Məhkəmə qərarları › İş №e-2-2(113)-3989/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-3989/2021

06.08.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-3989/2021 06.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi ilə, İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı qiymətləndirilmə hesabatının ləğv olunması tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirən, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “X1” MMC-nin 25.05.2021-ci il tarixli 043/21 №-li qiymətləndirmə hesabatının ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. Qanunverici qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisə yarandığı halda əmlakın yenidən qiymətləndirilməsini mümkün hesab etsə də, qiymətləndirici hesabatının ayrıca iddia predmeti olmasını nəzərdə tutmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 5.1-ci maddəsində təsbit edilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Mülki prosessual qanunvericiliyin istinad olunan müddəasının mənasından göründüyü kimi iki halda məhkəmədə mülki işə başlamaq mümkündür-pozulmuş hüququn bərpası üçün və ya qanunla qorunan hüququn yaxud mənafenin təsdiqi üçün. Hazırkı iş isə özünün xarakteri etibarilə pozulmuş hüququn bərpasına dair mübahisəyə aiddir. Belə ki, iddiaçı mübahisələndirilən qiymətləndirmə hesabatının tərtib edilməsi nəticəsində hüquqlarının pozulduğunu güman edir. Ona görə də, hesabatın qanuniliyi və əsaslılığı yoxlanılmadan öncə, ümumiyyətlə, onun mübahisələndirilməsinin mümkünlüyünün yol verilən olması aydınlaşdırılmaldır Mübahisələndirilmənin mümkünlüyü isə tərtib edilmiş hesabatın iddiaçının hər hansı güman edilən hüququnun pozuntusu nəticəsini yaradıbyaratmamasının müəyyən olunmasından asılıdır. Məhkəmənin qənaətinə görə cavabdeh “X1” MMC-nin 25.05.2021-ci il tarixli 043/21 №-li qiymətləndirmə hesabatı (rəyi) özlüyündə iddiaçının hər hansı hüququna müdaxilə təşkil etmir. Hesabat əsasında iddiaçıya münasibətdə hər hansı hüquqi məsuliyyət yaradan qərar qəbul edilməmiş, belə olan halda hesabat tərtib edilən andan etibarən iddiaçının hüquqlarının güman edilən pozuntusundan söz edilə bilməz. Müvafiq olaraq iddiaçı da məhz həmin hesabat əsasında qəbul edilən və onun üçün hüquqi məsuliyyət yaradan qərarı mübahisələndirə bilər. Belə mübahisə açarkən isə o, rəyin qanunsuzluğuna və əsassızlığına istinad edə və məhz bu səbəbdən hüquqi məsuliyyət yaradan qərarın ləğvini tələb edə bilər. Çünki rəyin tərtib edilməsi və rəy əsas götürülməklə iddiaçının barəsində hüquqi məsuliyyət yaradan qərarın qəbul edilməsi iki ayrı mərhələdir, rəyin tərtib edilməsinə baxmayaraq məsuliyyət doğuran qərar qəbul edilməyə də bilər. Şəxsin hüquqi vəziyyətinin strukturunu bir-biri ilə qarşılıqlı əlaqədə olan şəxsin hüquqları və azadlıqları, hüquqi vəzifələri və məsuliyyəti təşkil edir. Hüquqa müdaxilədən və bunun nəticəsində güman edilən pozuntudan yalnız şəxsin hüquqi vəziyyətinin (statusunun) dəyişməsi halında söz edilə bilər. Yalnız elə hallar şəxsin hüquqi vəziyyətinə təsir edən hallar kimi qəbul edilə bilər ki, onların nəticəsində hüquqlara qoyulmuş məhdudiyyətlər götürülsün və ya yeni məhdudiyyətlər qoyulsun, şəxs əvvəllər üzərinə qoyulmuş vəzifələrdən azad edilsin və ya onun üzərinə yeni vəzifələr qoyulsun və s. Bu mənada, cavabdeh tərəfindən tərtib edilmiş 043/21 nömrəli 25.05.2021-ci il tarixli Qiymətləndirmə rəyi özlüyündə iddiaçı ilə bağlı hər hansı yeni hüquqi status (vəziyyət) yaratmadığına, dəyişdirmədiyinə və ya xitam etmədiyinə görə onun qəbul edilməsi nəticəsində iddiaçının hər hansı hüququnun pozuntusu nəticəsinə də gəlmək mümkün olmadığından rəyin özünün mübahisələndirilməsi ayrıca məhkəmə mübahisəsinin predmetini təşkil edə bilməz. Məhkəmə hesab edir ki, qiymətləndirmə hesabatının (rəyin) müstəqil iddia olaraq mübahisələndirilməsi məhkəmə baxışının predməti ola bilmədiyindən Azərbaycan Respublikasının MPM-nin 153.2.1-ci maddəsinə əsasən hazırki tələbə kommersiya məhkəməsində baxılmaması əsası ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 263-264-ci maddələrinə əsasən, məhkəmə QƏRARA A L D İ: İddiaçı ASC-nin cavabdeh Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-yə qarşı qiymətləndirilmə hesabatının ləğv olunması tələbinə dair iddia ərizəsinin qəbul edilməsindən imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də 10 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə ********* nömrəli 28.07.2021-ci il tarixli qəbz geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Emin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar