Məhkəmə qərarları › İş №e-2-2(113)-3977/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3977/2022

01.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3977/2022 01.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı əsas kredit borcunun, kredit borcuna görə hesablanmış faizlərin və cərimənin ödənilməsi tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 9874,45 manat - bundan 6119,87 manat əsas, 1156,71 manat faiz borcu, 2358,17 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 239,70 manat hesablanmış faiz borcu, ilkin mediasiya sessiyasın keçirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində xərcin və iş üzrə ödənilmiş 19,14 manat dövlət rüsumunun Cavabdeh tutularaq xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 28 noyabr 2019-cu il tarixli, 100.LN.2005.281119.00001 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 4.2-ci bəndinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, o, bu öhdəliyi yerinə yetirməmişdir. Kredit müqaviləsinin 7.1.5-ci bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə bankın hüququ vardır. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən Cavabdeh borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********541 saylı, xx.xx.2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi Cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması bank lisenziyasının ləğvindən əvvəl, yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 9874,45 manat təşkil edir. Bundan 6119,87 manat əsas, 1156,71 manat faiz borcu, 2358,17 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən 239,70 manat hesablanmış faiz borcu təşkil edir. Tərəfimizdən cavabdehə 100.LN.2005.281119.00001 №-li, 28 noyabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdehlərə təklifə cavab vermədiyi üçün tərəfimizdən Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiyaya dəvət məktubu göndərilmişdir. Cavabdehlərə ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən faktiki qeydiyyatda olduğu ünvan üzrə məktub göndərilməsinə baxmayaraq nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişlər. Tərəfimizdən ilkin mediasiya sessiyasında iştirak edilmişdir, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 100 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir və bu barədə mediator tərəfindən müvafiq arayış verilmişdir. İddiaçı LPO İddiaçı ASC nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə elektron sisteminə ərizə yükləyərək işə onların iştirakı olmadan baxılmasını və tələbin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında LPO İddiaçı ASC-də bank hesabının olduğunu, iddiaçıya müraciət edərək borcun həmin hesabdan silinməsini xahiş etdiyini, ancaq iddiaçının buna əməl etmədiyini bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 28 noyabr 2019-cu il tarixli LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 100.LN.2005.281119.00001 nömrəli kredit müqaviləsindən görünür ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 10000 manat məbləğində kredit vermişdir. 15 sentyabr 2021-ci il tarixli **********277 nömrəli LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərtib etdiyi maliyyə arayışından görünür ki, Cavabdeh müqavilə üzrə 6119,87 manat əsas, 1156,71 manat faiz borcu, 2358,17 manat cərimə və Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 239,70 faiz borcu vardır. 28 aprel 2022-ci il tarixli MŞB-5-01471 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti 100 manat məbləğində mediasiya xərcini ödəmişdir. xx.xx.2022-ci il tarixli ********* nömrəli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti 19,14 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1, 386, 445.7-ci maddələrinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. İş materiallarından və qanunvericilik normalarından da göründüyü kimi iddiaçı və cavabdeh arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin cavabdeh bankın qarşısında olan borcu ödəməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, 6119,87 manat əsas, 1156,71 manat faiz borcu Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 239,70 manat faiz borcu, 100 manat mediasiya xərci və 19,14 manat dövlət rüsumu hissəsində əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia cərimə tələbi hissəsində tələb rədd edilməlidir, belə ki, iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və cərimənin hansı əsaslarla hesablanması ilə bağlı məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 6119,87 manat əsas borc, 1156,71 manat faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 239,70 manat, 100 manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 19,14 manat cəmi 7635,42 manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia cərimə borcu tələbi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 6119,87 manat əsas borc, 1156,71 manat faiz borcu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə əsasən hesablanmış 239,70 manat, 100 manat mediasiya xərci və dövlət rüsumu kimi ödənilmiş 19,14 manat cəmi 7635,42 məbləğində manat məbləğində pul tutularaq iddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin İddia cərimə borcu tələbi hissəsində rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar