Məhkəmə qərarları › İş №e-2-2(113)-400/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-400/2025

18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-400/2025 18.02.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: kredit müqaviləsi, zaminlik, müqavilənin birtərəfli qaydada ləğvi, iradə ifadəsi, dəbbə pulunun azaldılması, qanuni faiz) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X5 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə 22385,5 manat əsas borc, 4414,61 manat faiz borcu, 3581,27 manat dəbbə pulu, əsas borca illik 5 faizlə hesablanmaqla 701,92 manat faiz borcu olmaqla ümumilikdə 31083,3 manat məbləğində pulun və ödənilmiş 182 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi, tələbin 19 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2023-cü il tarixli saxlanc girov müqaviləsi üzrə girov qoyulmuş sep - 4 ədəd, çəkisi - 37 qr., əyarı - 585; qolbaq - 6 ədəd, çəkisi - 39,6 qr.,əyarı - 585; komplekt - 3 ədəd, çəkisi - 25,7 qr., əyarı - 585; üzük - 3 ədəd; çəkisi - 9,5 qr., əyarı - 583; sırğa - 2 ədəd; çəkisi - 4,4 qr., əyarı - 583; qolbaq - 1 ədəd; çəkisi - 1 qr.,əyarı - 583; sep - 1 ədəd; çəkisi - 1,8 qr.; əyarı - 583 qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracdan sataraq əldə edilmiş vəsaitin 19 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 31083,3 manat borcun ödənilməsi, yetərli olmadığı halda, qalan borcun cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 19 may 2023-cü il tarixli sm6382 saylı kredit müqaviləsinə əsasən illik 19% dərəcəsi olmaqla 24 ay müddətinə 30000 manat məbləğində cavabdehə kredit verilmişdir. Bundan başqa Cavabdeh1 bank qarşısında öhdəliklərinin icrasının təmini üsulu kimi Cavabdeh4, Cavabdeh3 və X3 ilə iddiaçı arasında 19 may 2023-cü il tarixli sm6382 saylı zaminlik müqavilələri bağlanılmışdır. Bununla yanaşı, adıçəkilən kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasını təmin etmək məqsədilə iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2023-cü il tarixli saxlanc girovu haqqında müqaviləyə və xx.xx.2023-cü il tarixli saxlanc girovunun qiymətləndirilməsinə və kassaya təhvil verilməsinə dair akta əsasən adları çəkilən qızılzinət əşyaları girov qoyulmuşdur: sep - 4 ədəd, çəkisi - 37 qr., əyarı - 585; qolbaq - 6 ədəd, çəkisi - 39,6 qr.,əyarı - 585; komplekt - 3 ədəd, çəkisi - 25,7 qr., əyarı - 585; üzük - 3 ədəd; çəkisi - 9,5 qr., əyarı - 583; sırğa - 2 ədəd; çəkisi - 4,4 qr., əyarı - 583; qolbaq - 1 ədəd; çəkisi - 1 qr.,əyarı - 583; sep - 1 ədəd; çəkisi - 1,8 qr.; əyarı – 583, cəmi: 119 qr. 2.2. 19 may 2023-cü il tarixli sm6382 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 19 may 2023-cü il tarixli sm6382 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz tərkib hissəsi olan kreditin ödəniş cədvəli əsasında hər ayın 19-dan gec olmayaraq ayda 1512,20 manat ödəniş etməli olduğu halda, öhdəliklərini vaxtlı-vaxtında və lazımi qaydada icra etməmişdir. Eyni zamanda həmin kredit müqaviləsinin 5.1-ci maddəsinə görə, borclu kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməzsə, kredit faizlərini vaxtında ödəməzsə, ödənilməyən kredit üçün əlavə olaraq hər günə 1% həcmində dəbbə pulu hesablanır. 2.3. xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 19 may 2023-cü il tarixli sm6382 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borca görə 22385,5 manat, faiz borcuna görə 4414,61 manat, cərimə borcuna görə 3581,27 manat, əsas borca illik 5 faizlə hesablanmış 701,92 manat olmaqla borcun cəmi 31083,3 manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və X2 19 may 2023-cü il tarixli sm6382 saylı kredit müqaviləsi üzrə kredit borcuna görə cəmi 31083,3 manat pul tutulmalıdır və tələblər girov predmetinə yönəldilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 442, 445-ci və s. maddələri göstərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə digər cavabdehlər tərəfindən iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.

5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(113)-400/2025 nömrəli qərardadı ilə iddia tələbinin “tələbin 19 may 2023-cü il tarixli saxlanc girov müqaviləsi üzrə girov qoyulmuş sep - 4 ədəd, çəkisi- 37 qr., əyarı- 585; qolbaq- 6 ədəd, çəkisi - 39,6 qr.,əyarı - 585; komplekt - 3 ədəd, çəkisi - 25,7 qr., əyarı - 585; üzük - 3 ədəd; çəkisi - 9,5 qr., əyarı - 583; sırğa - 2 ədəd; çəkisi - 4,4 qr., əyarı - 583; qolbaq - 1 ədəd; çəkisi - 1 qr.,əyarı - 583; sep - 1 ədəd; çəkisi - 1,8 qr.; əyarı - 583 qızıl-zinət əşyalarına yönəldilməsi, həmin əşyaların açıq hərracdan sataraq əldə edilmiş vəsaitin 19 may 2023-cü il tarixli kredit müqaviləsi üzrə cəmi 31083,3 manat borcun ödənilməsi, yetərli olmadığı halda, qalan borcun cavabdehlərdən müştərək qaydada tutulması” hissəsində iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

II. Tərəflərin mövqeləri:

6. İddiaçının nümayəndəsi X8 məhkəmənin baxış iclasında iştirak edərək iddianın məzmununa uyğun izahat verdi və təmin edilməsini xahiş etdi.

7. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 əvvəlki məhkəmə iclaslarında iştirak edərək maddi çətinliklərlə bağlı ödənişi edə bilmədiklərini və 11 dekabr 2024-cü il tarixli 9/8703 nömrəli ekspert rəyi ilə razı olduqlarını bildirdilər.

8. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmənin baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə onların iştirakı olmadan iclasın keçirilməsini mümkün hesab etmişdir.

9. Məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri cavabdehlər Cavabdeh2 və Cavabdeh4 qeydiyyatda olduğu ünvanlara çatdırılmaqla, Cavabdeh2 mobil telefon nömrələrinə “SMS” bildirişlər çatdırılmaqla həmin cavabdehlərə məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmiş, lakin adıçəkilən cavabdehlər məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə həmin cavabdehlərin iştirakı olmadan baxmışdır.

III. Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi: a) Kredit müqaviləsi üzrə əsas borcun və faiz borcunun tutulması tələbi ilə bağlı

11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

13. İddia ərizəsinə əlavə olunmuş İddiaçı ASC (Borc verən qismində) ilə Cavabdeh1 (Borc alan qismində) arasında bağlanmış 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsinə əsasən, Borc verən bu Müqavilənin şərtləri daxilində Borc alana dövriyyə vəsaitin artırılması məqsədilə 30000 AZN məbləğdə kredit verməyi, Borc alan isə aldığı krediti bu Müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan “Kreditin ödəniş cədvəli”nə (1 saylı Əlavə) uyğun olaraq Borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür (1.1). Kredit digər valyutaya çevrilib verildikdə Borc verənənin öz alqı-satqı məzənnəsi əsas götürülür və bu halda Borc verən özünün müəyyən etdiyi miqdarda əməliyyat haqqı (komisyon haqqı) tuta bilər. Xarici valyutada verilən kredit üzrə istənilən ödəniş Borc alan tərəfindən ya kreditin verildiyi valyutada, yaxud ödəniş gününə uyğun Borc verənin müəyyən etdiyi məzənnə üzrə manatla ödənilməlidir. Azərbaycan manatının xarici valyutaya qarşı dəyəri dəyişərsə, xarici valyutada olan Borc verənə ödənilməmiş kreditin (borcun) və ona hesablanmış faizlərin, dəbbənin və digər xərclərin məbləğləri Borc verənənin ödəniş gününə müəyyən etdiyi məzənnə ilə ödənilməlidir (2.1). Kredit 24 ay müddətinə verilir. Borc alana kredit bir dəfə və ya hisssə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 30000 AZN çox olmamalıdır. Kredit Borc alan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər (2.2). Kreditə görə illik 19% faiz hesablanır. Müqavilə üzrə faktiki illik faiz dərəcəsi (FİFD) 20% təşkil edir (2.3)

14. Həmin müqaviləyə 1 saylı əlavə olan ödəniş qrafikindən görünür ki, ilk ödəniş tarixi xx.xx.2023-cü il, son ödəniş tarixi xx.xx.2025-ci il, hər ay 1512,2 manat (sonuncu ay isə 1513,4 manat) olmaqla ümumilikdə 30000 manat əsas borc, 6294 manat faiz borc üzrə ödənişlərin edilməsi nəzərdə tutulmuşdur.

15. İş materiallarında olan 19 may 2023-cü il tarixli sərəncam-orderdən görünür ki, 30000 manat məbləğində pul “kredit verilir” təyinatı ilə Cavabdeh1 hesabına köçürülmüşdür.

16. Məhkəməyə təqdim edilən iddiaçı (Kreditor qismində), Cavabdeh1 (Borc alan qismində) və cavabdehlər Cavabdeh2 (Zamin qismində), Cavabdeh3 (Zamin qismində), Cavabdeh4 (Zamin qismində) arasında bağlanmış 19 may 2023-cü il tarixli sm6382 nömrəli zaminlik müqavilələrinin şərtlərinə əsasən, zamin Cavabdeh4 Cavabdeh1 ilə Kreditor (Bank) arasında bağlanmış sm6382 saylı xx.xx.2023-cü il tarixli Kredit Müqaviləsinə əsasən kredit almış Borc alanın Kreditor (Bank) qarşısında öz öhdəliklərini tamamilə və vaxtında icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (1.1). Zamin müqavilənin 1.1-ci bəndində qeyd edilmiş Kredit Müqaviləsinin aşağıda göstərilmiş şərtlər daxil olmaqla, bütün şərtləri ilə tanış olmuş və Borc alanın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyət daşımağa razıdır (1.2): kreditin məbləği (kredit xəttinin limiti) 30000 AZN; kreditin qaytarılması müdəti 24 ay; kreditin faiz dərəcəsi 19%; kreditin ödənilməsi (qaytarılma) qaydası: aylıq; kreditin məqsədi ticarət və xidmət.

17. İş materiallarında olan iddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 əsas borcu 22385,5 manat, faiz borcu 2005,37 manat təşkil edir.

18. İş materiallarına əlavə olunan iddiaçı tərəfindən təsdiq edilmiş xx.xx.2025-ci il tarixli maliyyə arayışına əsasən 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə Cavabdeh1 əsas borcu 22385,5 manat, faiz borcu 4414,61 manat təşkil edir.

19. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-6258/2024 nömrəli qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən aparılmış 11 dekabr 2024-cü il tarixli 9/8703 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsi üzrə 10 iyul 2024-cü il tarixə əsas borcu 22532,23 manat, faiz borcu 1766,78 manat təşkil edir.

20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə Cavabdeh1 arasında 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranış, iddiaçı 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu razılaşmada göstərilən şərtlərlə Cavabdeh1 verməyi, cavabdeh isə aldığı pul vəsaitini xx.xx.2025-ci il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmış, sonuncular borcalanın iddiaçı qarşısında öhdəliklərini icra etməsi üçün birgə məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. Cavabdeh1 kredit məbləğini təşkil edən 30000 manat məbləğində pul vəsaitinə mülkiyyət hüququnu əldə etsə də, pul məbləğini iddiaçıya tam qaytarmamışdır.

21. İddiaçı adıçəkilən kredit müqaviləsi üzrə 22385,5 manat əsas borc, 4414,61 manat faiz borcunun cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş edir.

22. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 maddi çətinliklərlə bağlı ödənişlərin icra edilmədiyini, lakin 11 dekabr 2024-cü il tarixli 9/8703 nömrəli ekspert rəyi ilə razı olduqlarını göstərdilər.

23. Cavabdehlər Cavabdeh2 və Cavabdeh4 hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmirlər.

24. Məhkəmə mübahisənin həllində tətbiq ediləcək hüquq normaları ilə bağlı aşağıdakıları qeyd edilməsini zəruri hesab edir.

25. Məhkəmə kredit müqaviləsi üzrə borcun tutulması tələbinə hüquqi qiymət verilməsi üçün əvvəlcə tərəflər arasında bağlanmış kredit müqaviləsinin hüquqi qüvvəsi məsələsinin şərh edilməsini zəruri sayır. Məhkəmə həmçinin göstərir ki, borc müqaviləsi və kredit müqaviləsi üzrə münasibətləri tənzimləyən Mülki Məcəllənin müvafiq normaları yeni redaksiyada verildiyindən aşağıda həmin Məcəllənin kredit müqaviləsi bağlanan və müqavilə üzrə öhdəliklər icra edilən zaman qüvvədə olan redaksiyasına istinad edilir.

26. Belə ki, Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən (müqavilə bağlanarkən qüvvədə olan redaksiyası) borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

27. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

28. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

29. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 31 may 2018-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 739-cu maddəsinin mənasına görə, kreditor pulu kredit alana təqdim etməyi öhdəsinə götürür. Bu isə kredit müqavilələrinin, bir qayda olaraq, konsensual müqavilə olmasını göstərir.

30. X7 Məhkəməsi izah etmişdir ki, real müqavilələr üzrə hüquq və öhdəliklər müqavilə predmeti olan əmlakın (əşyanın) verilməsindən sonra əmələ gəlir. Məsələn, bağışlama müqaviləsi hədiyyə almış şəxsin hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Konsensual müqavilələr üzrə hüquq və öhdəliklər isə bu müqavilənin bağlandığı (imzalandığı) andan əmələ gəlir. Mülki qanunvericilikdə konsensual müqavilənin əsas əlamətlərindən biri “əmlakı təqdim etməyi öhdəsinə götürür”, “işləri görməyi öhdəsinə götürür” və s. bu kimi ifadələr ilə müəyyən olunur.

31. Konstitusiya Məhkəməsinin Qərarından aydın olur ki, Mülki Məcəllənin 739-cu maddəsində nəzərdə tutulan borc müqaviləsi konsensual müqavilədir, həmin müqavilə tərtib olunub imzalandıqdan sonra bağlanmış hesab olunur və tərəflərin həmin müqavilədən irəli gələn öhdəlikləri, yəni borc verənin pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu borc alana keçirməyi öhdəliyi, borc alanın isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəliyi əmələ gəlir. Hazırkı mübahisə üzrə borc verən pula mülkiyyət hüququnu borc alana keçirmək öhdəliyini icra etsə də, borc alan müqavilə üzrə öhdəliyini icra etməyərək aldıqlarını borc verənə qaytarmaq öhdəliyini icra etməmişdir.

32. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh1 (borcalana) müraciət edərək bütün əsas borcu, 2005,37 manat faiz və 715,78 manat cərimə borcunu tələb etmiş, həmin məktub xx.xx.2024-cü il tarixdə X1 Sistemi vasitəsilə borcalana çatdırılmışdır.

33. Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər.

34. Həmin Məcəllənin 447.2-ci maddəsinə əsasən aşağıdakı hallarda əlavə müddət təyin edilməsi və ya xəbərdarlıq edilməsi zərurəti yoxdur: bunun heç bir nəticə verməyəcəyi aydın olduqda; öhdəlik müqavilədə təyin edilmiş müddətdə icra edilmədikdə və müqaviləyə görə kreditor münasibətlərin davam etdirilməsini öhdəliyin vaxtında icrası ilə bağladıqda; xüsusi əsaslara görə və qarşılıqlı mənafelər nəzərə alınmaqla müqavilənin dərhal ləğv edilməsinə haqq qazandırıldıqda.

35. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərar).

36. Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu mənada yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Mülki hüquqda daxili iradənin ifadə üsulları üç qrupa bölünür: düzünə iradə ifadəsi (şifahi və ya yazılı qaydada); dolayı iradə ifadəsi (konklyudent hərəkətlər) və susmaq nəticəsində iradə ifadəsi. Göründüyü kimi, iradə yalnız verbal nitqlə və ya yazılı qaydada deyil, həmçinin konklyudent hərəkətlərdə də ifadə oluna bilir. Təsadüfi deyildir ki, Mülki Məcəllənin 329.3cü maddəsində təsbit edilmişdir ki, şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Bu isə onu göstərir ki, kredit münasibətlərində borc verənin kredit müqaviləsi üzrə bütün əsas borc məbləğinin ödənilməsi tələbi barədə pretenziya ilə borcalana müraciət etməsi müvafiq hallar olduqda (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması) özü-özlüyündə konklyudent hərəkətdə ifadə olunan, borc verənin müqavilənin ləğvinə yönəlik iradə ifadəsidir (şifahi əqd). Belə olan halda, iddiaçının xx.xx.2024-cü il tarixdə borcalan Cavabdeh1 pretenziya məktubunu yollayaraq bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun borcalan tərəfindən qəbul edildiyi xx.xx.2024-cü il tarixdən müqavilə xitam edilmiş hesab edilməlidir. İddiaçı həmin tarixədək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər.

37. Hazırda isə iddiaçı xx.xx.2025-ci il tarixə olan əsas və faiz borcunu tələb edir.

38. Məhkəmə iddiaçının tələbini təşkil edən borcun məbləği ilə bağlı qeyd edir ki, borc məbləğinin həcmi müəyyənləşdirilərkən iddia tələbindən kənara çıxmamaq şərtilə məhkəmə-mühasibatlıq ekspertizasının rəyi əsas götürülməlidir. Belə ki, maliyyə arayışında qeyd edilən məbləğlər hər bir halda iddiaçının mövqeyini əks etdirməklə birtərəflidir, lakin məhkəmə ekspertizası təhqiqat, ibtidai istintaq orqanının və ya məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır və həmin tədqiqatın nəticəsində əldə olunan məlumatlar (nə qədər ki mötəbərdir) kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləğlərinin müəyyənləşdirilməsində həlledicidir. Məhkəmə bu nəticəyə gələrkən həmçinin nəzərə alır ki, iddiaçı və ya cavabdehlər ekspert rəyinə etiraz etməmiş, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı vəsatət də verməmişlər.

39. 11 dekabr 2024-cü il tarixli 9/8703 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən, 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsi üzrə 10 iyul 2024-cü il tarixə (müqavilənin xitam tarixinə) əsas kredit borcu 22532,23 manat, faiz borcu 1766,78 manat təşkil edir.

40. Lakin mülki məhkəmə icraatında “ne ultra petita” prinsipindən irəli gələrək məhkəmənin müstəsna hallar istisna olmaqla iddia tələbindən kənara çıxması mümkün deyildir.

41. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsi üzrə iddia tələbindən kənara çıxmamaq şərtilə ekspert rəyinə uyğun olaraq əsas borc 22385,5 manat, faiz borcu isə 1766,78 manat müəyyən edilməlidir.

42. Bundan başqa, Mülki Məcəllənin 470.1-ci maddəsinə görə, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

43. Həmin Məcəllənin 471-ci maddəsinə əsasən zaminlik müqaviləsi yazılı formada bağlanmalıdır. Yazılı formaya riayət edilməməsi zaminlik müqaviləsinin etibarsızlığına səbəb olur.

44. Həmin Məcəllənin 472.1-ci maddəsində göstərilmişdir ki, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

45. Beləliklə, məhkəmə bu qənaətə gəlir ki, 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsi üzrə 22385,5 əsas və 1766,78 manat faiz borcu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

b) Kredit müqaviləsi üzrə dəbbə pulunun tutulması tələbi ilə bağlı

46. İddia ərizəsində iddiaçı 3581,27 manat cərimənin də cavabdehlərdən müştərək qaydada tutulmasını xahiş etmişdir.

47. 19 may 2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsinin 2.14.1-ci bəndinə əsasən, Borc alan tərəfindən öhdəliklər vaxtında və lazımınca icra edilmədikdə Borc verən tərəfindən tətbiq edilən cərimələr aşağıdakılardır: müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtmda ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq); “Kreditin ödəniş cədvəli”ndən qabaqcadan artıq ödənilmiş əsas məbləğ - mütənasib olaraq növbəti ay (aylar) üzrə Borc alam əsas məbləğin ödənişindən azad edir.

48. 19 may 2023-cü il tarixli sm6382 nömrəli zaminlik müqavilələrinin 1.2.5-ci bəndinə əsasən, cərimə və dəbbə pullarının məbləği və hesablanması qaydası: Müqavilənin müddəti ərzində qrafik üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş əsas məbləğin 0.5% qədər gündəlik cərimə (dəbbə) hesablanır; Məbləği 3000 manat/ABŞ dollan/avro və ya aşağı olan kreditlər üzrə: Borc alan qrafik üzrə ödənişi gecikdirərsə, 1 -ci gecikmə günündən başlayaraq - Bank Borc alandan müqavilə üzrə gecikdirilmiş məbləğin 1,0 (bir) faizi həcmində, lakin, kredit məbləğinin 20%-indən artıq olmamaqla dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər; Məbləği 3000 manat/ABŞ dollan/avro və yuxarı olan kreditlər üzrə: Borc alan qrafik üzrə ödənişi gecikdirərsə, 1-ci gecikmə günündən 11-ci gecikmə gününədək - Bank Borc alandandan müqavilə üzrə gecikdirilmiş məbləğin 0,1 (sıfr tam onda bir) faizi həcmində 11-ci gecikmə günündən başlayaraq annuitet ödənişi üzrə gecikdirilmiş məbləğin 1,0 faizi həcmində, lakin kredit məbləğinin 20 (iyirmi) faizindən çox olmamaqla dəbbə pulu (cərimə) ödənilməsini tələb edə bilər.

49. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir... Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

50. Həmin Məcəllənin 467-ci maddəsində göstərilmişdir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

51. Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir ("xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 28 iyul 2021-ci il tarixli Qərar).

52. İş materialları ilə müəyyən olunur ki, hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl pretenziya məktubu göndərilmiş, cavabdehlərlə mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə müvafiq addımlar atılmışdır, lakin mövcud mübahisənin məhkəməyəqədər mərhələdə həll edilməsi mümkün olmamışdır. Həmçinin cavabdehlər tərəfindən öhdəlik hissəvi olaraq icra edilməmiş, sonuncu ödəniş xx.xx.2024-cü il tarixdə edilməsinə baxmayaraq, iddiaçı da müqaviləni uzun müddət ləğv etməyərək dəbbə pulunun artmasına rəvac vermişdir.

53. Məhkəmə iddiaçının həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini, o cümlədən yuxarıda qeyd edilən halları, cavabdehlər tərəfindən öhdəliyin pozulma dərəcəsini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulmalı cərimə məbləğinin 1100 manat həddində müəyyənləşdirilməsi ağlabatan və ədalətlidir.

54. Beləliklə məhkəmə bu qənaətə gəlir ki, cərimə olaraq 1100 manat pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

c) Kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən sonra hesablanan illik 5 faizin tutulması tələbi ilə bağlı

55. İddiaçı 19 may 2023-cü il tarixli sm6382 nömrəli nömrəli kredit müqaviləsi üzrə illik 5 faizlə hesablanmış 701,92 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş edir.

56. Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiyası).

57. Konstitusiya Məhkəməsi göstərmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin – gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarlar).

58. Yuxarıda qeyd olunan hüquqi mövqeyə əsasən məhkəmə qeyd edir ki, müqaviləyə xx.xx.2024-cü il tarixdən birtərəfli qaydada xitam verildiyindən həmin dövrdən sonra hesablanan əsas borca illik beş faizlə hesablanmış məbləğ tutulmalıdır.

59. Qanuni faizin məbləğini qiymətləndirərkən məhkəmə qeyd edir ki, müqavilənin ləğv edildiyi xx.xx.2024-cü il tarixdən etibarən iddiaçının tələb etdiyi (maliyyə arayışına əsasən) xx.xx.2025-ci il tarixədək (201 gün) əsas borca illik 5 faizlə hesablanmış məbləğ 616,37 (22385,5*5/100/365*201) manat təşkil edir.

60. Belə olan halda, məhkəmə bu qənaətə gəlir ki, kredit müqaviləsinin ləğv edildiyi tarixdən əsas borca illik 5 faizlə hesablanmaqla 616,37 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı ASC-yə ödənilməlidir.

d) Məhkəmə xərcləri ilə bağlı

61. İddiaçı eləcə də ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 182 manat pulun cavabdehlərdən tutulmasını xahiş etmişdir.

62. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən olunur ki, ********** nömrəli mədaxil qəbzi ilə 166 manat məbləğində dövlət rüsumu iddia ərizəsinin verilməsi üçün iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmişdir. Həmçinin ********** nömrəli mədaxil qəbzi əsasında 16 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

63. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, 11 dekabr 2024-cü il tarixli 9/8703 nömrəli ekspert rəyi üzrə aparılmış tədqiqatın dəyərini 200 manat təşkil edir.

64. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

65. Həmin Məcəllənin 115.0 və 115.0.4-cü maddələrinə əsasən, işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir.

66. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

67. Göstərilənlərə əsasən və iddia tələbinin qismən təmin edildiyini nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 143 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya, ekspertiza xərcinin əvəzi olaraq 34 manat İddiaçı ASC-dən, 166 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir.

V. Nəticə:

68. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2023-cü il tarixli sm6382 nömrəli kredit müqaviləsi üzrə 22385,5 manat əsas borc, 1766,78 manat faiz borcu, 1100 manat cərimə məbləği, əsas borca illik 5 faizlə hesablanmaqla 616,37 manat olmaqla ümumilikdə 25868,65 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 143 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Ekspertiza xərci olaraq 34 manat İddiaçı Açıq Səhmdar Cəmiyyətindən, 166 manat cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X4, 210005, VÖEN – **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi, VÖEN – **********, hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar