət rüsumu iddiaçı LPO İddiaçı ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 50 (əlli) manat ekspertiza xərci Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar