Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3994/2024 26.09.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, cərimə borcu, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, Məmmədzadə Nilgün Azər qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Cavabdehlərin iştirakı olmadan, İddiaçı Bank "xxxx" ASC-nin cavabdeh "xxxx" MMC-yə və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 arasında 9 dekabr 2020-ciil tarixli, RPZ-00014-01/20A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2024-cü il tarixinə ödənilməmiş 706.25 manat əsas borcun, 35.18 manat faiz borcun, 275.34 manat dəbbə borcu olmaqla ümumilikdə 1016.77 manat borcun, iddia qaldırılması üçün ödənilmiş 31 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqının cavabdehlər Cavabdeh3 MMC, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutularaq ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 arasında 9 dekabr 2020-ci il tarixli, RPZ- 00014-01/20A saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən, Bank "xxxx" ASC 10154 manat məbləğində krediti illik 23 faizlə 36 ay müddətinə borcalanın mülkiyyətinə vermiş, borcalan isə həmin kreditdən iddiaçı ilə bağlanmış BC-00004- 01/19A saylı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi üzrə kredit kart xəttinin bağlanması məqsədi ilə istifadə etməyi və krediti xx.xx.2023-cü il tarixinədək faiz ilə birlikdə Bank "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 9 dekabr 2020-ci il tarixdə iddiaçıyla RPZZ-00014-01/20A saylı zaminlik müqaviləsi bağlayaraq Cavabdeh3 MMC-nin direktoru Cavabdeh2 həmin kredit müqaviləsi üzrə kreditinə zamin durmuşdur. Cavabdehlər kredit müqaviləsinin müddəti ərzində öz öhdəliklərini pozaraq ödəniş müddətini dəfələrlə ötürmüşdür və kredit müqaviləsi üzrə borc öhdəliklərini yerinə yetirməmişdir. Borcluya və zaminə dəfələrlə şifahi, telefon bağlantısı və rəsmi bildirişlər ilə edilən xəbərdarlıqlara baxmayaraq kredit müqaviləsi üzrə öhdəliklərin icrasında gecikmə əmələ gəlmişdir. Nəticədə iddiaçı cavabdehlərlə arasında olan müqaviləyə əsasən məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Kredit müqaviləsinin 2.2-ci bəndinə əsasən, borcalan krediti və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəniş cədvəli ilə müəyyən olunmuş elə məbləğlərdə və elə müddətlərdə borcverənə qaytarmalıdır ki, kredit və kreditdən istifadəyə görə hesablanmış faizlər ən geci kreditin qaytarılmasının razılaşmada nəzərdə tutulmuş son tarixinə qədər tam həcmdə borcverənə ödənilmiş olsun. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, borcalan kreditin və ona hesablanmış faizlərin məbləğinin ödənilməsini 3 (üç) təqvim günündən çox gecikdirdikdə, 4-cü günündən etibarən, kredit gecikmədən çıxanadək gecikdirilmiş əsas borc məbləğinin illik 0.02%-i məbləğində gündəlik cərimə hesablanır. Zaminlik müqaviləsinin 2.1-ci maddəsinə əsasən zamin, borclunun kredit müqaviləsi üzrə öhdəliklərinə və ondan irəli gələn zərərə görə kreditor qarşısında məsuliyyət daşıyır. Borclunun kredit müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirməməsi kreditorun həm borcluya, həm də zaminə qarşı tələb irəli sürmək hüququ verir. Cavabdehin kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixinə hesablanmış və ödənilməmiş 706.25 manat əsas borc, 35.18 manat faiz borcu, 275.34 manat dəbbə borcu vardır. Beləliklə cavabdehlərin xx.xx.2024-cü il tarixinə ümumi borcu 1016.77 manat təşkil edir.
3. Daha sonra iddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, e-2- 2(113)-3994/2024 saylı iş üzrə texniki yalnışlığa yol verilərək iddia ərizəsində Cavabdeh2 cavabdeh qismində qeyd edilmişdir. Odur ki, e-2-2(113)- 3994/2024 saylı iş üzrə Cavabdeh2 cavabdeh qismindən çıxarılmasını məhkəmədən xahiş etmişdir.
II. Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
5. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir.
6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
8. Bank "xxxx" ASC ilə Cavabdeh3 MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00014-01/20A saylı kredit müqaviləsinə əsasən:
9. Müqavilənin 1.1-ci bəndinə əsasən borcverən 1-154 manat məbləğində krediti illik 23%-lə 36 ay müddətinə borcalanın mülkiyyətinə verir, borcalan isə həmin kreditdən xx.xx.2019-cu il tarixli BC -00004-01/19A saylı kredit xəttinin bağlanması məqsədilə istifadə etməyi və onu xx.xx.2023-cü il tarixinədək faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürür.
10. Müqavilənin 2.1-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin borcalan tərəfindən borcverənə qaytarılmasının dövriliyi mövcud müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən tərəflər arasında yazılı razılaşdırılmış 1 saylı əlavədə təsbt olunmuş ödəniş cədvəlində müəyyən olunur.
11. Müqavilənin 3.3-cü bəndinə əsasən borcalanın vəzifələri:
12. Müqavilənin 3.3.2-ci bəndinə əsasən kredit və ondan istifadəyə görə faizləri tərəflər arasında yazılı razılaşdırılmış müddətlərdə borcverənə qaytarmaq;
13. Müqavilənin 3.3.5-ci bəndinə əsasən öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsinə və ya pozulmasına görə bu müqavilədə nəzərdə utulmuş dəbbə pulunu borcverənə ödəmək.
14. Bank "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZZ-00014-01/20A nömrəli zaminlik müqaviləsinə əsasən zzamin müqavilənin 1.2-ci bəndinə qeyd olunmuş kredit müqaviləsi üzrə borcalanın öhdəliklərinin tam həcmdə və lazımı qaydada yerinə yetirilməsinə görə məsuliyyəti öz üzərinə götürür.
15. xx.xx.2020-ci il tarixli, RPZ-00014-01/20A saylı kredit müqaviləsinə xx.xx.2020-ci il tarixli 1 saylı əlavə olan ödəniş cədvəlinə əsasən 36 ay müddətinə verilən kredit üzrə faiz borcu 3976,26 manat, əsas borc 10154 manat və ödəniş məbləği cəmi 14130,26 manat qeyd olunmuşdur.
16. xx.xx.2024-cü il tarixli, RİED-2024/1647 saylı arayışa əsasən Cavabdeh3 MMC-nin xx.xx.2024-cü il tarixə banka əsas borc məbləği 706,25 manat, ümumi faiz borcu 35,18 manat, dəbbə borcu 275.34 manat, cəmi borc 1016,77 manat təşkil etmişdir.
17. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
20. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Həmin Məcəllənin 739.1-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
22. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
24. Həmin Məcəllənin 472.1-ci maddəsinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
25. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
26. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehlərin iddiaçıya borcun qaytarılması ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış kredit müqaviləsindən irəli gəlir. Cavabdehin öhdəliklərini lazımınca icra etməməsi iddiaçıya həmin müqavilələr və Mülki Məcəllənin yuxarıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir.
27. Bununla yanaşı, materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli, RPZ-00014-01/20A saylı kredit müqaviləsi üzrə 275,34 manat məbləğində cərimə pullarının cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
28. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.
29. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
30. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan, müqavilə üzrə 35 məbləğində dəbbə pulu cavabdehlərdən tutulmalıdır.
31. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehlərin kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiklərindən, "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli RPZ-00014-01/20A saylı kredit müqaviləsi üzrə 706,25 manat əsas borc məbləği, 35,18 mnat faiz borcu, 35 dəbbə pulu borc məbləği tutularaq iddiaçıya ödənilməlidir.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
33. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir.
V. Nəticə:
34. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdеhlər "xxxx" MMC və Cavabdeh1 müştərək qaydada xx.xx.2020-ci il tarixli RPZ-00014-01/20A saylı kredit müqaviləsi üzrə 706,25 manat əsas borc məbləği, 35,18 mnat faiz borcu, 35 dəbbə pulu və dövlət rüsumunun əvəzi olaraq 31 manat tutularaq iddiaçı Bank "xxxx" ASC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova