Məhkəmə qərarları › İş №e-2-2(113)-3976/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3976/2022

25.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3976/2022 25.10.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdehnə (MMC) qarşı borcun tutulması barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 11 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə 08 aprel 2019-cu il tarixdən 14 fevral 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 155552,78 manat məbləğində əldən çıxmış fayda olan borcun, 45.55 manat ödənilmiş dövlət rüsumunun və 400 manat ödənilmiş mediasiya xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC 11 fevral 2010-cu il tarixli 1856/1175/03 №-li kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 18 %-lə 24 ay müddətinə ******* manat məbləğində kredit götürmüşdür. Bakı Apellyasiya Məhkəməsinin 08 aprel 2019-cu il tarixli, 2(103)-3679/2019 saylı qətnaməsi ilə "xxxx" ASC-nin (İddiaçı ASC) Cavabdeh MMC-yə və qeyrilərinə qarşı iddia tələbi qismən təmin edilərək, cəmi 1228772,83 AZN (məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Hal-hazırda 11 fevral 2010-cu il tarixli kredit müqaviləsi üzrə Cavabdeh MMC nin banka gecikdirilmiş vaxt üçün 08 aprel 2019-cu il tarixdən 14 fevral 2022-ci il tarixədək illik 5 faizlə hesablanmış 155552,78 manat məbləğində əldən çıxmış fayda olmaqla borcu vardır. Kredit müqavilələri qüvvədə olduğu müddətdə və kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən hazırkı vaxta kimi cavabdeh tərəfindən götürülmüş kreditə görə öhdəliklər lazımi qaydada yerinə yetirilməmişdir. Bu səbəbdən də cavabdeh tərəfindən götürülmüş kreditə görə hesablanmış faizlər cavabdeh tərəfindən ödənilməlidir. Belə ki, kredit müqaviləsinin 9.3-cü bəndinə əsasən borc alan üzərinə qoyulduğu öhdəlikləri yerinə yetirməməsi və ya lazımınca yerinə yetirməməsi nəticəsində əldə etdiyi gəlir məbləğindən az olmayan miqdarda, kreditorun əldən çıxmış faydası şəkilində zərər, qanunvericilikdə nəzərdə tutulmuş digər zərər banka dəymiş və ödənilməli olan zərər kimi göstərilmişdir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-cimaddəsinin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdeh MMC-nin nümayəndəsi iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, kredit müqaviləsinin təminatı olaraq ona məxsus əmlak ipoteka ilə yüklü edilmişdir və borcun ödənilməsi həmin əmlakın satılması hesabına həyata keçirilməli idi. Lakin ipoteka predmetinin satılaraq borca yönəldilməsi yubadılır. İş materiallarında olan: 11 fevral 2010-cu il tarixli 1856/1175/03 kredit müqaviləsinə əsasən bank dövriyyə vəsaitinin alınması məqsədi ilə borc alana ******* manat məbləğində kredit ayrılmasını öhdəsinə götürür. Borc alan bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. 14 fevral 2022-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC-nin 08 aprel 2019-cu il tarixdən 14 fevral 2022-ci il tarixinədək əldən çıxmış fayda (əsas borca hesablanmış 5%) olmaqla 155552,72 manat borcu vardır. 14 mart 2012-ci il tarixli, 02-2220 nömrəli Nikoil İKB ASC-nin Bakı şəhərinin notariusu X1 ünvanladığı məktubda qeyd olunmuşdur ki, “Bakı şəhəri, Yasamal rayonu, Dairadən Xaric küçəsində istifadədə olan 0,6393 ha torpaq sahəsində yerləşən 1168,1 kv.m ümumi, 446,9 kv.m əsas, 721,2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binasının ipoteka yüklülüyündə qalması şərtilə......etiraz etmir.” 14 mart 2012-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı – "xxxx" kiçik müəssisəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 10 mart 2012-ci il tarixdə verilmiş 11/6538 nömrəli arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində (Qanlı Göl massivinin şimalı) istifadəsində olan 0,6393 ha torpaq sahəsində yerləşən ümumi sahəsində yerləşən ümumi sahəsi 1168,1 kv.m olan qeyri-yaşayış binasını alıcı – "xxxx" MMC-nin mülkiyyətinə verir. 21 yanvar 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən sifarişçi (borc tələbinin ödənilməsinə) X5 məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal – 1 küçəsində yerləşən qeyri-yaşayış binasını ipoteka saxlayanın tam mülkiyyətinə verməyi, ipoteka saxlayan isə həmin daşınmaz əmlakı qəbul etməyə razılıq bildirir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa ünvan 3 ünvanda olan 0,077240 ha torpaq sahəsində yerləşən 677,8 kv.m ümumi sahədən ibarət qeyri-yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına qeydiyyata alınmışdır. 28 fevral 2022-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı – İddiaçı ASC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 ünvanında yerləşən, ümumi sahəsi 677,8 kv.m olan qeyri-yaşayış binasının tam mülkiyyət üzrə alıcı – X2 mülkiyyətinə verir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3679/2019 nömrəli, 08 aprel 2019-cu il tarixli qətnaməsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul olunmuş, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər "xxxx" MMC-nə, X5 və "xxxx" Kiçik Müəssisəsinə qarşı iddiası qismən təmin edilməsi, kredit müqaviləsi üzrə 808878 manat əsas, 308188,83 manat faiz, 111706 manat dəbbə pulu, cəmi 1228772,83 manat borcun "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X5 məxsus ünvan 3ndə yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına ilkin satış qiymətinin 990000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına ilkin satış qiyməti 550000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. İşişin hallarından görünür ki, tərəflər arasında bağlanmış 11 fevral 2010-cu il tarixli 1856/1175/03 №-li kredit müqaviləsinə əsasən ******* manat məbləğində kredit verilmiş, kredit müqaviləsinin 4.1-ci bəndinə əsasən kredit öhdəliklərinin icrasının təminat üsulu kimi sonrakı ipoteka müqaviləsi müəyyən olunmuşdur. İpoteka müqavilələrinə əsasən 2 ipoteka predmeti öhdəliklərinin icrasının təminat üsulu kimi göstərilmişdir: X5 məxsus ünvan 3ndə yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası və "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binası. Sonradan "xxxx" ASC notariusa ünvanladığı 14 mart 2012-ci il tarixli, 02-2229 №-li məktubla ipoteka predmetlərindən biri olan "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasının ipoteka yüklülüyündə qalmaq şərtilə və banka olan ******* manat məbləğində kredit və faiz borcunun kredit müqaviləsnin şərtlərinə və müddətinə uyğun olaraq ödənilməsi şərtilə "xxxx" MMC ilə alqı – satqı müqaviləsi bağlanmasına etiraz etmədiyini bildirmiş və 14 mart 2012-ci il tarixli alqı – satqı müqaviləsinə əsasən əmlak sonuncuya ******* manata satılmışdır. Sonradan öhdəliklər icra olunmadığından Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 aprel 2019-cu il tarixli, 2(103)-3679/2019 nömrəli qətnaməsinə əsasən kredit müqaviləsi üzrə 808878 manat əsas, 308188,83 manat faiz, 111706 manat dəbbə pulu, cəmi 1228772,83 manat borcun "xxxx" MMC-dən tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş X5 məxsus ünvan 3ndə yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binasına ilkin satış qiymətinin 990000 manat məbləğində müəyyən edilməklə və ipoteka ilə yüklü edilmiş "xxxx" Kiçik Müəssisəsinə məxsus Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına ilkin satış qiyməti 550000 manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə əldə edilmiş məbləğin yaranmış borcun ödənilməsinə yönəldilməsi qət edilmişdir. Həmin qətnamə qismən, yəni, kredit borcunun ipoteka predmetilərindən biri olan X5 məxsus ünvan 3ndə yerləşən 667,8 kv.m əsas, 222,7 kv.m köməkçi sahədən ibarət 1 mərtəjbəli qeyri yaşayış binasına münasibətdə icra olunmuş, 21 yanvar 2021-ci il tarixli “Hərracın yekunları üzrə əmlakın alqı – satqısı barədə” müqaviləyə əsasən 631125 manat qiymətlə İddiaçı ASC tərəfindən alınmışdır. Lakin qətnamə digər hissədə, yəni, Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına münasibətdə icra olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 274.1-ci maddəsinə əsasən ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisinin dəyişməsi ipoteka hüququnu dəyişdirmir; 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir; 294.1 və 294.1.1-ci maddəsinə əssasən girovla təmin edilmiş öhdəliyə xitam verildikdə girova xitam verilir; 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər; 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 47.4-cü maddəsinə əsasən həmin Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır; 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. Qeyd olunan normaların məzmunundan və işin hallarından belə nəticəyə gəlinir ki, ipoteka ilə yüklü edilmiş əşyanın mülkiyyətçisi dəyişsə də, İddiaçı ASC-nin ipoteka hüququ hal – hazırda da saxlanılmışdır, borcun həmin əmlaka yönəldilməsi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcuddur və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.5-ci maddəsinə əsasən həmin ipoteka predmetinin satışından götürülən məbləğ tələbin ödənilməsi üçün yetərli olmadığı halda o, çatışmayan məbləği borclunun başqa əmlakından almaq hüququna malikdir. Lakin İddiaçı ASC tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi də mövcud olduğu halda kredit müqaviləsi üzrə qalıq borc olan 597647,83 manat məbləğində pul vəsaitinin 2-ci ipoteka predmeti olan "xxxx" Kiçik Müəssisəsinə məxsus olmuş, sonradan isə bankın razılığı ilə "xxxx" MMC-yə satılmış Bakı şəhəri, Yasamal rayonu, Dairədən Xaric küçəsində yerləşən 1168,1 kv.m ümumi, 446,6 əsas, 721,2 kv.m köməkçi sahədən ibarət qeyri yaşayış binasına yönəldilməsi ilə bağlı heç bir prosessual hərəkət aparılmamışdır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı ASC-nin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələbinə əsaslanaraq illik beş faiz məbləği tələb etməsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi tam icra olunaraq hər 2 ipoteka predmetinin satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədiyi halda əsaslı ola bilərdi. Buna görə də iddia rədd edilməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı borcun tutulması barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar