Məhkəmə qərarları › İş №e-2-2(113)-4004/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-4004/2025

23.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-4004/2025 23.06.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat, kredit müqaviləsi, zaminlik müqaviləsi, borcun tutulması) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxıldı. İşin halları:

1. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (İddiaçı QSC) cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdеhlərdən müştərək qaydada İddiaçı QSC-nin хеyrinə 004R********** saylı krеdit razılaşması üzrə 2260,87 manat krеdit bоrcu, 87,80 manat faiz bоrcu və 67,89 manat cərimə olmaqla, ümumilikdə 2416,56 manat (iki min dörd yüz on altı manat əlli altı qəpik) məbləğində bоrcun və ödənilmiş 44,17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 004L**********15 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə ******* (iki milyon) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı xx.xx.2021-ci il tarixli, 004R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2024-cü il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 27739,13 manat ödəmiş, onun 2260,87 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirilmişdir ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 162 gün üçün hesablanmış faiz borcu 87,80 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 162 gün üçün hеsablanmış cərimə 67,89 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin “a” yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh2 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşdür. O, həmin zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 442, 445.2.1, 448.1, 465.2, 467, 472.1, 472.2, 501-ci maddələrinə istinad olunmuşdur.

4. İddiaçı QSC tərəfindən Mülki Prossesual Məcəllənin 53-cü maddəsinin tələblərinə uyğun olaraq iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin хеyrinə 004R********** saylı krеdit razılaşması üzrə 2056,93 manat məbləğində krеdit bоrcu, 161,88 manat məbləğində faiz bоrcu və 89,84 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 2308,65 manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 44,17 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

5. 284-5.1-ci maddəsinə əsasən cavabdehlərə rəsmi qaydada bildiriş, iddia ərizəsi və əlavə olunmuş sənədlər göndərilsə də, iddiaya qarşı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

6. İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 004L**********15 saylı uzunmüddətli kredit müqaviləsinin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 bank tərəfindən ********* (iki milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ, müddət, faiz dərəcəsi və məqsədi ayrıca оlaraq kredit razılaşması ilə müəyyən olunur. Həmin müqaviləyə əsasən bu müqavilə və kredit razılaşmaları əsasında istənilən məbləğ illik faiz dərəcəsinin yuxarı həddi 28 (iyirmi səkkiz) faiz olmaqla 120 (yüz iyirmi) ay müddətinə, 03 dekabr 2031-ci il tarixindən gec olmayaraq verilməlidir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür.

7. İddiaçı QSC Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 004L**********15 saylı uzunmüddətli kredit müqaviləsi üzrə İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 08 dekabr 2021-ci il tarixli, 004R********** saylı kredit razılaşmasının məzmunundan müəyyən olunur ki, müvafiq razılaşma əsasında Cavabdeh1 bankdan 36 (otuz altı) ay müddətinə, illik faiz dərəcəsi 1,9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (üç min) manat məbləğində kreditin verilməsi razılaşdırılmışdır. Həmin müqavilənin 4.1.3-cü bəndinə əsasən kredit alan kredit razılaşması üzrə öhdəliklərini icra etmədikdə və ya lazımi qaydada icra etmədikdə bank onun iş yerinə xəbərdarlıq məktubu göndərmək hüququna malikdir. Həmin müqavilənin 4.2.2-ci bəndinə əsasən kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,1% məbləğində cərimə ödəməyə borcludur.

8. İddiaçı QSC ilə zamin qismində Cavabdeh2 arasında bağlanmış, borclu Cavabdeh1 öz öhdəliklərini icra etməsini təmin etmək məqsədilə bağlanmış xx.xx.2021-ci il tarixli, 004S**********02 nömrəli zaminlik müqaviləsinin məzmunundan müəyyən olunur ki, zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birgə bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin müqavilənin 3.1-ci bəndində əsasən borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə zamin kreditin istifadə üçün və faiz bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. Həmin müqavilənin 3.1.2-ci bəndinə əsasən uzunmüddətli kredit müqaviləsi üzrə verilmiş istənilən kredit üzrə ödənilməli olan məbləğin və onun hər hansı hissəsinin ödənilməsi gecikdirildikdə verilmiş müvafiq kredit məbləğinin qalığının 0,1% məbləğində hər hansı gecikdirilən gün üçün tətbiq olunan cəriməni zamin ödəyir. Həmin müqavilənin 3.1.3-cü bəndinə əsasən zaminin borclunun kredit müqaviləsi üzrə öhdəliklərini icra etməməsi və ya lazımi qaydada icra etməməsi nəticəsində banka dəymiş ziyanı, kreditin və faizlərin qaytarılması üzrə bankın çəkdiyi məhkəmə xərclərini ödəmək vəzifəsi vardır.

9. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli kreditin verilməsiköçürmə adlı sənədin məzmunundan müəyyən olunur ki, Cavabdeh1 **********070462 nömrəli hesabına 30000 manat kredit məbləği köçürülmüşdür.

10. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, OUT-2025/04/25-22 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka əsas borcu 2260,87 manat, faiz borcu 87,80 manat, cərimə borcu 67,89 manat olmaqla, ümumilikdə 2416,56 manat təşkil edir (gecikdirilən günlərin sayı: 162 gün).

11. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, OUT-2025/06/17-15 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2025-ci il tarixə banka əsas borcu 2056,93 manat, faiz borcu 161,88 manat, cərimə borcu 89,84 manat olmaqla, ümumilikdə 2308,65 manat təşkil edir (gecikdirilən günlərin sayı: 212 gün).

12. İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, OUT-2025/06/23-33 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə banka əsas borcu 2056,93 manat, faiz borcu 26,72 manat, cərimə borcu 93,13 manat olmaqla, ümumilikdə 2150,06 manat təşkil edir (gecikdirilən günlərin sayı: 24 gün).

13. İddiaçı QSC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

14. İddiaçı QSC-nin Cavabdeh2 ünvanladığı xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan müəyyən olunur ki, xx.xx.2025-ci il tarixinədək borc qaytarılmazsa, müqaviləyə vaxtından əvvəl xitam veriləcəyi və tərəflər arasında bağlanmış müvafiq kredit müqaviləsinə əsasən hesablanmış borcun məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi, bu halda o, təkcə banka borclu olduğu məbləği deyil, həm də ödəniləcək dövlət rüsumu və məcburi icra ilə bağlı bütün xərcləri ödəyəcəyi ilə bağlı xəbərdar edilmişdir.

15. İddiaçı tərəfindən iş materiallarına ödəniş planı və hesabdan çıxarış əlavə edilmişdir. Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 470-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin borclunun kreditoru qarşısında borclunun öz öhdəliyini tamamilə və ya hissə hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminiliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

18. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 ilə İddiaçı QSC arasında uzunmüddətli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 ********* (iki milyon) manat məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq kredit razılaşması ilə müəyyən olunmuşdur. Tərəflər arasında xx.xx.2021-ci tarixli, 004R********** saylı krеdit razılaşması bağlanmış və həmin razılaşma əsasında Cavabdeh1 bankdan 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,9167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 (otuz min) manat məbləğində krеdit götürmüşdür. 004L**********15 saylı uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmış və zamin bank qarşısında öz üzərinə birgə məsuliyyət götürmüşdür.

19. İddia tələbinin bir hissəsini cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 025R********** saylı krеdit razılaşması üzrə 2056,93 manat məbləğində krеdit bоrcu və 161,88 manat məbləğində faiz bоrcunun tutulması təşkil edir.

20. Məhkəmə qanunvericilik normalarını, müqavilə şərtlərini, cavabdehlərin (borcalan və zamin) müqavilə öhdəliklərini icra etmədiyini, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını, cavabdehlərin (borcalan və zamin) müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya ödəmək vəzifəsi daşımasını nəzərə alaraq hesab edir ki, iddia tələbi əsas kredit borcunun tutulması hissəsində tam, fazi borcunun tutulması hissəsində qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 2056,93 manat (iki min əlli altı manat doxsan üç qəpik) əsas borc və 26,72 manat (iyirmi altı manat yetmiş iki qəpik) faiz borcu İddiaçı QSC-nin xeyrinə tutulmalı, faiz borcunun tutulmasına dair iddia qalan hissədə təmin olunmamalıdır. Belə ki, İddiaçı QSC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, OUT-2025/06/23-33 nömrəli maliyyə arayışından məlum olur ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixli, 004R********** saylı kredit razılaşması üzrə xx.xx.2024-cü il tarixə (müqavilə müddətinin sonuna) banka olan faiz borcu 26,72 manat təşkil edir.

21. İddia tələbinin digər hissəsini cavabdehlərdən müştərək qaydada 89,84 manat cərimə borcunun tutulması təşkil edir.

22. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdehlər tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı müqavilə şərtlərinə əsasən cavabdehlərdən cərimə məbləğinin ödənilməsini tələb etməkdə haqlıdır.

23. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 60 (altmış) manat müəyyən edilməli, cərimə borcunn tutulması barədə iddia tələbi qalan hissədə təmin edilməməlidir.

24. Eləcə də, iddiaçı ödənilmiş 44,17 manat dövlət rüsumunun iddiaçıdan tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir.

25. Məhkəmə hesab edir ki, iddia tələbinin təmin edilən hissəsinə uyğun olaraq, ödənilmiş dövlət rüsumunun əvəzində 40 (qırx) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməli, ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilməlidir.

26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 004R********** saylı krеdit razılaşması üzrə 2056,93 manat (iki min əlli altı manat doxsan üç qəpik) əsas borc, 26,72 manat (iyirmi altı manat yetmiş iki qəpik) faiz borcu, 60 (altmış) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 40 (qırx) manat olmaqla, cəmi 2183,65 manat (iki min bir yüz səksən üç manat altmış beş qəpik) məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar