Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-401/2023 09.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “istifadə hüququnun bərpa edilməsi, pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Kobra” Kiçik Müəssisəsinin cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, əldən çıxmış fayda, vurulmuş zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “istifadə hüququnun bərpa edilməsi, pul və əldən çıxmış faydanın ödənilməsi” tələbinə dair ilk, iddiaçı Kobra” Kiçik Müəssisəsinin cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiaları üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330 kv.m olan restorandan istifadə hüququnun bərpa edilməsi; 3000 manat icarə haqqı, 50000 manat əldən çıxmış fayda, 3670 manat işçilərə ödənilmiş əmək haqqı, 51 manat mediasiya haqqı və 214 manat dövlət rüsumu olmaqla, cəmi 56935 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi əsasında icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330 kv.m olan restorandan istifadə hüququnun bərpa edilməsi, 3000 manat icarə haqqı, 3670 manat işçilərə ödənilmiş əmək haqqı, 51 manat mediasiya haqqı və 214 manat dövlət rüsumu olmaqla, cəmi 6935 manatın və iş üzrə yekun məhkəmə aktı qəbul edilənə qədər aylıq 25000 manat olmaqla əldən çıxmış faydanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsi bağlanmışdır. Müqavilənin qüvvədə olma müddəti xx.xx.2026-cı ilədək (beş il müddətinə) razılaşdırılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən, cavabdeh özünə məxsus ünvan 1 ünvandakı ümumi sahəsi 330 kv.m olan qeyri-yaşayış sahəsini ona icarəyə verməli, əvəzində isə o müqavilə ilə müəyyən olunmuş icarə haqqını ödəməli idi. 3.1.2-ci bəndinə əsasən, müqavilə qüvvədə olduğu müddətdə icarəçi heç bir fasilə və ya əngəllər olmadan sahədən istifadə etmək hüququna malikdir. Müqavilənin 5.1.2-ci bəndinə əsasən, icarəçinin apardığı fəaliyyətə maneçilik törətməmək icarəyə verənin əsas vəzifələrindən biridir. Müqavilə bağlandıqdan sonra qeyri-yaşayış sahəsi ona təhvil verilmişdir. Bundan sonra qeyri-yaşayış sahəsindən müqavilədə göstərilən şərtlərə riayət edilməklə restoran kimi istifadə edilərək, vaxtlı-vaxtında müəyyən edilmiş icarə haqqı məbləği Cavabdeh Kiçik Müəsisəsinə ödənilmişdir. Lakin hər hansı bir hüquqi əsas olmadan Cavabdeh Kiçik Müəsisəsi tərəfindən ona bildiriş göndərilərək, guya tərəfindən müqavilə şərtlərinin kobud şəkildə pozulduğu, icarəyə götürdüyü sahədə özbaşınalığa yol verildiyi və bunun nəticəsi olaraq Kiçik Müəssisəyə külli miqdarda maddi zərər vurulduğu qeyd edilərək, aralarında bağlanmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinə 01 sentyabr 2022-ci il tarixdən xitam verilməklə ləğv edilməsi, eləcə də xx.xx.2022-ci il tarixədək vurulmuş maddi zərərin ödənilməsi tələb edilmişdir. Göndərilmiş bildiriş müvafiq cavab məktubu ilə cavablandırılaraq, bildirişdə qeyd edilən xüsusatların həqiqəti əks etdirməməklə, böhtan xarakterli olduğu, aralarında bağlanmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinin hər hansı bir şərtinin tərəfindən pozulmadığı, eləcə də Cavabdeh Kiçik Müəsisəsinə hər hansı bir məbləğdə maddi ziyan vurulmadığı göstərilmiş, icarə haqqı məbləğinin artırılması ilə bağlı atdıqları addımların, eləcə də heç bir əsası olmayan bildirişin ona göndərilməsinin hüquqdan sui-istifadə olması və ona ziyan vurmağa yönəldiyi qeyd edilmişdir. Bundan sonra Cavabdeh Kiçik Müəsisəsi tərəfindən “Tələbnamə” göndərilərək, 2 gün müddətində icarə obyektinin boşaldılıb onlara təhvil verilməsi tələb edilmişdir. Lakin buna baxmayaraq, xx.xx.2022-ci il tarixdə, yəni bir gün sonra səhər tezdən heç bir hüquqi əsas olmadan, qanunsuz olaraq Cavabdeh Kiçik Müəsisəsi, Azərbaycan Respublikası DİN Mühafizə Baş İdarəsinin əməkdaşlarının zorakılığı və köməkliyi ilə icarə müqaviləsi ilə icarəyə verilmiş qeyri-yaşayış sahəsindən onu və bütün əməkdaşları zorakılıqla, məcburi şəkildə çıxarmışdır və qeyri-yaşayış sahəsində ona məxsus çoxsaylı əmlaklar qalmışdır. Polis əməkdaşlarının köməkliyi ilə 06 sentyabr 2022-ci il tarixdə müqavilə əsasında icarə obyektinə girişləri qanunsuz şəkildə məhdudlaşdırılmışdır. Həmin yerə daxil olma və oradan sərbəst şəkildə istifadə ilə bağlı yaradılan maneənin aradan qaldırılmasına dair cavabdehə 07 oktyabr 2022-ci il tarixdə pretenziya göndərilmişdir. Göstərilən qanunsuz hərəkətlər nəticəsində icarə obyektində 132.897 manat məbləğində əmlak qalmışdır ki, bu da Cavabdeh Kiçik Müəsisəsi tərəfindən vurulmuş maddi zərərin məbləğini müəyyən edir. Cavabdeh tərəfindən qanuni əsaslarla icarəsində olan qeyri-yaşayış sahəsindən lazımi qaydada istifadə etməyə maneçilik yaradılır. Bu isə vurulacaq maddi zərərin məbləğini günü-gündən daha da artırır. Belə ki, restorandan sahibkarlıq fəaliyyəti ilə bağlı ay ərzində əldə edilmiş xalis gəlir təqribən 25000 manat təşkil edir və çox uzun müddətdir ki, (06 Sentyabrdan halhazıradək), həmin gəlirdən məhrum olmuşdur. Eyni zamanda restoranda işləyən işçilərin ortalama aylıq əmək haqqı 3670 manatdır və onlarla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyindən əmək haqqlarının ödənilməsi mütləq xarakter daşıyır. Habelə, 2022-ci ilin sentyabr ayı üzrə 3000 manat aylıq icarə haqqı tam şəkildə əvvəlcədən cavabdehə ödənilsə də, qəflətən icarə sahəsindən çıxarıldıqlarına görə, ondan istifadə etmək imkanından məhrum olunmuşdur. Mübahisənin mediasiya qaydasında həlli mümkün olmamışdır. Tərəflərindən mediasiya haqqı kimi 51 manat ödənilmişdir. Habelə, 214 manat dövlət rüsumu ödənilmişdir.
4. İddiaçı Cavabdehlər İddiaçı qarşı “zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 54272 manat pul vəsaitinin və ödənilmiş 133 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15 yanvar 2022-ci il tarixdə İddiaçı ilə aralarında icarə müddəti xx.xx.2026-cı il tarixədək müəyyən olunmuş İcarə Müqaviləsi imzalanmışdır. Müqavilənin 1.1-ci bəndi ilə müəyyən olunur ki, bu müqavilə üzrə icərəyə verən Cavabdeh KM ona məxsus ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 330 kv metr olan sahəni İcarəçi İddiaçı icarəyə verir, İcarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür. Beləliklə, icarə sahəsi müqaviləyə görə hər hansı şəxsə deyil, İddiaçı verilir. Lakin icarəyə götürüldükdən sonra tərəflər arasında bağlanmış müqavilənin sözügedən şərtlərini pozaraq İddiaçı əvvəlcədən heç bir razılıq əldə etmədən (ümumiyyətlə xəbər vermədən) icarə sahəsini özbaşına olaraq üçüncü şəxs olan "xxxx" MMC-nin istifadəsinə (icarəsinə) vermişdir. Halbuki, Mülki Məcəllənin 683.1-ci maddəsinə görə kirayəyə verənin icazəsi olmadan kirayəçinin kirayəyə götürdüyü əşyanı kirayəyə verənin ailəsinin tərkibinə daxil olmayan üçüncü şəxsin istifadəsinə vermək, o cümlədən əşyam ikinci əldən kirayəyə vermək hüququ yoxdur. Bu azmış kimi icarəyə verilmiş sahədə cavabdehlər tərəfindən özbaşına söküntü və sair qanunsuz işlər görülmüşdür ki, nəticədə onlara xeyli miqdarda zərər vurulmuşdur. Bununla bağlı tərəflərindən müqavilə tərəfdaşı olan cavabdeh İddiaçı əvvəlcə pretenziya, daha sonra isə tələbnamə göndərilmişdir. Pretenziya məktubunda bildirlmişdir ki, "icarə götürdüyünüz sahədənin icarə müddəti 31 dekabr 2026-cı il tarixədək müəyyən olunsa da, tərəfinizdən müqavilə şərtləri kobud şəkildə pozulduğundan, habelə icarəyə götürdüyünüz sahədə özbaşınalığa yol verildiyindən və bunun nəticəsi olaraq bizə külli miqdarda (ilkin hesablamalarımıza görə təxmini 130.000 (bir yüz otuz min) manat) maddi zərər vurulduğundan 01 sentyabr 2022-ci il tarixdən aramızda bağlanmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinin qüvvəsinə xitam verməklə ləğv edilməsi, nəticə etibarı ilə aramızdakı icarə münasibətlərini də kəsmək məcburiyyətindəyəm. elə ki, icarə obyekti istifadənizə verildiyi müddətdən etibarən heç bir rəsmi razılıq alınmadan 5 ədəd yüngül konstuksiyalı kabinet və çayxana, habelə zalda 6 metr qalın şüşədən olan arakəsmə sökülmüşdür. Bundan başqa, bizim istifadəmizə verilsə də, qonşuluqda yerləşən Sirkin mülkiyyətinə aid edilən zirzəmi tərəfinizdə özbaşına tikilərək bağlanmışdır ki, nəticə etibarı ilə Sirkin rəhbərliyi tərəfindən bizə irad bildirilmişdir. Göstərilənlərdən savayı, rəsmi icazəmiz alınmadan icarə obyektində kameralar quraşdırılmış, aramızdakı Müqavilənin 3.1.1-ci maddəsinin şərtlərinə zidd olaraq Sahəyə nəzarət etmək hüququmuz kobudcasına məhdudlaşdırılmışdır.Dəfələrlə bununla bağlı nöqsanların aradan qaldırılması, sökülmüş inventarlarımızın qaytarılması, nəticə etibarı ilə dəymiş zərərin ödənilməsini tələb etsək də, tərəfinizdən müxtəlif bəhanələr gətirilərək bundan yayınılmışdır. Beləliklə, aramızda bağlanılmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinin şərtləri tərəfinizdə kobud surətdə pozulduğundan, istifadəniz nəticəsində bizə külli miqdarda maddi zərər vurulduğundan sözügedən müqavilənin müddətinə 01 sentyabr 2022-ci il tarixdə xitam verilməklə ləğv edilməsini və həmin tarixədək (xx.xx.2022) 130.000 (bir yüz otuz min) manat məbləğində maddi zərərin ödənilməsini təmin edilməsini tələb edirik. ”Cavabdeh İddiaçı tərəfindən heç bir müsbət cavab alınmadığından, tərəfimizdən ona Tələbnamə göndərilərək, bildirilmişdir ki, “xx.xx.2022-ci il tarixdə tərəfimizdən sizə Pretenziya göndərilərək, aramızda bağlanılmış 15 yanvar 2022-ci il tarixli İcarə müqaviləsinin müddətinə 01 sentyabr 2022-ci il tarixdən xitam verilməklə ləğv edilməsini və həmin tarixədək (xx.xx.2022) 130.000 (bir yüz otuz min) manat məbləğində maddi zərərin ödənilməsinin təmin edilməsi xahiş olunmuşdur. Pretenziyaya müsbət cavab verilməsi gözlənildiyi halda, adınızdan göndərilən cavab məktubunda heç bir tutarlı əsas gətirilmədən bundan imtina olunmuşdur.Əlavə olaraq bildiririk ki, icarə obyekti ilə bağlı sizinlə müqavilə bağlanılsa da, sözügedən obyekt bizdən icazə alınmadan başqa şəxslər tərəfindən istifadə olunur, heç bir gigiyenik, sanitar və təhlükəsizlik qaydalara riayət olunmur.Bu isə icarə münasibətlərinin davam edilməsini mümkünsüz edir. Tələb eidirik 2 (iki) gün müddətində (xx.xx.2022-ci il tarixədək) icarə obyektini boşaldıb, bizə (nümayəndəmizə) təhvil verəsiniz. ”Lakin cavabdeh bu tələbi də əsassız olaraq yerinə yetirməmişdir ki, müəssisəmizə və icarə sahəsinə zərərin vurulması davam edilirdi.Göründüyü kimi, cavabdeh İddiaçı tərəflər arasında bağlanmış müqavilənin və qanunvericiliyin şərtlərini kobudcasına pozmuş və bizə zərər vurmuşdur. Pretenziya və tələbnamə göndərilən zaman tərəfimizdən bizə vurulmuş zərəri 130.000 (bir yüz otuz min) manat məbləğində qiymətləndirsək də, sonradan tərəfimizdən bununla bağlı mütəxəssis dəvət edilmiş və bizə vurulmuş zərər "xxxx" MMC (qiymətlədirici şirkət) tərəfindən icarə sahəsinə vurulmuş maddi zərər 54.272 (əlli dörd min iki yüz yetmiş iki) manat məbləğində müəyyən olunmuşdur. Bu haqda MB-15/1078 nömrəli xx.xx.2022-ci il tarixli Qiymətləndirmə hesabatı tərtib edilmişdir. Göründüyü kimi cavabdeh tərəfin sahədən qanunsuz çıxarılma epizodu öz təsdiqini tapmamışdır. Göstərilənlər qalsın bir tərəfə, İddiaçı çıxarılması haqda iddiaları da tamamilə qaununsuz və əsassızdır. Belə ki, Cavabdeh KM ona məxsus ünvan 2 ünvanda yerləşən sahəsi 330 kv mterdən ibarət deyil. Həmin ünvanda müəssisəmizə 700 kv metr sahəsi vardır, cavabdehlər sözügedən sahədən biz öz mülkiyyətimizə gələn gün qaçıb getmişlər. Zənn edirik ki, cavabdehlər bizə vurulmuş zərəri ödəməmək üçün qaçıb getmişlər. Onlar dəfələrlə İddiaçı müvəqqəti təmin tədbiri vaxtı icra sənədinin icra olunması zamanı icarəyə götürdüyü 330 kv metr sahəyə icazə verdiklərini bildirsələr də, o, bundan imtina etmişdir və bu haqda icra məmuru tərəfindən aktlar da tərtib edilmişdir. Cavabdehdən zərərin ödənilməsini dəfələrlə tələb etmişlər, lakin vurulmuş zərər cavabdeh tərəfindən ödənilməmişdir.
II. Tərəflərin mövqeləri:
6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil ilk iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək ilk iddianın təmin edilməsini, qarşılıqlı iddia ərizəsinin əsassız olduğundan rədd edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, müqavilə bağlanan zaman iddiaçının yalnız 330 kv.metr sahəyə dair müvafiq hüquq müəyyən edici sənədləri olmuş, bu səbəbdən müqavilənin predmeti kimi 330 kv.metr sahə göstərilmiş, əslində isə cavabdehə məxsus olan 700 kv.metr sahə iddiaçının faktiki sahiblik və istifadəsinə verilmiş, buna cavabdeh tərəfindən etiraz edilməmişdir. Bundan əlavə, qarşılıqlı iddia ərizəsi ilk dəfə veriləndə tələb "xxxx" MMC-yə irəli sürülmüş, daha sonra iddiaçıya qarşı verilmiş, bu da həmin ərizənin ilk gündən əsassız olmasına dəlalət edir. Bundan əlavə, qarşılıqlı iddianı təsdiq edən hər hansı sübut bu günə qədər məhkəməyə təqdim edilməmişdir. Ərizəyə əlavə edilmiş qiymətləndirmə hesabatı isə əsassızdır, belə ki, orada şüşə stəkan, bokal və sairənin təmirə ehtiyacı olması göstərilmiş, halbuki həmin malların təmir edilə bilməsi imkanı absurddur. Bundan əlavə, ümumiyyətlə qiymətləndirilməsi həyata keçirilmiş və adları hesabatda göstərilmiş malların qarşılıqlı iddiaçının mülkiyyətində olmasını, habelə cavabdehə məhz iddiaçı tərəfindən zərər vurulmasını, bundan əlavə icarə sahəsinin ikinci əldən icarəyə verilməsini təsdiq edən hər hansı sübut belə yoxdur. Restoranın adının "xxxx" adlandırılması icarə sahəsinin ikinci əldən başqa şəxsə icarəyə verilməsi qənaətinə gəlməyə imkan verə bilməz. Bu səbəbdən qarşılıqlı iddiaya etiraz edir, təmin edilməməsini Məhkəmədən xahiş edir.
7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 ilk iddia tələbinə etiraz edib ilk iddianın rədd edilməsini, əlavə olaraq qarşılıqlı iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. İzahatında bildirdi ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində icarə sahəsi kimi faktiki olaraq 330 kv.metr göstərilmiş (lakin həmin sahəyə dair mülkiyyət hüququnu təsdiq edən sənədi hazırda Məhkəməyə təqdim edə bilmir), lakin iddiaçı icarə müqaviləsində nəzərdə tutulmuş sahədən kənarda da fəaliyyət göstərmiş, onların sahədən istifadə imkanlarını məhdudlaşdırmış, bu səbəbdən iddiaçı onlar tərəfindən sahədən çıxarılmışdır. Hazırkı iş üzrə qəbul edilmiş müvəqqəti təminat tədbiri barədə (icarə sahəsindən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması) qərardadın icrası mümkün olmamış, belə ki, cavabdeh icarə predmeti olan 330 kv.metr sahəni iddiaçıya təklif etsə də, iddiaçı daha artıq sahənin verilməli olduğunu bildirmiş, bu barədə akt da tərtib edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş:
10. İddiaçı ilə cavabdeh arasında bağlanmış 15 yanvar 2022-ci il tarixli icarə müqaviləsinə əsasən icarəyə verən ona məxsus ünvan 1 ünvanında yerləşən 330 kv.m sahəni icarəçiyə icarəyə verir, icarəçi isə icarə haqqını ödəməyi öhdəsinə götürür.
11. Müqavilənin 4.1-ci bəndinə əsasən aylıq icarə haqqı 3000 manat təşkil edir. İcarə haqqının məbləği müqavilə qüvvəyə mindiyi gün ABŞ dolları kursuna əsasən götürülür.
12. İddiaçı tərəfindən tərtib olunmuş 06 sentyabr 2022-ci il tarixli aktdan görünür ki, 15 yanvar 2022-ci il tarixdən 31 yanvar 2026-cı il tarixə qədər qüvvədə olan fiziki şəxs İddiaçı və hüquqi şəxs Cavabdeh direktoru Şıxaliyev Vaqif arasında bağlanmış icarə müqaviləsinin şərtləri kobudcasına pozulmuş, 06 sentyabr 2022-ci ildə saat 10 radələrində DİN-nin Baş mühafizə İdarəsinin şöbə müdiri Sahib adlı şəxsin nəzarəti altında mühafizə İdarəsinin əməkdaşları fəaliyyət göstərdikləri restoranın girişini bağlayaraq içəri girməklərinə imkan verməmiş, içəridə olan işçiləri zorla restorandan çıxarmışlar.
13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********64 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda torpaq sahəsi və torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
14. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixli 779284/01607 nömrəli ödəniş tapşırığı ilə EBCC 993656 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01517 nömrəli ödəniş tapşırığı ilə EBCB 059009 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01415 nömrəli ödəniş tapşırığı ilə EBBZ 276746 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01303 nömrəli ödəniş tapşırığına əsasən EBBX 465812 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01190 nömrəli ödəniş tapşırığı ilə EBBV 620282 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 779284/01122 nömrəli ödəniş tapşırığı ilə EBBT 727122 nömrəli elektron qaiməyə əsasən 3000 manat, xx.xx.2022-ci il tarixli 397296 nömrəli ödəniş tapşırığı ilə EBBS 202731 nömrəli elektron qaiməyə əsasən 6000 manat icarə haqqı ödənilmişdir.
15. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış bildirişdə icarə sahəsinin xx.xx.2022ci ildən boşaldılaraq iddiaçıya təhvil verilməsi, əks təqdirdə qanuna müvafiq tədbilərin görüləcəyi bildirilmişdir.
16. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış tələbnamədə icarə sahəsinin xx.xx.2022-ci il tarixədək boşaldılaraq iddiaçıya təhvil verilməsi tələb edilmişdir.
17. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişə cavabda tərəflər arasında bağlanmış icarə müqaviləsinin xx.xx.2026-cı il tarixədək bağlandığını, bu səbəbdən sahənin boşaldılmayacağının nəzərə alınması bildirilmişdir.
18. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş 21 sentyabr 2022-ci il tarixli MB-15/1078 nömrəli Qiymətləndirmə hesabatından görünür ki, ünvan 5 ünvanında yerləşən Cavabdehnə məxsus “Görüş” restoranın daxilində yerləşən qeyri-yaşayış sahəsinin tikinti xərcinin və avadanlıqların 21 sentyabr 2022-ci il tarixinə hesablanmış bazar dəyəri 54272 manat təşkil edir.
19. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, hazırda “Xankəndi” restoranında işləyir, daha əvvəl "xxxx" restoranında işləmişdir, Cavabdeh tanıyır. Onlara verilmiş obyekt Bakı Dövlət Sirkinin yaxınlğında yerləşir. İddiaçıı tanıyır,əvvəllər onun işçisi olmuşdur. xx.xx.2022-xx.xx.2022-ci il tariixə kimi "xxxx" restoranında administator vəzifəsində çalışmış, sentyabr 2022-ci il tarixində işdən ayrılmışdır. Səhər polis əməkdaşları obyektə gəlib onları oradan çıxartmışlar. Sonuncu dəfə əmək haqqını sentyabr 2022-ci il tarixində almışdır.
20. Məhkəmə ilk öncə ilk iddia ərizəsində göstərilən icarə müqaviləsi üzrə restorandan istifadə hüququnun bərpa edilməli olması barədə dəlili ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
22. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir.
23. Konstitusiya Məhkəməsinin Plenumu vurğulamışdır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.
24. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
25. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
26. 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
27. Hazırkı iş üzrə isə İcarə Müqaviləsində icarə obyekti konkret olaraq müəyyənləşdirilməmiş; sadəcə olaraq “ünvan 1 ünvanında yerləşən 330 kv.m sahə” kimi qeyd edilmişdir.
28. Göründüyü kimi, icarə müqaviləsi üzrə icarəyə verilən əşya (icarə obyekti) fərdimüəyyən əşyadır. Bu mənada icarə obyektinin hər hansı digər əşyadan yalnız özünə xas əlamətlərə görə ayrılması və müəyyənləşdirilə bilən olması tələb edilir (MM, m. 135.7). Hazırkı iş üzrə isə icarə müqaviləsində icarə obyekti konkret olaraq müəyyənləşdirilməmişdir; sadəcə olaraq icarəyə verilmiş ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 330 kv.m daşınmaz əmlak olan restoran kimi qeyd edilmişdir.
29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. MM-in 389.1-i maddəsinə görə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Sadalanan maddələrin dispozisiyasından aydın olur ki, müqavilənin bağlana bilməsi, hüquqi nəticələr doğurması üçün bəzi ünsürlərin (elementlərin) mövcud olması tələb edilir. Bu ünsürlər əsasən, müqavilənin tərəfləri, birbirinə uyğun və qarşılıqlı iradə ifadələridir. Bu baxımdan müqavilənin bağlanması üçün tərəflərin müqavilənin mühüm şərtləri barədə lazımı formada razılığa gəlmələri tələb edilir.
30. Məhkəmə hesab edir ki, bu hal MM-in sadalanan normaları baxımından icarə obyektinin müəyyənləşdirilmiş olması nəticəsində gəlmək üçün əsas deyildir. Bu isə, icarə müqaviləsinin mühüm şərtini təşkil edən icarə obyektinin qeyri-müəyyənliyinə dəlalət edir. Başqa sözlə, müqavilənin bağlanması üçün tərəflərin forma şərtinə əməl etməsi ilə yanaşı həm icarə obyekti, həm də icarə haqqı barəsində razılığa gəlmiş olması lazımdır (MM, m. “405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.”). Hazırkı iş üzrə isə, yuxarıda göstərilən səbəblərdən dolayı icarə obyekti barəsində belə bir razılığa gəlinməsi halı müəyyən edilməmişdir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
32. MM-nin 146.2-c maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
33. MM-nin 146.3-cü maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış daşınmaz əmlak barəsində müqavilələrin notariat qaydasında təsdiqlənməsinə yol verilmir və bu cür əmlak barəsində bağlanmış müqavilələr etibarsız sayılır.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir.
35. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
36. Həmin Qanunun 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700.1-ci maddəsinə görə, icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. MM-in 700.2-ci maddəsinə görə, icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.
38. Beləliklə, şərh edilənlərə əsasən Məhkəmə bu qənaətə gəlir ki, tərəflər icarə müqaviləsinin mühüm şərtlərindən biri (icarə obyekti) barəsində razılığa gəlmədiklərindən İcarə Müqaviləsi bağlanmamış hesab olunmalıdır. Başqa sözlə, İcarə Müqaviləsi tərəflərin hüquq və öhdəliklərinin yaranma mənbəyi kimi çıxış edə biləcək hüquqi fakt kimi mövcud deyildir. Bu baxımdan hər iki mübahisə tərəfinin iddia və etirazlarının əsası kimi İcarə Müqaviləsinin müvafiq bəndlərinə istinad etməsi yuxarıda sadalanan maddi hüquq normaları ilə yanaşı həm də MM-in 14.2.1 (“Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasıdır”) və 386.1-ci (“Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.”) maddələrinin tələblərinə ziddir.
39. Bundan əlavə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli **********64 nömrəli məktubdan görünür ki, ünvan 4 ünvanda torpaq sahəsi və torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir.
40. Beləliklə, şərh edilənlərə əsasən Məhkəmə bu qənaətə gəlir ki, tərəflər icarə müqaviləsinin mühüm şərtlərindən biri (icarə obyekti) barəsində razılığa gəlmədiklərindən, habelə daşınmaz əmlak ümumiyyətlə dövlət reyestrində qeydiyyata alınmadığından İcarə Müqaviləsi bağlanmamış hesab olunmalıdır.
41. Bu səbəbdən iddiaçının həmin qeyri-yaşayış sahəsi üzərində hər hansı sahiblik və istifadə hüququ yaranmadığından onun həmin sahədən istifadə hüququnun bərpa edilməsi barədə tələbi də təmin edilməməlidir.
42. MM-nin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
43. MM-nin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
44. Məhkəmə ilk iddia ərizəsini “3000 manat icarə haqqının qaytarılması” hissəsində qismən, yəni 900 manat pulun qaytarılması hissəsində əsaslı hesab edir.
45. Belə ki, işin mübahisəsiz halı ondan ibarətdir ki, icarə sahəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının sahiblik və istifadəsində olmuşdur.
46. İddiaçı tərəfindən cavabdehə dövri olaraq aylıq 3000 manat olmaqla icarə haqları ödənilmiş, sonuncu ödəniş isə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə olmuş, lakin xx.xx.2022-ci il tarixdə iddiaçı icarə sahəsindən çıxarılmışdır.
47. Bu səbəbdən icarə sahəsindən həmin aylıq ödəniş müqabilində iddiaçının ümumilikdə 9 gün istifadə etmədiyi nəzərə alındıqda həmin günlər üzrə qabaqcadan ödənilmiş vəsait (3000 manat / 30 gün * 9 gün) qismində 900 manat iddiaçıya geri qaytarılmalıdır.
48. Məhkəmə ilk iddia tələbini 3670 manat işçilərə ödənilmiş əmək haqqının tutulması hissəsində əsassız hesab edir.
49. Belə ki, iddiaçıya həmin tələbə dair hissədə zəruri əlavə sübutların təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən həmin qeyri-yaşayış sahəsində əmək müqaviləsi əsasında çalışmış işçilərə iddiaçı tərəfindən 3670 manat əmək haqqının ödənilməsini təsdiq edən hər hansı bir sübut təqdim edilməmişdir.
50. Halbuki, MPM-in 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
51. Bundan əlavə, ilk iddia ərizəsində iddiaçı əldən çıxmış faydanın əvəzi qismində yekun məhkəmə aktı qəbul edilən tarixə qədər aylıq 25000 manat hesablanmaqla əldən çıxmış faydanın ödənilməsi tələbini də irəli sürmüşdür.
52. Məhkəmə ilk iddia tələbini həmin hissədə də əsassız hesab edir.
53. Belə ki, iddiaçı həmin qeyri-yaşayış sahəsinin onun istifadəsində olduğu dövrdə orta aylıq 25000 manat gəlir əldə etdiyini bildirsə də, bu halı təsdiq edən hər hansı mötəbər və təkzibedilməz sübutu məhkəməyə təqdim etməmiş, yalnız iddiaçının kassa aparatına dair dövri məlumatlar adlanan cədvəli Məhkəməyə təqdim etmişdir.
54. Məhkəmə həmin sənədi hazırkı iş üzrə mötəbər sübut qismində nəzərə almır.
55. Məhkəmə qarşılıqlı iddia ərizəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
56. Mülki Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
57. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
58. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.
59. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.
60. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.
61. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).
62. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.
63. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
64. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
65. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.
66. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.
67. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.
68. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
69. Həmin Məcəllənin 78.1-ci maddəsinə müvafiq olaraq sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
70. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).
71. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq iddiaçının vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün iddiaçının cavabdehə birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.
72. Hazırkı halda qarşılıqlı iddiaçı cavabdehin təqsiri nəticəsində ona maddi zərər vurulduğunu iddia etsə də, MM-in 21-ci maddələrində göstərilən halların mövcudluğunu əsaslandıra bilməmiş, ona ziyan vurulması faktı və dəymiş zərər barədə məhkəməyə müvafiq sübutları təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi əsassızdır və təmin edilməməlidir.
73. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ilk iddia qismən təmin edilməli, cavabdehdən 900 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, ilk iddia qalan hissədə təmin edilməməli, qarşılıqlı iddia rədd edilməlidir.
74. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
75. Məhkəmə hesab edir ki, ilk iddia qismən təmin olunduğundan iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu cavabdehə, qalan 214 manat dövlət rüsumu ilk iddiaçının özünə, qarşılıqlı iddia təmin edilmədiyindən ödənilmiş 253 manat dövlət rüsumu isə qarşılıqlı iddiaçının özünə aid edilməlidir.
V. Nəticə:
76. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İlk iddia qismən təmin edilsin. Cavabdehndən 900 (doqquz yüz) manat məbləğində pul və ödənilmiş 50 (əlli) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İlk iddia tələbi qalan hissədə təmin edilməsin. İlk iddia ərizəsi verilərkən ödənilmiş 214 (iki yüz on dörd) manat dövlət rüsumu ilk İddiaçı özünə aid edilsin. İddiaçı Cavabdeh İddiaçı qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia ərizəsi verilərkən ödənilmiş 253 (iki yüz əlli üç) manat dövlət rüsumu qarşılıqlı iddiaçı Cavabdeh özünə aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova