Məhkəmə qərarları › İş №e-2-2(113)-4002/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4002/2022

09.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4002/2022 09.09.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Səfərli Arzu Mahir qızının katibliyi, iddiaçının nümayəndə və vəkillləri Vəkil1 və Vəkil2 iştirakı ilə Cavabdehin iştirakı olmadan İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “alğı-satqı müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar 17262 manat məbləğində pul vəsaitinin, 3107.15 manat ƏDV borcunun, 200 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 manat, cəmi 20621.15 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 05 noyabr 2019-ci il tarixli, № HMC/A 220/1119 saylı alğı-satqı müqaviləsi bağlanılmışdır. Həmin alğı-satqı müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı ('LindPro"MMC) satır, alıcı ("xxxx"-Nəqliyyat MMC) isə bu Müqavilə əsasında Tərəflər arasında razılaşdırılmış tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları Satıcıdan qaimə-faktura əsasında alır və malın müqabilində satıcıya həmin qaimə fakturalarda nəzərdə tutulmuş məbləği öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 5.1.1 və 5.2.5-ci maddələrinə əsasən Satıcı Alıcıdan malın qiymətini bu Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödənilməsini tələb edə bilər və Satıcı malın qiymətini bu müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada ödəməlidir. Satıcı kimi "xxxx"MMC Müqavilə ilə üzərinə düşən vəzifələri yerinə yetirmiş və mallan Alıcıya çatdırmışdır. Belə ki, "xxxx"MMC 16 avqust 2019-cu il tarixli, 788 №-li Hesab-fakturaya, EAAY seriyalı, 598653 №, 16 avqust 2019-cu il tarixli Elektron Qaiməyə əsasən 6514,40, 02 sentyabr 2019-cu il tarixli, 809 №-li Hesab-F akturaya, EA AZ seriyalı, 282993 №-li, 02 sentyabr 2019-cu il tarixli Elektron Qaiməyə əsasən 3718,40 manat, 04 oktyabr 2019-ci il tarixli, 850 №-li Hesab-fakturaya, EB AA seriyalı,800205 nömrəli, 05 oktyabr 2019-cu il tarixli, Elektron Qaiməyə əsasən 1623.30 manat, 17 mart 2020-ci 0 tarixli, 1030 №- li Hesabfakturaya, EB AH seriyalı, 812862 №-li, 17 mart 2020-ci il tarixli Elektron Qaiməyə əsasən 628,55 manat, 03 fevral 2020-ci il tarixli, 983 №-li Hesab-fakturaya, EB AF seriyalı, 819028 №-li, 03 fevral 2020-ci il tarixli Elektron Qaiməyə əsasən 5405,90 manat həcmində mallan Alıcıya təslim etmişdir. Hazırda cavabdehin ƏDV xaric olmaqla 17.262 manat məbləğində borcu qalmışdır. 04 avqust 2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, cavabdeh tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi ilə əlaqədar 17262 manat məbləğində pul vəsaitinin, 3107.15 manat ƏDV borcunun, 200 manat mediasiya xərcinin, iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 52 manat, hüquqi yardımla əlaqədar çəkilən xərcin əvəzi olaraq 639 manat olmaqla, cəmi 21260.15 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkillləri Vəkil1 və Vəkil2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndələri və vəkillərinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Satıcı qismində İddiaçı MMC və alıcı qismində Cavabdeh MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, HMC/A 220/1119 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı satır, alıcı isə bu müqavilə əsasında tərəflər arasında razılaşdırılmış tərkibdə, texniki göstəricilərə uyğun olan vəziyyətdə malları satıcıdan qaimə-faktura əsasında alır və malın müqabilində satıcıya həmin qaimə-fakturalarda nəzərdə tutulmuş məbləği (haqqı) ödəyir. 1.2. Bu müqaviləyə əlavədə xüsusi şərtlər də nəzərdə tutula bilər. 2.1. Bu müqavilə üzrə malın qiyməti bu müqavilə əsasında tərəflər arasında tərtib edilən qaiməfakturalarda öz əksini tapır. 2.2. Bu müqavilə üzrə qaimə-faktura əsasında satıcı tərəfindən alıcıya 1 ay ərzində təhvil verilmiş malın məbləğini bu müqavilənin 4.6-cı bəndində göstərilmiş üzləşdirmə aktı əsasında növbəti ayın ilk 10 bank günü ərzində 100 % həcmində alıcı tərəfindən satıcıya ödənilir. - xx.xx.2019-cu il tarixli SF 016143 nömrəli satış fakturasına əsasən 390 manat, xx.xx.2019-cu il tarixli SF016155 nömrəli satış fakturasına əsasən 186 manat, xx.xx.2019-cu il tarixli SF016960 nömrəli satış fakturasına əsasən 4250.10 manat, xx.xx.2019-cu il tarixli SF 016961 nömrəli satış fakturasına əsasən 505.80 manat, xx.xx.2019-cu il tarixli SF 016987 nömrəli satış fakturasına əsasən 865 manat, xx.xx.2019-cu il tarixli SF016986 nömrəli satış fakturasına əsasən 587.50 manat, xx.xx.2019-cu il tarixli SF017275 nömrəli satış fakturasına əsasən 758.50 manat, xx.xx.2019-cu il tarixli SF016480 nömrəli satış fakturasına əsasən 2119.80 manat, xx.xx.2019-cu il tarixli SF016487 nömrəli satış fakturasına əsasən 1600 manat, xx.xx.2019-cu il tarixli SF016521 nömrəli satış fakturasına əsasən 556.40 manat, xx.xx.2019-cu il tarixli SF 016522 nömrəli satış fakturasına əsasən 42.40 manat, xx.xx.2019-cu il tarixli, SF017079 nömrəli satış fakturasına əsasən 99.20 manat, xx.xx.2019-cu il tarixli SF017159 nömrəli satış fakturasına əsasən 2259.20 manat, xx.xx.2019-cu il tarixli SF017195 nömrəli satış fakturasına əsasən 1360 manat, xx.xx.2019-cu il tarixli SF 017235 nömrəli satış fakturasına əsasən 516.20 manat, xx.xx.2019-cu il tarixli SF 017254 nömrəli satış fakturasına əsasən 340 manat, xx.xx.2020-ci il tarixli SF 018568 nömrəli satış fakturasına əsasən 117 manat məbləğində malların İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə təhvil verilməsi hər iki tərəfin nümayəndələri tərəfindən imzalanmaqla təsdiq edilmişdir. - xx.xx.2020-ci il tarixli SF 018546 nömrəli, xx.xx.2020-ci il tarixli SF018564 nömrəli və xx.xx.2020-ci il tarixli SF 018561 nömrəli satış fakturaları tərəflərin nümayəndələri tərəfindən imzalanmasa da, iş materiallarına əlavə edilmiş qaimələrdən görünür ki, 299 manat məbləğində mal cavabdehə təhvil verilmişdir. - xx.xx.2020-ci il tarixli qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 5405.70 manat məbləğində mal təhvil verilmişdir. - xx.xx.2019-cu il tarixli 675 nömrəli hesab-fakturaya və EAAU seriyalı 006002 nömrəli elektron qaiməyə əsasən İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 4319.20 manat, ƏDV 777.46 manat olmaqla, cəmi 5096.66 manat məbləğində, xx.xx.2019-cu il tarixli 709 nömrəli hesab-fakturaya və EAAV seriyalı 266002 nömrəli elektron qaiməyə əsasən 3307.60 manat, ƏDV 595.37 manat olmaqla, cəmi 3902.97 manat, xx.xx.2019-cu il tarixli 737 nömrəli hesab-fakturaya və EAAW seriyalı, xx.xx.2019-cu il tarixli elektron qaiməyə əsasən 4750.60 manat, 855.11 manat ƏDV olmaqla cəmi 5605.71 manat məbləğində, xx.xx.2019-cu il tarixli 788 nömrəli hesab-fakturaya və EAAY seriyalı 598653 nömrəli elektron qaiməyə əsasən 7686.99 manat məbləğində mal satılmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdehin İddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsindən irəli gəlir Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi İddiaçıya alğısatqı müqaviləsi və Mülki Məcəllənin sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-nin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; - 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli HMC/A 220/1119 saylı alğı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə satış fakturalarına əsasən ümumilikdə 22257.8 manat məbləğində mal təhvil verilmişdir. Belə ki, iş materiallarından da məlum olur ki, hazırki mübahisənin predmetini təşkil etməyən mallar da satış fakturası əsasında hər iki tərəfin nümayəndəsinin imzası ilə təsdiq edilməklə təhvil-təslim olunmuş, cavabdeh tərəfindən pul öhdəliyinin bir qismi ödənilmişdir. Lakin cavabdeh, ona təhvil verilən malların dəyərini lazımı qaydada ödəməmiş, 17262 manat məbləğində borc ödənilməmiş qalmışdır. Bununla da cavabdehin 3107.15 ƏDV borcu olmaqla, ümumilikdə 20,369.15 manat ödənilməmiş borcu qalmışdır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin alğı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya 17262 manat əsas borc, 3107.15 manat ƏDV borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 20369.15 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı eyni zamanda iddia tələbində 200 manat məbləğində mediasiya xərcinin, 52 manat məbləğində dövlət rüsumunun, və hüquqi yardımla əlaqədar olaraq ödənilmiş 639 manat məbləğində pulun cavabdehdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” AR Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, hüquqi yardımın göstərilməsi ilə bağlı iddiaçı tərəfindən 639 manat məbləğində ödəniş edilmişdir. AR MPM-in 121.2-ci maddəsinə əsasən bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş əsaslarla işdə iştirak edən vəkil maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmayan şəxslərə hüquqi yardımı məhkəmənin qərarı ilə pulsuz, Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına göstərir. Qanunvericiliklə müəyyən edilən məbləğdə ödənilmiş bu vəsait iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq əleyhinə məhkəmə qərarı çıxarılmış şəxsdən tutularaq dövlət büdcəsinə ödənilə bilər Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, mediasiya sesiyasının keçirilməsi ilə bağlı ödənilmiş 200 manat məbləğində mediasiya xərci, eyni zamanda 52 manat məbləğində dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 639 manat məbləğində pul da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 17262 manat əsas borc, 3107.15 manat ƏDV borcu, 200 manat mediasiya xərci, 52 manat dövlət rüsumu və hüquqi yardımla əlaqədar çəkilən xərcə görə 639 manat olmaqla, cəmi 21260.15 (iyirmi bir min iki yüz altmış manat on beş qəpik) manat pul məbləği tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar