Məhkəmə qərarları › İş №e-2-2(113)-3996/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-3996/2022

01.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-3996/2022 01.11.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar olaraq 8879,40 manat, 1598,29 manat ƏDV borcu, 100 manat mediasiya xərci, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 22 manat olmaqla ümumilikdə 10599,69 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, alıcı - Cavabdeh MMC ilə satıcı - İddiaçı MMC arasında bağlanmış 16 may 2018-ci il tarixli, AN/A015/0518 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən alıcı tərəflər arasında razılaşdırılmış tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan qaimə-faktura əsasında alır və malın müqabilində satıcıya həmin qaimə fakturalarda nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı MMC müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetirərək malları alıcıya çatdırmışdır. Belə ki, 04 oktyabr 2019-cu il tarixli, 851 №-li hesab-faktura, EBAA 800366 saylı, 05 oktyabr 2019-cu il tarixli elektron qaimə əsasında 3218,50 manat, 17 fevral 2020-ci il tarixli, 997 №-li hesab - faktura, EBAG 453187 saylı, 17 fevral 2020-ci il tarixli elektron qaimə əsasında 5660,90 manat həcmində malları alıcıya təhvil verilmiş, lakin dəyəri ödənilmədiyindən ƏDV xaric 8879,40 manat məbləğində borcu qalmışdır. İddiaçının nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı müdafiə etdiyini, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdiyini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Cavabdehin nümayəndəsi X1 iştirak etdiyi məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirərək izahatında göstərmişdir ki, iddiaçı tərəfindən məhkəməyə hesab – fakturalar təqdim olunsa da, həmin sənədlərdə imzalayan şəxsin, adı, soyadı, vəzifəsi qeyd olunmamış və möhürlə təsdiq edilməmişdir, yəni, hesab – fakturaların lakin kim tərəfindən imzalanması məlum deyildir. Hal – hazıra kimi ödənişlər faktura və elekton qaimə əsasında aparılmışdır, Cavabdeh MMC-nin mühasibat sənədlərində İddiaçı MMCyə borcun olması müəyyən edilmir. Sonuncu dəfə ödənişlər 2018 və ya 2019-cu ilin əvvəlində edilmişdir və müqavilənin 2018-ci ildə bağlanması nəzərə alınmaqla iddia müddəti ötürülmüşdür. İş materiallarında olan: alıcı - Cavabdeh MMC ilə satıcı - İddiaçı MMC arasında bağlanmış 16 may 2018-ci il tarixli, AN/A015/0518 saylı alqı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən alıcı tərəflər arasında razılaşdırılmış tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan qaimə-faktura əsasında alır və malın müqabilində satıcıya həmin qaimə fakturalarda nəzərdə tutulmuş məbləği ödəməyi öhdəsinə götürür; 04 oktyabr 2019-cu il tarixli, 851 №-li hesab-faktura, EBAA 800366 saylı, 05 oktyabr 2019-cu il tarixli elektron qaimə əsasında 3218,50 manat, 17 fevral 2020-ci il tarixli, 997 №-li hesab - faktura, EBAG 453187 saylı, 17 fevral 2020-ci il tarixli Elektron Qaimə əsasında 5660,90 manat həcmində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmişdir; Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 598.1 və 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. İş materiallarında olan müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə üzrə qaimə – fakturalar əsasında satıcı tərəfindən alıcıya 1 ay ərzində təhvil verilmiş malın məbləğini üzləşdirmə aktı əsasında növbəti ayın ilk 10 bank günü ərzində 100% həcmində alıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin iddiaya etirazının əsasını o təşkil edir ki, hesab – fakturalar təqdim olunsa da, həmin sənədlərdə imzalayan şəxsin, adı, soyadı, vəzifəsi qeyd olunmamış və möhürlə təsdiq edilməmişdir, yəni, hesab – fakturaların lakin kim tərəfindən imzalanması məlum deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.” İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş analoji sənədlərlə təsdiq olunur ki, müqavilə üzrə aparılmış digər ödənişlər məhz hesab – fakturalar və elektron qaimələr əsasında aparılmış, yəni, pleunm qərarında qeyd olunan mövqeyə uyğun olaraq tərəflərin qarşılıqlı münasibətlərində praktika, işgüzar adət, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu bu qaydada formalaşdırılmış, cavabdeh tərəfindən bu halın əksini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycann Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının": 1.2-ci bəndinə əsasən elektron qaimə – faktura həmin qaydalara uyğun olaraq tərtib edilməklə, elektron formada hazırlanan və malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs tərəfindən fərdi sahibkarlara və hüquqi şəxslərə təqdimi edilən ilkin uçot sənədidir. 3.9-cu bəndinə əsasən ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə-faktura təqdim olunduqdan 5 gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə-fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bununla bağlı məhkəmə qeyd edir ki, malın təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən iddiaçının göndərdiyi malların qəbul edilməsi və həmin malların dəyərinin ödənilməsini qəbul etməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır. Beləliklə, toplanmış sübutlarla təsdiq olunur ki, ƏDV daxil 10477,69 manat dəyərində mallar həm müqavilə şərtlərinə uyğun, həm də Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən mallar qəbul olunmuş və dəyəri ödənilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfindən ərizə verilmişdir. İddia müddəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün müddətin axımının hansı vaxtdan hesablanmalı olduğu müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 04 oktyabr 2019-cu il tarixli, 851 №-li hesab-faktura, EBAA 800366 saylı, 05 oktyabr 2019-cu il tarixli elektron qaimə əsasında 3218,50 manat, 17 fevral 2020-ci il tarixli, 997 №-li hesab - faktura, EBAG 453187 saylı, 17 fevral 2020-ci il tarixli Elektron Qaimə əsasında 5660,90 manat həcmində mallar İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş və müqavilənin 2.2-ci bəndində nəzərdə tutulmuşdur ki, müqavilə üzrə qaimə – fakturalar əsasında satıcı tərəfindən alıcıya 1 ay ərzində təhvil verilmiş malın məbləğini üzləşdirmə aktı əsasında növbəti ayın ilk 10 bank günü ərzində 100% həcmində alıcı tərəfindən satıcıya ödənilir. İstənilən halda qeyd olunan hesab – fakturalar üzrə öhdəliklərin icrası müddəti müvafiq olaraq 2019-cu ilin noyabr və 2020-ci ilin mart aylarında başlamışdır və Mülki Məcəllənin 373.2-ci maddəsinə müvafiq olaraq (Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.) iddia müddəti 2022-ci ilin noyabr və 2023-cü ilin mart aylarında başa çatır. İddiaçı MMC isə 13 iyul 2022ci il tarixdə məhkəməyə müraciət etmiş, yəni, iddia müddəti ötürülməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən mediasiya xərcləri məhkəmə xərclərinə aid olunmasa da, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin dövlət rüsumundan həmin hissədə azad olunması nəzərdə tutulduğuna görə məhkəmə iddianın təmin olunmasını nəzərə alaraq hesab edir ki, ilkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş pul vəsaitinin əvəzi qismində 122 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi barədə iddiası təmin edilsin. 8879,40 manat əsas borc və 1598,29 manat ƏDV olmaqla, ümumilikdə 10477,69 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. İlkin mediasiya sessiyasının keçirilməsinə görə və dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 122 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 ay müddətində elektron kabinet vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar