Məhkəmə qərarları › İş №e-2-2(113)-3995/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3995/2024

21.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3995/2024 21.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı kommersiya mübahisəsi üzrə Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, Rəsulzadə Xaliq Tahir oğlunun katibliyi ilə, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcun tutulması tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin: 1-ci bəndinə əsasən, borclu kreditora 1488.50 manat məbləğində borcun yarandığını tam etiraf edir. 2.1-ci bəndinə əsasən, borclu 2 aya, xx.xx.2023-cü il tarixindən hər ay 744 manat olmaqla tam şəkildə kreditora ödəməyi öhdəsinə götürür. 2.2-ci bəndinə əsasən, borclu tərəfindən ödəniş hər ayın bağlanıldığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, kreditor məhkəməyə müraciət edilə bilər. 2.4-cü bəndinə əsasən, ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. Müqavilə tərəflərin imzası və İddiaçı MMC-nin möhürü ilə təsdiq edilmişdir.

2. İddiaçı MMC ilə Cavabdeh arasında aparılmış əməliyyatlar üzrə qalıq borca dair arayışdan görünür ki, borclu Cavabdeh müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 1095 manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır.

3. İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsinə dair xx.xx.2024-cü il tarixli xəbərdarlıq ünvanlanaraq 1095 manat məbləğində borcun 3 günü ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə hüquqi müdafiə vasitələrindən istifadə ediləcəyi bildirilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

4. İddiaçı MMC Cavabdeh qarşı borcun tutulması tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, 1095 manat məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli “borcun etirafı və ödəniş qaydası” haqqında müqavilənin 1-ci bəndinə əsasən, borclu kreditora 1488.50 manat məbləğində borcun yarandığını tam etiraf edir və həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borclu borc məbləğini 2 aya, hər ay 744 manat olmaqla tam şəkildə kreditora ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, borclu tərəfindən ödəniş hər ayın bağlanıldığı günündə edilməlidir. Ödəniş ardıcıl olaraq 2 ay edilmədiyi təqdirdə, kreditor məhkəməyə müraciət edilə bilər. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən, ümumi borc məbləği bu müqavilə ilə müəyyən edilmiş son tarixə tam ödənilmədikdə, borclu borc məbləğindən əlavə ödəmə tarixindən sonrakı hər gün üçün ümumi borc məbləğinin 0.5% miqdarında dəbbə pulunu kreditora ödəməyi öhdəsinə götürür. Təqdim edilmiş “aparılmış əməliyyatlar üzrə qalıq borca dair” arayışdan görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 30 mart 2023-cü il tarixli, “borcun etirafı və ödəniş qaydası” haqqında müqaviləyə əsasən borclu Cavabdeh müqavilə üzrə xx.xx.2023-cü il tarixinə 1095 manat məbləğində ödənilməmiş qalıq borcu qalmışdır.

6. İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 445.1, 445.2.1, 448.1, 882.2-ci maddələrinə istinad etmişdir.

7. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı MMCnin Cavabdeh qarşı xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən borcun tutulması tələbinə dair kiçik iddialara dair işlərə sadələşdirilmiş icraat qaydasında baxılması barədə ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.

b) İddiaya qarşı etirazın dəlilləri

8. İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

9. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etdi.

10. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

11. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

12. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

13. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3-cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

14. AR Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin.

15. AR MPM-in: - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

16. “Dövlət rüsumu haqqında” AR Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

V. MƏHKƏMƏNİN MÖVQEYİ

17. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli borcun etirafı və ödəniş qaydası haqqında müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-yə 1488,50 manat məbləğində borcunu olmasını etiraf etmişdir və borclu 2 aya, xx.xx.2023-cü il tarixindən hər ay 744 manat olmaqla tam şəkildə kreditora ödəməyi öhdəsinə götürmüşdür.

19. Hazırda iddiaçı iddiasında 1095 manat məbləğində pulun ödənilməsini tələb edir.

20. Belə olan halda məhkəmə cavabdeh mübahisəli müqavilə üzrə etiraf etdiyi və ödəməyi öhdəsinə götürdüyü borcu müqavilədə nəzərdə tutulmuş müddətdə ödəməməklə həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini pozduğunu, belə olan halda iddiaçının borcun ödənilməsini tələb etmək hüququnun yarandığını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1095 manat məbləğində pul tutularaq İddiaçınə ödənilməlidir.

21. Hazırkı qətnamə ilə iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

22. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia təmin edilsin. Cavabdeh 1095 manat əsas borc və dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar