Məhkəmə qərarları › İş №e-2-2(113)-401/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-401/2021

12.02.2021 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-401/2021 12.02.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi, Xasayeva İradə Ədalət qızının katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin cavabdeh “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi cavabdeh “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş 654.525,32 manat, Dövlət Sosial Müdafıə Fonduna ödənilməmiş 85.236,4 və İşsizlikdən sığorta fonduna ödənilməmiş 575,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 740.136 manat məbləğində siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə, Dövlət Sosial Müdafıə Fonduna və İşsizlikdən sığorta fonduna borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafıq fonda ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2020 tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2020 tarixə yaranan 654.525,32 manat borcuna görə 740.136 manat məbləğində əmlakı siyahıya alınmış və bu barədə xx.xx.2020 tarixli **********4 saylı protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə və müvafıq fonda ödənilmədiyi halda siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 654.525,32 manat, Dövlət Sosial Müdafıə Fonduna 85.236,4 manat və İşsizlikdən sığorta fonduna 575,18 manat ödənilməmiş borcu qalmışdır. xx.xx.2021-ci il tarixdə cavabdeh “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı göründüyü kimi 20 ədəd mənzilin satışından dövlətə olan 740.336,9 manat məbləğində borcun ödənilməsini tələb edir. Halbuki həmin mənzillərin hamısının deyil, bir qisminin satılması borcun ödənilməsi üçün tam kifayət edir. Belə ki, iddiaçının iddia ərizəsindən görünür ki, mənzilin biri 37.016 manata qiymətləndirilmişdir. Halbuki həmin mənzilin hər birinin dəyəri göstərilən qiymətdən daha yuxarıdır. Belə olan halda iddiaçı orqan tərəfindən siyahıya alınmış 20 ədəd mənzilin satışına hər hansı zərurət yoxdur. Bu səbəbdən hesab edir ki, iddiaçı orqan tərəfindən siyahıya alınmış mənzillərin yalnız bir qismi açıq hərracda satılmalıdır. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xx xxx 2020-ci il tarixdə cavabdehə vergi borcunun ödənilməsinə dair **********0 saylı bildiriş göndərilərək, xx.xx.2020-ci il tarixinə ümumilikdə 654.503,34 manat, o cümlədən vergilər üzrə 288.189,25 manat, maliyyə sanksiyaları üzrə 62.053,25 manat, faizlər üzrə 304.260,84 manat məbləğində borcların 5 gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. xx.xx.2020-ci il tarixdə iddiaçının vergi öhdəliyini yerinə yetirməmiş vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında **********4 nömrəli qərarı ilə “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün əmlakının siyahıya alınması qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus əmlak siyahıya alınmış və bu barədə əmlakın siyahıya alınması haqqında **********4 saylı protokol, həmin protokola xx.xx.2020-ci il tarixli əlavə və akt tərtib edilmişdir. xx.xx.2020-ci il tarixdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyətinə vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə xəbərdarlıq ünvanlanaraq bildirilmişdir ki, xx.xx.2020-ci il tarixli qərara əsasən xx.xx.2020-ci il tarixdə 740.136 manat dəyərində olan əmlak siyahıya alınmışdır. Əmlakın siyahıya alındığı vaxtdan 30 gün müddətində vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar dövlət büdcəsinə tam ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacaqdır. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, vergi ödəyicisi olan Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyəti vergilərin, eləcə də dövlət sığorta haqlarının və işsizlikdən sığorta haqlarının ödənilməsi öhdəliyini qanunvericiliklə müəyyən edilmiş müddətdə yerinə yetirməyərək, vergi borcunun, eləcə də dövlət sığorta haqlarına və işsizlikdən sığorta haqlarına görə borcunun ödənilməsini təmin etməmişdir. Vergi orqanı tərəfindən cavabdehin sözügedən borclarının ödənilməsinin təmin olunması məqsədilə Vergi Məcəlləsinin 65-ci maddəsində nəzərdə tutulmuş tədbirlər görülmüşdür. Həmin tədbirlər nəticə vermədiyindən xx.xx.2020-ci il tarixdə cavabdeh “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə 740.136 manat dəyərində əmlakı siyahıya alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergilər Məcəlləsinin: 23.1 və 23.1.6-cı maddələrinə uyğun olaraq, müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək vergi orqanının hüququdur. 89.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi orqanı onun əmlakını siyahıya ala bilər. 89.7-ci maddəsinə əsasən əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. 89.10-cu maddəsinə əsasən siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir və bu siyahı protokola əlavə edilir. 90.1-ci maddəsinə uyğun olaraq, vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə ixtisaslaşdırılmış açıq hərracda satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. 1.4-ci maddəsinə görə Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Sosial Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 9-1.1-ci maddəsinə görə məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyətinin vergiləri, dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarını tam həcmdə və vaxtında ödəmək üzrə vəzifəsini lazımınca icra etməsini təmin etmək məqsədilə vergi orqanı tərəfindən cavabdehə məxsus əmlak qanunda nəzərdə tutulmuş qaydada siyahıya alınsa da, cavabdeh tərəfindən qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində vergi borcunun, eləcə də dövlət sosial sığorta və işsizlikdən sığorta haqqı borcunun tam şəkildə ödənilməsi təmin edilmədiyindən iddiaçı həmin borcların cavabdehin əmlakına yönəldilməsini tələb etməkdə haqlıdır. Cavabdehin iddiaya etirazına əsas kimi istinad etdiyi siyahıya alınmış mənzillərin dəyərinin vergi borcunun məbləğindən yüksək olması və belə olan halda vergi borcunun ödənilməsini təmin etmək üçün həmin mənzillərin hamısının açıq hərracdan satılmasına ehtiyac olmaması barədə dəlillərə münasibətdə məhkəmə əvvəla qeyd edir ki, əmlakın siyahıya alınması barədə protokolda siyahıya alınmış əmlakın dəyərinin 740.136 manat olması göstərildiyi halda iddia ərizəsinin məzmunundan göründüyü kimi həmin əmlakın yönəldiləcəyi borc cəmi 740.336,9 manat təşkil edir. Göründüyü kimi siyahıya alınmış əmlakın protokolda göstərilmiş ilkin dəyəri həmin əmlakın yönəldiyi borcun məbləğinə nəzərən tənasübsüz surətdə yüksək deyildir. Digər tərəfdən Vergi Məcəlləsinin 90.4-cü maddəsinə görə əmlakın satılmasından əldə edilən məbləğlər əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borcların ödənilməsinə yönəldilir. Vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində vergi ödəyicisinə qaytarılır. Göstərilən maddənin məzmunundan da göründüyü kimi siyahıya alınmış əmlakın satılmasından əldə edilən vəsaitdən vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcla yanaşı tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclər də tutulur. Belə olan halda isə siyahıya alınmış əmlakın dəyərinin protokolda göstərilənə nisbətən daha yüksək olması ehtimal edilsə belə, əmlakın satılmasından tutulacaq yekun məbləğin nə qədər təşkil edəcəyini, eyni zamanda siyahıya alınmış əmlakların açıq hərracdan hansı qiymətə satılacağını, nəticə etibarilə siyahıya alınmış əmlakın satılmasından sonra artıq məbləğ qalıb-qalmayacağını və siyahıda göstərilmiş bütün əmlakların satılmasına ehtiyac olubolmayacağını hazırkı mərhələdə müəyyən etmək qeyri-mümkündür. İşin yuxarıda göstərilən hallarından göründüyü kimi cavabdehin etirazında istinad etdiyi dəlillər məhkəmənin siyahıya alınmış əmlakların bir hissəsinin açıq hərracdan satılmasının cavabdehin vergi, dövlət sosial sığorta haqları, işsizlikdən sığorta haqları üzrə borcun ödənilməsi üçün kifayət edəcəyi barədə əsaslı nəticəyə gəlməyə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2020-ci il tarixə qeyd olunan borc məbləğindən dövlət büdcəsinə olan 654.525,32 manat, Dövlət Sosial Müdafıə Fonduna olan 85.236,4 və İşsizlikdən sığorta fonduna olan 575,18 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılmalı, göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 654.525,32 manat məbləğində vergi borcu, 85.236,4 manat məbləğində dövlət sosial sığorta haqqı borcu, 575,18 manat məbləğində işsizlikdən sığorta haqqı borcu tutulmalı, satışdan artıq qalan məbləğ “Cavabdeh.” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1 və 119.2-ci maddələrinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.4.7-ci maddəsinin tələbinə görə vergi ödəmələri barədə mübahisələr üzrə iddia ərizələrindən 10 manat dövlət rüsumu ödənilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasib olaraq 10 manat dövlət rüsumu cavabdehdən tutulmalıdır. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 284-5.3, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixə olan vergi, sosial sığorta haqqı və işsizlikdən sığorta haqqı borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 740.136 manat dəyərində siyahıya alınmış əmlakı ixtisaslaşdırılmış açıq hərracda satılsın. Göstərilən əmlakın satılmasından əldə edilmiş məbləğdən 654.525,32 manat (altı yüz əlli dörd min beş yüz iyirmi beş manat otuz iki qəpik) məbləğində vergi borcu və 10 (on) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə, 85.236,4 manat (səksən beş min iki yüz otuz altı manat qırx qəpik) məbləğində sığorta haqqı tutularaq Dövlət Sosial Müdafıə Fonduna, 575,18 manat (beş yüz yetmiş beş manat on səkkiz qəpik) işsizlikdən sığorta haqqı tutularaq İşsizlikdən Sığorta Fonduna ödənilsin. Satışdan artıq qalan məbləğ Cavabdeh MMC-yə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar